Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant
29 aprel 2024
# 09:10

Kulis.az Dino Bussatinin “Tatar çölü” romanı haqqında Fəxri Uğurlunun "Gözləməklə keçən ömür" adlı essesinin ikinci hissəsini təqdim edir.

...əvvəli burada

Bastiani cəngavərləri kraldan, dövlətdən ötrü nə qədər canfəşanlıq eləsələr də, kral da, dövlət də onları çoxdan unudub. Rəhbərlik uzun illərdir çöldən təhlükə gözləmir, bu səbəbdən qarnizonun yarıbayarı ixtisara salınmasına göstəriş verir.

Yaşadığı, sağlam olduğu müddətdə ən qorxaq insan da canı üçün ən böyük təhlükəni - əcəlini beləcə unudur, elə yaşayır, elə davranır, elə bil heç vaxt ölməyəcək...

Artıq dörd ildən bəri qalada qulluq eləyən leytenant Droqo şəhərdə məzuniyyətdə olduğu müddətdə fürsəti əldən qaçırmayıb generalın qəbuluna düşür, qaladan geri çağırılanlar sırasına özünü də saldırmaq istəyir. Fəqət heç gözləmədiyi halda general buna razılıq vermir, deyir ki, yalnız uzun illərdən bəri qalada xidmət göstərən hərbi qulluqçular azad olunacaq. Burasını da deyək ki, Bastiani qalasında bir il qulluq keçən şəxs iki il xidmət göstərmiş sayılır.

Dörd ildən sonra götürdüyü məzuniyyət leytenant Droqoya nəinki sevinc gətirir, tam tərsinə, onu xeyli pərişan eləyir. Mülki həyatla, şəhər mühitiylə onun bağları çoxdan qırılıb. Bir zamanlar oğlu evə dönməyincə gözünə yuxu getməyən anası onun qayğısına qalmağı yadırğayıb. Qardaşlarının hərəsi bir diyarda özü üçün ömür-gün sürməkdədir. Dostlar arvad-uşaq yiyəsi olub, hərəsi öz işində-gücündədir, daha ona əvvəlkitək vaxt ayırmaq, diqqət göstərmək imkanları, həvəsləri yoxdur. Dostunun bacısı - keçmiş sevgilisi də ondan çoxdan soyuyub, nə zamansa ömürlük bir yerdə olmağı arzulasalar da, indi onlar danışmağa söz tapmırlar, gözlərini bir-birindən qaçırırlar, hər ikisi söhbəti tez bitirib zorakı ünsiyyətdən qurtulmağa çalışır.

Bir sözlə, leytenant Droqo öz şəhərində, öz evində artıq adama çevrilib, öz cənnətində daha ona yer qalmayıb. Uzaq illərdə uzaq ellərdə əsgərlik çəkmiş kişilər xatırlayarlar - adam məzuniyyətə gələndə doğma evində, əzizlərinin arasında özünü qonaq kimi hiss eləyirdi...

***

Covanninin könüllülər türməsinə, cəhənnəm sürgününə qayıtmaqdan özgə yolu qalmayıb. Buradakı otağı, çarpayısı inadla leytenantın yolunu gözləyir. Burada Droqo yad-yabançı deyil, ev yiyəsidir, qalada onu artıq, gərəksiz adam saymırlar. Fəqət dostluq, doğmalıq anlayışı qaladakı həyat tərzinə yaddır. Burada hər kəs eyni təhlükənin intizarında olsa da, hamı eyni qorxu altında yaşasa da, heç kim heç kimin dostu-doğması, simsarı deyil. Əkiz talelər, bənzər ümidlər, ümumi qorxu onları nəinki birləşdirir, tam tərsinə, ayırır, çünki heç kim ümidini, qorxusunu başqasıyla bölüşmür, hamı öz içində çəkir. Hər kəs hamı üçün yaşamalıykən hamı özü üçün güzəran sürür. Zabitlər arasındakı quru nəzakət öz qəlbini başqasına açmaqdan çox özünü başqalarından gizlətməyə xidmət göstərir.

İllər ötəndən sonra Droqo anlayır ki, insan öz təkliyinin sərhədini aşa bilməz, hər kəs dərdini, ağrısını tək çəkir, ən doğma adamın belə dərdindən, ağrısından bircə pay almaq olmur. Ana övladının azarını sevə-sevə, sevinə-sevinə canına hopdurar, ancaq maddi-fiziki dünya elə qurulub ki, bu, mümkün deyil. Droqo bunu anlayanda öz içinə bir az da sinir, onun bədəni - onu başqalarından gizləyən bu qala Bastiani qalasına bir az da çox bənzəyir.

Günün birində paqon yoldaşı leytenant Simeoni Droqoya sirr açır: Tatar çölündə insan qaraltıları görünür, onlar orada nəsə mübhəm bir işlə məşğuldurlar. Covanni onun durbiniylə baxanda yoldaşının ciddi danışdığına inanır. Bu görüntülərdən niyə başqalarının da xəbər tutmadığını soruşanda Simeoni deyir ki, qalada heç kimin belə güclü binoklu yoxdur. Başqa sözlə, kim təhlükəni daha yaxından duyursa, əcəldən daha çox qorxursa, onun “antennası” təhdid siqnallarını daha yaxşı tutur. Dostlar gördüklərinə cürbəcür yozum verirlər, Simeoni şimal ölkəsinin səhrada yol çəkdiyinə əmin olduğunu söyləyir. Əgər yol çəkirlərsə, demək, hücuma hazırlaşırlar.

Məsələdən xəbər tutan rəhbərlik qaladakı optik cihazların yığılması əmrini verir. Daha sonra bəlli olur ki, bu göstəriş qala komendantından yox, şəhərdəki komandanlıqdan gəlib. İlk baxışdan xəyanət aktına bənzəsə də, görünür, komandanlıq həm qalada ümidlənmənin qarşısını almaq, həyəcanın dozasını azaltmaq, həm də qarnizondakı ixtisarla bağlı çəpəki suallarla üzləşməmək məqsədi güdüb.

***

Bundan sonra da Droqo səhrada gündüzlər cürbəcür kölgələr, qaraltılar, gecələr işaran tonqallar görür. Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq. Qala divarları arasında yenidən qaynaşma, ümidlənmə, həyəcan baş qaldırır. Yadellilərin çöldə on beş ildən bəri çəkdiyi yol artıq Bastiani qalasına xeyli yaxınlaşıb. Qala isə zaman keçdikcə bir az da boşalır, qarnizonda yenidən ixtisar aparılır, generallar bu savaş məbədinə günü-gündən daha da laqeyd münasibət bəsləyirlər.

Artıq kapitan rütbəsinə yetişmiş Droqo illər sonra yenə bir aylıq məzuniyyət götürüb şəhərə gedir. Bu gedişində anasının otağı boşalıb, qardaşlarından xəbər yoxdur, dostlarının ünvanı bəlli deyil. Doğma şəhərində bir tanış üz tapa bilməyən Droqo burada yalnız on beş gün duruş gətirə bilir, məzuniyyətini yarımçıq qoyub Bastiani qalasına qayıdır.

Bu minvalla yenə də illər keçir, qalada nəsillər bir-birini əvəzləyir, fəqət gözlənti azalmır, qorxu səngimir. Droqonun dostu Simeoni qalanın komendantı təyin olunur, Covanni qarnizonun ikinci adamı mərtəbəsinə yüksəlir. Artıq Droqo əlli yaşı adlayıb, qalada xidmət çəkdiyi otuz ili keçib. Onun saçları çallaşıb, canı sözünə baxmır, ancaq hələ də gözləməyindən qalmır, qəhrəman olmaq şansını zamana güzəştə getmək istəmir.

Bir gün qalanın ətrafındakı təpənin üstündə atını saxlayanda aşağıdan gələn ümid, həvəs dolu bir gənc leytenant onu hərbi qaydada salamlayır. Bir vaxt həmin yerdə leytenant Droqo özü də bir kapitanı salamlamışdı. İndi tarix təkrar olunur. Nəsillər, yerlər dəyişir, di gəl, ümid, həvəs azalmır, qorxu, həyəcan səngimir, gözlər yollardan yığılmır.

***

Günlərin bir günündə düşmən doğrudan qapıya dirənir, şücaət məqamı yetişir, qəhrəmanlıq meydanı açılır. Fəqət Covanni Droqo artıq gövdəsini çəkib apara bilmir. Simeoni onu evinə yollamaq üçün dilə tutur, ancaq Droqo inadından heç cür əl çəkmir, qaladan ayrılmaq istəmir. Axı Covanni ömrü boyu bu məqamı gözləyib, indi necə olar ki, gözlədiyi ayağına gələndə o, şansına tüpürüb aradan çıxsın!

Dost kimi sözü ötməyəndə komendant rəsmiyyətə keçir, Covanniyə qalanı tərk eləmək əmri verir, açıq bildirir ki, ona bu ağır məqamda xəstə zabit gərək deyil, üstəlik, dostunu qalada saxlamaqla rəis çətin zamanda çiyninə artıq məsuliyyət götürmüş olur. Qalaya əlavə qüvvələr göndərilir, Simeoni Droqonun boşaltdığı otaqda yüksək döyüş qabiliyyətli üç igid, gənc zabitə yer saldıracaq.

Droqo əmrə boyun əyməyə məcbur olur. Onun artıq əldən düşmüş, müqavimət gücünü itirmiş cismi alınmaqda olan qala kimidir. Otuz ildən çox yoluna göz dikdiyi düşmən qapını kəsdirib, ancaq onun vuruşmağa gücü qalmayıb, xəstə canı kərpic-kərpic sökülür.

Çox güman, barbarların hücumu burada rəmzi məna daşıyır, bir növ xəstə təxəyyül, illüziya məhsuludur. Əslində isə söhbət baş qəhrəmanın illər uzunu qoruduğu qalanın - qabığı çatlamış gövdəsinin ölümcül virusların basqınına uğramasından gedir. Bu müddətdə orqanizmin bütün gücünü səfərbər eləməklə, onu bir qarnizon kimi ayıq-sayıq saxlamaqla bədən qəddini dik tutub. Fəqət artıq möhlət bitib, əcəl ləşkəri cana daraşıb, qala keşikçiləri əldən düşüb, məhşər zamanı gəlib.

Belə görünür ki, Covanninin indiyəcən ümidlə, həsrətlə, həyəcanla gözlədiyi elə öz qiyaməti - ölümü, əcəliymiş. Onun keşiyində durduğu qala öz bədəni, fani cismiymiş. Onun qorxusu ölüm qorxusu, onun intizarı ölüm intizarıymış. İllərlə yolunu gözlədiyi düşmən onun ən yaxın dostuymuş, demə, onun ruhunu bu divarı soluxmuş, bünövrəsi laxlamış, havası-suyu çürümüş qaladan qurtaracaqmış! Deməyəsən, hər əcəl ağrısı bir müqəddəs savaş, hər ölüm bir şəhidlikmiş!

***

Bizim üstündə yuva qurduğumuz, quru daşından-torpağından ötrü baş yardığımız, bir-birimizə güllə ata-ata keşiyini çəkdiyimiz Yer adlı planet də kainatın ucqarına atılmış, sonsuz boşluqda öz başına dolanan, onu hər an külə döndərə biləsi Günəşə həm ümidlə, həm qorxuyla səcdə qılan bir qürbət qalasıdır. Bayronun dediyi kimi, Qabil törəməsi bu qalaya sürgün olunub. Bəşəriyyət öz cənnətindən ayrı düşüb; o qədər ayrı düşüb ki, ara-sıra ora qayıtmaq imkanı olanda da cənnət onu darıxdırır.

Fələyin dəyirmanı ömrümüzü zərrə-zərrə, kisəmizdəki zamanı saniyə-saniyə üyütsə də, qorxu-həyəcan dolu bu qalada boşuna təpik döyməkdən, boyunduruq daşımaqdan, gecə-gündüz intizarla əcəlimizi gözləməkdən, sonumuza can atmaqdan doymuruq. Biz xoş günlər, şöhrət, zəfər, əbədiyyət xiffəti çəkməkdəykən xəbərimiz belə yoxdur ki, həsrətlə gözlədiyimiz öz axırımız, doğma ölümümüzdür...

Bussatinin “Tatar çölü” romanını yaza-yaza gördüyü yuxuları, məncə, təxminən belə, bu səmtə yozmaq olar.

# 1647 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
#
#
# # #