"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf
26 aprel 2024
# 12:00

Kulis.az Samirə Əşrəfin ""Vorzakon"luq edən aktyorlarımız" adlı yazısını təqdim edir.

Çox sevdiyim aktyorlar var. İstər köhnə nəsildən, istərsə də bugünkü nəsildən. Öz həmyaşıdlarımı sevməklə yanaşı, həm də onlara qarşı qəribə bir canyananlığım var. Çünki eyni zamanda yaşamışıq, eyni dövrü keçmişik, eyni çətinliklərin əlində əsir-yesir qalmışıq. Qısası, itirilmiş nəslin nümayəndələriyik.

Həmyaşıdlarmdan, aşağı-yuxarı yaşıd olduğum və bəyəndiyim aktyorlardan biri də Səmimi Fərhaddır. Hər kəs onu İlqar Nəcəfin “Nar bağı” filmndəki obrazı ilə məhdudlaşdırmağa çalışır. Bəlkə də məlumatsızlıqdandır, amma mən onun yenə ilqar Nəcəfin “Suğra və oğulları” adlı tammetrajlı, Aydın Arslanın “İlğım” adlı qısametrajlı filmlərindəki rollarını daha çox bəyənirəm. Beləliklə, mənim kimi çoxlarının da bəyəndiyi aktyor Səmimi Fərhad bir neçə gün əvvəl "APA"ya müsahibə verib. Müsahibəni maraqla oxudum, diqqətçəkən en qədər məqamlar vardı, amma "mən kitab oxumuram, filmə baxa bilmirəm" hissəsinə çatanda qanım qaraldı, dalağım sancdı, bildim ki, bunun bir tüstüsü çıxacaq. Çıxdı da, ertəsi gün yazıçı Mirmehdi Ağaoğlu “Aktyorlarımız niyə filmlərə baxmırlar?” adlı yazı yazdı. Bəri başdan qeyd edim ki, yazı Səmimi bəyə böyük hörmətlə, hətta onun xətrinə dəyməyəcək qədər ehtiyatla yazılmışdır. Aktyorun fonunda ümümilikdə mədəniyyət sahəsinə aid olan adamların kitab oxumamaq problemi qabardılmış, digər aktyorlara, sənət adamlarına qüsur kimi göstərilmişdi.

Əlbəttə, Səmimi Fərhadı müsahibəyə kultroloq, türkoloq, filoloq olduğu üçün çağırmamışdılar. Onu məhz aktyor olduğuna, yaratdığı obrazlara görə dəvət etmişdilər. Gözəl olardı ki, Səmimi müəllim gəlib bir-iki müasir yazıçı, dramaturq, film adı çəkərdi. Heç kim ondan misalçün, ətir sənayesinin istehsal və istehlak sirləri haqqında, beyinin sağ və sol yarımkürələrinin inkişafı barədə dissertasiya mövzuları tələb etmirdi. Suallar, təxminən, belə qoyulmuşdu – hansı kitabları oxuyursunuz, oxuduğunuz son kitabın adı nədir və s. Amma Səmimi bəy hər şeydən danışdı, kitab adı isə çəkmədi, etiraf etdi ki, oxuya bilmir, hövsələsi yoxdur. Səmimi bəyin adı kimi səmimi etiraf idi. Ancaq sonrakı etaplarda aktyorun nəsildaşları, həmkarları qruplaşma yolunu seçdilər ki, xoş olmayan yol oldu. Mirmehdi Ağaoğlunu yazısı qaldı bir kənarda, özü haqqında xoşagəlməz ifadələr işləndi. Səmimi bəy isə aktyor kimi yox, "vorzakon" kimi çıxış etməyə başladı. Hətta arada çətin günlər yaşadığını, kitab oxumağa imkan olmadığını vurğuladı.

Səmimi bəy hansı çətinlikləri deyir, bilmirəm. Amma bilirəm ki, əslən Laçındandır, ordan məcburi köçkün düşüb. Köçkünçülüyün nə olduğunu mən də gözəl bilirəm. Aktyorla aşağı-yuxarı eyni yaşda olduğumudan elə eyni vaxtda da doğulduğumuz torpaqdan qaçqın düşmüşük. Misalçün, mən beş nəfərlik ailə üzvlərimlə bir otaqlı yataqxanada yaşamışam. Ayaqyolu, hamam ümumi olub. Sonralar saymışdım, səkkiz kirayə dəyişmişdik. Hər dəfə də ayrı məktəb, ayrı yaşayış yeri və s. Bundan da betər hadisələr, aclıq, məşəqqət çəkmişəm, amma məhz həmin dövrlərdə kitabdan ayrılmamışam. Ən çətin dönəmlərdə kitab oxumuşam. Əlbəttə, Səmimi bəyə heç kim diqtə edə bilməz ki, qaçqınçılıqda mütləq kitabla yatıb durmalıydın. Hər kəsin azad seçimi var. Kitab oxumuram, oxuya bilmirəm demək də bir seçimdir. Lakin bir sevilən aktyorun dilindən bu kəlmənin çıxması, tirajlanıb yayılması pis örnəkdir. Üstəlik, bu kəlmələrin dəstəklənməsi, "oxumur düz edir, əsas odur ki, yaxşı aktyordu" deyilməsi ikiqat pisdir. Hətta çox-çox pisdir, biləsiniz.

Vallah, belə pis çıxmasın, bizim bəzi aktyorların çox mütaliəsinin başqa fəsadları da olur. Müqayisə düz olmasa da, bir az kənara çıxım. “Bahar” adlı türkiyə serialı yayımlanır. Hadisələr xəstəxanada cərəyan edir. Bir gün xəstəxananın reklamı üçün çəkiliş heyəti gəlir və həkimlərin səmimi görüntülərini çəkəcəklərini qeyd edirlər. Çəkiliş başlanan kimi xəstəxananın direktorundan tutmuş, ən məşhur cərrahına, tibb köməkçisinə qədər hamı özünü itirir, olmadıqları kimi davranmağa başlayırlar, özlərini həkim yox, model zənn edirlər. İndi bu serialdakı həkimlər kimi bizim bəzi aktyorlarımız, aktrisalarımız beş-altı kitab oxuyandan sonra dönüb olurlar Anna Axmatova, Şarlotta Bronte, nə bilim, Oşo. Baxırsan ki, baxışı, danışığı dəyişib, hamıya diqqətlə, uzun pauzalarla, mənalı baxışlarla baxmağa başlayır. Səhnədə göstərə bilmədikləri performansı başlayırlar həyatda göstərməyə. Həmin aktyorların həyatdakı istedadları səni mütəəssir edir, kədərləndirir. Səhnə qalır bir yanda, dönüb olurlar həyat aktyorları. Yəni bizimkilər çox oxuyanda da nə isə yan, əks təsirləri olur.

Ona görə də əminəm ki, Mirmehdi Ağaoğlu nə Səmimi bəydən, nə də digər aktyorlarımızdan, sənət adamlarımızdan fəlsəfi fonda mütaliə istəmir. Bir azca, bir balaca özünü inkişaf etdirmək üçün oxusalar, kifayət edərdi. Ancaq qəfildən kimsə ayağa qalxıb "oxumuram, əl çəkin!" deyə bilər. Desin, bir sözümüz yoxdur.

Mən isə yazının sonunda iki ad çəkmək istəyirəm. Rafael İsgəndərov və Coşqun Rəhimov. Müstəqillik dövründən sonra meydana çıxan ən istedadlı iki aktyor. Uzun illər xalqın damarını məhz güclü istedadları ilə tutmağı bacardılar, sevildilər. Bir də rəhmətlik Hüseynağa Atakişeyev zamanında onlara bir-iki pyes oxutdura bilmişdi. Lakin zaman keçdi, əldə-ovucda nə var, nə yox, hamısı ələnib getdi. Son beş ildə onların bir yaddaqalan konsertləri, stendapları olmadı. Niyə? Çünki mütaliə etmədilər. Seyid cəddinə arxayın olan kimi onlar da istedadlarına arxayın oldular. Nəticə də acınacaqlı oldu. İstedad deyib yapışdıqları nəsnə də bir yerə qədər adamı aparır, sonra yarıyolda atır çəkilir kənara. Dönüb olursan “Komedixana”!

Təbii ki, mən hər şeyi yoğurub-yapıb oxumağa hövsələsi olmayan aktyorun və yaxud da rəssamın üzərinə atmaq istəmirəm. Az maaşla, qonararla dolanan, günlərlə bizim serial sektoru adını qoyduğumuz qurdlar süfrəsindən evinə, ailəsinə çörək aparmağa çalışan insanları mütaliə kimi ağır imtahana çəkmək də asan məsələ deyil.

Biz, ümumiyyətlə, cəmiyyət olaraq kitabdan ayrı düşmüşük. Efirlərimizdən Nazəninin paltarı, Təranə Qumralın qızları, ay Zaurlar, oy Zaurlar əskik deyil. Kitabın təbliğatı qalıb beş-on nəfər fədakarın ümidinə. Alimi, həkimi, müəllimi kitab oxumayan toplumda aktyor dünəndən kitab oxumayacaq, özünü aktyor kimi yox, avtoritet kimi aparacaq.

Cəmiyyət kökündən dəyişməli, kitaba xoş münasibət yaradılmalıdır. Kitab, film, rəsm, teatr, kino təbliğ olunmalıdır. Ondan sonra, inanın mənə, hamı oxuyacaq. Hətta "da", "də" şəkilçilərini bitişik yazan müəllimlər də!

# 3985 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #