Çürükçülük, cəfəng, dəxilsiz söhbətlər – Rasim Qaraca Anarı sərt tənqid etdi

Rasim Qaraca, şair

Rasim Qaraca, şair

12 noyabr 2021
# 13:01

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xalq yazıçısı Anarın bu günlərdə yayımlanan “Təhminən son sirri” hekayəsi haqda tanınmış şair Rasim Qaracanın fikirlərini təqdim edir.

İkisi haqqında bu üç sovet yazıçısından yazmışam... Bilirəm, deyəcəksiniz bu nə təhər cümlədir məqaləni başlayırsan? Neyniyim, haqqında yazacağım hekayənin ilk cümləsinin təsirinə düşmüşəm: “Tabutu iki tərəfdən dörd kişi çiyinlərinə almışdı” – Anarın “Təhminənin son sirri” hekayəsindən. Bizə onillərdir hekayə ustası kimi təqdim olunan, bütün “ankalogiyalarda” yer alan, ədəbiyyatımızın bu üç “nəhəngi”ndən ikisinin - Əkrəmin və Elçinin birər hekayəsini analiz etmiş, əslində usta olmadıqlarını, sahib olduqları şöhrəti haqq etmədiklərini göstərmişəm. Qalmışdı Anar. Çünki yeni bir hekayəsi yox idi uzun zamanlardır. Nəhayət “Təhminənin son sirri” hekayəsi ilə özü mənim nişangahıma təşrif buyurdu.

Təsadüfən sovet yazıçısı adlandırmıram onları və Anar da bu hekayəsində tamamən bir sovet yazıçısıdır, 30-40 il bundan öncə yazdıqlarıyla müqayisədə heç bir boy artımı sərgiləməməkdədir. Dolayısıyla köhnə, zamanı keçmiş estetik göstəricilər daşımaqdadır bu hekayə. Diqqət edin, hekayədə adı çəkilən iki personajın heç birisinin, hətta əsas qəhrəmanın – Zaurun cib telefonu yoxdur. Bu təsadüfdürmü? Məncə, deyil. Yazıçı özünün personaj modelini refresh etməyi unudub, onları zamanəyə uyğunlaşdırmaqda, yeni münasibətlər sistemində hərəkət etdirməkdə çətinlik çəkir. Spartak yeznəsi Zauru görmək istəyir, ev telefonuyla bacısına zəng edir və arvadından xəbəri alan əsas qəhrəman qaynının evinə yollanır, bundan öncə ev telefonuyla da olsa Spartakla əlaqə yaratmaq ağlına gəlmir. İndiki zamanda kim görşəcəyi adama öncədən zəng etməz, ən azından səsli mesaj yollamaz? Zaur dostu Məmməd Nəsiri görmək üçün də gərək onun evinə yollansın: “Zalım oğlu prinsipə düşüb telefon almır. Nəinki cib telefonu, heç adi ev telefonu da yoxdu. Görüşmək istəyəndə gərək evinə təşrif buyurasan.” (“Təşrif buyurmaq” da qarşılayan adama aid bir ifadədir, usta yazıçı belə şeylərə diqqət etməlidir). Bir zamanlar qohumla, dostla görüşməkdən ötrü gərək onun evinə gedəydin – bu qədim adəti hələ də yaşadanlar varmış, Anarın hekayəsindən öyrənirik.

“KQB”, “Murtuz Balayeviç” söhbətləri də hekayənin kod sistemində bir az arxaiklik olduğunu göstərməkdədir. Düzdür, yazıçı dərhal “maska”, “koronavirus” kimi temalarla hadisəni sıvamağa çalışır, lakin bütün hallarda hekayənin sürəti bugünkü zamanın sürətinə uyğun deyil. Bu azmış kimi, uzun mətbəx təsvirləri, “əvvəl yemək ye, sonra get, kələm dolması bişirmişəm, sən axı xoşlayırsan kələm dolmasını” (60 illik ailədə hər dəfə kələm dolması bişirəndə qadının “sən axı xoşlayırsan kələm dolmasını” deyə təkrarlaması təbii səslənmir), “Elə bilirsən orda Xalabacı səni ləzzətli xörəyə qonaq edəcək? “Ay-hay” məhəbbətləri hekayənin dinamikasını azaldır, Anarın yaradıcılığı ilə tanış olan oxucu bu hekayəni oxuyarkən qarşısında romantik Zauru deyil, onun Kəbirlinskiyə dönmüş “lülüş” surətini görür. (Reminisessiyalar Anarın öz əsərlərindəndir).

Ümumən hekayənin yarıdan çoxu yazıçının əsas ideyasına dəxli olmayan ümumi və boş söhbətlərdir, sanki hekayənin daha həcmli alınması xatirinə yazılıb. Hekayənin başlanğıcındakı yuxu əhvalatı (yuxudakı dialoqların süniliyini demirəm), Zaurun bir aydır görmədiyi dostu Məmməd Nəsirin evinə yollanması və onun artıq bir aydır ölmüş olmasını öyrənməsi və Məmməd Nəsirin bacısı oğlu Rizvanla söhbət (Rizvanla burada tanış olur, halbuki hər gün araq içdiyi, evinə gedib gəldiyi yaxın dostunun bacısı oğlunu tanımaya bilməzdi) tamamən yamaq təsiri bağışlayır, hekayəyə nə üçün daxil edildiyini anlamaq olmur. Zaur Məmməd Nəsirin evinə nə üçün getmişdi, “Bizdə sosiska yeyən yoxdu” demək üçünmü?

Hə, oxuculara kübarlıq taslamaq Anarın köhnə adətidir. Zaur hələ cavanlıqda bal ayını Afrikada, okean sahilində, Seneqalın paytaxtı Dakarda (Dakara Moskva üzərindən uçulurdu), 17 mərtəbəli Enqor otelində (o zaman 17 mərtəbəli bina yüksək sayılırdı) keçirən həmin o Zaurdur (fəhlə-kəndli Sovet Azərbaycanı insanı üçün xarakterik olmayan bir hadisə. Bəs o dövrün reallıqlarını hansı yazıçımız yazıb? Cavab: Heç bir yazıçımız. Buna görə də sovet ədəbiyyatı tarixin sərhədlərini aşa bilməməkdədir). İndi 83 yaşında hələ də “Parisdə bir kafeyə getmişdik, orda divarda yazılmışdı bu sözlər” deyib hava atmaqdan qalmır, qaynı Spartak ona “xalis fransız konyakı” təklif edir və Zaur da “bizdə sosiska yeyən yoxdu” deyir. Yazıçının bu şakərinə elə-belə baxıb keçmək olardı, lakin ona “Təhminəylə Spartakın arasında bir şey olub?” sualı verən, qadın-kişi münasibətlərinin ibtidai stadiyasını keçməyən sadəlövh oxucularının çətin həyatı fonundakı bu mənzərəyə diqqət çəkməmənin, mənə görə, bir tənqidçi üçün bəraəti ola bilməz.

Müəllifin bütün əsər boyunca səpələnmiş yumoristik notları da hekayəni usta yazarın əlindən çıxmışa bənzətmir: “Hardansa ağlına bəzi müsəlman ölkələrindəki çadralı qadınlar gəldi. Onsuz da bütün sifətləri qapalıdır, görəsən, onlar da maska taxır? Çadranın altından, ya üstündən? Öz qəribə fikrinə özü də gülümsədi”.

“Molla Nəsrəddin-66”da qalmış gülməcələrdir. Ardınca da mətləbə dəxli olmayan cəfəng söhbətlər:

“Rizvan: – Allah haqqı, dayım olduğu üçün demirəm, çox xeyirxah adam idi. Bu evi də mənə özü vəsiyyət eləmişdi. Axı məndən başqa heç kəsi yoxdu. Mənim Nardaranda bir balaca dükanım var. Oranı da saxlamışam, amma dedim şəhərdə də bir balaca dükan açım. Savab işdi. Dayımın da ruhu şad olar”.

Dükan açmağın savablıqla nə əlaqəsi, adama deyərlər? Həm də bu həngamələr - vəsiyyət etmələr, dükan açmalar cəmi bir ayın içində olub. Sadəcə inandırıcı deyil. Havayı yerə çürükçülük etmək hekayə yazmaqdırmı? Bu hekayədə təsvirlərin çoxu hekayənin əsas ideyasından kənarda qalır. Əsərin qəhrəmanı yaşlılıq marazmından əziyyət çəkən biri kimi sanki hara getdiyini, niyə getdiyini və nə üçün getdiyini bilmir, Məmməd Nəsir obrazı havadaykən onun bacısı oğlu Rizvanla bağlı mənasız təfərrüatları lap xaric qalır. Onu da deyim, bu cəfəng, dəxilsiz söhbətlər Anarın Elçinlə ortaq nöqtəsidir.

Zaurun həyatın mənası haqqında ezoterik düşüncələri də son dərəcə ibtidaidir: “Amma günlərin bir günü sadədən sadə bir fikir gəldi başına və bütün gümanlarını alt-üst elədi. Yaxşı, sən dünyaya gələnə qədər hardaydın? Başqa bir dünyada? Əlbəttə, yox. Heçsizlikdə, yoxluqda idin də… Valideynlərinin məhəbbəti sayəsində dünyaya gəldin o mübhəm, qaranlıq heçsizlikdən, bir gün, gec-tez ora da qayıdacaqsan, qaranlıq, səssiz-səmirsiz heçsizliyə. Bu qəfil düşüncə Zauru sarsıtmışdı.” Artıq yeni nəslin 14-15 yaşlarda sarsıldığı məsələ mama uşağı Zaurikə 80 yaşında çatır, əvvəldən də az materialist olmayan həmin Zaura.

“Heçmi yoxdur bu hekayədə yazarın bir uğurlu cəhəti?” - deyəcəksiniz. Var əfandim, var lakin … Yazarın “Spartakla Təhminə arasında bişey-mişey oldumu?” cahanşümul ideyası üzərində qurduğu hekayədə bir-iki uğurlu cəhət olsa nə yazar?

Hekayənin Zaurla Spartakın görüşü təsvir olunan hissəsində yazıçının ustalığı nisbətən hiss olunmağa başlayır. “Bu yaşımda mənə qadın yox, arvad lazımdır” deyən Spartak alzheimer xəstəliyinə tutulub və yaddaşı itmədən Təhminə ilə görüşünün təfərrüatlarını danışır. Bu söhbətlər, Təhminənin Spartakı çağırması, əvvəl dəniz kənarına, sonra Spartakın bağına getmələri realist qələmlə təsvir olunub. Hiss olunur ki yazıçı bu hissəni yazarkən özü də təsirlənib və təsirləndirməyə çalışıb, insan ömrünün faniliyi, heç nəyi geri qaytarmağın mümkün olmamasının verdiyi kədər mətndə öz əksini tapıb.

Lakin hekayənin sonunda iki gəncin yazıçıya yaxınlaşıb Spartakla Təhminə arasında “bir şey” olduğunu soruşması səhnəsi əsərin əvvəlindən ortalarına qədər gələn bayağı təsvirlərlə birləşir, onun bütün romantikasını korlayır və nəticədə oxucuya “ustaca yazılmış bir hekayədir” deməyə imkan vermir və ya "təxminən hekayədir" deyirsən ən yaxşı halda.

# 4649 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #