Sarı camış - Kamal Abdulladan yeni hekayə

Sarı camış - Kamal Abdulladan yeni hekayə
18 sentyabr 2020
# 17:22

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın “Sarı Camış” adlı yeni hekayəsini təqdim edir.

Məzhəbqulunun ağzından ilan kimi sürüşüb çıxan bu sözlərdən sonra çayxanaya ölü bir sükut çökəcəkdi və bu sükutu yarmaq heç də asan olmayacaqdı. Ona görə də Sarı Camışın qəzəbli təpkisi sükutun qarşısını alan kimi, elə bil, hamının çiynindən ağır bir yük götürüldü. Ortalığa səs-küy düşdüyü üçün çayxanadakılar rahatlıqla köks ötürdü. Sarı Camış, yenə də elə bil, hamının əvəzinə yumruğunu var gücüylə stolun üstünə vurdu. Bir-birinə qısılmış çay stəkanları bir-birinə dəyib cingildədi. Məzhəbqulunun kürəyindən tumanınacan soyuq tər axdı.

– Sən ağzını allah yoluna qoyub kimin sözünü danışırsan, ə?! Sən heç bilirsən, nə deyirsən???

Sarı Camışın tarıma çəkilmiş nəhəng vücudu, yumruq zərbəsinə sıxışdırdığı qəzəbi, hədəqəsindən az qala çıxan gözləri, ağzından parıldaya-parıldaya çölə can atan sözlərin azğın intonasiyası – hamısı bir-birilə qucaqlaşıb çayxanada göz qabağındaca əcayib bir vəhşət yaratdı. Məzhəbqulunun canını qorxu bürüdü.

Sarı Camışın olardı qırx, qırx bir yaşı. Bu oturub çay içdikləri və sözlərin çəp düşdüyü çayxana onunku idi. Sarı sifəti, sarı saşları, sarı kiprikləri var idi. Nəhəng vücudunu da bura əlavə eləsək, Sarı Camış ləqəbini niyə daşıdığı aydın olurdu. Öz adından heç xoşu gəlməzdi. Bilinmirdi qız adıdı, yoxsa oğlan. Əsl adı Qumral idi. Guya hansısa ulu babasının adı idi. İkisindən birini seçəsi olsaydı, elə özü də Sarı Camışı seçərdi. Üzünə hamı onu hörmətlə Sarı çağırırdı. İmanlı kəndində Sarı Camış Qırxlar məhəlləsinin bərk gedənlərindən idi – pulu pul kimi, qolunun gücü öz yerində – üç adamla asanlıqla bacarardı, beş adamın yeməyini mərc çəkib yeyər, mərci udar, üstündən beş yumurtanın beş pomidora çırpılmış çığırtmasını istərdi. Ürəyi yuxa idi. Kənddə cibinə pul qoymadığı cavan, çaya qonaq eləmədiyi yaşlı qalmamışdı. Qoçaq idi. Harda qeylü-qal, orda Sarı Camış. Ədalətli idi. Elə haman Məzhəbqulunu əyyaşlığına görə düşdüyü polisdən dəfələrlə qurtaran da o idi. Çılğın, dəliqanlı idi. Müharibədə olmuşdu. Könüllü olaraq oxuduğu məktəbdə ona coğrafiya dərsi deyən sevimli müəllimi Əjdər müəllimin elə bircə «gəl, mənimlə gedək» sözü ilə onun başına yığdığı dəstəyə qoşulmuş və cəbhənin ön xəttində beş il müəllimi və komandiri ilə çiyin-çiynə vətən uğrunda vuruşmuşdu. Hərbi işlər qaydasına düşən zaman o da, İmanlıdan olan digər kəndlilər də qayıdıb kəndlərinə dönmüşdülər. Komandirlərinin ölümündən sonra əlləri-ayaqları sustalmışdı, elə bil, ruhdan düşmüşdülər. Komandirləri Laçın Əjdər hücum başlayan zaman bədənini döyüşçülərdən birinin – çavuş Həşəmətin qarşısında sipər çəkib onu düşmən gülləsindən xilas etmiş, özü isə şəhid olmuşdu. Əjdər komandir döyüşçülərin sevimlisi idi. Ondan maraqlı əhvəlatlar danışırdılar. Döyüşməyə öz yanına gətirdiyi oğlu Mərdanla döyüşçülər arasında heç bir fərq qoymazdu.

Sarı Camışın özünün dəfələrlə çayxanada saldığı söhbətlərdən biri də bu idi.Komandirin oğlu Mərdanın snayper tərəfindən vurulduğu günlər idi. O, iki gün əvvəl hamının gözü qabağında, atasının qucağında şəhid olmuşdu. İki gün idi ki, Əjdər komandir özündə, sözündə deyildi. Sarı Camış ortalıqda dəli kimi gəzirdi. Sonra o yox oldu. Bir müddət keçdi və Sarı Camış şəxsən özü iki düşmən əskərini səngərlərdən xeyli uzaqda yaxalayıb hərəsini bir qoluyla qoltuğunun altına sıxaraq sürüyə-sürüyə gətirib Əjdər komandirin ayağı altına atdı. Komandir önünə atılmış yerdə zorla qıvrılan bu canlı meyitlərə baxıb baxıb Sarı Camışa heç bir söz demədi, amma gözləri yaşarmağına yaşardı.

…Əsirləri zirzəmidən həyətə çıxardılar. Ətrafdakı əskərlər gözlərində amansız nifrət onları dövrəyə aldı. Əskərləri buraxsaydın,bu iki insanabənzər məxluquöz əllərilə boğardı. Sarı Camış hələ də heyfsilənə-heyfsilənə söyləyirdi ki, elə əlimi bıçağa atmışdım ki, komandir əlini qaldırıb mənə «dur» işarəsini verdi. O, gözlərini əsirlərdən çəkə bilmirdi. Çox diqqətlə bu gədələrə baxırdı. Niyə belə baxırdı, baş açmadım. Gədələrin isə ürəyi bayaq getmişdi, ikisi də tir-tir əsirdi. Mən əlimi saxladım, durdum. Dedim, yəqin, özü bunların başını kəsəcək. Bıçağı ona uzatdım. Almadı. Mən təəccüb etdim.

– Bunları aparın təhvil verin qərargaha… – Oğlunun şəhid olmasından sonra iki gün ərzində dediyi ilk sözlər bunlar oldu. Sonra üzünü Sarı Camışa tutdu. – Sən – yox. Sən bunları aparmayacaqsan. Çavuş, Həşəmət, sən bunları apar şəhərə. Təhvil ver qərargaha, qayıt gəl. Sarı, səni də, – üzünü digər əskərlərə tutdu, – sizi də, hamınızı da and verirəm göydəki o bir olan allaha, bunlara bir xətər yetirməyin.

Bu sözləri deyib komandir gedib girdi kazarma qapısından içəri və daha bayıra çıxmadı. Hamı əskərlər qaldılar mat və məəttəl.

Sarı Camış qəribə əda ilə onu da deyirdi ki, sevimli komandirlərinin bu hərəkəti əskərləri elə çaşdırdı ki, beyinlərindən hətta belə bir fikir də keçdi: «Bəlkə bu adam o boyda, nər kimi oğlunun ölümündən sonra yavaş-yavaş havalanır?!» Hamı xeyli pəjmürdə idi.

Əjdər komandir, cəbhədə qazandığı yeni adı ilə desək, Laçın Əjdər, müharibənin ilk günlərindən öz tanıdığı adamlardan – dərs dediyi köhnə şagirdlərindən, qonşularından, dost-tanışından ibarət bir dəstə düzəltdi. Sonra onlarla bir yerdə cəbhə xəttinə yaxın kəndlərə getdi və vətən uğrunda bir qaşıq qanından qorxmayaraq gecəli-gündüzlü döyüşdü. Demək olar ki, ilk gündən əskərlə bir yerdə – hücum zamanı hücumda, müdafiə zamanı müdafiədə oldu, onunla bir səngərə girdi, onunla bir səngərdən çıxdı. Əskərin qeydinə qalmağı ondan yaxşı heç kim bacarmırdı. Yuxusu gözündən tökülənin yerinə olurdu ki, keşikçiliyi də özü edirdi. On yeddi yaşlı yeganə oğlu Mərdanı kənddən gətirib öz dəstəsinə yazdırdı, əlinə silah verdi, ona güllə atmağı öyrətdi. Dedi: «Düşməndi, oğul, onun güllə payı bizdədi, ona güllə ata bilərsən, halaldı, amma başqasına, özününkü olana ata bilməzsən, bunu heç zaman etmə və bunu unutma.»

Döyüşdüyü bu illər ərzində Laçın Əjdər düşmən vəhşiliyinin hər üzünü gördü. Amma tale pis yerdə yaxaladı onu. Laçın Əjdər Sarı Camış danışan hadisədən iki gün əvvəl bu dünyadakı yeganə oğlu Mərdanı itirdi. Snayper gülləsi Mərdanı onun əlləri üstünə salmışdı. Elə bil, Mərdan əvvəl-əvvəl həmişəki kimi dincəlmək üçün özünü həyətlərindəki alma ağacının altına atırdı. Bu, elə gözlənilməz oldu ki… Mərdan qəfildən atasına söykəndi. Laçın Əjdər əvvəl-əvvəl heç nə başa düşmədi. «Buna nə oldu? Bəlkə ayağı sürüşdü, bəlkə burxuldu? Bu niyə belə hərəkətsizdi?!Bə bu niyə belə edir?!»

Səssizlik içində gələn güllənin ona dəyməsilə Mərdanın canını tapşırması bir oldu. Mərdanı atasının əllərindən zorla aldılar. Çavuş Həşəmət uşaqları qamarlayıb səngərin içinə saldı. Meyiti səngərdə bir küncə uzatdılar. Gözləri hələ açıq idi, başı yana əyilmişdi. Başının şapkası yox idi, harasa düşmüşdü. Kəkilini yel o yüz, bu yüzə vururdu. Hamının rəngi ağarmışdı. Heç kim başını döndərib Mərdanın üzünə, yel oynadan kəkilinə baxa bilmirdi. Hamı dil-dodağını gəmirirdi.Laçın Əjdər dinməz-söyləməz, kirimişcə bir tərəfdə, quru torpaqdaca hərəkətsiz oturub qalmışdı. Qəflətən nə oldu, nə olmadısa çavuş Həşəmət özünü Laçın Əjdərin üstünə atdı. Onu yerə yıxıb əllərini bir-birindən araladı:

– Tutun əllərini!!! – Həşəmət bərkdən qışqırdı vəLaçın Əjdərin avtomatını ayaqlarının arasından alıb bir tərəfə itələdi. Bu an Sarı Camış çavuşun nə etdiyini anladı və avtomatı tez yerdən götürüb arxasında gizlətdi.

Uşaqlar komandirin əllərini bərk-bərk tutub onu yenidən yerində otuzdurdular. Komandir heç nə olmayıbmış kimi sakitcə onlara tabe oldu. Qapqara qaralmış Laçın Əjdərin gözləri heç kimi görmürdü. Dilindən bir kəlmə söz çıxmırdı. Dodaqları isə yana dartılan kimiydi. Buna təbəssüm də demək olardı.

Həşəmət səngərdən kazarmaya qayıtdıqdan sonra həyətdə siqaret çəkə-çəkə uşaqlara belə dedi: – Bəs axı mən onun, yəni, komandirin, nə zaman nə edəcəyini çox yaxşı bilirəm. Üç ildi bir yerdəyik. – Bu zaman Həşəmət gözlərilə Sarı Camışa iti bir baxış atdı. Köksünü ötürüb yenə davam etdi. – Onun əli yavaş-yavaş avtomata gedirdi. Mən bir saniyə geciksəydim, avtomatı çəkib özünü vuracaqdı.

İmanlı kəndində Mərdanın dəfni zamanı Əjdər komandir qürurlu görünürdü. Nə meyit məzara endiriləndə göyə atılan avtomat səsini, nə çalınan himni eşitmədi. Beynində ancaq Mərdanla danışırdı, daha doğrusu, mübahisə edirdi və beynindən ancaq bu sözlər keçirdi: «Niyə? Niyə mən yox, sən? Niyə mənim ağlıma gəlmədi ki, səni özümdən qabağa buraxmayım? Bəlkə sən bilmişdin, ya da hiss eləmişdin ki, nişana məni alırlar, ona görə məndən qabağa keçmişdin?! Mən səni beləmi qorudum?! Öz yanıma apardım ki, gülləyə tuş edim?! Niyə sən o an o nöqtədə olmalı idin?! Niyə?! Niyə mən yox, sən??? Səndən sonra mənə kim və nə lazım ola bilər?! Heç nə və heç kim! Hər şey bitdi, qurtardı, getdi işinə». Himnin son akkordları «Azərbaycan, Azərbaycan» deyirdi və bu «Azərbaycan» sözü dünyanın ən uzun sözü olmuşdu, qurtarmaq bilmirdi ki, bilmirdi.

Dəfndən sonra Sarı Camışı həyətdə bir tərəfə çəkib Laçın Əjdər ona belə bir tapşırıq verdi:

– Sarı. Məni, bax, sənə deyirəm… Mərdanın yanında… Ancaq burada. Bir tikəm də ələ düşsə, burada… Sənə vəsiyyətimdi. Qoymayasan, nəbadə, mənim cəsədimi düşmənə qoymayasan.

– Başa düşdüm. Arxayın ol, komandir… Əjdər müəllim… – Sarı Camış əlinin arxası ilə göz yaşlarını silə-silə komandirinə və ürəyi dağlı əziz məktəb müəlliminə bərk-bərk sarıldı, qəhərini zorla boğaraq onu arxayın etdi.

Bu, iki həftə sonra baş verdi. Elə Mərdanın qətlə yetirildiyi həmən səngərin yanında Laçın Əjdərin əskərləri bir axşamçağı komandirin əmri ilə səngərdən bir-bir qalxıb hücuma keçdikləri vaxt gözləriniqarşıdakı düşmən səngərindən çəkməyən Sarı Camış birdən gözünün bir qırağıyla sezdi ki, komandir irəli cuman yerdə qəfildən yerində dayandı və onun yanından ötüb keçmək istəyən çavuş Həşəmətin əlindən tutub saxladı. Elə bil, ona nə isə demək istəyirdi. Çavuş əvvəl-əvvəl bir şey anlamadı. Komandir cəld bir hərəkətlə çavuşu yana itələyib onu öz arxasında gizlətdi. Bu, bir anın içində oldu. Çaşqın hala düşmüş çavuş özünə gələnə qədər komandir əvvəl yüngülvari səndirlədi, amma yenə də özünü saxlayıb ayaq üstə dura bildi. Çavuş Komandirə ümid və sədaqətlə baxıb «ura» qışqırdı, sonra qaçıb özünü bir topa şahin kimi çölün düzünə açılmış dəstənin ön sırasına atdı.

Laçın Əjdər əlində tutduğu bayrağı bütün gücünü toparlayıb ayağının altındakı cod və palçıqlı torpağa sancdı. Bayrağın alt ucu bıçaq yağa girən kimi torpağa girdi. Komandir bütün ağırlığını bu bayrağa verdi. Bayraqdan bərk-bərk yapışıb ayaq üstə durmağına davam etdi…

Hamı əskərlər artıq təkcə ayaqları ilə deyil, ruhları ilə irəli uçurdu. Sarı Camış gözlərinə yaş, boğazına qəhər dola-dola, ləhləyə-ləhləyə, son gücünü toparlayıb özü də bilmədiyi hansısa sözləri bağıra-bağıra irəli qaçır və bu zaman geriyə qanrılıb səngər tərəfə baxmağa ürək eləmirdi. Beynindən çıxmırdı ki, geriyə baxsa, müəllimi və komandiri Laçın Əjdərin heykələ dönmüş vücudunu əli ilə tutub söykəndiyi bayrağın yanında görəcək.

… Çayxana zahirdə olmasa da daxildə tir-tir titrəyirdi. Məzhəbqulu başa düşmüşdü ki, gərək belə bir qələti eləməyəydi, amma iş işdən artıq keçmişdi.

– Mən nə dedim ki… – Məzhəbqulu peşiman-peşiman pıçıldadı. Elə bil, başa düşmüşdü ki, Sarı Camışın qəzəbinə tuş gələcək. – Mən eşitdiyimi dedim. Mərmərlidən bir nəfərlə avtobusda gəlirdim. O dedi. Guya Əjdər müəllim cəbhədə ikən iki erməni əsirini açıb buraxıb evlərinə. Düzmü edib?! Düzmü etməyib?! Kim bilir?!

Sarı Camışın da qəzəbli yumruğu elə bu zaman stolun üstünə çırpılmışdı…

# 3810 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #