Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə

Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
22 sentyabr 2021
# 09:00

Kulis.az tanınmış aktyor, aparıcı Elcan Rəsulovla müsahibəni təqdim edir.

- Aktyor formada qalmaq üçün ya kamera qarşısında, ya səhnədə olmalıdır. Siz pandemiya dönəmini necə keçirdiniz? Misal üçün, türk aktyorları sosial şəbəkələrdə canlı yayımlar açırdı, tamaşalar göstərirdilər.

- Mənim televiziyada olan verilişim onsuz da gedirdi. Amma belə dostlar arasında hər gün axşam ofisə yığışıb him-cim oynayırdıq ki, başımız qarışsın, əlimiz qolumuz açılsın. Başqa qeyri-adi nəsə etmirdik. Canlı yayımlara gəlincə, ümumiyyətlə, sosial aktiv adam deyiləm. Sosial hesablarım var, hərdən nəsə yazıram. Sosial medianın gündəm adamları olur, hər gün nəsə yazsınlar, hər şeydən danışsınlar, şəkil paylaşsınlar. Mən belə deyiləm.

- Bu, sizin üçün maraqlı deyil, ya diqqət mərkəzində olmağa ehtiyac hiss etmirsiniz?

- Mən ikinci planda olmağı sevirəm. Filmlərə fikir versəniz, orda da adətən ikinci planda oluram. İkinci plandan gəlib üstələməyi daha çox sevrəm, nəinki baş rol kimi təqdim edirlər və sən heç nə eləyə bilmirsən. O, bir az məni sıxan məsələdir. İkinci planda oynamağı sevirəm və istəyirəm bu təəssüratı yaradım ki, baş rol deyildi, amma necə oynadı, yadda qaldı.

- Hər halda sizin ikinci planda oynamağınız rejissorun seçimindən də irəli gəlir, deyilmi?

- Hə, ola bilər rejissor seçiminə də bağlıdır. Amma olub ki, bir neçə dəfə baş rol təklif ediblər, oynamamışam. Çünki başqa filmlərdəki rolumla eyni olub.

- İncəsənət Universitetini bitirmisiniz, Afaq Bəşirqızının tələbəsi olmusunuz. Peşəkar təhsil keçsəniz də, əsasən, kommersiya filmlərinə çəkilirsiniz. Dövlətin istehsal etdiyi filmlərə, müəllif filmlərinə dəvət alırsınız?

- Dövlət filmlərinə çəkilməmişəm və düşünürəm ki, onlar heç vaxt çəkməyəcəklər məni. Mən heç vaxt onlara inanmamışam. Birinci kursda oxuyanda kinostudiyadan gəlmişdilər ki, sizin şəkilləri çəkəcəklər, kastinq olacaq. Mən şəkil belə çəkdirmədim. İstəmədim. Dedim, siz adamı aldadırsınız, çəkməyəcəksiniz.

- Kastinq hər yerdə tətbiq olunur. Uyğun gəlsəydiniz, yəqin, dəvət edərdilər.

- Nə bilim. Niyəsə mən o məsələlərə ciddi yanaşmıram. Kimdir kinostudiyadan tanımadığı Elcanı çəkən.

- Amma indi tanınırsınız.

- Nə bilim.

- Kommersiya film istehsalçıları bu fikirdədirlər ki, dövlətin maliyyə hesabına çəkən rejissorlar onlara ciddi yanaşmırlar.

- Bəlkə, bu da ola bilər. Kinostudiyada çəkilmiş bir film vardı, “Qafqaz”. Fərid Hümbətov çəkirdi. Bir epizodda oynamışam. Bu, mənim kinostudiya ilə ilk və son işim olb. Andrey Çernışovla kiçik səhnəmiz vardı. Xaçmaz bazarında alça satırdım. Onda tələbə idim. Kastinq üçün şəkil çəkməyə gələnlərdən birinin yadında qalmışdım. Gəldi ki, rusca bilirsən? Dedim, hə. “Burda çoxu rusca bilmir” dedi, mənə lazımdı uşaq rusca bilsin. Yaxşı da qonorar verdilər. Fikirləşdim ki, nə yaxşıdır kinostudiyada çəkilmək? Amma ondan sonra da iş olmadı. Başa düşürəm, kommersiya filmlərinə bir az qeyri-ciddi yanaşırlar. Çünki dövlət bizə qeyri-ciddi yanaşır. Yəni mənim bu sənətdə master-klass keçəcəyim adamlara əməkdar artist adı verirlər. Çünki kinostudiyada çəkilən 35 dəqiqəlik, yaxud bir saatlıq filmdə oynayıblar. Bizi isə bir az görməzdən gəlirlər. Əslində, onlar (nazirliyin kino şöbəsi nəzərdə tutulur - red.) bizlə əməkdaşlıq etməliydilər. Əgər öz qurumlarının dirçəlməyini, müəyyən nöqtəyə çatmağını istəyirlərsə... Nə qədər olacaq dövlət havayı pul versin, rejissor film çəksin, nəticə olmasın. Sonda da deyin ki, kino inkişaf eləmir, bizdə aktyor yoxdur, ssenarist yoxdur. Niyə yoxdur? Siz nə vaxt, nəyi dediniz, biz eləmədik? Kino sahəsində hamı balaca qruplara bölünüb. Bu sahəni necəsə sistemləşdirmək lazımdır ki, hamıya açıq olsun, rahat olsun. Yoxsa qapalı qurum kimi çəkilib oturublar ki, biz ancaq festivala gedən film çəkirik.

- Problem ondadır ki, bu filmlər festivalda da uğur qazanmır. Başqa ölkələrə satılmır da. Yadıma düşmüşkən, kinoteatrların açılmamasına qarşı etiraz aksiyanıza reaksiya gəldimi?

- Hə, gəldi. Dedilər, darıxma, yaxşı olacaq. Oktyabrda hər şey qaydasına düşəcək, biz o məsələlər üzərində işləyirik. Biz özümüz də istəyirik ki, açılsın. Düzdür, heç kim qoşulmadı, elə tək qaldım ortalıqda. Amma gözləyirəm. Aldatmazlar yəqin ki. Olmasa birini də yazacam.

- Müxtəlif telekanallarda işləmisiniz. Bir aktyor üçün televiziyada işləməyin itkiləri və qazancı nədir?

- İtkiləri... Yadıma gəlir, “Space” kanalında işləyirdim. Universiteti artıq bitirmişdim. Afaq Bəşirqızı məni orda görəndə dedi, çıx get burdan, sən burda nə iş görürsən, nəyinə lazımdır bura? Gəl teatra, işlə. Dedim, Afaq xanım, burda pul qazanıram. Dedi, özünü burda bədbəxt edəcəksən, o istedadın yiyəsi deyilsən ki, televiziyada işləyəsən, burda batıb gedirsən. Çox düşündüm, amma qərar verdim ki, televiziyada qalım. İtirdiyimiz düşünürəm ki, bayaq danışdığımız dövlət filmlərinə çəkilməməyimiz, dövlət tədbirlərində iştirak etməməyimizdir. Müəyyən adlar olacaqdısa, onu itirmişik, diplomlar itirmişik. Bu diplom məsələsindən bezmişəm. Bir dəfə evimizdə pul yox idi, heç bir manat da. Harasa tədbirə getməliydim. Anam dedi, boş-boş bu tədbirlərə niyə gedirsən, yalandan diplomlar alıb gətirirsən, düzürsən evə. Mən də hirsləndim, bütün mükafatlarımı qırıb-tökdüm. Nə qazanmışdımsa... Müsabiqələrdə qalib olmuşdum, laureat olmuşdum. Hamısını qırdım, kağızları da yandırdım ki, mənə diplom lazım deyil, pul qazanacam. Ondan sonra diplom məsələsinə şübhəli yanaşıram.

- Yəqin ona görə, reallıqla toqquşanda şərtlər dəyişir.

- Hə. Yəni mən fikirləşdim ki, durub harasa getmək üçün yolpulu axtarıram, anamdan istəyəndə deyir, yoxdur. Ona görə rədd olsun o diplomlar.

- “Space”də də maddi səbəblərə görə qaldınız?

- Ona görə. İşləyirdim, maaş alırdım, ordan toylara gedirdim.

- Kommersiya filmləri sifarişlidir, adətən prodüserin müdaxilələri olur. Bu, işinizin keyfiyyətinə təsir edir?

- Yox, təsir eləmir. Əksinə, kommersiya filmlərində prodüser istəyir, daha çox satılsın filmi, ona görə, aktyorla da məsləhətləşir ki, bura nə əlavə edək, daha yaxşı baxılsın. Hər dəfə növbəti filmdən sitat gətirirlər ki, o film kimi istəyirəm, orda necə idisə burda da elə olsun. İndi hal-hazırda, iki yeni çəkildiyim film var, kinoteatrlar açılsa göstəriləcək. Fərqli filmlərdi. Nəticəsini gözləyirəm. Axırıncı çəkildiyim film “Beşbətər”di. Rejissoru Vüsal Hacı Qədirdir.

- Dediniz ki, prodüserlər digər filmlərdəki kimi oynamanızı istəyirlər. Bu mənada qəlibləşmə hiss edirsinizmi? Ümumiyyətlə, obraza yanaşmanı necə tapırsınız?

- Biz indi bir veriliş üzərində işləyirik. Orda mənə dörd obraz lazımdır. 15 gündür demək olar ki, onların birini də tapmamışam. Hər gün düşünürəm, tapıram, məşq edirəm. Amma sonra görürəm, filan məqam uyğun gəlmir. “Bir kişi, bir qadın” serialına çəkilirəm. Bundan əvvəl “Ər və arvad” serialıydı. Onun rejissoru Aqil M. Quliyev idi. O, ər rolu üçün 15 adam sınaqdan keçirmişdi, hamısı tanınmış, efirdə olan həmkarlarımdır. Alınmamışdı. Mən gəlib oynadım. Onların istədiyi kimi. Dedilər, istədiyimiz budur. Amma içimdə bilirdim ki, bu, o deyil. Onları aldada bilərəm, özümü yox. Bəzən deyirəm ki, istəyirsiniz rejissoru aldadım. Görün, necə deyəcək yaratdı. Hər filmdə iki-üç belə səhnəm olur ki, özüm üçün eksperiment edirəm. Görüntü oynamışam təsvirini yaradır. Amma özüm bilirəm ki, oynamamışam. “Ər və arvad” serialında da bir neçə aydır çəkilirdim, bilirdim ki, əslində, obrazı tapmamışam. Bu dramaturji düz deyil. Bunların evliliyindən nəsə yumor çıxa bilməz. Niyə burda komediya yaranmalıdır? Sonra tapıram ki, kişi rayonludur, bir az kasıb mühitdə böyüyüb. Qadın da bir az imkanlıdır. Amma olur belə ki, evlənirlər, kişinin necə adam olduğunu tapıram, bir az köntoydür, ləhcəsi ola bilər. Nəticədə üç aydan sonra o obrazı tapdım.

- Obrazlarınız üçün bazanı necə toplayırsınız?

- O aktyorlardanam ki, mənə uyğun olmayan yerlərdə məni görə bilərlər. Məqsədli şəkildə gedirəm. Uzun dönər növbələrində dayanıram, metronun qarşısında dayanıram. Maşını saxlayıb insanları müşahidə edirəm. Gecələr maraqlı adamlar tapıram. Səhər beşdə maraqlı adamlar tapıram. Küçədə yatan adamlarla danışıram, maraqlı hekayələri olur. Yaxında bir adamla tanış oldum, küçədə qalır. Qəribə tipi var, danışanda da adamın üzünə baxmır. Belə maraqlı adamlar tapıram, tipajlarını götürürəm. Axır vaxtlar filmlərə baxmıram. Ümumiyyətlə, nə Hollivuda, nə Netflixə... Hamısı kommersiyadır. Böyük pulların içində oynayırlar. Mən fikirləşirəm ki, onlar sadəcə kasıb adamların pulunu və vaxtını alırlar.

- Necə düşünürsünüz, bizdə aktyor üçün hansı şərtlər ideala yaxın ola bilər?

- Əbülfəs Qarayev nazir olanda 17-18 səhifəlik təkliflər hazırlamışdım ki, filan şeylər olsa siz həm pul qazanarsınız, həm də sənət inkişaf edər, kimsə maaşdan şikayət etməz. Onlar mənə cavab verdilər ki, biz güc orqanı yox, xidmət orqanıyıq, çox şey edə bilmərik. Məsələn, təklif etmişdim ki, şadlıq evlərinə, ya çayxanalara verilən boş binalara Mədəniyyət Nazirliyi sahib çıxmalıdır. Mədəniyyət evlərinə sahib çıxmalıdır. Mədəniyyət futbol kimi bir şeydir. Beş-altı yaşından uşaq orda inkişaf etməlidir ki, peşəkarlaşsın. İndiki kimi tik-tok açıb 43 min izləyici yığmasın. Bu, kökdən, uşaqlıqdan gəlməlidir. Özüm 6-cı sinifdən müxtəlif müsabiqələrdə, poeziya gecələrində iştirak etmişəm. Biz məktəbdə “Hacı Qara” oynayırdıq. Uşaqları yetişdirmək üçün bölgələrdə mədəniyyət evləri inkişaf etməlidir. Bir müddət o sahədə işlədim. Yaradıcı gənclərlə iş üzrə mərkəzdə şöbə müdiri. Çox çalışdım ki, nəsə edim, alınmadı. Mədəniyyət evlərini müxtəlif dəxlisiz salonlara çevirdilər. Amma müxtəlif sənət kursları açmaq olardı, rəqs, rəsm, televiziya, prodüser kursları. 50 nəfər gəlirsə, onlardan 2-si mütləq ümidverici olacaq. O, ikisinə ödəniş məsələsində güzəşt etmək olar. Məni İbrahim Əbilov adına xalq teatrına götürmüşdülər, məktəbdən seçmişdilər. Aylıq ovaxtkı pulla “şirvan yarım” idi. Getmədim ki, pul yoxdur. Ona görə aylığımı sildilər ki, mən gedim. Kurslarda uşaq universitetə qədər inkişaf edəcək, qabiliyyət imtahanına da hazırlıqlı olacaq.

- KVN yetirməsi aktyorlarla da tərəf-müqabil olursunuz. Peşəkarlıq baxımından axsayırlar?

- Axsayırlar. Amma xoşuma gəlir. Çünki sıxırıq arada.

- Tərəf-müqabilinizi təzyiqdə saxlayırsınız?

- Hərdən olur. Mən əslində tərəf-müqabili sevən adamam. Bu, komanda məsələsidir. Təkbaşına nəsə edə bilməzsən. Olar, amma nadir hallarda. KVN-dən gələnlərin içində bir az “mən olum” iddiası var. Yəni o qədər “razminka”ya çıxıblar ki, ondandır. Amma bura başqa meydandır. Bir az təhsil lazımdır. Oxumaq lazımdır. Oxuyanda, adam hörmət etməyi, kiçik-böyük, savadlı-savadsız məsələsini öyrənir. Bunlar vacib məsələdir. Amma bir şey də var ki, bu gün televiziya işçilərinin arasında “KVN-çi”lər üstünlük təşkil edir. Bu, Mədəniyyət Nazirliyinin, incəsənət sahəsinin zəifliyidir ki, “KVN” onların yetirmələrini uddu. Çünki İncəsənət Universiteti həmişə “KVN” çempionatlarında uduzub. Heç bir mərhələ də keçə bilməyib. Əslində, bir nömrəli komanda onlar olmalı idi. Texniki Universitet, İqtisadiyyat Universiteti komandalarına pul ayırırdı, İncəsənət yox. Həvəsləndirmək lazımdır.

- Stəndaplarınız da vardı. Amma o qədər də uğurlu deyildi.

- Zarafat kimi yanaşmışam. Bir ara stəndap vermək istədim. Bir ilimi alası kimi gəldi mənə. Təvəkkül Mehrəliyev var, Koç Universitetində dekandır, ssenarini o işləmişdi. Stəndap çox səviyyəli, səliqəli iş tələb edir. Bir il ancaq bununla məşğul olmalıydım, sırf özümü buna həsr etməliydim. Adını “Gombul” qoymuşdum. Mopassanın hekayəsindən irəli gəlirdi. Sonra gördüm, ağırdır, çətindir. Bir az da çəkim imkan vermir stəndap eləməyə. 15 kilo atmalıydım, rahat göstərə bilim.

- Stəndapın özünəxas üslubu, manerası da tapılmalıdır.

- Mən dediyiniz stəndapı prinsipə eləmişdim. Dedim, gülməli danışmırlar. Dedilər, bacarırsan, sən də elə. Bu şeyləri yazmadan danışaram. Məqsəd güldürməkdirsə, güldürərəm. Mərc gəldim ki, çıxıb ağzıma gələni danışaram, güldürərəm. Tamaşaçı yeddi dəfə yox, on dəfə güləcək. Səviyyəni, keyfiyyəti qoyaq kənara, orda heç biri olmayacaq. Rahat da gülürdülər.

- Potensialınız ancaq komediyadırmı?

- Yox, elə deyil. Əslində, rejissorlar da bir az görmür.

- Hər şeydən yorulmuş kimi danışırsınız.

- İki-üç il də belə davam eləsə, gedəcəm başqa işlə məşğul olmağa. Maddi səbəblərə görə yox. Ən çox qazanan aktyorlardanam. Yenilənmə yoxdur, zövq ala bilmirəm. Eyni şeyi oynayırsan. İki il təhsillə bağlı Türkiyədə magistraturada oxumağı planlaşdırıram.

- Mütaliə edirsinizmi? Nə oxuyursunuz?

- Vüqar Biləcərlinin kitabını

- Xoşunuza gəldi?

- Belə. Qəzəlləri-filan. Amma Aydın Xırdalanlı daha yaxşıdır

- Çağdaş Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

- Hamısını. Elxan Elatlını.

- Seymur Baycanı tanıyırsız?

- Oxumamışam. Nə yazıb o? Doğrudan bilmirəm. Amma feysbukda deyəsən, kimsə haqqında nəsə yazmışdı.

# 6613 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #