Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə
3 yanvar 2026
# 15:00

Bu gün görkəmli özbək şair Əlişir Nəvainin anım günüdür.

Kulis.az bu münasibətlə onun "Fərhad və Şirin" əsərindən "Şirinin Fərhadı sevməsi" hissəsini Ə.Ziyatayın tərcüməsində təqdim edir.


Bu söz beşiyini bəzəyən ustad,
Həmin əhvalatı belə edir yad:
Fərhad öz ağlını itirən zaman,
Gətirib taxt üstə qoydular haman.
Unutmuşdu bütün canı, cahanı,
Yox idi cismində həyat nişanı.
Yatdı bu hal ilə üç gecə-gündüz,
Gah nəfəs alsa da açmayırdı göz.
Şirin çox yanırdı ona ürəkdən,
Şapur da uşaqtək edirdi şivən.
Üçüncü gecəsi ellər yatırkən,
Fərhadın gözləri açıldı birdən.
Sataşdı gözünə o gen barigah,
Gördü yatır taxtda guya ki, bir şah.
Çaşıb bu əhvala, çox fikrə daldı,
Heyrətlər içində lap dona qaldı.
Birdən xatirinə gəldi ki, o ay,
Ay deyil, günəşə gözəllikdə tay,
Onun iş yerinə qılmışdı güzər,
Demişdi Fərhada şirin kəlmələr.
İndi anladı ki, bu ilk görüşdən
Sarsılıb özündən getmişdir həmən.
Həyadan cismini tər bürüyərək,
Saraydan uzaşdı bir ildırım tək.
Çünki anladı ki, o ayüzlü yar,
Ona dar günündə olmuş havadar.
Bir yandan qətlinə verib fərmanı.
Bir yandan dərdinə qılmış dərmanı,
Keçib xəcalətlə biyabanları.
Sevinə-sevinə qaçdı dağ sarı.
Üzündən, gözündən tər axa-axa,
Az sonra yetişdi qazdığı arxa.
Tapdı külünkünü və tişəsini.
Tez davam etdirdi öz peşəsini.
Dedi öz-özünə: - "Nə bəxtiyaram
Ki, canan göstərmiş mənə ehtiram.
Cismim gücdən düşüb bihal olunca,
Nazlı yar başımı eyləmiş uca.
Mən nə cavab verim belə hörmətə,
Necə şükr eyləyim bu mərhəmətə?
Görünür, bu arxdır onun arzusu
Ki, tez gəlsin başa, axsın gümüş su.
Ey tez gecən ömür, mənə aman ver,
Bu müşkül iş üçün bir az zaman ver.
Yarın istəyini yetirim başa,
Coşqun ümidlərim çıxmasın boşa!"
Deyib bu sözləri, külüngü vurdu,
Daşları toz kimi göyə sovurdu.
Çapdı bir hünərlə dağları Fərhad,
Yerlər də, göylər də qopartdı fəryad.
Hara vururdusa o, külüngünü,
Səmaya qalxırdı o yerin ünü.
Ahilə külüngün toz dumanları,
Örtdü bulud kimi asimanları.
Toz deyil, ah deyil, bəla yığını,
Tutmuşdu ölkənin hər bir dağını.
Bu qalxan buluddan yağan yağışlar,
Tökürdü dağların başına daşlar.
Hər külüng zərbəsi sərt qayalarda
Güclü bir ildırım edirdi peyda.
Onun bu dağlara divan tutması,
Sıldırım daşları qırıb atması,
Bənzərdi bel ilə palçıq atmağa,
Və ya kürək ilə qar arıtmağa.
İşdən ayrılmırdı gecə və gündüz,
Əsla etməyirdi bir an tənəffüs.
Heyranı olaraq ondakı gücün,
Ellər tamaşaya gəlirdi hər gün.
Kim görsəydi onun dağ yarmağını,
Dişlərdi heyrətdən öz barmağını,
Gələnlər baxmaqdan əsla doymazdı,
Fərhadsa külüngü yerə qoymazdı.
Belə nəql eyləyir söz söyləyənlər:
Hər bir zərbəsilə dağ titrədən nər,
O gün ki, ayrılıb Məhin evindən,
Məhin yox, ayüzlü Şirin evindən,
Çıxıb gecəyarı gəldi o dağa,
Heç kimi salmadı səsə, sorağa.
Yuxulu gözləri açanda səhər,
Onu çox axtarıb fəğan etdilər.
Şapur axtarışa getdi təlaşlı,
Qaldı Şirin isə gözləri yaşlı.
Taparaq Fərhadı Şapur şad oldu,
Hicran tüstüsündə Şirin boğuldu.
Yetdi Şapur yenə öz sirdaşına,
Şirinsə qərq oldu axan yaşına.
Sancıldı bağrına hicran oxları,
Gördü əldən gedir səbri, qərarı,
Bəhanəylə dedi: - "Bu igid oğlan,
Tapmışdı özünə bizdə aşiyan,
Bu iş ki, dağlarda saz eyləmişdim,
Arxlarla su bizə axsın demişdim,
Mətləbim hədərə getməsin deyə,
Tanrı göndərmişdir onu hədiyyə,
O bir ustadır ki, heç düşməz ələ,
Bəxt onu salmışdır bu qərib elə.
Onsuz həmin arxa ümid azdır, az:
Yüz il cəhd eyləsək, yenə qazılmaz.
Bu saat at minib çapmaq gərəkdir,
Onu harda olsa, tapmaq gərəkdir".
Banu görüb onun həyəcanını,
Bildi, nə qayğıdır üzən canını.
Duydu ki, daşyonan öz nəfəsilə
Bu daşürəklini gətirmiş ələ.
Bildi ki, Şirinə etmək nəsihət,
Ancaq vaxt aparar, verməz mənfəət.
Bu işdə hikmətə əl atdı, Banu,
Tapmağa cəhd etdi həmin Məcnunu.
Xəbər gotirdilər ki, Fərhad yenə
Başlamış əvvəlki iş ahənginə;
Eşitcək bu sözü o nazlı ceyran,
Oldu al ləbləri gül kimi xəndan.
Məhzun könlü üçün düşündü çarə,
İstədi Fərhadı görə dübarə.
Gəldi bu qərara: "Bir gizli yerdən
Onu, görünmədən, seyr edərəm mən.
O görərsə məni, olub biqərar,
Gizli sirrimizi eylər aşikar".
Məhinbanu isə etmişdi peşə.
Şirinin yanına gedib həmişə,
Sorardı halını, bilərdi gah-gah,
Gizli qəmlərindən olardı agah.
Öyrənib halını bildi ki, Şirin
Olmuşdur əsiri bir təmiz eşqin.
Məhəbbət könlünə atmışdır kəmənd,
Sarmış yumaq kimi cismini bənd-bənd.
O da öz-özünə deyərdi: "Fərhad,
Olaydı, kaş mənə bir doğma övlad".
Şirinə dəyəli ayrılıq oxu,
Sübhətək gözünə girməzdi yuxu.
Nə dərd söyləməyə həmdərdi vardı,
Nə yemək yeyərdi, nə də yatardı.
Qəlbini açmağa çoxdusa həmdərd,
Buna yol verməzdi həya və ismət.
Desəydi: - "Baş çəkim o igid nərə".
Uğrardı xəyalı tərəddüdlərə.
Desəydi: -"getməyim", - gülüzlü pəri,
Artardı könlünün şikayətləri.
Ayrılıq odunda yanırdı canı,
Yox idi dərdinin dava-dərmanı.
Saqi! Xoş ətirli bir mey tök görək,
Könül atəşlidir, söndürmək gərək.
Belə bir şəraba həsrətim çoxdur,
Dərdimin özgə bir dərmanı yoxdur...

# 1478 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər