Bu gün sağlığında klassikə çevrilmiş, kinematoqrafiyanın işıqlı simalarından, ana sütunlarından biri Federiko Fellininin anım günüdür.
Kulis.az Leyla Əliyevanın “Fellininin dünyası” adlı yazısını təqdim edir.
Sirk möcüzəsi
Federiko Fellini 1920-ci il yanvarın 20-də Adriatik dənizi sahillərində yerləşən Riminidə anadan olub. Valideynləri Urbano Fellini və İda Barbiani Romada tanış olub, ailə qurublar Anası Federikoya hamilə olanda ailə Riminiyə köçüb. Ata Fellini ticarət sahəsində çalışıb, İda isə ev işləri və uşaqların təlim-tərbiyəsi ilə məşğul olub. Federikodan sonra qardaşı Rikardo və bacısı Mariya dünyaya gəlib.
Rimini şəhəri gələcək rejissora xüsusi təsir edib. Şəhərdə səyyar sirk sənətçiləri tez-tez tamaşalar göstərir, vodevil gecələri keçirilirdi. Federiko da onları heyranlıqla seyr edib, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar o, uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib. Fellininin incəsənətlə tanışlığı lap kiçik yaşlarına təsadüf edib. Balaca oğlan şəhərə gələn səyyar sirk truppasının çıxışına heyran qalıb. Sirkin çıxışını izləyən Federiko özü də maraqlı səhnəciklər hazırlayıb. Rəngbərəng maskalar düzəldib, kostyumlar tikən gələcək rejissor taxta kuklalarla yaşıdı olan uşaqları əyləndirib.
Bir dəfə sirkin ovsunladığı Fellini hətta evdən qaçaraq köçəri aktyorlara qoşulub. Səfər qısa sürüb, tezliklə balaca oğlanı görən sirk müdiri onu valideynlərinə təhvil verib. Bir müddət sonra rəssamlıq Federikonun əsas və sevimli məşğuliyyətinə çevrilib. Məktəb və təhsil onu qətiyyən maraqlandırmayıb. Vaxtının əsas hissəsini küçələrdə keçirən yeniyetmə Fellini məktəbi bitirdikdən sonra həyatını dəyişmək qərarına gəlib. 1937-ci ildə Florensiyaya gələn Federiko burada jurnalist təhsili almağa başlayıb. Həmin illərdə o, "Febo" şirkətində işə düzəlib, rəsm və karikaturalar çəkməklə dolanıb.
Roma gündəliyi
Fellini 1938-ci ildə Romaya köçüb. Vağzalın yaxınlığında – cibgirlər və əxlaqsız qadınların yaşadığı kasıb məhəllədə bir otaq kirayələyib. Zəif və çəlimsiz görünüşünə görə dostları onu "Qandi" adlandırıb. İlk filmini çəkənə qədər Fellini bir xeyli sənət dəyişib: karikatura ilə məşğul olub, müxbirlik edib, sığorta agenti kimi çalışıb.
Romaya köçəndən sonra isə qəzet və jurnallara illüstrasiyalar çəkib, radio üçün tamaşalar yazıb. 1938–1942-ci illərdə Federiko "Mark Avreliy" adlı nüfuzlu satirik jurnalda çalışıb. Yeni işi rejissor üçün əsl təkan rolunu oynayıb. Federikonun yazıları maraqla qarşılanıb və o, eyni vaxtda radiotamaşalar və filmlərə ssenarilər yazmağa başlayıb.
Gənclik illəri faşizm dövrünə təsadüf etdiyindən o, hərbi xidmətdən yayınmaq üçün tez-tez özünü xəstəliyə vurub. Müttəfiq qoşunları Romaya girəndə dostu ilə birlikdə balaca bir qəzet dükanı açıb. Bir dəfə Roberto Rosselini bu dükana baş çəkib. Rosselini almanlar tərəfindən güllələnən italyan keşiş don Morozini haqda film çəkmək istədiyini deyib. Bunu eşidən Fellini mövzunu bir qədər şaxələndirib və Serco Amidei və Roberto Rosselini ilə birlikdə "Roma – açıq şəhər" filminin ssenarisini yazıb. Bu filmlə dünya kinosunda məşhur neorealizm cərəyanının əsası qoyulub. Roberto Rosselini ilə tanışlıq və əməkdaşlıq isə onun həyatını tamamilə dəyişib. 1945-ci ildə ekranlara çıxan film inanılmaz uğur qazanıb və Fellini bir ssenari müəllifi kimi məşhurlaşıb.
Uğura gedən "Yol"
Keçən əsrin 40–50-ci illəri kino tarixinə "Yeni dalğa"nın yarandığı illər kimi həkk olunub. Artıq köhnə kinonu – dünya kinoteatrlarında göstərilən filmləri bu sahəyə yeni gələn gənclər qəbul etmirdi. Onlar bu filmləri "Sinema dü Papa" (atalarımızın kinosu) adlandırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə isə kasadlıq var. Bir də kino adamı yalnız əyləndirməklə kifayətlənməməlidir. Buna görə də gənclər öz kinolarını çəkmək qərarına gəlirlər. Bütün dünyada olduğu kimi, İtaliyada da bu proses sürətlə gedirdi. Tənqidçilər bu filmlərə ikinci kinorenessans adı vermişdilər. Həmin kinodalğanın ən böyük simalarından biri də məhz Federiko Fellini idi.
Fellininin İtaliya neorealizminin banisi Roberto Rosselini ilə işbirliyi hadisələrin gedişatını bir qədər də sürətləndirir. Rosselininin 1945-ci ildə çəkdiyi "Roma – açıq şəhər" Kann festivalının əsas mükafatını qazanandan 3 il sonra o, Federikonun ssenarisi ilə daha bir film – "Eşq"i çəkir. Ən maraqlısı isə bu filmdə tanınmış italyan aktrisası Anna Manyani ilə Federikonun tərəf müqabili olmasıdır.
İki il sonra Fellini ilk rejissor işi kimi "Varyete işıqları"nı çəkir. Ancaq dünya şöhrətini o, 4 il sonra, 1954-cü ildə çəkdiyi "Yol" filmi ilə qazanır. Filmdə baş rolu rejissorun ilham pərisi Cülyetta Mazina canlandırıb. Sonra o, “Kabiriyanın gecələri", "Şirin həyat", "Səkkiz yarım", "Cülyetta və ruhlar", "Klounlar", ümumilikdə 24 filmin rejissoru olur. Əfsanəvi sənətkarın filmlərində Marçello Mastroyanni, Klaudiya Kardinale, Donald Sazerlend, Tina Omon, Sandi Allen kimi dünya ulduzları çəkilib.
1990-cı ildə Fellini son filmini çəkir. "Ayın səsi" tarixə rejissorun son ekran əsəri kimi düşür. Fellini artıq beş "Oskar"ın və saysız-hesabsız mükafatların sahibi idi. Dünyasını dəyişən il – 1993-cü ildə İtaliya Kino Akademiyası onu "Ləyaqət Oskarı" ilə mükafatlandıranda Fellini zarafatla "İnanıram ki, bu son, mükafatım deyil..." demişdi.
Fellini və Cülyetta sevgisi
Əlli il, bir gün – onların xoşbəxtliyi bu qədər sürüb. İki böyük sənətkar – Cülyetta Mazina və Federiko Fellini birlikdə məhz bu qədər yaşayıblar. Bu qızcığaz nə vaxtsa məşhur aktrisa olacağını ağlına belə gətirmirdi. Gimnaziyanı bitirdikdən sonra arxeologiyaya maraq göstərən Cülyetta universitetə daxil olur və tələbə teatrında rollar alır. Bir müddət sonra Mazinanı radiotamaşalarda iştirak üçün dəvət edirlər. Təsadüfən o, "Çikko və Po” tamaşasını səsləndirir. Əsərin ssenari müəllifi isə Federiko Fellini idi. Tezliklə Cülyetta bu mətnlərin müəllifi olan həmin arıq gənclə tanış olur. Fellini Cülyettanı dərhal ovsunlayır. O, bu qıza öz həyatı haqqında danışır, bəzən fantaziyalar uydururdu. Cülyetta yaxşı anlayırdı ki, Fellininin qurduğu dünyanı uçurmaq olmaz. Yaxşı bilirdi ki, əsl sevgi qurban tələb edir.
Fellini sonralar deyirdi: "Həmişə fikirləşmişəm ki, mənim Cülyetta ilə görüşüm taleyin hədiyyəsidir. İlk tanışlığımızda Culyetta mənin quraşdırdığım səhnəcikləri səsləndirirdi. Sonra bütün həyatımız belə davam etdi".
Tanış olandan cəmi iki həftə sonra onlar evlənib və yalnız beş ay sonra kəbin kəsdiriblər. Cülyetta ilk övladlarını itirib. Yarımçıq qalan hamiləlikdən sonra o, ağır stress keçirib. Xalası və həkimlər onu sakitləşdirərək, hələ gənc olduğunu, yenə də uşağı olacağını desələr də, Mazinanın ikinci hamiləliyi də faciə ilə nəticələnib. Onların Petro Federiko adlı oğlu yalnız iki həftə yaşayıb. Bundan sonra Cülyetta bir daha uşaq sahibi olmayacağını bilib. Fellini isə ona ürək-dirək vermək üçün "Qəm eləmə, Culyetta, onsuz da mən varam" deyib.
Culyetta öz problemlərini həmişə ərindən gizlədib. Hətta ölümcül xəstəliyi barədə də Fellini heç nə bilməyib. Rejissor yalnız insult keçirib xəstəxanaya düşəndən sonra arvadının xəstəliyi barədə öyrənib və dəhşətə gəlib.
Onlar yanaşı palatalarda yatırdılar. Fellini müalicə alır, Cülyetta isə dünyayla vidalaşırdı. Amma gözlənilənin əksinə olaraq Federiko ondan tez –1993-cü il oktyabrın 31-də – toylarının 50-ci ildönümündə vəfat edir. Cülyetta Mazina Fellinidən sonra cəmi 6 ay yaşadı. Aktrisa vəsiyyətinə uyğun dəfn edildi: Federiko Fellininin şəklini qucaqlamış halda... “Aydın yol”