Rasim Qaraca üçün son manatından keçmək

Rasim Qaraca üçün son manatından keçmək
7 sentyabr 2021
# 11:55

Kulis.az Nihat Pirin "Altı üstəgəl bir və ya Rasim Qaraca üçün son manatından keçmək" yazısını təqdim edir.

Ona pul verənlərə
yavaşca “ş” deyən,
beləcə təşəkkür edən uşaq...

Yaxın kitabçı dostlardan birinin təşkil elədiyi “xudmani” yarmarkaya gedərkən cibimdəki son yeddi manatı və yarmarkadan mütləq şəkildə əlidolu çıxmalı olduğumu düşünüb bir az tərəddüd elədim. Amma, istənilən halda, yarmarkaya getməkdə qərarlı idim və getdim də.

Düzü, yola çıxdığım andan, ta ki irəlidə məlumunuz olacaq kitabı görənə kimi içimdə qəribə bir nigaranlıq vardı. Bilmirəm, buna niyə nigaranlıq adı verdim, amma bildiyim o idi ki, cibimdəki sonuncu yeddi manatı elə xərcləməli idim ki, gecə yatanda “kaş” sözünü ağlımın və dilimin ucundan da keçirməyim.

“Rasim Qaraca – Mənim həyatımı yaz”

Üzərində bir-birindən fərqli mövzuları arındıran kitabların və sərgiyə ev sahibliyi edən “book cafe”nin rəngli işıqlarının fonunda gördüyüm bu kitabı bir müddət eləcə seyr eləməklə kifayətləndim. Arabir isə kitabdan yadımda qalan cümlələri dodaqaltı özüm üçün pıçıldayırdım:

“Şahanə gözəl idi. Ancaq gözəllər bəxtsiz olur. Bunu özü də bilirdi.”

Bu üç cümləni ardıcıl olaraq heç bir təhrif olmadan dediyimə əmin olduqdan sonra yazıya giriş verdiyim o tükürpədici misraları da dedim. Amma bu dəfə ucadan, hamının eşitməsini istəyər bir şəkildə:

Ona pul verənlərə
yavaşca “ş” deyən,
beləcə təşəkkür edən uşaq...

– Böyük şairdir! – Uzaq masalardan birində oturmuş eynəkli cavan oğlan hansısa ciddi bir hadisəyə və yaxud da tapıntıya ən son və ən gözlənilən rəyi verirmiş şəkildə ayağa qalxıb masaya yaxınlaşdı. Amma onun təkəbbürü çox çəkmədi, özümdən asılı olmadan bu “dialoq həmləsi”ni cavabsız qoydum. Cavan oğlan, təxminən, on-on beş saniyə masanın üzərindəki qarışıqlıq içərisində Rasim Qaracaya dair nəsə axtarsa da, nəticəyə vara bilmədi.

Sənin üçün yazıram bu şeiri
Nə əruzda, nə hecadadı
Səni necə düşünürəmsə, sevgilim,
Bax o da eləcədi...

Oturduğu masaya qayıdarkən yolüstü söylədiyi bu şeir məni dialoq mövzusunda yumşaltmışdı ki, “böyük adamdır!” deyibən başlamadan bitən dialoqumuzun son nöqtəsini də beləcə qoydum.

Bax, bu “beləcə” də Rasimin dediyi “beləcə”dən idi...

“Gözəl bir qadın idi. Sifətinə yaxılmış qara mazut nə sirr idisə, onu daha da gözəl göstərirdi”.

Başqa bir hekayədən olan bu iki cümlədə də təhrifə yol vermədiyimə əmin olduqdan sonra kitabı götürdüm. Qəribədir ki, toxunuşumla keçən ilin mart ayını xatırlamağım bir oldu. Onda hekayələri elə acgözlüklə oxumuşdum ki, az qala, hamısını əzbərdən bilirdim. Hətta yadımdadır, “Şahanə”ni iki dostuma da oxutmuşdum. Özümünsə neçə dəfə oxumağımdan xəbərim yoxdur. Ən son elə ordaca – yarmarkada ayaqüstü oxumağım yadımdadır.

Niyyətim hekayələri bir-bir və sürətli şəkildə gözdən keçirmək olsa da, hamısında eləcə ilişib qalırdım. Birinci cümlə ikinci gətirirdi, ikini üçüncünü, üçüncü dördüncünü...

“Dörd həmkəndli razılığa gəldilər: – qız onlarla birlikdə yaşayacaqdı.”

Bu cümlə oxu vəziyyətimizdən asılı olmayaraq, adamı dimdik ayaq üstə qaldıran cümlələrdəndir.

Xatırladım, keçən ilin martını xatırladım. Eynisini mən də yaşamışdım...

Bilmirəm, necə oldusa, qəfildən kitabın qiyməti yadıma düşdü. Xatırladığım qədəri ilə, səkkiz manat olmalı idi. Tez vərəqləyib baxdım – səkkiz idi.

Yavaş-yavaş möcüzə ola bilməsinə inamım yarandı, kitabı əlimdən buraxmadan ciblərimdə eşələnməyə başladım. Pul qabımda yeddi manatdan bircə qəpik də artıq olmadığını dəqiq bilirdim, amma ciblərimdən o qədər də əmin deyildim. Baxmayaraq ki, cibimdə sonuncu dəfə açıq şəkildə nə vaxt pul gəzdirdiyimi unutmuşam.

Olmadı, lazımi nəticəyə vara bilmədim və kor-peşman Qaracanı yerinə – məndən iki addım uzaq məsafədəki vitrinə qoymaq istəyirdim ki, ağlıma qiyməti soruşmaq gəldi.

– Endirimdədir, 6 manat.

Dünyanın ən gözəl cavabını eşitmişdim. Elə bil, yüz il həsrətin çəkdiyim qadından “hə” cavabını almışdım, elə bil ki, yüz il ac-susuz dolandığım səhrada vahəyə gəlib çıxmışdım.

– Alıram! – Evdən çıxandan bu yana keçirdiyim nigaranlıq hissi ciddi bir qətiyyətlə əvəz olunmuşdu.

Bayaqkı eynəkli oğlan gülümsəyib təzədən “dialoq qarmağı”nı işə saldı:

– Birnəfəslik kitabdır. Hələ orda “Şahanə”...

– Oxumuşam... oxumuşam. Kitab rayondadır, burda gördüm, təzədən oxumaq hissi gəldi və aldım...– “Aldım”ı daha vurğulu deməyim isə tamam başqa dad idi... Qalibiyyət dadı!

Vəssalam!

...Pul qabımı sonuncu bir manatla baş-başa qoyub eynəkli oğlanla sağollaşdım və yazının əvvəlində qeyd elədiyim “kaş”ın əvəzinə keçirdiyim xoşbəxt duyğunun təntənəsi ilə yarmarkadan ayrılırdım.

Çox keçmədi ki, sonuncu bir manatın da aqibəti bəlli oldu. “28 may” ətrafında 14 nömrəli marşrutu gözləyərkən keçidin çıxışındakı hasarkimiyə söykənmiş balaca qarabuğdayı qızın düz gözlərimin içinə zilləndiyini gördüm. Ovcu havada əsir, dodaqaltı nə isə pıçıldayırdı. Yaxınlaşıb heç tərəddüd eləmədən sonuncu bir manatı da qızın ovuclarına təslim elədim.

Qızcığazın elədiyi şablon dua isə qulağımda eləcə “ş” kimi səslənirdi...

# 2582 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
#
#
# # #