Kulis.az Qalib Şəfahətin “Ölümlə zarafat” hekayəsini təqdim edir.
Adamın birdən diriykən ölməyi gəlir. Bu bəlkə də hamının başına gəlib.
Adamları sınamaq istəyirdim, amma özümə çox baha başa gəldi.
... başımın üstünü kəsdirmişdilər. Elə bilirdilər mənim vəziyyətim çox ağırdı.
Yanlış fikirləşirdilər. Mən öz aləmimdə idim. Nə edim, necə edim? – fikirləşirdim. – Allah şeytana lənət eləsin, elə onun zibilinə düşmüşəm, birdən ağlımdan yaxınlarımı sınamaq keçdi.
Düzdü, əvvəllər də qəlbimdən çox keçirmişdim, amma məqam tapmamışdım, indi lap yerinə düşmüşdü.
Fikirləşdim ki, “görəsən, bunlar neyləyəcəklər, özlərini necə aparacaqlar? Ölümümə sevinəcəklər, yoxsa, kədərlənəcəklər?”
Məqsədim, ən çox da arvadımın və qızlarımın necə hərəkət etmələrini öz gözlərimlə görmək idi. Axı, mən onlara o qədər də yaxşı gün verməmişdim.
Hər şeyi gözlərimlə görüb arvadıma yazığım gəldi. Öz-özümə fikirləşdim, “məndən ötəri niyə bu qədər özün fəda edir? Deyəsən, elə bu qara gün üçün yaranıb”. O dünyada da, elə bu dünyada da gözünü yaşlı qoymuşam. İmkan verməmişəm, bir dəfə üzü gülüb, gözünün yaşı qurusun.
Elə bil göz yaşının qurumasından qorxurdu. Qorxur ki, göz yaşı quruduqca üzü cadar-cadar olar. Verdiyim əzab-əziyyəti, çəkdiyi işgəncələri heçə sayıb.
Elə hey dil deyib ağlayırdı ki, “ay başımın tacı, məni tək-tənha qoyub hara gedirsən”.
Deyə bilmədim ki, a zalım qızı, hansı xoş günün həsrətini çəkirsən? Niyə təksən, gül kimi qızların, oğlun var...
Hər təkəbbürümə dözürdü. Elə dözə-dözə gəlib bu günə qədər çıxmışdı. Elə bil ki, mənim işgəncələrimə vərdiş edib, o olmasa yaşaya bilmir.
Boynuma alım ki, arvadım həmişə mənim zalımlığımı ört-basdır etməyə çalışırdı. Deyirdi, “kişi nə qədər sərt olsa, bir o qədər yaxşıdı. Zəhləm gedir yumşaq, həlim xasiyyət kişilərdən”.
Mən də deyirdim, “elə istəyirsən, canın çıxsın döz”.
***
İndi onun hərəkətinə baxıb özümü qınayıram. Başına döyüb gözünü çaş qoymağım məni yaman utandırdı. “Bundan çox mənə can yandıran yoxdu. Yazığın günahı nə idi ki, bu günə qoymuşam”. - fikirləşdim.
Sonra da düşündüm ki, “yox əşi, bəlkə belə yaxşıdı? Mənə çaş gözü ilə baxmasaydı, hər şeyi düz görərdi. Onda da mənim vay halıma. Çaş olduğu üçün məni elə bu cür qəbul edə bilir.
İnsafnan danışsam, arvadıma bir gün verməmişdim. Mənə gəldiyi gündən başı qapazlı, üzü tüpürcəkli olub. Bir dəfə də, “uf” deməyib, dözüb.
Döymək, söymək, təhqir etmək, - hamısı öz yerində, hələ üstəlik, hirslənəndə sifətimi bozardıb, ya çolaq deyirdim, ya da çaş deyib, - başına qaxınc eləmişdim.
Zalımın qızı bircə dəfə boynun qanırıb demirdi ki, “a kişi sənin kəzzaflığının ucbatından mən bu günə qalmışam, yoxsa mənə nə olmuşdu?”
Bu “kəzzaf” sözünü anamın dilindən eşitmişdim.
Bir dəfə yumruğu arvadın başına elə ilişdirmişdim ki, başı üstə fırlanıb yerə sərildi. Yerdə baş kəsilmiş toyuq kimi çırpına-çırpına qalmışdı. Bax onda anam; “kişi sərt olar, amma kəzzaf olmaz” - demişdi. Düzdü, vəziyyətdən çıxdım. Elə hərəkət elədim ki, elə bil gerçəkdən də belə olmalıdır. Yazıq arvadı dediyinə də peşman elədim. Anam başını bulayıb arxamca, “səndə hər sifət var imiş” deyib deyindi.
Hələ bu bir yana, hamını atıb məni tutmuşdu. Hamını deyəndə, yazığın başqa kimi var idi, - ata-anasını, qardaş-bacısını - deyirəm. Məndə ki, belə...
Neçə dəfə təkid etdilər ki, “a günün qara olsun, nə tapmısan onda? Belə ərdə olmaqdansa gorda olmaq bundan min kərə yaxşıdı. Ayrılıb başına bir çarə qıl. Öz əlin öz başın olar. Bu qədər də başı qapazlı, üzü tüpürcəkli olmaq olmaz”.
Nə desə yaxşıdı, “ölsəm də meyitim qoy elə bu evdən çıxsın. Mənim ki, belə gətirib, belə də yaşayacam. Mənim işimə qarışmayın” – demişdi.
Mənə də çox təəccüblü gəlirdi. Bilmirəm, bu məndən nə tapıb? Mənə görə yaxınları da ondan üz döndərdi. Dedilər, “can sənin, cəhənnəm sənin”.
Fikirləşirdim, “yəqin, bəxti, talehi ilə barışıb”. Elə düz fikirləşmişəm. Həqiqətən bəxt-talehi ilə barışıbmış.
“Qadın böyük qüvvədi, kişini öldürə də bilər, dirildə də bilər” - Atalar deyib, özü də çox düz deyib. İndi görürəm ki, hələ özü bir yana, qızlarıma deyirdi ki, “atanızın qədrini bilin. Heç kəs yaxşı atasını sizə verəsi deyil”.
Üz görə desəydi, bəlkə də, inanmazdım. Qulağım çox yerdən çalmışdı, səmimiyyətinə tam arxayın idim.
Düzü, onlara da bir xoş gün verməmişdim. Qız uşağını heç sevmirdim. Dünyaya gəldikləri günü elə bil yasa batmışdım. Öz-özümə mızıldanıb deyinirdim. Yenə, bu anam qabağıma keçdi.
- Naşükür olma, Allaha acıq gedər. Allah verən paydı. – dedi.
Bir az da səsinin tonunu qaldırıb əda ilə:
- Kişi sənsən, o deyil, duxun çatırdı, qız yox, oğlan qazanaydın. Arvadın burda nə günahı var? – dedi.
Udquna-udquna qaldım, o sözdən sonra səsimi də çıxara bilmədim. Amma gözlərini açmağa imkan vermirdim. Çöldə, bayırda görünmək nədi? – Qız uşağısan, cəhənnəmə ol, get evin altına gir! – deyib üstlərinə bağırırdım.
Yazıqları gözüqıpıq böyütmüşdüm, elə bilirdilər, qız uşağı belə tərbiyə olunur.
Hələ onda da, arvadım o halla mənim tərəfimi saxlayırdı. “Atanızdı, atanız nə desə o da olmalıdır” – deyirdi.
İndi analarına qoşulub elə ağlayırlar “Ay ata, biz sənsiz neyləyəcəyik. Evimizin yaraşığı atamız. Başımızın tacı atamız”.
Dözə bilmirdim, az qalırdım deyəm ki, “a başınız batmasın, hansı gününüzə mənə can yandırıb, belə ürəklə ağlayırsınız?”
Hələ bacımı demirəm. Uşaqlıqdan gözünü elə qırmışdım ki, ərə getdiyi günü özünə toy-bayram edirdi. İndi arvadım səsini qaldırdıqca, bu birə-beş qaldırmağa çalışırdı. Bəlkə də arvadımın tənəsindən çəkinib el üzəri edirdi, sabah baş qaxıncı edib deməsin ki, “özünü yad kimi aparırdı. Dağ boyda qardaşı dünyadan köçdü, gözündən bir misqal yaş da çıxmadı”.
***
Özünü çox təmkinli aparmağa çalışırdı. Görürdüm, içində qovrulsa da, özünü o yerə qoymurdu, həzin-həzin ağlayırdı. Bilmirəm məni, yoxsa, xatirəyə dönən keçmiş günlərimizi ağlayırdı.
Onda fikirləşdim, eh, Sevdam, Sevdam, qoy hamısı qışqırsın, çığır-bağır salsın, sən ahəstə-ahəstə ağla. Onda, mən içimdə bir sərinlik tapıram.
Elə düz də eləyirdi. Ölünü pünhan ağlasan yaxşıdı.
Arada sızıldayıb, “ay qardaş, sənin kimi mehriban, qayğıkeş insanı bir də heç vaxt görməyəcəyik. Sən mənə qardaşdan artıq olmusan” – deyirdi.
Öz-özümə fikirləşdim, “daha bu həna o hənadan deyil. Hər şey keçmişdə qaldı. Heç kəs çörəyi qulağının dibinə yemirdi, hamı bilirdi, üz vurmurdular. Biz də özümüzü aydan arı, sudan duru aparırdıq”.
Bir də o qardaş adını murdarlama, denən mənə ərim köpək oğlundan artıq olmusan. Hay deyəndə hayıma çatmısan. Niyə camaatın üzünə kül üfürürsən? Sən bu yalanına nə özünü, nə də məni inandıra bilmirsən, bu boyda camaatı necə inandıracaqsan?
Bu arada arvadların səsi lap beynimi aparırdı.
Fikirləşdim:
“Bircə bu qadınların kruquna düşməyəsən. Ağız-ağıza verib, elə dil deyib ağlayırdılar ki, məni yaman çaş-baş salmışdılar. Zarıya-zarıya, inildəyə-inildəyə səni elə bəzəyib-düzəyirlər, elə matağa mindirirlər ki, özünün özündən xoşun gəlib xoşhallanırdın. Elə bilirdin, alçaq dağları sən yaratmısan. Ölməyinə də peşman olurdun. Düşünürdün, gerçəkdən mən bu qədər yaxşı insanamsa, hamı üçün gərəyəmsə, ölmək mənim harama yaraşır?”
***
Gördüm bu ağlaşma çox çəkəcək, düşünüb-daşınmaq üçün həyat-bacaya göz gəzdirdim. Bir baxım ətrafımda nə cərəyan edir. – fikirləşdim. – İlk olaraq oğlumun hərəkəti diqqətimi cəlb etdi. Hər şey öz qaydasında gedirdi. Necə lazımdı, məclis təşkil etmişdi. Gələn-gedəni ədəb-ərkanla qəbul edib yola salırdı. Mollası, filanı, hər şeyi öz qaydasında, yerbəyerində idi.
Açığını deyim ki, mən ondan bu qədər də gözləmirdim. Oğlumla çox qürurlandım. Elə düz fikirləşmişəm, - düşündüm, “dar günümün dayağıdı”. Dost-düşmən yanında üzümü ağ etdi.
Oğlumun yanında gözüm molla Səfərə sataşdı. O başa-bu başa yeriyib özünü xozeyin kimi aparsa da, qəmgin görünməyə çalışırdı. Mənim qaramca deyinib “eey, ay Bəybala, sən də bir vaxtlar çox hündürdən gedirdin. Elə bilirdin dövran belə gəlib, belə də gedəcək. Bəs bilmirdin örkən gəlib doğanaqdan keçəcək? Həə, ay Bəybala, indi rahatlaş, sənin də vaxtın gəlib çatdı, indi aparıb özüm quyulayacam”.
Bir az da əda ilə:
- Heyif ki, bu dünyadan o dünyaya pislikdən başqa heç nə aparmırsan. – deyib dodağını büzdü.
Sən bunu hərəkətinə bir bax. - fikirləşdim - Bəs sən nə aparacaqsan? Elə bil ölü dalınca danışır. Özünü ədəb-ərkanlı aparmaq şərt deyil. Özün də yaxşı bilirsən ki, adət-ənənədir sənə bu hökmranlığı verən. Yoxsa, sən kim idin? Söz yox, elə indi də heç kimsən. Dirimə yaxın dura bilmirdin, heç ölümə də yaxın dura bilməzdin – fikirləşdim.
Haraya qədər desən içi xislətlə doludur. Yəqin, hələ də unutmayıb. Harda görürdümsə ələ salırdım. “Molla dolanışıq necədi? ” - deyəndə nə dediyimi göydə tuturdu. Əvvəllər çox cırnayırdı, sonra, üzümə baxıb dinmirdi. Yəqin, demək istəyirdi ki, “görürsən, daha cırnamıram. Nə deyirsən de, heç vecimə də deyil”.
İndi yaman şeşələnirsən. Başa düşmürsən ki, bizim kimi ölülər olmasa, sizin kim mollalar da heç olmazdı.
Qəflətən Baladadaş deyilən gözümə sataşanda, cin başıma vurdu. Təəssüflənib, - kaş bu zarafatı eləməyəydim – fikirləşdirdim – xəstəxanaya düşəndə bir sevindirmişdim, bu hərəkətimlə bu alçağı yenə sevindirdim. İndi oğlumun yanında özünü yaxın dostum kimi aparır. Guya, mənə bundan çox canı yanan yoxdu.
İnsanda bir sifət olar. Kiməsə arxalanıb ayaq altından quyu qazır köpək oğlu. Orasını düz deyiblər, “gen qaz, dərin qaz özün düşərsən”.
Mənim onda səhvim oldu. Kaş o iclasda əsəbiləşməyəydim, yoxsa, mənim bu xəstəxana divarları arasında nə işim var idi. Hamısı sənin ucbatından oldu. İndi sevinirsən?
Eybi yox, qoy nə qədər sevinir sevinsin. “Bildirçinin də ömrü darı qurtarana qədərdir”.
Həə, demək, məni ölü bilib artistlik edirsən. Mən dirilib gələcəm, burda belə qalası deyiləm ki... Bax, onda sən öləcəksən, özü də çox pis öləcəksən. – qarasınca deyindim.
***
Qəribəsi budur ki, öldünsə elə bil hamı səni başından eləmək istəyir. Bunu mən də eşitmişdim, deyirdilər, “ölü qaldıqca ağırlıq gətirir. Elə ki, dəfn elədilər hamı özündə bir yüngülləşmə hiss edir”.
Yəqin, hamı yüngülləşməyə can atırdı. Məni götürüb yuyat yerinə apardılar.
Bədənimə isti su dəydikcə xoşhallanırdım. Bu üzünü mürdəşir yumuş mürdəşirin əli bədənimə toxunan kimi qıdığım tuturdu. Eşitmişdim, “ölünün qıdığı tutmaq yaxşı əlamət deyil”. Səsimi içimdə boğub birtəhər dözürdüm.
Elə ki kəfənlənib tabuta qoyuldum, vida görüşü başladı. Arvadım səsini qaldırdıqca qızlarım saçını yolub:
- Ay ata, bizi tənha qoyub hara gedirsən? – deyib bir vay-şivən qopardılar ki, az qaldı ürəyim partlasın. O yandan bacımın ah-naləsi, vay-şivəni məni lap kövrəltdi.
“Bu qədər doğmalıqdan, canıyanımcıllıqdan necə qürur duymayasan?” - elə bunu fikirləşirdim, bilmirəm, bu anam hardan peyda oldu, öz qızına ərki çatdığından bacımın üstə çəmkirməyini eşitdim: “A günün qara olmasın, başqa yerə getmir ki, öz yanıma gəlir. Ananı baladan uzaqmı salmaq istəyirsən?”
O sözdən sonra lap sarsıldım. Bildim anam hardadı, mən hara getməliyəm. Özümü bir balaca yığışdırmağa çalışdım.
Elə bu vaxt molla Səfər ağzını açıb: “Ay camaat, mərhum Bəybala Şirbala oğlunu son mənzilə yola salırıq. Kimin üzərində nə haqqı qalıbsa, haqqını halal eləsin - dedi.
Hamı bir ağızdan “haqqımızı halal edirik!” - dedi.
Bilmirəm, söhbət hansı haqdan gedirdi, kimin kimdə haqqı qalmışdı, yoxsa, qalmamışdı. Bu molla Səfərə yenə möhkəm əsəbiləşdim. – Əə, sən nə iki üzlü adamsan. – fikirləşdim - bayaq başqa şey fikirləşirdin, indi başqa şey deyirsən. Adamın bir sifəti olar. Elə bil ölü dalınca danışırsan! – fikirləşirdim.
Yol boyu oğlum tabutun baş tərəfindən tutmuşdu. Gümanım bircə oğluma qalmışdı. Kirimişcə qulağına pıçıldadım:
- Ay oğul, mən zarafat edirdim, siz hər şeyi ciddiyə aldınız. Məni geri qaytarın, hara aparırsınız?
Oğlum:
- Sus, sus! - dedi - belə zarafat olmaz. Bizi el içində xar eləmək istəyirsən?.. Deyəcəklər, filankəsin atası, qəflətən xortladı. Bircə bu qaxıncımız qalmışdı. Ölmüsən, öl, öldüyün yerdə.
Dillənmədim. Amma oğlumun hərəkət elə xətrimə dəydi ki, hirsimdən içimi yeyirdim. Bilmirdim nə edim. Elə ki, məni qəbrə endirdilər, kimsə molla Səfərə dedi, “a molla, oğlu hələ cavandı, meyiti qibləyə tərəfə sən çevir”.
Səfər çömbəlib başımı qibləyə tərəfə çevirirdi, ayaq tərəfindən necə vurdumsa, büdrəyib az qaldı üstümə yıxılsın. Birtəhər qəbrin divarından yapışıb özünü tarazladı. Kənardakıları gülmək tutdu:
- A molla, tək getmək istəmir, deyəsən.
Başqa birisi hırıldayıb:
- Az qalmışdı, ha. - dedi.
Molla Səfər vəziyyətdən çıxmaq üçün:
- Biz ölü dəfn edirik, siz hələ gülürsüz. Ayıbdı. Allaha da xoş getməz! - dedi.
Elə bil qurbağa gölünə daş atdılar. Səfər özündə deyildi, canına qorxu düşmüşdü. Tezbazar dəfn edib getməyə çalışırdı.
***
Elə ki hamı çəkilib getdi, xəyala dalmışdım, düşünürdüm ki, “gerçək bunlar məni ölü yerinə qoyub öz hərəkətləri ilə başdan çıxardılar. Zarafat edirdim, bunlar məni inandırdılar ki, yox, sən həqiqətən ölmüsən”.
Öz halıma acıyıb, hər şeyi olduğu kimi qəbul edirdim. Təəssüflənməkdən başqa əlacım qalmamışdı. Anamı görəndə gözümə inanmadım. Yaxınlaşıb:
- Çoxmu əziyyət çəkdin, a bala? - soruşdu.
Başımı buladım:
- Ay ana, zarafat edirdim, - dedim - gəlib başımda çatladı.
Anam sifətini turşudub, “sən həyatla da çox zarafat edirdin, a bala - dedi. - Heç nəyi ciddiyə almırdın. Elə o vaxtdan burnunda idim qalıb”.
Təəssüflənib dərindən ah çəkdi.
- Sənə min kərə demişdim, ölümlə çiling-ağac oynamaq olmaz!
Ah çəkib dərindən köks ötürdü:
- Ehh, a bala! - dedi. - Atan elə o vaxt da sənə inanmayıb, bu vaxt da inanmır. Dedim “a kişi, nə durmusan, oğlun gəlib”. Ağzını büzüb nə desə yaxşıdı? “Nə vaxt o doğru-düzgün söz danışıb, indi də danışsın. Qoy rədd olsun başımdan! Onun örkəninin üstə darı sərmək olmaz” - dedi.
Onda əsəbiləşdim. Başımı yastıqdan qaldırıb möhkəmdən bağırdım:
- Gedib o dünyanı görüb gəldim. Niyə məni gətirib buraya salmısınız? Burda qalmaq çox təhlükəlidir. Durub evimə-eşiyimə gedirəm.
Kimsə “sakitləş-sakitləş” - deyirdi.
Bir az da səsimi qaldırıb çığırıb-bağırmağa başladım.
- Necə sakitləşim? Burdan o dünyaya gedən yol çox yaxındı - dedim.
Hamı çaş-baş qalmışdı. Yəqin, mənim sözümü sayıqlama kimi başa düşürdülər. Xəstə oldunsa xəstəliyin damğası kürəyindədi, heç cürə boyun qaçıra bilməzsən.
Arvadım təşviş içində həkim çağırırdı. Sevincək, “Ay həkim, Allaha şükür, deyəsən, ayıldı” - dedi. Yanaqlarına qonan təbəssümü görürdüm.
Həkim başını buladı, “çox təəssüf, xəstələrdə belə işıqlanma dövrü olur, amma, aldadıcıdır. - dedi.
Arvadımın sifəti qəflətən tutuldu. Bir həkimə baxdı, bir də dönüb mən tərəfə. Hiss etdim ki, arvadımın təbəssüm bürümüş çöhrəsindən öləzik, güclə sezilən bir kölgə keçdi. Özümü o yerə qoymasam da içimdən bir sızıltı keçdi.
Əlini saçına atıb:
“Oy, ay Allah, bu nə zillətdi mənə verirsən?!... tufağım dağıldı... gəlin a bala gəlin, evimiz yıxıldı... Atasız qaldınız”.