Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Nadir Yalçının "İkinci ifaçı" hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Rəşad Məcid:
"Birinci cümlə və diğər bir necə cümlədə anlaşılmazlığı çıxsaq, hekayənin dili pis deyil.
Amma müəllif aləmi qarışdırıb. Oxucunu da dağa-daşa salır, mətləbi anlamağa imkan vermir; qəsdən edir ya təcrübəsizlikdən, dəqiq bilmirəm. Nadir gərək tələskənliyini yığışdıra. Yazılarını mürəkkəbi qurumamaş çapa verməyə. Öz içində bişirə, sonra yayımlaya. Əsgərə də gedib gəldi, gərək biraz püxtələşə; xasiyyəti də, yazılarının ideyası, məqsədi də aydın ola.
Nadirə uğurlar. Yaxşı yazacaq".
Şərif Ağayar:
“Məncə, bakenbard-qocalıq-tar çalmaq xəttini ayrıca götürsə, hekayə daha orijinal və gözəl alınardı. Ümumilikdə, Nadir Yalçın sözü yaxşı bilən və duyan gənclərimizdəndir.
Gənc də deyirəm, mənə elə gəlir, yaxşı mənada hamımızdan yaşlıdır, hətta istəyirəm, arada ona Nadir əmi deyim...
Hekayədə bir nüans xoşuma gəlmədi. Mənə elə gəldi, sətiraltı Anar müəllimə söz atıb, istefa verin, gedin nəvələrinizə tardan-kamançadan çalın, artıq bakenbardlarınız əyilib demək istəyib.
Məncə, ədəbiyyatımız, mədəniyyətimiz qarşısında böyük xidmətləri olan insanlara belə yanaşmaq doğru deyil. Bu, gənc nəslin ən böyük səhvidir. Heç kim heç kimin əlini tutmur. Hərə öz mətnini yazır. Ağsaqqal yazıçılarımıza qarşı belə tənqidi münasibəti qəbul etmirəm.
Arzu edirəm Nadir intriqalardan uzaq dursun, başını aşağı salıb mətnini yazsın, xüsusən mənə qoşulmasın”.
Məti Osmanoğlu:
“Nadir Yalçın şeirləri və nəsr yazıları, eləcə də publisistikası ilə imzasını ədəbi ictimaiyyətə qəbul etdirmiş gənclərdəndir. Artıq deyə bilərik ki, Nadirin “var imzası imzalar içində...”
Müzakirəyə təqdim olunan hekayə onun təzə söz demək, insanların başından keçən əhvalatları hekayə “dilinə” çevirmək, əhvalatların hekayə biçimini axtarmaq cəhdlərindən xəbər verir. Nadir oxucuya çatdırmaq istədiyi fikri süjetlə ifadə etməyi, süjeti təşkil edən motivləri əsaslandırmağı, bir-biri ilə əlaqələndirməyi bacarır və bunu gənc nasir üçün uğurlu başlanğıc hesab edirəm. Heç şübhəsiz ki, “İkinci ifaçı” istedadlı adamın qələminin məhsuludur.
Hekayənin personajları “ələyi ələnib, xəlbiri göydə fırlanan” nəslin nümayəndələridir və mənə elə gəlir ki, yazıda peşəkarlıq baxımından müzakirə yaradacaq əsas məsələ də bununla bağlıdır. Personajların yaşı kimi, onların mükalimələri, əhvalatın bədii təqdimatı, süjeti təşkil edən motivlər mənə Nadirin yaşından, həyat və ədəbiyyat təcrübəsindən xeyli böyük göründü. Ondan öz yaşının hekayəsini gözləyirəm”.
Fəxri Uğurlu:
"Nadirin toxunduğu problem, yaratdığı obraz ədəbiyyatşünaslıqda "artıq adam", "sıravi adam", "kiçik adam", "obıvatel" kimi istilahlarla ifadə olunur. Ta Qoqoldan, Çexovdan tutmuş Mirzə Cəlilə, Anara qədər, Turgenevdən Elçinə qədər bu mövzularda çoxlu əsər yazılıb. Ən yaxşılarından biri də Patrik Züskindin "Kontrabas" monopyesidir. Nadirin hekayəsinin bu silsiləyə yeni töhfə verəcəyinə çox da əmin deyiləm. Üstəlik, yazının məzmunu da, dili də, üslubu da arxaikdir, müəllifin yaşından çox böyükdür. Məsələn, Nadirin adını daşıdığı rəhmətlik babası belə bir hekayə yazmış olsaydı, onu təbii qəbul eləmək olardı. Arzu eləyirəm ki, gənc dostum "yaşından böyük" yox, öz yaşına, təcrübəsinə, dünyagörüşünə uyğun yazılar yazsın. Anlayıram ki, Nadir hələ çox cavandır, axtarışdadır, bu axtarışların bəhrə verəcəyinə də inanıram, çünki dostum istedadlıdır, safdır, biliklidir, ən vacibi, qəlbi təmizdir. İndi Nadir Yalçına lazım olan budur ki, ona irsən keçmiş sovet dövrü stereotiplərindən azad olub çağdaş yazı maneralarını mənimsəsin, həm orijinal mövzu, həm də üslub axtarışlarına çıxsın. Bu yolda gənc dostuma uğurlar diləyirəm".
Cavid Ramazanov:
“Azərbaycanda mənə çatmayan iki cür gənc var. Birincisi, "Tarqovı"da İbrahim Tatlısesin "Haydi söyle" tərzində arabesk mahnıları oxuyanlar, ikincisi də nimdaş Sovet nəsrinin təhkiyəsindən qopa bilməyənlərdir.
Nadir Yalçın da Əylislinin, Elçinin, ümumən 60-cıların üslubunu 2023-cü ildə kor-koranə imitasiya edir. Halbuki bu müəlliflərin mövzuları, təhkiyəsi, atmosferi, qəhrəmanları səciyyəvi bir dövrü əhatə edir. Nadir elə bil başını qaldırıb ətrafa baxmır. İndiki dövrdə hansısa Nazilənin "bakenbardını əyri qıxmısan" kimi zarafatına görə heç kim istefa ərizəsi yazmaz. Heç bir süd qardaşı kənddən zəng edib "ə, yığış gəl kəndə, bəsdir işlədin" deməz. Yoxdur belə söhbətlər indi. Bu qurama Sovet mövzularıdır ki, Nadir sehrinə düşüb qopa bilmir. Bəlkə də, alternativlərdən xəbəri yoxdur, hər halda bu da bir ehtimaldır.
Qısaca deyim ki, hekayədən naftalin qoxusu gəlir. Nadirin 22-23 yaşı var. Bu nimdaş təsərrüfatdan nə qədər tez qurtulsa, bir o qədər yaxşıdır. Yoxsa sonra gec olacaq”.
Rəvan Cavid:
“Hekayəni şəhər, ya da kənd nəsri, yeni və köhnə dil, ya da nəyi və necə yazmaq kimi koteqoriyalara bölmək, hansısa "izm"ə də aid etmək istəmirəm. Qarşımızda yetkin bir mətn var. Nadirin bu hekayəsi televiziya tamaşası kimi sakit, öz içində min mövzuya bölünən bir mətndir. Məni hekayədə narahat edən iki şey oldu. Birincisi, final və hekayənin strukturu, yaratdığı ab-hava çox fərqli idi. Final yad bir cisim kimi düşmüşdü hekayəyə. Və təəssüf ki, final öz həllini tapmayıb. İkincisi, bir neçə detaldan gözəl istifadə etmək potensialında olan dostumuz həmin detalları havadanca asıb gedib. Məsələn, hekayənin əvvəlindəki saat detalı. Halbuki həmin detal, simvol Nadirin danışdığı hekayə ilə birbaşa əlaqəlidir. Başqa bir nüansı da demək istəyirəm. Bu təkcə Nadirin hekayəsinə aid deyil. Məncə, artıq Azərbaycan nəsrində yeni adlar və soyadlardan istifadə edilməlidir. Tamamilə yeni adlar görməlidir oxucu, "-ov"ları, "-yev"ləri mətnlərimizdən yığışdırmalıyıq. Hekayənin ümumi məzmunu haqqında bu mühim, ancaq kiçik görünən problem üzərindən fikir bildirmək istəməsəm də, qeyd etmək də fayda olduğunu zənn edirəm. Hə, onu da nəzərə alıram ki, müəllifin bir ilik karantin vəziyyətindən sosial həyata atılan kimi belə bir gözəl hekayə təqdim etməsi də onun ədəbi cəsarətindən xəbər verir. Uğurlar!”
Orxan Həsəni:
“Hekayə Nadir Yalçın üçün ənənəvidir. Köhnə estetika, köhnə atmosfer, köhnə obrazlar, köhnə forma. 60-lar nəfəsi müəllifin canından çıxmır. Yazıçı öz dövrünü yaratmalıdır, yazıçı öz dövrünü gətirməlidir, dövr öz özünə gəlmir, sənətkar onu çəkib gətirir, Nadir isə hələ də Anarın, Əkrəmin yaratdığı ab-havadan çıxmaq istəmir.
Bundan yeganə çıxış yolu mütaliədir. Nadir istedadlıdır. Özünəməxsus enerjisi var. Yazıçı üçün bu olduqca əhəmiyyətli məsələdir. Lakin o bu enerjini Əkrəmin, Anarın suyunun suyunun suyunun suyu olmağa xərcləyir”.