Folklorşünas: “Kosa və keçəli pomada ilə rəngləməyin” – Müsahibə

Atəş Əhmədli, folklorşünas

Atəş Əhmədli, folklorşünas

19 mart 2022
# 10:24

AMEA Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin aparıcı elmi işçisi Atəş Əhmədlinin APA-ya müsahibəsi

Folklor İnstitutundayam. Müsahibim Atəş müəllim uzaqdan gəldiyi üçün onu bir qədər gözləməli oluram. Gəlib çatan kimi gecikməyinin səbəblərini sadalayır, işlərin çoxluğundan, vaxtın azlığından şikayət edir. Deyir yaş ötdükcə insan anlayır ki, bütün işləri əvvəlki kimi çatdırmaq çətinləşir: “Tuva türklərində yaş Novruz bayramı ilə hesablanırdı. Novruzda yaşın üstünə yaş gəlirdi. Birinin 40 yaşı vardısa, bayramdan sonra dönüb olur 41 yaş. Yəni onların hesabı ilə bu Novruz bir yaş da qocaldıq”.

Elə mən də Novruz bayramı ilə bağlı müsahibəyə aşağıdakı sualla başlayıram:

– Sizcə, Novruz ənənələrinin yaşadılmasında hansı xalqlar daha mühafizəkardır?

– Türk xalqları içərisində mühafizəkar şəkildə adətləri qoruyub saxlayan xalqlardan biri qazaxlardır. Altay türkləri, Tuva türkləri də bu ənənələrə çox bağlıdırlar. Onlar Novruza tamam başqa cür yanaşır, bu günə “ulustun yengi günü” deyirlər. Altaylarda bu bayrama “cılqa ayrımı” deyilir, qırğızlarda “cılbaşı”, yəni, il başı adlanır. Bəzən “Novruz” sözü mübahisə doğurur ki, bu, fars sözüdür. Və buna əsaslanaraq iddia edirlər ki, Novruz bayramı fars mədəniyyətinin məhsuludur. Bu, tamamilə yanlış fikirdir. Novruz sözü XI əsrdən etibarən işlədilməyə başlayıb. Professor Kamil Hüseynoğlu bir yazısında Novruzun Tura bayramı olduğunu, qədim türklərin, turanlıların bayramı olduğunu göstərir.

Zərdüştilikdə isə Novruz əcdad bayramı kimi qeyd edilib. Əgər qazaxlar Novruzu “ulustun yengi günü” kimi qeyd ediblərsə, burda əcdadların yada salınması elə-belə məsələ deyil, onları əcdad kultu daim müşayiət edirdi.

- Bozqurd kimi?

- Hə, o barədə də fikirlər var, ancaq mən deməzdim ki, türklər bozqurdu əcdad hesab ediblər. Mən düşünürəm ki, bozqurdu əcdad yox, totem hesab etmək daha düzgündür. Ümumiyyətlə, heyvanın əcdad olması türk ənənəsində yoxdur. Məsələn, ruslarda var, ayını əcdad götürürlər. Ancaq türklərdə belə deyil, bozqurd onlarda sadəcə yol göstərən mənasındadır.

– Söhbət ruslardan düşmüşkən. Bahar qızı obrazının Azərbaycan xalqına yad olduğu, Sovet dövründə bayramın bərpası zamanı dövlətin diktəsi ilə qar qızı obrazına uyğun olaraq yaradıldığı deyilir. Bu barədə nə düşünürsünüz?

– Altmışıncı illərdə Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz ənənələrinin qaytarılması uğrunda böyük mübarizə başladı. O zaman keçirilən tədbirlərin fraqmentlərinə baxanda görürük ki, Bahar qızı üstüaçıq maşından düşür, onu Qız qalasının yanında qarşılayırlar. Mən deməzdim ki, bu, Sovet dövründə meydana gələn ənənədir. Məsələn, böyük yazıçımız Mirzə İbrahimov xatirələrində yazır ki, anam mənə deyərdi yaz gələndə yeraltı dünyanın hökmdarı öz qızı Yazxanıma anası günəşlə görüşməsi üçün bircə gün icazə verir. Mən düşünürəm ki, Bahar qızı elə Yazxanım kimi də qeyd edilə bilərdi. Qadın ana səciyyəsinə uyğun gəldiyi kimi, yazın da bolluğun, artımın aparıcı olması bizə yazı qadın kimi təsəvvür etməyə imkan verir. Ona görə də bu bayramın mifologiyadan gələn qatları var. O qatları bilənlər də bu ənənəni mifologiyadan gələn kimi, Yazxanım şəklində verə bilməzdilər. Nəzərə alsaq ki, o vaxt “Kitabi-Dədə Qorqud” da yasaq idi. Görünür, bunun adını dəyişib, Bahar qızı şəklinə salaraq təqdim ediblər ki, təki ənənə yaşasın. Mən belə düşünürəm. Ağlabatandırmı?

Atəş Əhmədli

– Şəxsən mənim ağlıma batmır. Mənim ağlım almır ki, orta əsrlərin Azərbaycan kişisi qadınını bəzəyib-düzəyib Kosa ilə Keçəlin yanına salsın ki, bu da Bahar qızı.

– Mən bunun mifoloji tərəflərindən danışdım. Dediyim adət Sovet dövründən qabaq olub. Çünki Mirzə İbrahimov cənubda yaşayırdı, o hələ uşaq olanda Sovet hakimiyyəti qurulmamışdı, deməli, bunun Sovet ideologiyasına heç bir bağlılığı yoxdur. Görünür, Cənubi Azərbaycanda bu ənənə daha yaxşı qorunub saxlanıb.

– Bahar qızını başa düşdük. Bəs Kosa və Keçəl necə? Bu gün gördüyümüz Kosa ilə Keçəl də sanki bu xalqa yaddır: yersiz zarafatları, şit hərəkətləri və s.

– Mən dəfələrlə demişəm ki, Kosa ilə Keçəli “pomada”, “rumyana” ilə rəngləməyin. Klassik bir üslub var axı. “Yeddi oğul istərəm” filmində görün onlar necə gözəl təsvir olunur. Kosa obrazlılığın tipidir, qroteksdir. Onun bədən hərəkətləri, geyimi, davranışı, geyindiyi təşkülah, ləbbadə, zınqırovlar, qurşaq, çömçə... Hərəsi bir şeyi xarakterizə edir, bu, əsl teatrdır. Bilirsiniz ki, tarixən inkişaf etmiş xalqların teatrı olub. Bu bayramın belə teatral ünsürləri var.

Keçəl ilə Kosa özündə ən əsgi təsəvvürləri daşıyır. Keçəl məzhəkə yaradır. Kosa mayallaq aşır, məzhəkə yaradır ki, insanların stressini götürsün. Mən ona görə də deyirəm ki, mifologiyada, arxaik mədəniyyətdə onlar necə olubsa, bu gün də o cür təqdim edək.

– Bəs papaqatma məsələsi? O da tarixən olubmu?

– Papaqatma çox mübahisəli mövzudur. 90-cı illərdə müstəqilliyimizi qazanandan sonra təzəcə başlamışdıq ki, ənənələrimizi bərpa edək, alimlərimiz başladı mübahisələrə. Başqa xalqlarda mədəniyyət buxovdan azad olunanda çalışırlar ki, adətləri qorusunlar, itməsin. Ancaq bizdə o cür olmadı. O vaxt bu papaq məsələsində də müəyyən mübahisələr düşdü. Mən şəxsən papaq atmağın əleyhinə çıxdım. Zaman dəyişir, tarix yeni mərhələyə keçir. Keçmiş dövrlərdə qızlar papaq atmırdı, oğlanlar da bellərinə qurşaq bağlayır, yaxud çiyinlərinə xurcun asırdılar. Dövr dəyişdi, o geyimlər sıradan çıxdı. Gəlin bugünkü geyimlərə baxaq. Bu gün oğlanlar belinə qurşaq bağlayıb, çiynindən xurcun aşırmır. Yaxud orta əsrlərdəki kimi indiki evlərin, mənzillərin bacası, damı yoxdur. Onun üçün Novruzda bacadan qurşaq, xurcun sallamaq mümkün deyil, bəs neyləməlidirlər? Ona görə indi papaq atırlar. Bizim bir həmkarımız var, mənə zarafatla deyir ki, bu məsələnin üstünə niyə bu qədər düşürsən? Üç manatlıq “Kitay” papağıdır da. Mən də həmişə deyirəm ki, məsələ onun qiymətində deyil, mahiyyətindədir. Uşağı da balaca vaxtından başa salmaq lazımdır ki, papağı ayaq altına atmaq olmaz. Bunun ənənədə qurşağı, xurcunu, boyun torbası olub. Məsələn, mən Göyçaydanam. Bizim tərəflərdə o vaxtlar bu adətə papaqatdı yox, yaylıqatdı deyirdilər. Yaylığı dörd tərəfindən düyünləyib içinə daş qoyub qapılara atardıq.

Papağın bir çox alternativi var: xurcun, qurşaq, heybə və sair. Hətta mənim Naxçıvandan olan dostum deyir ki, qış vaxtı soyuqdan üst-üstə iki-üç corab geyinərdilər. Mərasimə çıxanda atmağa nəsə olmayanda ən üstdə olan corabı çıxarıb atarmışlar. Bir sözlə, bizim mədəniyyətimizdə bayramda papaq atmaq ənənəsi olmayıb. Firudin Qurbansoyun belə bir yanaşması var. O deyir ki, Bakıda müxtəlif xalqlar yaşayırdı. Tutaq ki, biz yaylıq atmağa gedəndə onlar da bizə qoşulardı. Qeyri millətlər üçün papağın əhəmiyyəti bizimki kimi deyildi. Onlar papağı atardılar, ancaq bizim uşaqlar bunu eləməzdi. Bəlkə də bu ənənə Bakıda son dövrlərdə qeyri millətlərin tətbiqi ilə formalaşdı. Alim Məmməd Dadaşzadə kitablarından birində yazır ki, indiki papaqatma kimi icra olunan mərasim keçmişdə kasaçaldı kimi icra olunub. O vaxt dəmir kasalar olub. Onun içərisində bir alət olardı. Qapıya yaxınlaşıb onu döyərdilər. Məqsəd də dənli bitkilər almaq idi. Gələn adam elə qiyafədə olardı ki, üzü görünməsin. Kasa çalınanda artıq içəridəki adam bilərdi ki, pay üçün qapını döyürlər. Ona görə dənli bitkilər verərdilər. Ümumiyyətlə geniş anlamda Novruz əkinçilik bayramıdır. Hansı bitkilər çox olardısa, həmin il o məhsulun çox yetişəcəyinə inanardılar. Məsələn, buğda çoxdursa, buğda, arpa çoxdursa, arpa, darı çoxdursa, darı.

– Zərdüştlük və Novruz. Bunlar harada kəsişib, harada ayrılırlar?

– Biz gərək od təlimini izah edəndə bir qədər ehtiyatlı olaq, yoxsa bizə bütpərəst deyirlər. Əgər bayramı aparıb tamamilə Zərdüştlüyə bağlasaq, çinlilərin, yaponların keçirdiyi budda bayramı kimi olacaq. Yaponiyada 21 martda od yandırırlar, ancaq onlar bizim kimi odun üstündən tullanmır, onu müqəddəs sayırlar. Ancaq bizdə necədir? Biz odun üstündən tullanmaqla artıq Zərdüştlüyü inkar etmiş oluruq. Biz Zərdüştlükdən bir çox məsələləri götürürük, ancaq oda yanaşmada fərqlənirik.

Biz oturaq əkinçiliyə Zərdüştlük dönəmində qədəm qoymuşuq. Ona görə də Zərdüştlüyün bu bayram üzərində izləri çoxdur. Yeddi say sistemi, əcdad kultu, əkinçilik mədəniyyəti, bunlar hamısı sistem halına gəlib çıxıb.

Qədimlərdən bəri insanlar bu bayramı ilin ölüb-dirilməsi kimi qeyd edirdilər. Ancaq Zərdüştlük bu bayramı sistemləşdirdi. Zərdüşt təlim yaratdı. Biz bu məsələdə hər şeylə razılaşırıq, bircə oddan başqa. Onu bizim xalq qəbul etmədi, üzərinə götürmədi ki, biz atəşpərəst deyilik, ona görə də biz odun üstündən atlandıq.

Əgər bu bayram Zərdüştlüklə əlaqədar olsaydı, biz də yaponlar kimi odun üstündən atlanmazdıq. Yaponlar bütpərəstdir, əgər yapon odun üstündən atlanmırsa, deməli, odu tanrı kimi qəbul edirlər.

Zərdüştün təlimində kahinlər odu gətirəndə xüsusi qablarda gətirərmiş. Hətta burunlarına, ağızlarına xüsusi niqab çəkərlərmiş ki, nəfəsləri oda dəyməsin.

Bizim xalq adətləri ilə sübut edir ki, zərdüştlükdən əvvəl də ilin dəyişməsini qeyd edib.

– O zaman odun bu bayramda funksiyası nədən ibarət olur?

– Od yenə də günəşi simvolizə edir. Ancaq Zərdüşt od təlimini müqəddəsləşdirir. Biz heç Quranı qoyub üstündən tullanırıq? Müqəddəs bildiyinin üstündən necə tullanmaq olar axı? Bəzi dindarlarımız etiraz edirlər ki, bu bütpərəstlikdir, Novruz müsəlman bayramı deyil. Halbuki bir müsəlman sübh namazını necə günün doğmasına görə nizamlayırsa, xalq da ili baharın gəlişinə görə nizamlayır, bayram edir. Sevinir ki, günəşin istiliyi artacaq, taxıl yetişəcək. Novruz bayramının bütpərəstliklə qətiyyən əlaqəsi yoxdur, bu bayram sırf təbiət hadisəsidir.

Ərəblər gələndən sonra istəyiblər ki, bu bayrama müəyyən təzyiqlər etsinlər. Çünki hər gələn din, ideologiya öz təsirini yaratmaq istəyir. Görün, Novruz bayramı xalq üçün necə əziz bayramdır ki, heç bir ideologiya bunu sıradan çıxara bilmədi. Ancaq hər gələn ideologiya öz təlimlərini uyğunlaşdırdı. Həmçinin ərəblər də baxdılar ki, Novruz bayramı İslam dininə zidd deyil.

– Dinlərin, ideologiyaların təsirindən söz düşmüşkən, bəzi alimlərimiz iddia edir ki, ilaxır çərşənbələr doxsanıncı illərdən etibarən aktuallıq qazanıb...

– Hansı alimləri nəzərdə tutduğunuzu bilirəm, bunlar hamısı əsassız iddialardır. Çərşənbələr haqqında doxsanlardan qabaq da yazırdılar.

Hələ 1828-ci ilə aid olan “Azərbaycanı öyrənmə yolu” jurnalında Əhməd Paşabəylinin məqaləsində çərşənbələr haqqında danışılır. Bu da sübut edir ki, çərşənbələrin doxsanıncı illərlə heç bir əlaqəsi yoxdur. Bu xalqın mədəniyyətində çərşənbələr həmişə olub, uydurulma deyil, xalq uydurma şeyi bu qədər rahatlıqla qəbul edə bilməz.

– Folklorşünas alim Məhəmmədhüseyn Təhmasib çərşənbələrin sayının 7 olduğunu yazıb. Onların üçünün yalançı, 4-nün doğru olduğunu, hazırda isə yalançı çərşənbələrdən birinin simvolik şəkildə saxlanıldığını deyir. Bununla razısınızmı?

– Bu fikri Məhərrəm Qasımlı da deyir. O, üçünü oğru, birini isə doğru adlandırır. İlin son çərşənbələri ümumiyyətlə ilaxır çərşənbələr gedir, təkcə biri yox. Gəlin biz ilk növbədə onun cavabını axtaraq ki, necə oldu ki, yeddi dönüb üç oldu. Bilirik ki, yeddi say sistemi Zərdüştlükdən gəlir. Mədəniyyətdə belə deformasiyalar olur. Burada da yeddi say sistemi sıradan çıxıb, daha doğrusu, XI əsrdə dörd fəsil məsələsi ortalığa çıxandan sonra. Belə ki, o vaxt Məlik şah təqvimlə bağlı bir heyət yaradır. İşin başında özü dayansa da, orda işləyənlər farslar olur. Heyətdə əsas astronom kimi Ömər Xəyyam da olur. Elə Ömər Xəyyamın razılığı ilə bu bayram Novruz bayramı adlandırılır. Bayramla bağlı fars kəlmələri də ondan gəlir. Bir daha deyirəm, on birinci əsrə qədər “Novruz” sözü işlənməyib, qətiyyən. Çünki bu adın altında qədim türk mədəniyyəti var. Bir sözlə, bunu fars bayramı kimi qələmə vermək olmaz. Məsələn, çərşənbə farscadan gəlir, “çaharşənbə” deməkdir. Gəlin baxaq görək onlar çərşənbələri qeyd edirlərmi? Bircə axırıncı çərşənbəni qeyd edirlər, vəssalam.

Bizə deyirlər ki, çərşənbələr qondarmadır. Görün çərşənbələr haqqında kimlər nələr yazır.

– Bizim üçün xəlq eylədin abü-atəş, xakü bad,/Cismimizə can da verdin, bizə Adəm qoydun ad (ab-su, atəş-od, xak-torpaq, bad-külək). Xətainin bu misralarından çıxış edəsi olsaq, sizcə çərşənbələrin indiki sıralaması doğrudurmu: "Su", "Od", "Yel" və "Torpaq" çərşənbələri.

- Xətainin şeirində torpaq, yeldən əvvəl gəlir. Çərşənbələrin qeyd edilməsinin bugünkü sisteminin qəbuluna qədər iki versiya var idi. Nədənsə hazırkı variantın üzərində qərarlaşıb və hazırda bayaq dediyim sıralama ilə keçirilir.

– Bir qədər də Novruz kulinariyası haqqında danışaq.

– İlk növbədə onu qeyd edim ki, Novruz kulinariyasını ən çox özbəklər qoruyub. Novruz süfrəsi şirin şirniyyatları sevir. Acılıq sevməz Novruz. Məsələn, şorqoğalı Novruzda olmayıb, şorqoğalı aclıq, göz yaşı rəmzidir. Bu, yas məclislərində olub. Sonradan Novruz süfrəsində qoyulmağa başlanılıb. Adətə görə? bayram süfrəsində süfrəyə “S” hərfi ilə başlayan yeddi nemət düzüldüyünə görə, çoxları bu sayı düzəltmək üçün soğan, sarımsaq da qoyur. Səhvdir. Novruzda süfrəyə şirin nemətlər düzülməlidir.

– Bayram günlərində qəbirlər ziyarət olunur, məzarların üzərinə nemətlər qoyulur. Bunu kasıblara nəzir, yardım kimi səciyyələndirirlər. Məgər bu yardımın qəbir üzərindən olması şərtdirmi?

– Qızım, bunu deyənlər onun kökünü bilmir, başqa xalqların mədəniyyətinə baxın. “Yolka”nın üzərində olan oyuncaqlar sadəcə oyuncaq deyil, insan əzalarının simvoludur. Əzalar fiqur şəklində düzülür. Yəni bu qurbanvermə aktı ilə bağlı bir məsələdir. İnsan bilirdi ki, təbiətə nəyisə qurban verməlidir ki, məhsul götürə bilsin. Qəbir üstünə qoyulan nemətlər isə əcdadları xatırlamaqdır. Məqsəd nə uşaqdır, nə də kasıblardır. Onsuz da bizdə sosial yardımlaşma ənənəsi var, biz bayramı keçirə bilməyən adamlara bayramdan öncə pay göndəririk. Bu adət həmişə olub. Daha bu yardımı qəbirüstünə niyə düzsünlər?

– Bu günün insanı ilə qədim dövrün insanının hadisələrə baxışı eyni ola bilməz. Hansısa adət bu gün bizə bəsit görünür, ancaq mifoloji mahiyyəti fərqlidir. Bu nüansdan çıxış edərək hansı bayram adətlərinin izahına ehtiyac görürsünüz?

– Müasir insan mifologiyaya elə-belə baxır, keçmişdə isə hər şey utilitar bir mahiyyət daşıyırdı. İnsan mifologiyadakı hər şeyə inanırdı. Folklorşünas Afaq Xürrəmqızı kitabında yazır ki, səmənini hər adam qoymazmış, əksərən çoxuşaqlı analar cücərdərmiş. Uşağı olmayan qadın səməni qoymazmış. Məsələn, buğda Hörmüzü rəmzləşdirir. Qovurğanın qovurulması divlərin ürəyin partladılması anlamına gəlir. Kasaçaldı mərasimində insanın üzünün görünməməsi də bununla bağlıdır ki, burada pay üçün gələn insan təbiəti, təbiətin ruhunu imitasiya edir. Ona görə də payın toplanması bir növ qurbanvermə aktı-qışın qurbanı kimi dəyərləndirilir.

İl dəyişəndə ilk günün magiyası olduğu deyilir. Qədim təsəvvürə görə ilk günü necə keçirərsənsə, il də o cür keçir. Ona görə də qapı pusmaq adətinin olması insanın ailəsini də tərbiyə etməsi ilə bağlıdır. Bununla sanki evdəki insanlara deyirdilər ki, deyin-gülün, günü gözəl keçirin ki, il də gözəl olsun. Baxın, çox xalqlarda Novruz var, ancaq bu yanaşmalar o xalqlarda yoxdur. Biz Novruz adətlərimizə baxanda xalqımızın müdrikliyini bir daha başa düşürük.

Foto - İlkin Nəbiyev © APA Group

# 3836 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #