Sənin olmadığın hər yerdə yadam – Yeni imza

Sənin olmadığın hər yerdə yadam – Yeni imza
17 iyun 2022
# 17:00

Kulis.az “Yeni imza” layihəsindən Azər Ərzinin şeirlərini təqdim edir.

Dünyanın son sakininə

Arzuların sönükdür,
Ümidlərin ölüvay.
Onsuz dada yetən yox,
Nə gərək bu hay-haray?

Qışqırma, duymur səni
Özündən başqa heç kim.
Heç kimə çatmır səsin,
Yoxdur o başda heç kim.

Hamı gedib dünyadan,
Tək qalmısan, ay adam.
Çək dünyanın dərdini,
Çək, qalmısan, ay adam.

Niyə ölüb getmədin,
Buraxmadın dünyanı
Öz dərdiylə baş-başa?
Çək indi, çıxsın canın,
Ölüncə dərd çək, yaşa!

Ağlamır bir nəfər diri dalımca

Bu dünya təzadlar dünyasıdır da,
Ağla mən gələndə, kiri dalımca.
Ya da sən bu dəfə tək qoyma məni,
Əlimdən tut, gedək, yeri dalımca.

Gərək Əzrayılla bu gün görüşüm,
Təxirə salmışam mən o görüşü,
Əcəldən, ölümdən qaçıram,
Düşüb bir kəfən, bir qəbir yeri dalımca.

Dizim heydən düşdü, atdım qaçmağı,
Eh... Yaxalandım bu ölümə axır,
İlahi, mən necə ölüyəm axı?!
Ağlamır bir nəfər diri dalımca.

Göz yaşınla yu dünyanı

Məndən elə get gedəndə,
Qayıtmağa yer saxlama.
Nə etmişəm, vur üzümə,
Səbəbini sirr saxlama.

Qənimiyəm öz-özümün,
Asaram, qırpmam gözümü,
İki tel saç qoy özümü
asmağa,
Kəndir saxlama.

Ağla, bassın su dünyanı,
Sel götürsün bu dünyanı,
Göz yaşınla yu dünyanı,
Bir zərrə də kir saxlama.

Döyür

Yenə də bir ümid öldü,
Arzular dizini döyür.
Qatil kimdir? Hamı baxıb
Üzümə gözünü döyür.

Sən də getmək istəmirsən,
Gedilmək istəmir yol da;
Yolu döyür ayaqların,
Yol ayaq izini döyür.

Necə çarəsizlikdir bu?
Biri çıxıb gedir,
Biri
"Qal" deyə bilmir gedənə,
Qalıb hey özünü döyür.

Yamanca əcəlin gəlib

Yamanca əcəlin gəlib,
Çək torpağı başına, yat.
Torpağın altında səni
Eləməz heç kim narahat.

Qarışma heç nəyə, baxma
Bu səs-küy, bu qovğa nədir.
Durma daha məzarından,
Oyanma, dincəl əbədi.

Qorxma, soyuq dəyməz sənə,
Arxayın yat bütün günü,
Başdaşın başında durub
Arada örtər üstünü.

Döyün divarını, döyün bu evin

Qapı-pəncərəsiz bir evdəyəm mən,
Nə bir işıq düşür, nə hava girir.
Bilmirəm, dünyanın ən dar yeridir,
Ya da ki ən ucsuz-bucaqsız yeri?

Bəlkə, bir bambaşqa planetdir bu,
Bəlkə, mən ölmüşəm, bu da məzardır.
Bilmirəm, ölüyəm, sağam; bu nə dərd?
Bilmirəm, hardayam; bu nə azardır?

Fərqi yox, yaydır, ya payızdır çöldə,
Burda nə soyuqdur, nə isti olur.
Nə bir külək əsir, nə bir meh girir,
Nə bir ocaq yanır, nə tüstü olur.

Mən axı bilmirəm, kimdir, nəçidir,
Necə yiyəsini söyüm bu evin?!
Döyməyə qapısı, pəncərəsi yox,
Döyün divarını, döyün bu evin.

Döyün ki, anlayım, ölməmişəm mən,
Döyün, bilim, hələ bu dünyadayam.
Yoxmu məni duyan? Hay versin biri!
Bir hay ver, ay insan, hay ver, ay adam!

Bəlkə, hay verirlər, mən eşitmirəm,
Bəlkə, səs də girmir bura, İlahi!
Bəlkə, doğrudan da, duyan yox məni,
Ölüb girmişəm bu gora, İlahi!

Bütün ayrılıqlar çox erkən gəlir

Səndən ayrılmağa ürəyim gəlmir,
Bağrımın başından daş asıb gedim?
Sənin olmadığın hər yerdə yadam,
Hansı xarabaya yol azıb bu gedim?

Bütün məhəbbətlər çox gec başlayır,
Bütün ayrılıqlar çox erkən gəlir.
Çevrilib hərəsi bir damcı yaşa
Bütün xatirələr gözümdən gəlir.

Başqa bir üzünü göstərir hər gün,
Gördüm ki, bir üzü yoxmuş bu bəxtin.
Bu nə rəftardır ey, mənlə eləyir?
Məni görən gözü yoxmuş bu bəxtin.


# 4481 dəfə oxunub

Oxşar xəbərlər

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər