Sovet havalı, molla təfəkkürlü elm adamı - Bu da bizim akademikimiz...

Sovet havalı, molla təfəkkürlü elm adamı - Bu da bizim akademikimiz...
10 yanvar 2025
# 15:10

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Hamı bilir incəsənətimiz nə gündədi. Çox danışılıb, çox deyilib, amma çifayda.

Bəs elmimiz?

Ondan, ümumiyyətlə, danışmırlar. Çünki danışmalı heç nə yoxdu. Azərbaycan elmində bircə dənə yaxşı şey var, o da Elmlər Akademiyasının binasıdı.

Həmişə fikirləşirdim ki, elmimiz nə üçün bu üçn bu gündədi? Dünya şöhrətli alimlər yetişdirən ölkənin elmi niyə bu vəziyyətə düşüb? Bayaq bu suala qismən cavab tapdım.

Mirmehdi Ağaoğlu Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, Azərbaycanın Əməkdar elm xadimi, akademik, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Akif Əlizadədən müsahibə alıb. Elə sualımın qismən cavabını da həmin müsahibədən tapdım.

Müsahibənin əvvəlindən başlayaq.

Akif müəllim deyir ki, təhsilimi rusca almışam:

“Sovet vaxtı idi də. Daha 90 il keçib. Sovet 70 ildən sonra dağıldı, Sovet dağılanda mənim yaşım 70-di”.

Akif müəllim, başa düşürəm, artıq ömrünüzün 91-ci iliniz yaşayırsız. Amma bu, öz yaşınızı hesablamağa mane olmamalıdı axı. SSRİ dağılanda sizin 70 yox, 57 yaşınız var idi.

Hər halda, bunu özünüzə ironiya kimi qəbul edirəm.

Müsahibənin əvvəlində Sovet illərində təhsil aldığını vurğulayan Akif müəllim müsahibənin sonuna qədər Sovet havasından çıxmır. Məncə, ümumiyyətlə, həyatda da çıxmayıb, bu da onun danışığında özünü büruzə verir.

Sitat:

“Sovet yetim-yesir dövləti idi”... Sovet dövründə yaşayan, təhsil alan biri kimi Sovetin ittifaqa daxil olan respublikalara, onların tarixinə, mədəniyyətinə, elminə, gəncliyinə vurduğu ziyanı ən yaxşı siz bilməlisiniz, Akif müəllim. Amma siz Sovetin yetim-yesir dövləti olduğunu deyirsiniz. Hə, əlbəttə, axı siz “danosbazları” müstəqillik dövründə arxivlər açılandan sonra tanımısınız. Məncə, hər şey aydındır. Yox, əgər aydın deyilsə, İosif Stalinə “Stalin yoldaş” deməyinizi də əlavə edək, mənzərə tamamlansın. Hələ istəsəniz, Stalin öləndə məyus olmağınızı da əlavə edək.

Nəzərimə dəyən ikinci məsələ isə, Akif müəllimin din xadimi kimi danışması oldu. Müsahibəni oxuyanda hərdən mənə elə gəlirdi ki, jurnalistin akademikdən aldığı müsahibəni yox, iki “həci”nin ürək söhbətini oxuyuram.

Akif müəllim məscidə ancaq uşaq vaxtı, babası ilə getdiyini deyir, amma həmişə Allaha inandığını da qeyd edir. Mirmehdi isə onun “ateizmin tüğyan etdiyi” dövrdə təhsil almasını və Sovet hökumətinin bütün imtiyazlarından yararlanmasını vurğulayıb lap gül vurur:

“- Belə çıxmırmı ki, qəlbinizin dərinliklərində Allaha inanmaqla Sovet hökumətinə xəyanət etmisiniz?

Akif müəllim də təsdiqləyir:

- Bəli, elə çıxır. Rəsmi ideologiya allahsızlığı təbliğ etsə də, ürəyimdə həmişə fikirləşmişəm ki, Allah var. Çünki bu boyda səma, kosmos, Ay, Günəş sistemləri və sair hamısı sonsuz bir yoldur. Sonsuz bir yol nədir? Bunları düşünəndə istər-istəməz o qənaətə gəlirsən ki, yaradıcı qüvvə var.

Bu hissəni oxuyandan sonra sərin su içdim ki, özümə gəlim. Dönə-dönə qeyd edirəm ki, bunları din xadimi yox, illərlə Azərbaycan elminə rəhbərlik etmiş Akif Əlizadə deyir.

Hələ sözarası akademiyanın prezidentliyindən öz xoşu ilə istefa verməməsini də nəzərə çatdırır: “Belə məsləhət oldu ki, Ramiz Mehdiyev gəlməlidir”. Yəni ki, məndən olsaydı, qalardım. Elə özü də bunu təsdiqləyir.

Akif müəllim, neçə il o kresloda oturmaq firkiniz var idi? Geologiya İnstitutu bəs deyil? Bəlkə, elə o da bəs edər? Baxmayın da, 1976-cı ildən o institutun direktorusuz. Yorulmuş olarsız. Bəlkə, getmək vaxtıdır? Bəlkə, rahat evinizdə oturub, xətriniz istəyəndə də Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində “Quran”ı bəxtəxuda açıb, bəxtinizə düşən ayəsini oxusaz, Azərbaycan elminə daha çox xeyir vermiş olarsız?

Hə? Necə fikirdi?

# 13960 dəfə oxunub

Oxşar xəbərlər

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

17:13 29 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Rənglərdən qorxan rəssam - O, niyə hərbi təyyarələri kamuflyaj edirdi?

Rənglərdən qorxan rəssam - O, niyə hərbi təyyarələri kamuflyaj edirdi?

17:00 29 iyun 2026
Kanye Vestdən ad günündə Versal sarayında maskarad və qalmaqal

Kanye Vestdən ad günündə Versal sarayında maskarad və qalmaqal

16:30 29 iyun 2026
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

15:38 29 iyun 2026
Alla Puqaçova karyerasına son qoydu - Səbəb

Alla Puqaçova karyerasına son qoydu - Səbəb

15:20 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər