Əkrəm Əylislinin və Rasim Qaracanın… - Anar hekayəsindən danışanlara cavab verdi

Xalq yazıçısı Anar

Xalq yazıçısı Anar

17 noyabr 2021
# 17:10

Xalq yazıçısı Anarın bu yaxınlarda çap olunan “Təhminənin son sirri” hekayəsi ədəbi mühitdə xeyli canlanma yaratdı, müzakirələrə səbəb oldu. Kulis.az müzakirələrə cavab olaraq Anarın xüsusilə saytımız üçün yazdığı “Bir hekayə və bir tərcümə” adlı yazısını təqdim edir.

«Təhminənin son sirri» hekayəsi haqqında elə «Beş mərtəbəli evin altıncı mərtəbəsi» romanı kimi müxtəlif fikirlər, müxtəlif rəylər, müxtəlif yanaşmalar olacağını bilirdim. Belə də oldu.

Mən internetə girmirəm, amma saytlarda hekayəm haqqında müxtəlif yazıları kağızda çıxarıb mənə gətirdilər. İlk olaraq hekayəni bəyənənlərə də, bəyənməyənlərə də təşəkkürümü bildirmək istəyirəm. Ən azı ona görə ki, bizim günlərdə, «heç kəs heç kəsin kitabını oxumadığı» bir zamanda vaxt tapıb yazımla tanış olublar.

Onu da deməliyəm ki, iki rəy xüsusən diqqətimi çəkdi və məni çox sevindirdi: Əkrəm Əylislinin və Rasim Qaracanın fikirləri.

Əkrəm: – Hekayəni bəyəndim. Başqa bir şey deməyə ehtiyac duymuram – deyir.

Vəssalam.

Bu sözlər mənimçün ona görə önəmlidir ki, hər ikimizin 60 illik yaradıcılıq ömrümüzdə Əkrəm ilk və yeganə dəfə mənim yazım haqqında müsbət fikir söyləyib. Sağ olsun!


Kulis.az-ın «tanınmış şair» kimi təqdim etdiyi Rasim Qaracanın üç səhifəlik rəyini də ləzzətlə oxudum və ona da dərin təşəkkürümü bildirmək istəyirəm.

Əvvəla ona görə təşəkkür edirəm ki, mənim yaradıcılığımı belə müfəssəl izləyir, özümün belə unutduğum bəzi detalları, ifadələrimi yaddaşında qoruyub saxlayıb. Rasimin ən azı mənim yazılarım sarıdan altsheymer xəstəliyinə tutulmaq qorxusu yoxdur.

Amma, düzü, hekayəmdə bəzi cümlələrimi nə səbəbdən çətinliklə anlaması mənə aydın olmadı.

Sitat gətirdiyi cümlə belədir:

«Tabutu iki tərəfdən dörd kişi çiyninə almışdı».

Qavraya bilmədiyi bu cümlə əsasında tanınmış şair belə bir qəti hökm çıxarır:

«Bizə onillərdir hekayə yazmaq ustası kimi təqdim olunan – Əkrəmin və Elçinin birər hekayəsini analiz etmiş, əslində usta olmadıqlarını, sahib olduqları şöhrəti haqq etmədiklərini göstərmişəm. Qalmışdı Anar».

Səmərəli fəaliyyətində bu «Anar boşluğunu» doldurması münasibətiylə də Rasimi təbrik edirəm. Amma təəssüfümü də bildirmək istəyirəm.

Niyə öz yaradıcılığına həsr olunmalı qiymətli vaxtını bizi ifşa etməyə ayırır?

Bizim ədəbiyyatda heç bir dəyərimiz olmadığını sübut etməkçün öz yaradıcılıq vaxtını qurban verməsi həqiqətən əsl fədakarlıqdır.

«Anar bu hekayəsində tamamən bir sovet yazıçısıdır» – yazır. Çox əcəb, razıyam. Amma axı elə bu mətninin başqa səhifəsində deyir:

«Hə, oxuculara kübarlıq taslamaq Anarın köhnə adətidir. Zaur hələ cavanlıqda bal ayını Afrikada, okean sahilində, Seneqalın paytaxtı Dakarda (Dakara Moskva üzərindən uçulurdu, 17 mərtəbəli Enqor otelində (Vallah eşq olsun Rasimin hafizəsinə!) keçirən həmin o Zaurdur (fəhlə-kəndli Sovet Azərbayanı insanı üçün xaraketrik olmayan bir hadisə)».

Yaxşı, sovet yazıçısı niyə fəhlə-kəndli sovet Azərbaycanından deyil, Dakarın Enqor otelindən yazır? Aydın deyil. Necə ki, «Ay hay» məhəbbətləri (?) hekayənin dinamikasını azaldır» cümləsi.

Hansı dildədir bu cümlə? R.Qaracanın tutarlı iradlarından biri də budur ki, indi hamının cib telefonu olduğu halda Zaurun niyə cib telefonu yoxdur. Bu isə həm bu hekayənin, həm də ümumiyyətlə Anar yaradıcılığının ciddi qüsurudur.

Rasim hardan bilib ki, Zaurun cib telefonu yoxdur? Axı hekayədə buna heç bir işarə yoxdur. Demə Şerlok Xolmsun detektiv metoduyla bu qənaətə ona görə gəlib ki, Zaurun cib telefonu olsaydı Spartak onların evinə, bacısına zəng etməzdi. Doğrudan, dəmir məntiqdir!

Hekayənin gələcək nəşrlərində bu tutarlı iradı mütləq nəzərə alacam, amma Rasim Qaracanın bir az kefinə soğan doğramaq da istəyirəm.

Məsələ ondadır ki, sovet yazıçıları Elçinin, Anarın tükəndiklərini illər boyu gözləsələr və yazsalar da bu inadkar qocalar tükənmir ki, tükənmir.

Əlli il bundan əvvəl «Kür qırağının meşələri», «Mahmud və Məryəm» və pardon, «Beş mərtəbəli evin altıncı mərtəbəsi» necə populyardısa, indi müasir gənclər arasında da o qədər oxunur və inşallah hələ əlli il də bir çox tanınmış şairlər, yazıçılar unudulandan sonra da diqqət çəkəcəklər.
Hekayədə personajlardan biri Rizvan: – «dükan açmaq savab işdir» deyirsə, Rasim «dükan açmağın savablıqla nə əlaqəsi?» – deyə soruşur. Personajın sözləriylə müəllif fikrinin üst-üstə düşməməsini orta məktəbdə ədəbiyyat dərsi keçənlərin çoxu bilir.

Orta məktəb demişkən, beşinci sinifdə sinif yoldaşlarımdan biri yadıma düşdü. Başqa dərslərdən yaxşı qiymətlər alırdısa, ədəbiyyatdan həmişə iki alırdı, çünki müəllim onu heç cür qandıra bilmirdi ki əsər qəhrəmanının dedikləri müəllifin fikri olmaya da bilər. Rasim Qaracanın orta məktəbdə ədəbiyyat müəllimi kim olub görəsən?

Onu da xatırlayıram ki, keçən minillikdə Rasim Qaracanın ədəbi zövqü indikindən bir qədər fərqli idi. XX əsrdə qəzetdə mənə müraciətlə belə yazırdı:

«Hörmətli Anar! Siz Azərbaycan xalqının yetirdiyi istedadlı bir şəxsiyyət kimi özünüzə onilllikləri adlayacaq bir şöhrət qazanmısınız. Qələminizin məhsulu olan nəsr əsərləri geniş təsir gücünə malikdir və Siz bir yazıçı kimi Azərbaycanda sevilirsiniz. Bu sevgiyə tam haqqınız var. Mən özüm Sizi müasir Azərbaycan yazıçıları sırasında birinci yerə qoyuram və hər zaman ürəyimdə ana dilində nəsə bir şey oxumaq istəyi baş qaldıranda, ümumiyyətlə, çox az sayda əsərlər arasından Sizin də kitablarınızından birini seçirəm. Səmimiyyətimə inanın».

İnandım!

«AXTARIŞ» qəzeti 2 sentyabr 1993

Mən də Rasim Qaracanın ədəbi fəaliyyətini izləyirəm. Xüsusiylə onun rus şairi Aleksey Kruçenıxdan (1886-1968) dəqiq və adekvat tərcüməsini yüksək qiymətləndirirəm. Müqayisə üçün Kruçenıxın şeirini və R.Qaracanın tərcüməsini tam şəkildə gətirirəm.

Kruçenıxın şerinin rus dilində originalı belədir:


Дыр бул щыл
убеш щур
скум
вы со бу
р л эз

Rasim Qaraca bu şeiri Azərbaycan dilinə belə çevirib:


İstərsən qapul çəmə kilid
Üstünə fələk başar çanaq
Bilirəm mavi daşan çalı
Şəkillər qopuq qoru çəkən.

«Ədəbiyyat qəzeti» 18 may 2001

Tərcüməyə söz ola bilməz!

P.S. Rasim Qaraca 2001-ci ilin martında özü dediyi kimi «yeddi absurd» şeirini mənə göndərəndə və çapını xahiş edəndə, yazmışdı ki, bu şeirlər əlavə şərh olmadan dərc olunsun. Şeirlərinin hamısı «Ədəbiyyat qəzeti»ndə çap olundu. İndi mən də həmin şeirlərdən bir bənd verərkən şərh etmək istəmirdim. Amma bildim ki, Rasim «Axı mən öz şerimi yazmışam, Kruçenıxdan tərcümə etməmişəm» deyəcək…

Cavabım budur ki,bu da mənim «postmodernistlik» təşəbbüsümdür. Əgər bir «postmodernistimiz» Xalq şairi Balaş Azəroğlunun heç bir vaxt demədiyi, heç ağlına belə gətirmədiyi sözləri onun adından mətbuata çıxarırsa, başqa bir postmodernist dostu da buna «postmodernizm» üsulu kimi haqq qazandırısa, yaxud digər bir postmodernist öz pornoqrafik romanına “Ön söz” kimi yazdığı mətnin altından mənim imzamı qoyursa, nəhayət postmodernist estetikası və etikasında belə bir davranış məqbul sayılırsa, qoy onda mənim bu təşəbbüsüm də postmodernizm örnəyi sayılsın, Tərcümə sözünə də etiraz etməsinlər, çünki hər iki şeirin – Kruçenıx «dur, bil şili»nin də, Rasim Qaracanın «istərsən qapul çəmə kilid» sətrinin də hansı dildə yazıldıqları məlum deyil. Aradakı zaman fərqinə baxmadan hər ikisi bir-birinin tərcüməsi sayıla bilər.

# 10644 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #