İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri

İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri
19 yanvar 2025
# 09:00

Bu gün gənc şair Rəvan Cavidin doğum günüdür.

Kulis.az şairi doğum günü münasibətilə təbrik edir və yeni şeirlərini təqdim edir.

***

yalanının xiffəti gör nə boyda dağ olub,
dağ yarılıb, div çıxıb, səsi ömrə çığ olub,
getmisən, dönməmisən - bu da ayrılıq olub,
axtar məni, gör məni, eşit məni, bil məni...

rüzgara de, yubansın, saçlarında əylənsin,
qumdan otaqlarım var, fəqirə rəhm eyləsin,
yolunu azan aşiq ünvanını neyləsin?
axtar məni, gör məni, eşit məni, bil məni...

köz üstündə yeridim, ağladım, odlanmadım,
qafil ovçu gecikdi, gizləndim, ovlanmadım,
sənə xatir yaşadım, tək qaldım, soylanmadım,
axtar məni, gör məni, eşit məni, bil məni...

and içdim qış ömrümün buzuna, sazağına,
zəmhərir gecəsinə, gün doğmayan çağına,
getdiyin yerdən qayıt, pıçılda qulağıma:
tapdım səni, gördünmü, eşitdinmi, bildinmi?!

***

Qaldırdım başımı –
buludlar, səma, ənginlik və sair.
Sağa baxdım –
mavilik, dalğalar, qızıl qürub –
hər şey dənizə dair.

Sola çevirdim başımı –
pəncərəsi açıq evlər,
və küləklərlə rəqs edən bəyaz pərdələr,
budaqlarda sərçələr,
adam boyda divlər.
Yerə baxdım –
torpaq,
həmənki köhnə nəğmə,
min illərin ağısı,
min illərin ağrısı,
sonsuz yalnızlığın əbədi yurdu,
simurq qonmuş ağacın
budaqları qurudu.

***

Bu pinti sahillərin qosqoca Mərmərəsi,
Tutqun dekabr günü, bir azdan yağış yağar.
Həmənki yelləncəkdə gözləyirəm baharı,
Sən gələrsən, yaz gələr,
Yaz gələr, günəş çıxar.
Gedərsən, qış qayıdar,
Buz səltənətin qurar.

Həmənki yelləncəkdə ayrılıram səninlə,
Tutqun dekabr günü, bir azdan yağış yağar.
Dəniz lal-dinməz qalıb, sahil qaranlıq və pus,
Gözləyirəm, gələrsən,
Sən gələrsən, dağılar bu səssizlik, bu kabus.

Qutuda son siqaret, şüşə dibindən çaxır,
Tutqun dekabr günü, bir azdan yağış yağar,
Bu gecəni qoruyan dili nəğməli sərxoş,
Ona qoşulub mən də dənizə daş ataram,
Bir ağacın dibində səhərədək yataram.

***

İnqilab nəğmələri bəstələmək istədim,
Fəhlələrin dilində ağı kimi oxundu.
Bayraqların üstünə qırmızı ulduz tikdim,
Masmavi parçalara sarı ulduz toxundu.

Həbsxana divarına yazmışdılar o gecə,
Yaşasın inqilablar! Yaşasın oktyabr!
Aldatmışdılar bizi, oktyabr deyildi,
Bir yanvar gecəsində biz etdik inqilabı.

Özü yeyib bitirdi devrim oğullarını,
Yarısı ipdə qaldı, yarısı mərmi altda.
İnqilab şairləri bir yaz günü öldülər,
Qələbə paradının başladığı saatda.

# 3526 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

15:00 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər