“Diş ağrısı” – Haqverdiyevin hekayəsi

Əbdürrəhim bəy Haqverdiyev, yazıçı, dramaturq

Əbdürrəhim bəy Haqverdiyev, yazıçı, dramaturq

17 may 2022
# 21:00

Kulis.az Əbdürrəhim bəy Haqverdiyevin “Diş ağrısı” hekayəsini təqdim edir.

Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsət fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!”

Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi, iki meyvə bağı və bir topdağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna:

- Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki.

Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı.

Oğluna düşəndə deyərdi:

- Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh neyləyim”ə verir. Məsələn: gedir bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür iki şahı artıq veribdir. O saat deyir: “Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona minirlər. Taksi beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək: “Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin.

Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü.

Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq.

Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna, yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd” (Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar). Bəli, bir nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövt eləməzdi. İranda çox bikar gəzəndən sonra baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir: “Müttətuhü nəfsi binəfsikə, - qəbiltu!” (Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar) Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halal malı.

Maral savadlı idi. Təbi-şeri də vardı.

Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə.

“Müttətuhü nəfəsi binəfsikə, - qəbiltu!”

Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtdığını yeyib böyüyəcək.

Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il kəmali-müvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsnü-rəğbət və şöhrət qazanır. Bir az keçir. İran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan... Maral başlayır patron-tüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə da bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir.

On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. İrana göndərdiyi əslihə təşkilat malı idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala bilməyib. Biri maralı Xorasanda görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllalığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə təklif edir:

- Məşədi, siğə nə mixabi? (Məşədi, siğə istəmirsən?)

Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn, Bakıdan gələnlər...

Kifayətdir, təfsil başlasaq, axırda cəncələ düşərik.

Bəli, Hacı Rüstəmdən danışaq.

Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman zamanı da gedib kənbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı ki, İrandan keçmiş bir seyid, iki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır, axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqalıqdan seyidlik xeyirlidir, nə səriştə, şecərə istəyən var, nə bir sorğu-sual edən.

Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa.

Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Bir şey olmadı. Labüdd qalıb birdən qışqırdı:

- Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm!

Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı.

Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını doldurdular. Atını burnunadək yükləyib gəldi evinə.

Bir az zamanda Hacı Rüstəm atasının iki-üç dövlətincə dövlət qazandı.

Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev və bağ yeri verib, on iki il də hər bir xəracatdan azad edirlər.

Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı dövlət qayırmaq olar.

Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada satmalını satıb aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü, Təzəşəhərə. O vaxtdan orada sakindir; yaxşı dövlət qazanıb Məkkəyə gedib.

Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi.

Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim.

Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü sarıqlı yaman bir halda gəlir.

- Ay hacı, olmasın azar, sifətini niyə sarımısan?

- Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam.

- Nə olub? De görüm!

- Nə olacaq, dişim məni öldürür.

- Mən də dedim görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar da deyiblər:

Qonşun pisdir, köç qurtar.

Dişin pisdir, çək qurtar.

Arvadın pisdir, boşa qurtar.

Canın pisdir, öl qurtar.

- Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə qurt-quran açır.

- Axır mən nə eləyim?

- Get çəkdir qurtarsın!

- Elə mən də ona gəlmişəm. deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa, gör onu tapdıra bilərsənmi?

- Ay hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətininin salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə dişini çəkib səni rahat eləsin.

- O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq?

- Necə neçə alacaq? Nə istər, verərsən.

- Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun.

- On şahı verərsən, qurtarar gedər.

- On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda... Uf!.. uf... uf!.. Aman, aman, öldüm. Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf... uf... uf!.. Yenə nə yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “Çəkməkdən sivay əlacı yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki, çıxmır... Yazıq məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (O vaxt hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə... Uf... uf... uf!.. Aman allah... Aman allah.. Elə ki gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən iki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə “allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi, bir az “şto-mişto” oxuyub? Bacarmayacağam.

- Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara!

- Necə! Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz alır, amma sənin matışkan təharət nə olduğunu bilmir... Aman!.. aman... aman... Başım çatladı!

- Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim.

Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına.

Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə.

- Ağrıyan dişinizi göstərin!

Hacı dedi:

- Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan?

- Dişçəkmənin taksası on şahıdır.

- Mən heç bir girvəngə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası verəcəyəm, dişimi çəkəcəksən, vəssalam!

- Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən.

Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi:

- Eybi yoxdur, çək! Ağrıyan dişim budur.

Həkim dişi çəkib qoydu yerə.

Hacı üzünü usta Həsənə tutub dedi:

- Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki, baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın!

Həkim soruşdu:

- Nə olub?

- Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin!

Həkim hərçi inandırdı ki:

- Özün göstərdiyin dişi çəkimişəm.

Hacı söyüb-söylənib dedi:

- Di gəl, evi yıxılmışın qızı, bax ağrıyan dişim budur.

Həkim onu da çəkib yerə qoydu.

Hacı ilan çalmış tək yerindən qalxdı:

- Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası görbagör olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu!

Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı.

- Adını diş həkim qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan dişim budur!

Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və çöldə usta Həsənə dedi:

- Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz.

# 6061 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #