Pusqu - Fəriba Vəfinin hekayəsi

Pusqu - Fəriba Vəfinin hekayəsi
1 aprel 2023
# 13:00

Kulis.az iranlı yazıçı Fəriba Vəfinin "Pusqu" adlı hekayəsini təqdim edir.

Qadın kişinin üzünə tüpürməyə gedəndə buludlu bir gün idi. Tüpürmək, şillə vurmaq, ya da nifrətini bir cürə göstərmək bütün ömrü boyu görmədiyi işlərdir. Amma artıq yetkin bir qadın olduğuna görə, bu işləri görə bilərdi. Bir də ki, bu, ürəyin boşaltmaq üçün son fürsətiydi. Kişi ölə bilərdi və o, sonsuza qədər bir iş görməliyəm düşüncəsindən heç vaxt qurtula bilməzdi. Ona görə də, o, buludlu gündə onların qapısını döydü.

Keçən il kişinin xəstə olduğunu, gözünün nurunun azaldığını, çəlik götürdüyünü və gedə bildiyi tək yerin xiyaban başındakı qəhvəxana olduğunu eşitmişdi. Təzyiqinin yuxarı olduğunu, qanında yağın çoxluğunu və hərdən də sərsəm-sərsəm danışdığını bilirdi. Kişinin beyin infarktı keçirdiyi xəbəri onu sevindirmədi. Hiss elədiyi tək şey onu tezliklə görə bilmək idi. Yaşıl gözlərinin on il qabaq bir məclisdə gördüyü qədər parlaq olmayacağını düşündü. Gözünün yaşılının bulanmasından və hər zamankından daha az adamın yadına pusquya yatmış bir qurbağanı salacağından əmin idi.

İçəri girəndə kimsə onun gəlməsindən təəccüblənmədi. Görüşə çox adam gəlirdi. Getməliydi. Bir az da uzun çəkmişdi hələ. Qadın xalanın yanında oturdu. Xala förşin üstündəki qırıntıları əli ilə toplayırdı. Bu işi diqqətlə görür və yalandan içini çəkirdi. Kişinin yarıaçıq gözləri pəncərəyə baxa-baxa qalmışdı. Yatağa yaxınlaşdı. Kişinin yatdığı yerdən qızılgüllər görünürdü. Ayaq üstə durdu və qırmızı, dolu fidanları görə bildiyinə sevindi. Qədim şəkillər, süni gül dəstələri, taxçadakı taxta sandıq, neft samovarı və köhnə radionun arasında ancaq güllər onu boğulmaqdan qurtarırdılar. Kişinin bədən forması mələfənin altından bəlli olurdu. Arıq ayaqları, şişmiş qarnı və dilinin bir azının eşiyə çıxdığı əyri ağzı bəlliydi. Keçmişlərdə də bir iş görmək istəyəndə sanki güc verməsi lazımmış kimi dilini bir az eşiyə çıxarardı.

Kişinin sidik qoxusu nəfəs borusunu doldurdu. Bu qarnı şişmiş, uzun, çirkli dırnaqlı kişi görmək istədiyi kişi deyildi. Belə olmasını gözləmirdi. Görmək istədiyi kişinin gözləri həddindən artıq yaşıl və dilinin ucu hǝddindən artıq qırmızıydı.

Bir çox günlər kişiyə işgəncəli ölüm arzulamışdı. Amma kişi dərd çəkməkdən həddən artıq bayğın idi. Ağır, yarıaçıq gözləriylə bir tısbağaya bənzəyirdi. Boynu yox idi. Çənəsi sinǝsinin üstündəydi və ağzından xırıltı səsləri çıxırdı. Ağzının suyu çənəsinin üstündə bir cizgi çəkmişdi. Qadın bir dəsmal götürüb onun üstünə qoydu. Dəsmal suyu özünə çəkdi.

Otaqdan çıxdı. İki böyük addımla bu işi görmək mümkün idi. Zirzəminin pillələrindǝn aşağı endi. Zirzəminin ancaq yeddi pilləsi var idi. Hələ səkkiz yaşındaykən bir sərdabǝyǝ endiyini sanardı. İndi isə bu otaq, bu həyət, bu zirzəmi nə qədər kiçik görünürdü. Zirzəminin qapısından asılmış əsgər ədyalını çəkib içəri girdi. Qaranlıq və nəm iyi onu sehirlǝdi. Qorxdu. Kiçildi. Kiçik, çox kiçik, düz zirzəmidəki səkkiz yaşlı uşaq boyda kiçildi. Əsgər adyalı işığın qabağını alırdı. Niyə o zamanlar qaranlığın bu pərdədən olduğunu düşünməmişdi. O zamanlar dünya qaranlıqdan da qaranlıq idi və qaranlıqda ancaq bir cüt yaşıl göz görünürdü. Qız zirzəminin soyuq beton divarına yapışmışdı. Balaca pəncərədən gələn zəif işıqda işarə barmağıyla onun başını kəsən kişini gördü. Qorxmuşdu. Adam kimi qorxmamışdı. Bir milçək kimi titrəmişdi və səsi çıxmamışdı.

İllər boyu lal olmuşdu və indi hər gün xǝyal elədiyi işi eləməyə gəlmişdi. Yuxarı çıxdı. Kişinin bir tısbağa kimi zığ içində ölməsinə sevinə bilərdi. Yavaş-yavaş kişinin ölümünün onunla bir bağı olmadığını anlayırdı. İllər boyu yataqda qalıb, ölməyə bilərdi. Amma indi artıq onun üzünə tüpürə bilməyəcəyini də bilirdi. Səkkiz yaşında bir uşaq kimi pillənin bucağına sıxılıb su damcılarının çik-çik səsinə, siçanların divar arasında qaçışmalarının səsinə və xalanın otaqdan gələn addım səslərinə qulaq asdı. Sonrada evinə, həyatına dönüb, onun yaşıl gözlərindən, dilindən və o yumşaq şeyə toxunanda ona ǝl verən bütün iyrənc duyğulardan bir dəfəlik qurtulub hər şeyi unuda bilər - deyə düşündü. Hər şey bitəcəkdi. Beton divara söykənib sürüşdü. Zirzəmi necə də kiçik, dar və alçaq idi. Ondan qaçıla biləcək bir zirzəmiydi, amma o qaçmamışdı. Dırnaqlarını kişinin onu boğan tər qoxulu bədəninə soxa bilərdi. İllər sonra bir daha o yaşıl gözləri görüb beton divar və soyuq zirzəmini hiss etmǝyǝ geri dönmüşdü.

"Nə iş görürsən, bala?"

Ayaq səsini eşidəndə dal-dalı getdi və bəlkə də xalanın cehizi olan taxta sandığa dəydi. "Ağlayırsan? Hamımız öləcəyik, bala."

"Yadıma düşür..." "Bilirəm, bilirəm. Səni çox sevərdi. Uşaqlığında sənin əlini ağzında yumrulardı."

Yaşıl gözlü kişi xala üçün ölümündən qabaq ölmüşdü. Ucadan ağladı. İndi artıq onun o murdar yaşıl gözlərdən nə qədər çox qorxduğunu bilən birinin olmadığını bilirdi. Əlindəki o yumşaq şeydən necə də iyrənmişdi. Kişi ölürdü və heç bir hadisə baş vermirdi.

"Qalx, bala. Qalx üst qata gedək." Əsgər adyalını itələyib zirzəmidən çıxdı.

Farscadan çevirən: Lalə Cavanşir

# 2044 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #