Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə

Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
9 aprel 2021
# 14:17

“İçərişəhər” metrosunun qarşısındakı binanın həyətindəyik. Müsahibimin nişan verdiyi yerdə çöldən qurulma lifti tapıb qalxır, daha sonra bir mərtəbə də pilləkənlə çıxırıq. Sağımız da, solumuz da uzun dəhlizdi. Hansı tərəfə gedəcəyimizi bilmədiyimiz üçün ora-bura boylanıram, “qabağınıza çıxacam” desə də, heç kəs gözümə dəymir. Hardansa səs eşidilir: “Bura gəl, bura”. Sağ tərəfə dönürəm. Uzun dəhlizin sonundakı qaranlıqdan yüksəlir səs. Maleviçin kvadratı kimi çərçivəli bir qaranlıq.

- Heç nə görmək olmur.

Qaranlığa sarı addımlaya-addımlaya o olduğuna əmin olmaq üçün yüksəkdən deyirəm.

- Sən məni hardan tapdın?

Görüşəndən sonra Hüseyn müəllimin, Azərbaycan Xalq rəssamı, heykəltəraş Hüseyn Haqverdiyevn ilk sualı belə olur. İstəyirəm deyəm ki, qaranlığın içindən, ancaq ağzımdan başqa sözlər çıxır:

- Dövlət Rəsm Qalereyasından almışam nömrənizi. Amma əvvəldən də tanıyırdım. Sizi, qardaşınız Ucalı (rəssam Ucal Haqverdiyev – red.). Allah rəhmət eləsin.

- Hə, keç.

Hüseyn müəllim məni və fotoqrafımız Nicatı “İçərişəhər” metrosunun qarşısındakı binanın damında yerləşən emalatxanasına dəvət edir. Burada bir çox rəssam-heykəltəraşların emalatxanası var. Biri də Hüseyn Haqverdiyevindir.

Düşünürəm emalatxananın görkəmi haqqında geniş məlumat verməyə gərək yox, bu işi Nicatın öhdəsinə buraxıram.

Kompüterin monitorunda qaydasız döyüşçülərin davası gedir. Hüseyn müəllim yaxınlaşıb videonu durdurur.

- Deyəsən qaydasız döyüşə baxmağa həvəslisiniz?

- Sən deyən o qədər həvəsim yoxdur, amma maraqlı döyüş olanda da baxıram.

- Sənət adamının döyüş idman növlərinə həvəsli olması hardasa qəribə görünür. Belə qənaət var ki, sənət adamlarının qəlbi yuxa olmalıdır, vurmaq, döymək, qan-qada onların təbiətinə ziddir.

- Əlbəyaxa döyüş də sənətdir (gülür). Mən yaxşı boksdan danışıram. Yaxşı güləş, yaxşı cüdonu xoşlayıram. Amma indi baxdığım qaydasız döyüş o qədər də xoşuma gəlmir.

- Heç idmanla məşğul olmusunuz?

- Cavanlıqda... Güləşə də, boksa da getmişəm. Sonra gördüm ki, mənlik deyil. Leninqradda (Sankt-Peterburq- red.) oxuyanda bir az cüdoya da getdim, sonra yarımçıq qoydum.

- Sizin ailə ümumiyyətlə çoxtərəfli ailədir. Rəsm, musiqi, kino...

- Kino? Kino deyəndə aktyorluğu nəzərdə tutursan yəqin. Əli - böyük qardaşım aktyor (Əməkdar artist Əli Haqverdiyev - red.), müğənni idi.

- Bəli, “Dədə Qorqud” filmində ən yaddaqalan obrazlardan birini canlandırmışdı – Yalıncığı. Mənfi obraz yaratmaq hər aktyorun da işi deyil.

- Elədir, amma bu rola çəkildiyinə görə sonra peşman olmuşdu.

- Niyə?

- Niyə olmasın? Uşaqlar küçədə dalınca düşüb “Yalıncıq – Yalıncıq” çağırırdılar. Bu da xətrinə dəyirdi (pauza). Bacım Zemfira (Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova- red.) da musiqiçidir.

- Elə bunlara görə deyirdim ki, çoxtərəfli ailəsiniz.

- Çoxtərəfli deyəndə incəsənət tərəfdən güclüyük.

- Bəlkə idmana gedəniniz olsaydı orda da, uğur qazanardı.

- Yox, bizim ailədən idmançı çıxmayıb. Hələ ki, yoxdur.

- Elə emalatxanadaca qalırsınız, yoxsa səhər gəlir, axşam gedirsiniz?

- Burda qalıram. Pandemiyada olandan isə demək olar heç çıxmıram, bura sığınmışam.

- Pandemiya bir sənət adamı kimi sizə necə təsir elədi?

- Mən sənə deyim ki, pandemiyanın yaxşı tərəfləri də oldu. Bilirsən, mənim nə qədər görüləsi işlərim vardı? İlk aylar burdan çıxmayıb, bütün günü tabloları yerbəyer elədim, yarımçıq işlərimi gördüm. Əvvəl bura xeyli qarışıqlıq idi. Pandemiya olmasaydı, bunları edə bilməyəcəkdim.

- Mənə də elə gəlir ki, sənət adamları bir yerə qapanmağı xoşladıqları üçün pandemiyanın onlara neqativ təsiri az oldu.

- Pandemiya dövründə bilirsən nə pis idi? Pul qazanmaq çətinləşdi. Mənim üçün bundan başqa bir çətinlik olmadı. Onsuz da bütün günü emalatxanadayam. Yəni pandemiyadan demək olar yaxşı faydalanmışam.

- Sərgilər də keçirilmədi, müxtəlif layihələr yarımçıq qaldı.

- Bəli, sərgilər olmadı. Bilirsən, hərdən o qədər mənasız görüşlər keçiririk. Ora qaç, bura qaç, sonra deyirsən ki, nəyə görə o görüşə getdim? Yəni vaxt boşuna gedir. O baxımdan pandemiyanın olmağı bəzən bu cür mənasız görüşlərdən də xilas elədi.

- Bəzi sənət adamları isə pandemiyanın onlarda depressiya yaratdığını, buna görə də bu il məhsuldar ola bilmədiklərindən şikayətləndilər.

- Məndə depressiya açıq deyim ki, olmayıb. Mənim başqa yerdə də emalatxanam var. Həmin emalatxanada heykəltəraşlıq işləri görürəm. Burda daşla, qranitlə işləmək mümkün deyil. Yeganə problem o idi ki, ora gedib-gəlmək çətin idi. Başqa heç bir problem olmayıb. Əlbəttə, dediyim kimi, bir də pul problemi idi, sifarişlər, sərgilər yox. Yoxsa istəyirsən burdan bir ay çıxmayım, mənim üçün problem deyil. Mən fikir verirəm, bəzi sərgilər, yavaş-yavaş onlayn da olsa, fəaliyyətə başlayıb.

- Pandemiya Sizi bu mövzuda əsər yaratmağa həvəsləndirməyib?

- Yox, bu barədə əsərim yaranmayıb. Bilirsən, virus həmişə olub. Nə qədər bəşəriyyət var, xəstəlik də, ölüm də olacaq. Yəni, bu, mənim üçün yeni deyil. Sadəcə, mənə elə gəlir ki, bəzi səbəblərə görə pandemiya alət kimi də istifadə olunub.

- Hüseyn müəllim, 2020-ci ildə pandemiya yaşasaq da, bizim üçün zəfər ili kimi də yadda qaldı. Neçə ildir həsrətində olduğumuz Qarabağ geri qayıtdı. Və biz o torpaqların necə dağıdılıb, tar-mar edildiyini gördük. Əlbəttə, o torpaqlar yenidən abadlaşacaq. Amma bununla belə dağıntıların bir hissəsinin abidə kimi qorunub saxlanılmasını təklif edənlər də var. Bəs bir sənətkar kimi Sizin təklifiniz nədir?

- Əlbəttə mənim də fikrim budur ki, dağılmış bəzi yerləri tarix üçün saxlamaq olar. Amma qalanların hamısını bərpa etmək lazımdır. Biz orda yaşamalıyıq. Dövlət və ya Memarlar İttifaqı bu barədə fikirləşməli, bir forma tapmalıdır. Mənə elə gəlir ki, sənət adamları, rəssamlar, heykəltəraşlar, memarlar yığılmalı və bu barədə müzakirə aparılmalıdır. Yəqin ki, o torpaqlar yenidən, özü də müasir standartlarla bərpa ediləcək, təzə şəhərlər salınacaq. Şuşanı götürsək, orada çoxlu möhtəşəm abidələr var. Onlardan biri də Vaqifin məqbərəsidir. Onu olduğu kimi əvvəlki görkəmində saxlamaq lazımdır. Bildiyimi qədəri ilə elə o şəkildə də bərpa olunur. Amma qalan rayonlarda elə abidələr var ki, Sovet dövründə tikilib, saxlamağa, bərpa etməyə ehtiyac yoxdur. Onlara biz Sovet dövründə “xaltura” deyirdik. Onların incəsənət əsəri kimi əhəmiyyəti yoxdur. Ona görə indi Qarabağdakı abidələrin ucdantutma hamısını bərpa etmək yolu ilə getmək olmaz. Mən bilmirəm, sifarişlər necə olacaq, hansı mövzular, hansı abidələr işləniləcək. Amma bilirəm ki, həmin əsərlərin səviyyəsi incəsənət baxımından çox möhtəşəm olmalıdır. Çünki bütün dünya bizə baxır. Sabah biz əcaib bir abidə qoysaq, deyəcəklər, görürsüz, onlar nədən danışır, nə edirlər. Yəni bu da cəbhədir, incəsənət cəbhəsidir, biz də bu cəbhənin əsgərləriyik. Bunun üçün də Qarabağdakı abidələrə ciddi yanaşmaq lazımdır. Əfsuslar olsun ki, bizim cəmiyyətdə adətən sənət yerinə, pul qazanmaq meyarları irəli çəkilir.

- Sizcə, Qarabağla bağlı Bakıda da abidə ucaldılmalıdırmı?

- Şübhəsiz. Nə qədər insan orada vuruşub şəhid oldu. Əlbəttə, onların adını əbədiləşdirən bir abidə ucaldılmalıdır. Yəqin ki, ucaldılacaq.

- Bəs ümumilikdə son illərdə Bakıda qoyulan heykəllərin, abidələrin bədii tərtibatı, ictimaiyyətin heykəltəraşlıq sənətinə münasibəti Sizi qane edirmi?

- Açıq deyim ki, son illərdə qoyulan heykəllər şəxsən məni qane etmir. Xalq da hamısını görür. Hərdən biz fikirləşirik ki, xalq heç nə bilmir, sənəti yalnız sənət adamları anlayır. Amma xalq hər şeyi çox yaxşı anlayır. Heykəl də gül kimidir. Gözəl gül görəndə sevinirsən. Əcaib gül görəndə deyirsən ki, gözəl deyil. Yəni insan gözəlliyi görüb müqayisə edə bilir.

- Adətən sənətkarların sevə-sevə işlətdikləri bir ifadə var: xalq məni anlamır.

- Mən bu fikirlə razı deyiləm. Çünki mən tez-tez xalqın içində oluram və onun nə düşündüyünü görürəm. Xalq çox yaxşı bilir, nə gözəldir, nə pisdir.

- Sizi bir rəssam, heykəltəraş kimi daha çox postmodernist, abstraksionist hesab etmək olar. Bizim insanlar sizcə klassik üslubda olan əsərləri yaxşı başa düşürlər, yoxsa abstraksiyanı?

- Bütün dünyada abstraksiyaya münasibət eynidir. Sən elə bilirsən ki, Almaniyada, Fransada hamı abstrakt əsərləri anlayır? Yox, orda da elə deyil. Abstrakt əsərlərin də özünün tamaşaçısı olur. Azərbaycanda da vəziyyət eynidir.

- Sizin Park Bulvarın qarşısında qurulmuş “Zamanın içindən” abstrakt əsərinizi tamaşaçı başa düşməyəndə məyus olursunuz, yoxsa təbii reaksiya kimi qəbul edirsiniz?

- Yox, təbii reaksiya kimi qəbul edirəm. Düzdür abstrakt üslubda işləyənlərin arasında ağlına gələni edənlər də var. Əslində isə abstrakt üslubun da öz qanunları var. O demək deyil ki, sən abstrakt üslubda işləyirsənsə, nə istədin edə bilərsən. Yox, elə deyil. Xalça da abstraksiyadır. Xalçada nə görürsən? Sifət görürsən, göz görürsən, simvollar görürsən, düzdür? Abstraksiyada da simvollar var. Pikassoya, başqa ciddi rəssamlara bax, dediklərimin şahidi olacaqsan. Bir vedrə rəngi yerə töküb deyirlər bu da sənətdir, elə deyil axı. Pikasso realist rəssam kimi çox yaxşı rəssam idi, sonradan sənətdə başqa axtarışlara baş vurdu. Yəni deməyim odur ki, abstrakt əsərlərin də qanunları var, o demək deyil ki, abstrakt çəkirəm deyə, nə istəsəm edə bilərəm. Sən pianinoda savadın olmasa çala bilərsən?

- Yox.

- Mən də çala bilmərəm. Amma rəssamlıqda bunu edirlər. Ağlına gələni eləyir, deyir ki, mən yaratdım. Bu, yanlış fikirdir. Mənə elə gəlir ki, abstrakt üsulda işləmək daha çətindir. Bizim miniatürləri analiz eləsək, görərik ki, onların içində geometrik kompozisiya şəklində çoxlu abstraksiyalar var.

- Sizin emalatxananızdakı əsərlərinizin böyük əksəriyyəti abstraksiyadır, elədirmi?

- Vallah mən öz əsərlərim haqqında heç nə deyə bilmərəm. Onların haqqında sənətşünaslar danışsa, yaxşı olar.

- Bu tablolardan birini götürək. Bunlar abstraksiya da olsa, müəyyən qanunauyğunluq əsasında çəkilib, elədir?

- Bunlar mənim qanunlarımdır. Mən Bakıda, Leninqradda rəssamlıq təhsili almışam. Yəni realist üslubda çəkə bilirəm, akademik təhsilim var. İndi də lazım olanda realist əsərlər çəkirəm. Amma daim axtarışdayam, bu baxımdan abstrakt əsərlər çəkmək mənə maraqlıdır. Bir yerdə dayanmaq mənim təbiətimə ziddir. (Dəzgahın üzərindəki işi göstərir) Bir də görürsən, belə geometrik işlər hazırlayıram. Bilmirəm bu işin axırı necə olacaq.

- Hələ tamamlanmayıb?

- Hələ işin əvvəlindəyəm. Bu mənim fantaziyalarımdır, nə sifarişdir, nə bir şey, sadəcə, içimdən gəlir düzəldirəm.

- Bir işə başlayanda sonunu görə bilirsiniz, yoxsa yelkənsiz gəmi kimi açıq dənizə çıxırsınız və hansı sahilə yan alacağınız sirli qalır?

- İşə başlamamışdan qabaq, əlbəttə, hansısa fikir yaranır, amma tam axıra kimi formalaşa bilməz, işin əvvəlində bu, mümkün deyil.

- Misal üçün bu işin hara gedib çıxacağını bilirsiniz?

- Hələ bilmirəm, inkişafdadır. Hər gün bir az düzəldirəm. Bu gün də sən gəlməmişdən qabaq bir az işlədim. Axırda nə isə bir ansambl yaranacaq. Deyim ki, bu mövzunu mən xalçadan götürmüşəm.

- Sanki xalça elementlərini üçölçülü fəzaya daşımısınız, düzdürmü?

- Bəli, elədir. Mən ornamenti xalçadan olduğu kimi köçürmürəm, onun əsasında özüm yenisini fikirləşib tapıram.

- Sizi bir heykəltəraş kimi daim maraqlandıran mövzular nədir?

- Mövzu həyatdır da, başqa hansı mövzu ola bilər?

- Bilirsiniz niyə soruşuram? Məsələn, Dostoyevski qəzetdə bir tələbənin sələmçi qadını öldürməsi haqqında xəbər oxuyur, bundan sonra “Cinayət və cəza”nı yazır. Bəs, heykəltəraşlarda bu proses necə gedir? Mövzunu necə tapırlar?

- Mən çıxıram dəniz sahilinə, dalğanı görürəm, Xəzəri, qumu, daşı, səmanı, quşları görürəm. Onların hamısı mənə mövzu verir.

- Daha çox əhəngdaşı, yəni Abşeron daşı ilə işləyirsiniz.

- Əhəngdaşı ilə, mərmərlə, dəmirlə, taxtayla... Bunlar hamısı mərmərdir (rəflərə düzülmüş kiçik ağ heykəlləri göstərir). Baxır də, cürbəcür materiallarla işləyirəm.

- Yəni mövzu materialı diktə edir?

- Materialı mövzu diktə edir, hərdən də material sənə yolu tapmaqda kömək edir, yaxud mövzunu diktə edir. Mərmər başqadır, Abşeron daşı başqa...

- Abşeron daşı ilə işləmək çətin deyil?

- Yaxşıdır, çox yaxşı. Rahatdır.

- Abşeron daşı mərmərə baxanda daha kövrəkdir və uzunömürlü deyil, aşınma ehtimalı yüksəkdir. Mərmər isə əsrlərlə qala bilər.

- Elədir. Əhəngdaşı yumşaqdır.

- İçinizdə belə bir qorxu yoxdur ki, əhəngdaşından düzəltdiyiniz heykəllər əbədi qalmayacaq, bir neçə on il sonra aşınacaq?

- Yox, heç bir qorxum yoxdur. Qalmasın. Ondan qorxmaq məncə düzgün deyil.

- Sənətkar kimi sabah əsərlərinizlə yaşamaq istəyi, narahatlığı yoxdur?

- Yox. Mən o barədə çox da dərinə getmirəm. Məndən sonra nə qalar, qalar, qalmaz da, qalmaz. Muzeydə olan işlərim güman ki, qalacaq. Amma yüz ildən sonra nə olacağını kim bilir? Burası da var. Bəlkə zəlzələ oldu, dünya dağıldı?..

- Sifarişləriniz çox olur?

- Məndə yox. Heykəli çox sifariş eləmirlər. Hərdən olur ki, başdaşı sifariş edirlər.

- Tanınmışlardan kimlərin başdaşını düzəltmisiniz?

- Maqsud İbrahimbəyovun, Rafiq Hüseynovun qəbirüstü abidələrini düzəltmişəm.

- Qəbir daşlarını sifarişçinin istəyi əsasında düzəldirsiniz, yoxsa orda da yaradıcı azadlığınızı əldən vermirsiniz?

- Yox, sifariş olsa da, qəbir daşının hazırlanmasında mənə tam yaradıcı sərbəstlik verilir. Maqsudun heykəlini düzəldəndə mənə tam sərbəstlik verilmişdi, necə istədim, heykəli o cür də düzəltdim. Materialı da özüm seçdim, kompozisiyanı da özüm qurdum, daşı da özüm yondum. Yəni bu da yaradıcılıqdır, başdaşıdırsa, o demək deyil ki, burada yaradıcılıq yoxdur.

- Məşhur olmayan adamlar üçün də qəbir daşları sifariş verirlər?

- Verirlər, hərdən olur.

- Adətən, kriminal aləmdə məşhur olanların məzarları dəbdəbəli düzəldilir. Sizə belə sifarişlər gəlmir?

- Yox, mənə hələ ki, bu barədə müraciət edən olmayıb.

- Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlini nə əcəb əhəngdaşından düzəltdiniz, mərmərdən və ya başqa materialdan hazırlamadınız?

- Birinci növbədə bina əhəngdaşından tikilib, başqa daş onunla kontakta girməzdi. İkincisi isə əhəngdaşı yerli, Abşerona məxsus materialdır. Buna görə düşündüm ki, yerli koloriti əks etdirən materialdan istifadə etsəm daha yaxşı olar.

- Bəs, heykəlin hazırlanmasında obraz kimi kimin cizgilərindən istifadə etmisiniz? Bu, Şərq qadınıdır, Qərb qadınıdır, yoxsa ənənəvi Məryəm Ana obrazıdır?

- Yox, ənənəvi Məryəm ana obrazı deyil. Əlbəttə, bu ümumiləşmiş obrazdır. Sən hansı qadını orda görürsən?

- Mən daha çox Şərq qadınını görmüşəm.

- Düzdür. Mən orda işləyəndə kilsənin baş rahibi mənə dedi ki, sən Məryəm Ana obrazını Şərq qadını kimi yarat. Mən də ona dedim ki, Məryəm guya kim idi, Şərq qadını deyildimi? Rus, ingilis, fransız deyildi ki, yəhudi idi. Ona görə mənim yaratdığım Məryəm Ana obrazı da tipik Şərq qadınıdır.

- Maraqlıdır ki, qardaşınız Ucal da Mixail Arxangel kilsəsinin bədii tərtibatını həyata keçirmişdi. Ümumiyyətlə, dinə münasibətiniz necədir?

- Yox, bu, tam təsadüfən olub. Düzdür, qardaşım xristianlığı qəbul etmişdi. Amma mənim katolik kilsəsindəki Məryəm Ana heykəlini düzəltməyim təsadüfən olub, müraciət ediblər, razılaşmışam.

- Ucalın xristianlığı qəbul etməsini necə qarşılamışdınız?

- Normal. Bu onun öz işi idi, mən qarışa bilməzdim.

- Tez-tez xatırlayırsınız qardaşlarınızı - Əlini, Ucalı?

- Əlbəttə. Hər gün. Hər saniyə.

- Ucalın şairliyi də var idi.

- Bəli, şeir də yazırdı.

- Kitabı çıxıb?

- Bəli (rəfi açıb kitabı götürür, vərəqləyir). Amma rusca yazıb.

- Siz şeir yazmırsınız?

- Yox.

- Adətən, şairləri peyğəmbərlərlə müqayisə edirlər, bəs, heykəltəraşları kimlərlə müqayisə etmək olar?

- Bilmirəm. Mən bunu deyə bilmərəm.

- Onlar da nəyisə yonur, obraz yaradırlar, buna görə deyirəm...

- Yaradanla bağlamaq günah olar. Məncə, heç bu cür fikirləşmək lazım deyil. Mən düşünürəm ki, hər hansı heykəltəraşı tanrı ilə müqayisə etmək günahdır.

- Eşitdiyimə görə, 20 Yanvar hadisələri zamanı Ucalla Sizi həbs ediblər.

- Məni yox, Ucalı tutublar. “Salyanski kazarma” tərəfdə rəssam dostunun emalatxanası varmış. Ordan çıxanda görüblər rus qoşunları insanlara hücum edir, mane olmağa çalışıblar. Ruslar da onu və dostunu tutublar. Dörd-beş gün həbsdə qaldılar, sonra azad edildilər.

- Atanız Həsən müəllim, Almaniyaya əsir düşdükdən sonra M.Ə. Rəsulzadə ilə görüşüb, onun qəzetində rəssam işləyib.

- Bəli.

- Atanız bu barədə evdə danışırdı?

- Çox az danışıb. O vaxt belə şeyləri danışmaq olmazdı.

- Məsələn, nə danışırdı?

- Atam müharibəyə yollanıb, 42-ci ildə Sevastopolda əsir düşüb. Ondan sonra Berlində bir müddət rəssamlıq edib. 45-ci ilə qədər Rəsulzadənin qəzetində işləyib.

- Atanız bunları, Rəsulzadə ilə bağlı xatirələrini heç danışmırdı?

- Yox, ehtiyat edirdi. Biz də uşaq idik, elə şeylərdən xəbərimiz yoxdu. İndi sağ olsaydı, bəlkə çox şey soruşardıq. Amma atam gör nə vaxt rəhmətə gedib - 1978-də. Atam müharibədən sonra ölkəyə qayıdanda həbs edilərək Sibirə sürgün olunub. Bir də 53-cü ildə Stalin öləndən sonra bəraət alıb, Bakıya qayıdıb. Lakin təqiblər yenə də bitməyib, ona Bakıda yaşamağa icazə vermirlər. Məcburən 1958-ci ilə qədər Ucarda qalası olur. Mən ona görə Ucarda anadan olmuşam.

- Deyəsən, sonra ananız Sizi götürüb atanızın dalınca Bakıya gəlib.

- Hə, elə bir şey olub. 1958-ci ildə Bakıdan atama ev vermişdilər. Biz də Ucardan köçməli idik. Anam gözləyir-gözləyir, görür atam gəlib çıxmır. Atam da əslində Cəlal Qaryağdının (Xalq rəssamı, heykəltəraş – red.) maşını ilə bizim dalımızca gələcəkmiş. Ağsu aşırımında qəzaya düşürlər. Anam da bundan xəbərsiz bizi götürüb Bakıya gətirib. Bu əhvalatları bacım Zemfira daha yaxşı bilir. Siz yaxşısı budur belə şeyləri, atam, qardaşlarım haqqında əhvalatları ondan soruşun, qoyun danışsın (gülür).

- Yaxşı. Hüseyn müəllim, bayaq əhəngdaşı ilə işləməyinizdən danışdıq. Bəs, ən çox hansı materialla işləməyi sevirsiniz? Hansı material ruhunuza daha yaxındır?

- Bilirsən, material çoxdur. Əlbəttə, pul olsaydı, mərmərdən böyük heykəllər edərdim, amma baha başa gəlir, mümkün deyil.

- İçinizdə heykəlini düzəltmək istədiyiniz tanınmış insanlardan kimlər var? Deyin, bəlkə kimsə oxuyub sifariş vermək istəyəcək?

- İnanmıram, kimsə oxuyandan sonra nəsə sifariş versin. Amma məmnuniyyətlə Vaqif Mustafazadənin, Səttar Bəhlulzadənin, Bəşir Səfəroğlunun heykəlini düzəldərdim.

- Deyəsən, atanızla Səttar möhkəm dost olublar.

- Hə. Səttar demək olar, hər gün bizdə idi. Onun emalatxanası beşinci mərtəbədə, bizimki ikinci mərtəbədəydi. Deməli, bu yaxında Ukraynadan zəng ediblər. Ukraynanın Dmitri Koçur adından tanınmış şairi var. Onun muzeyini açıblar. Bu yaxında onun kitabların arasından mənim atamın lagerdə olanda çəkdiyi dörd rəsmi tapıblar. Atam Koçurla bir yerdə lagerdə olubmuş. O da atam haqqında şeir yazıbmış. İndi atamın rəsmləri Koçurun muzeyindədir.

- Qrafikaçı rəssam Ələkbər Rzaquliyev də müharibədən qayıdandan sonra atanız kimi sürgünə göndərilib. Maraqlıdır ki, o da Rəsulzadə ilə tanış imiş. Rzaquluyev sürgündə o qədər əzab görübmüş ki, hətta evdə nəsə düşəndə səsdən diksinib, o dəqiqə divanın, stulun üstünə sıçrayırmış. Atanızda da bu cür sürgün qorxusu var idi?

- Əlbəttə, atamda da oxşar duyğular, hisslər var idi. Ona görə də sürgündə başına gələnləri, Rəsulzadə və başqaları ilə bağlı xatirələri danışmaqdan çəkinərdi...

Hüseyn Haqverdiyevlə söhbətimiz bir az da uzana bilərdi. Danışmalı hələ nə qədər mövzu qaldı: atası Həsən Haqverdiyev haqqında xatirələr, o vaxtkı rəssamların həyatı, mühit, qardaşları Əli və Ucal Haqverdiyevlərin nakam ömürləri... Hələ Haqverdiyevlər nəslinin gənc rəssam nümayəndələri - Bütünayın, Fərhadın, Səbinənin və Həsənin yaradıcılıqlarından bəhs etməyi demirəm. Amma növbəti görüşümüzə də, heykəltəraşlıq nümunələrini hazırladığı emalatxanasında vədələşdiyimiz kimi görüşəndə danışmağa da nəsə qalsın deyibən, söhbətimizi burada kəsirik. Xudahafizləşib çıxarkən divarda portret rəsmlər diqqətimi çəkir deyə soruşuram:

- Rəsm əsərlərini də sifarişlə çəkirsiniz?

- Mən əvvəldən başqa yol seçmişəm, sifarişlə çəkməmişəm, ona görə də rəsm sifariş verən olmur. Amma elə rəssam var ki, əvvəldən o yolu tutub gedir.

- Nə əcəb qalereyalara əsər vermirsiniz?

- Veririk. Alan kimdir?

- Sizcə, incəsənətə qarşı niyə bu qədər laqeydik?

- Mədəni səviyyəmiz hələ tam formalaşmayıb, yəqin buna görədir.

Foto: Nicat Əlili

# 5237 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #