İkinci ifaçı - Nadir Yalçının yeni hekayəsi

İkinci ifaçı - Nadir Yalçının yeni hekayəsi
31 oktyabr 2023
# 09:30

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Nadir Yalçının "İkinci ifaçı" adlı yeni hekayəsini təqdim edir.


“Axtarsan, dünyada elə hamı yaxşı adamdı...”
Elçin


Zakir müəllim Nazilənin kabinetdən çıxaçıxda çevrilib onun yorğun gözlərinə zilləndiyini görəndə bərk narahat oldu. Gözlərini qızın cilvəli baxışından yayındırıb sənəd-sünədlə məşğul olmaq istəsə də, Nazilənin iti nəzəri təmkinini pozdu. Yarı təəccüblü, yarı əsəbi səslə sözləri havaya uçurub yenidən sənədlərə nəzər saldı:

– Noolub, Nazilə?

– Zakir müəllim, deyəsən, sağ bakenbardınız soldakına nisbətən bir az uzun, bir az da əyridi.

Bu yarısəmimi, yarıyersiz cəsarəti Naziləni güllə kimi bayıra atdı. Tərslikdən qapı da əlindən çıxıb çırpıldı.

Zakir müəllim bilmədi neyləsin, sağa baxdı, sola baxdı, axırı, hirslə ayaqqabılarını çıxarıb kreslosunun üstünə çıxdı, saatın batareyalarını çıxarıb yerə vıyıldatdı. Uzun zamandan bəri əqrəbin çıqqıltısının əsəblərini pozduğunu indi başa düşdü. Aşağı enib əyləşdi, ayaqqabılarını cütləyib səliqə ilə stolun altına qoydu. Ayaq barmaqlarını şaqqılda-şaqqıldada fikrə getdi: görəsən, onunla üzbəüz dayanan Nazilə “sağ bakenbard” deyəndə hansını nəzərdə tuturdu – öz tərəfindən sağı, yoxsa mən tərəfdən sağı? Öz tərəfindən baxanda deyirsə, demək sol bakenbardım əyridi, yox, əgər mən tərəfdən deyirsə, onda sağ bakenbardım…

Ürəyi sıxıldı. Əslində, Nazilə bakenbardın əyri olduğunu deyəndə Zakir qəti qərara gəlmişdi ki, ərizəsini yazıb işdən getməlidi, vəssalam.

Boş vərəq götürüb stolun üstünə yayxandı. Dilinin ucunu bayıra çıxarıb gözlərini sağa çəpləşdirdi. Bilirdi, bu ağ vərəqə mürəkkəb yayılan kimi, ağ günü də göy əskiyə büküləcək. Sona ərizə yazdığından xəbər tutsa, mərəkə qopacaq. Deyəcək, nədi, təqaüd yaşına iki il qalmış könlünə istirahət düşdü? Nə çox işlədin ki yoruldun?.. Deyərdi, deyərdi, dəqiq bilirdi. Sonaya qalsa, Zakir müəllim ağzı yerə dəyənəcən işləməlidi.

Nazilənin bakenbard söhbəti bir yana, bir qabdan yemək yediyi, baş-ayaq yatdığı süd qardaşı Xəlil dünən kənddən zəng eləmişdi. Demişdi, ay bədbəxt oğlu bədbəxt, gün görməzə gün qəhətdi, elə gözünü açandan işləyirsən, əvvəl kənddə əkin-biçin, sonra tələbəlikdə sürücü, indi də sənəd-sünədin içində itib batmısan. Gərək təqaüd yaşını gözləyəsən elə? Hər şeyin var, uşaqları da yerbəyer eləmisən… Özünə bax e, canına qulluq vaxtıdı…

Xəlilin dedikləri Zakir müəllimi bir xeyli yüngülləşdirmişdi. Zakir müəllim elə bilirdi, bütün kənd Xəlilin özüdü. O zəngdən sonra kənddən də beli bağlıydı daha, işləsə də, işləməsə də, hörmətini saxlayacaqlar, Xəlil belə deyirsə, vəssalam…

Zakir müəllimi darıxdıran başqa şey idi. Öz içində var-gəl edirdi: Sona məni Xəlil qədər düşünmür, axır vaxtlarsa, qəti düşünmür. Zakir hərdən istəyirdi, Xəlil çönüb olsun Sona, Sona da Xəlil… Amma olmurdu, Sona elə Sona idi…

Fikirləşə-fikirləşə bir də gördü, ərizənin axırına çatıb. Qalxıb plaşını geyindi, qapıdan çıxanda ayaq saxladı, yadına düşdü ki, bu gün həftənin üçüncü günüdü. Geri qayıdıb telefonun dəstəyini götürdü. Adəti üzrə, həftənin eyni günündə, eyni vaxtda hal-əhval tutmaq üçün musiqi məktəbinin özündən qabaqkı direktoru Vəliyev Zakirin ev telefonuna zəng elədi.

Hal-qəziyyə beləydi; Zakir müəllim hələ onda məktəbli idi, atası Səməd müəllimi məktəb direktorluğundan uzaqlaşdırmışdılar, yerinə gələn direktor onu saya salmırdı. Hələ bir dəfə Zakiri məktəbin ortasında döyən riyaziyyat müəlliminə qahmar da durmuşdu. Ay aya, il ilə calandı, balaca Zakir böyüyüb böyük kişi oldu, adam olub adamlar cərgəsinə qoşuldu, di gəl, o hadisənin acısı canından çıxmadı ki, çıxmadı. O gün, bu gün sədaqət, etibar deyilən duyğu ikiəlli onun yaxasından bərk-bərk yapışdı. Odur ki, direktor vəzifəsinə təyin olunan gündən hər həftənin üçüncü günü sələfinə – Vəliyev Zakirə zəng etməyi boynunun borcu bilirdi.

İndi də vərdişindən əl çəkmədi:

– Alo, adaş, salam.

Vəliyev Zakir zarıldaya-zarıldaya mızıldandı:

– Salam, Zakir…

– Necəsiniz? Can-baş, özünüz yatıb, özünüz dura bilirsinizmi?

Bayaqkı zarıltı hikkəli xırıltıyla əvəzləndi, Vəliyev Zakirdən bağırtı qopdu:

– Ə, sən nə məzmunsuz adamsan, bəsdi nəfəsimizi kəsdin, imkan ver ölək də, ağırlaşmışam, dəqiqəbaşı yerimdən qalxa bilmirəm, bir yandan da sən. Bax, bir də məni yığsan, səni rüsvay edəcəm!

Zakir müəllim mat-məəttəl dəstəyi asdı. Dinməzcə ayağa qalxıb kabinetdən çıxdı.

Ərizəni Naziləyə uzadıb: “Bunu vörddə yığ, – dedi, – sabah stolumun üstünə qoy, yeşik gətirəcəm, kabinetdəki əşyalarımı yığaq”.

– Zakir müəllim, axı… Niyə?

– Bilirsən, mən bakenbardımı düzəltməklə məşğul olmalıyam, vaxt dardı e, bir də gördün ölüb getdim, bakenbardım da qaldı əyri…

– Zakir müəllim… Heç bilmirəm nə deyim, mənim sözüm xətrinizə dəydi?

– Yox, bezmişəm… Adaşım Vəliyev Zakir də bezib… Belə baxıram, elə sən də bezmisən… Biz hamımız bezmişik, Nazilə… Sabaha qədər!

Bu o Zakir müəllim idi ki, uşaq vaxtı bir tarı vardı, özü də mədəniyyət evinin özfəaliyyət dərnəyində “Tarçı oğlanlar” ansamblının üzvüydü. Günün birində hay düşdü ki, mədəniyyət evi sökülməlidi. Elə bil, camaata dedilər ki, o mədəniyyət evinin qanı sizə halaldı; taxta daşıyan kim, stulları çırpışdıran kim, çilçırağı sökmək istəyəndə yıxılıb bel-buxununu əzən kim... Zakir müəllim musiqi məktəbini bitirsə də, Bakıya gəlib Asəf Zeynallıda oxusa da, həmişə ansambllarda solist yox, ikinci ifaçı oldu. Heç kim onu adıyla tanımırdı, hamı üzdən ayırd edirdi. Neçə dəfə dükan-bazarda özü də eşitmişdi, deyirdilər, filankəsin dalında oturan kişi... Və Zakir müəllim yəqin bilirdi ki, o mədəniyyət evini sökməsəydilər, indi dalda oturan ifaçı kimi yox, qabaqda oturan sənətkar kimi tanınardı...

Bu o Zakir müəllim idi ki, düz 32 il qabaq, Sonanı gəlin gətirdiyi gün – toy gecəsi səsi batmışdı. Həmin gecə camaşırın üstünə damcılanan qan yayıldıqca, yayılıb parçanın görünməz ilmələrini kirlətdikcə gözləri qıyılır, ürək döyüntüləri dəqiqə əqrəbini qabaqlayırdı. Qan Zakir müəllimin şəhadət barmağının ucundan süzülürdü. Həmin gecə qırmızı qan ağı yeyirdi. Ürək döyüntüləri qulaq pərdələrini silkiləyəndə özünə yazığı gəlmişdi, güzgünün qarşısına keçib özünə ağlamaq, bağırıb otaqda nə var yerlə yeksan eləmək, bu müdhiş gecəyə divan tutmaq onun ağrısını iynənin ucu boyda belə azaltmayacaqdı, bunu yaxşı başa düşmüşdü. Öz qanını içmək, dişlərini bu rəngə boyamaq, qanından rəng almış gölməçədə üzüb dəryalara qovuşmaq istəmişdi.

Təkcə ağlamağa ehtiyacı var idi. Başına gələn fəlakətlərin heç birində onun üçün ağlamamışdılar. Hamı özü üçün təlaşlanırdı.

Qapının o biri tərəfindəki axmaq qadına qırmızı lazım idi. Fərqi yox idi, elə ordaca, o çarpayının üstündə başını kəsib qanını ağın üstünə axıdaraq qapıdan çölə tullasaydılar, yenə heç nə dəyişməyəcəkdi. O qadın bilməyəcəkdi, içəridə kimsə ölüb ya qalıb. Dəhlizin işığını söndürüb, qapının ağzında asılan bahalı tablonu əlləşdirib sivişəcəkdi. Gecə əri ilə mazaqlaşıb mışıl-mışıl yatacaqdı. Səhər haya gəlib məclisi ələ alacaq, salavat pullarını özü yığacaq, oxşamanın ən yanığlısını o deyəcək, dizinə ən möhkəm o vuracaqdı. Axşam avtobusda evinə qayıdanda qolunun altından gələn tər iyi bir kürən, boyu 1.55 olan almayanaq qızın ürəyini bulandıracaqdı. Fərqi yox idi, ağın üstündəki qan hardan axır, əsas odu, qırmızı olsun. O qarı qırmızıdan ləzzət alırdı, şövqə gəlirdi, arasından qatar keçəcək döşləri daşa dönüb cilvələnirdi... Qannn istəyirdi, qıpqırmızı qan...

İlahi, həmin gecə Zakir müəllimin dodaqları necə solğunlaşmışdı! Dünyanın ən ehtiraslı qadını da gəlsə, xeyri yox idi, heç bir alovlu öpüş dodaqlarını özünə gətirə bilməzdi. Həmin gecədən sonra heç vaxt dodaqları əvvəlkitək qırmızı olmadı... Bunun baiskarı ağın üstündə bir qızın bakirəliyinin pozulmasını nişan verəcək qədər qanın miqdarı idi...

Nazilənin bakenbard məsələsi bəhanə idi, Zakir müəllim hamının təzim edəcəyi, birinci sırada otuzduracağı adam olmaq istəmirdi, çünki heç vaxt belə olmamışdı, peşəsində də, gərdək gecəsində də... İkincilik sindromu onun canına cift olmuşdu. Bir yandan da bir az əyri, bir az da uzun bakenbardı... Tamam özünə nifrət elədi...
Evə çatanda həyəcanlandı. Sona həmişə əri işdən qayıdan vaxtlar qapının kilidini açırdı və bunu bilə-bilə Zakir müəllim hər dəfə barmağını üç saniyə qapının zənginə tuşlayırdı.

Çox keçməmiş Sona televizorun səsini azaldıb kinayəli-kinayəli əndamını titrətdi:

– Yenə noolub, qaş-qabağın yer süpürür?

Zakir müəllim ağzını doldurdu ki, ərizə yazmağını desin, cəsarəti çatmadı:

– Əşi... Bu avtobusda sürücünün arxasındakı təkadamlıq hündür oturacaqlar olur e... Hər dəfə orda oturmaq istəyirəm, görürəm, kimsə məni qabaqlayıb...

– Şükür sənə, İlahi! Bizim dərdimizə-sərimizə bax da...

– Sona...

– Hə?

– Bakenbardımı düzəlt də...

– Elə indi?

– Hə, elə indi.

– Bir əl-üzünü yu, yeməyini ye, düzəldərəm də...

– Yox e, elə bu dəqiqə.

– Axı nolub sənə?

– Sən, deməli, mənə diqqətlə baxmırsan... Ümumiyyətlə, sən mənə, gözümün içinə, üzümə heç vaxt diqqətlə baxmamısan.

Qəfədanın fit səsi bir az da yubansaydı, Sona kövrəlməyini gizlədə bilməyəcəkdi. Mətbəxdən səsi eşidildi:

– Otur güzügünün qabağında, üzqırxanını götürüb gəlirəm.

Zakir müəllim elə pencəkli-pencəkli əyləşdi. Sona çiynində dəsmal, əlində üzqırxan ona yaxınlaşdı:

– İndi, sağ əyridi, ya sol?

– Birincisi, aldığım son məlumatlara görə, bir az əyridi, bir az da uzun. Amma dəqiq bilmirəm hansı...

– Yaxşı, tərpənmə, baxaq görək...

Sona yalandan da olsa əyri və uzun bakenbardı təyin eləyib işə başladı.

– Sona

– Hə?

– Mən işdə ərizəmi yazdım! - nəfəsini sinəsinə çəkdi, çiyinlərini aşağı saldı.
Sona çiynindəki dəsmalla Zakir müəllimin tərini silib kravatın ucunda əyləşdi. Üzündən heç bir ifadə sezilmədi, gözləri yol çəkdi. Günorta skiripka sinifini bitirən qardaşı qızına vəd verdiyi iş də eyninə gəlmədi. Birdən gülümsünəndə Zakir müəllimin gözünə işıq gəldi:

– Zakir, əslində, sən evdən çıxanda mən bilirdim ki, sənin bakenbardının biri bir az uzun, bir az da əyridi. Demədim, xətrinə dəyər, yaşlandığını hiss etdirərəm deyə, qorxdum. Mən sənin üzünə həmişə diqqətlə baxmışam, amma baxdığımı görməyini istəməmişəm. O ki qaldı işə... Dünyanın axırı deyil ki... Yazmısan yazmısan da...

Həmin gecə düz bir saat Sona video çəkməklə məşğul oldu, Zakir müəllim “Ay uzun saç” mahnısı tarda çalmalı, Türkiyədə yaşayan nəvəsinin ad gününə hədiyyə kimi göndərməli idi. Amma hər dəfə pəncərəni döyən külək Zakir müəllimi çaşdırırdı...

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
# # #