Bu hekayə Azərbaycan dilində yazılmayıb – Hekayə müzakirəsi

Bu hekayə Azərbaycan dilində yazılmayıb – Hekayə müzakirəsi
27 mart 2023
# 15:00

Kulis.az Hekayə müzakirəsində Vaqif Sultanlının “Budda heykəli” adlı hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Nərgiz Cabbarlı

“İnsan qürbəti öz içində böyüdür” gerçəyi

Vaqif Sultanlının “Budda heykəli” hekayəsi ilk təəssürat olaraq dili və oxunuşu rahat, təhkiyəsi ağır ləngərli, asta templi, heç bir eniş-yoxuşu olmayan, həyəcan yarada və yaşada bilməyən bir mətn təsiri bağışladı. Oxu prosesi məhz belə oldu. Gedişatın necə olacağı, gözləntinin necə nəticələnəcəyi ilk cümlələrdən hiss edildi. Halbuki on illik ayrılıqdan sonra vətənə dönən adamla “Budda heykəli” arasındakı əlaqə dərhal qurulmasaydı, açılmasaydı, bəlkə də, təəssürat fərqli ola bilərdi... Yaxud daha dərin bir mənalandırma olsaydı... Məsələn, o “Budda heykəli (müəllimi tanıyan dilənçi!) danışmasaydı (sadəcə, göz yaşı!) təəssürat, bəlkə də, fərqli alınardı... Bilmirəm...

Amma...

Hekayədə təsvir edilənlərin tanış görüntüsü və təəssüratı fonunda qaldırılan problem dərin və əsaslıdır (ölkədən olan beyin axını!). Mətn boyu səpələnmiş detallar (qoyulacaq heykəldən “xəbər” verən mamır basmış məlumat lövhəsi), incə nüanslar (süpürgəçi qadının bu lövhə qarşısından tər çiçəkləri süpürməsi), bu nüanslar vasitəsilə ötürülməsi nəzərdə tutulan informasiyalar, həssas nöqtələr (universitetdə bir zamanlar kitab dükanı olan yerdə kafe açılması) və s. müəllifin vətənin bu günü, qəbul edə bilmədiyi gerçəkliyi ilə bağlı qəhrəmanın içindəki ağrılarını ifadə etməsinə və ötürə bilməsinə imkan yaradır. Ən əsası, günün sonunda “həsrət duyğusunun oyanaraq acımasızcasına onu yenidən içinin qürbətinə sürükləməsi” kimi açar bir ifadə işlənir. Bu isə insanların arzuladıqları, yaşamaq, yaşaya biləcəkləri hala salmaq istədikləri Vətəndən uzaqlaşmalarının səbəbini göstərir. Və oxucu növbəti dəfə (!!!) anlayır: qürbət bu insanların ruhundadır, içindədir (“Mən qürbətdə deyiləm, qürbət mənim içimdə”. Kəmaləddin Kamu). Hətta vətənə qayıtdığı anda belə vətənin buddaya bənzəyən dilənçilərini də sevməyə qadir Qərib Ziyalı içindəki qəribliyə qalib gələ bilmir. Ona yad gələn doğma mühitlə doğma gələn yad insanın (budda dilənçi) yaşatdığı duyğular içərisində öz qəribliyini xatırlayır.

Sadəcə... İstər hekayə qəhrəmanının yaşantıları, istər o yaşantıların təsviri, istər müəllimin gəlişinə gözü yaşaran “budda dilənçi” obrazı, istərsə də təhkiyənin tipi yaddaşda bir “Budda səssizliyi” effekti ilə ilişib qalır. Bu, hekayənin uğurudurmu, uğursuzluğumu – bu sualı birmənalı cavablandıra bilməyəcəyəm.

Seymur Baycan

Hekayədə Akop Martayan türkcəsinin ciddi təsiri açıq-aşkar görünür. Müəllifin dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalıb. Hekayədə Azərbaycan dili hiss olunmur. Hekayə yazan adam hər şeydən əvvəl dili öyrənməlidir.

Buyurun:

"Bununla belə, indi də hərdən yollar ayrıcında vurnuxduğu o dönəmlər bəlkə tərəddüdlərini yenib vətəni tərk etməməyinin mümkünlüyünü zehnindən keçirir, atdığı addı­mın doğru­mu, yanlışmı olduğunu kəsdirə bilmirdi".

Bu cümlə Azərbaycan dilində yazılmayıb. Bilmirəm hansı dildə yazılıb, amma Azərbaycan dilində yazılmadığı dəqiqdir.

Ümumiyyətlə, artıq Azərbaycan dilində yazmağı bacaran şair, yazıçı, publisist qalmayıb. Tam qətiyyətlə deyirəm ki, artıq məndən başqa heç kim təmiz Azərbaycan dilində yazmağı bacarmır. Azərbaycanda bütün şairlərin, yazıçıların, publisistlərin dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalıb. Zamin Hacının, Şərif Ağayarın, Sevda Sultanovanın, Aliyə Dadaşovanın, Aygün Aslanlının, Anar Rzayevin, Əkrəm Əylislinin, Aqil Abbasın, Rövşən Abdullaoğlunun, Varisin...

Yaxınlarda elə sizin saytda Azər Turanın müsahibəsini oxudum. Müsahibə deyildi, başdan-ayağa rüsvayçılıq idi. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azərbaycan dilində danışa bilmir. Daş düşsün belə ədəbiyyatın başına. Necə ki, düşüb. Hətta Sabir Rüstəmxanlının səlis, rəvan, bulaq suyu kimi dupduru dili də Akop Martayan türkcəsi tərəfindən korlanıb. Böyük təəssüf hissi və ürək ağrısıyla bildirməliyəm ki, artıq Sabir Rüstəmxanlı da yazılarında Akop Martayanın uydurduğu sözlərdən istifadə etməkdədir. Başqalarının Akop Martayanın uydurduğu sözlərdən istifadə etməsinə birtəhər dözmək olur. Sabir müəllimin Akop Martayanın uydurduğu sözlərdən istifadə etməsinə dözmək çətindir. Çünki Sabir müəllim dil məsələsinə daima həssas münasibət göstərən şəxs olubdur. İndi isə təəssüf ki, Sabir müəllim Azərbaycan dilinin anasını ağlar günə qoyan adamların sırasında dayanıbdır.

İkincisi, hekayədən miskin qorxaqlıq yağır.

Buyurun:

"Tağlı qapıdan adlayaraq şam ağaclarının çevrəsində yüz il öncə universitetin əsasını qoymuş şəxsin heykəlinin ucaldılacağını bildirən, kiril əlifbasında yazılmış, üstünü mamır örtdüyündən oxunmaz hala gəlmiş boz mərmər lövhənin önündə ayaq saxladı. Çalpaşıq duyğular içərisində əli süpürgəli yaşlı bir qadının mərmər lövhənin qarşısındakı tər çiçəkləri süpürüb zibil qutusuna yığmasını izlədi".

Bu abzasda müəllif Rəsulzadənin, ya da tutaq ki, Xoyskinin, Hacınskinin adın çəksəydi üzüyünün qaşı düşərdi? Yoxsa Rəsulzadənin, Xoyskinin, Hacınskinin adın çəkdiyinə görə onu Azadlıq meydanında camaatın gözü qarşısında çarmıxa çəkəcəkdilər? Bu nə miskin qorxaqlıqdır belə? Müəllif Rəsulzadənin adın çəkməyə qorxur, amma guya hekayəsində bir vaxtlar dərs dediyi universitetin indi yaman günə düşməsini göstərək istəyir. Əgər sən bir ziyalı kimi Rəsulzadənin adını çəkməyə qorxursansa, sənin dərs dediyin universitet, yaşadığın ölkə, mənsub olduğun xalq da yaman günə düşməlidir. Bu, iki vuraq ikidir.

Üçüncüsü, hekayənin sonu çox diletantcasına yazılıb. Nadir istisnaları çıxsaq, azərbaycanlı müəlliflərin hekayələrində ciddi sonluq problemi var. Azərbaycanlı müəlliflər sözün həqiqi mənasında hekayədə sonluq yaza bilmirlər . Düşünürlər ki, hekayənin sonunda mütləq mənalı bir hadisə baş verməlidir. Azərbaycanlı müəlliflər hekayənin sonunda öz aləmlərində guya mənalı bir hadisə uydururlar. Bu isə istər-istəməz hekayədə süni, qondarma ab-hava yaradır və bu süni, qondarma ab-hava bir az ədəbi zövqü olan adamın ürəyin vurur. Vaqif müəllimin hekayəsində də professor tortu aparıb dilənçiyə verir. "Qutunun içərisindəkini barmaqlarının sığalı ilə öyrənməyə çalışan dilənçi nə isə demək istədi, ancaq səsi titrədiyindən deyəcəklərini uddu, kor gözlərinin çuxurunda iki damla yaş gilələndi". Bu cümləni oxuyanda lap ətim töküldü. Stanislavski demişkən, inanmıram. Nəyə lazımdır bu ucuz gedişlər. Şəxsən mən, bir müəllif kimi tortu dilənçiyə verməzdim. Tort dilənçinin nəyinə lazımdır? Mən tortu özümlə ucuz bir çayxanaya aparardım. Orda xoruz quyruğu bir çay sifariş verib, sonra da tortu xımır-xımır həzmi-rabedən keçirərdim. Belə daha maraqlı və daha inandırıcı olardı. Xülaseyi-kəlam, Vaqif müəllimin hekayəsinə on ballıq sistemlə tramvay altından çıxmış üç bal vermək olar.

Aqşin Yenisey

"Budda heykəli" hekayəsi məndə başqa ixtisas sahibi olan bir adamın hobbi xatirinə qələmə aldığı bir əhvalat təəssüratı yaratdı. Hekayənin dili, üslubu qeyri-peşəkar yazıçılıqdan xəbər verir. Bu dil yazıçının öyrəndiyi deyil, tədris proqramlarının öyrətdiyi dildir. Ədəbiyyat bu dilə müxalifdir. Çünki bu dildə oxucu özündə gizli olan heç bir mətləbi kəşf edə bilməz. Bu dil elementar ünsiyyət dilidir, ədəbi, fəlsəfi, psixoloji, elmi funksionallığı yoxdur. Hekayənin ədəbiyyatın imtina etdiyi dildə yazılması əlimi müzakirədə iştirakdan soyutdu. Yazdıqlarım oxuduğum mətnə aiddir, müəllifin şəxsinə heç bir dəxli yoxdur.

Samirə Əşrəf

Nə dil, nə üslub, nə də əhvalat baxımından ürəkaçan mətn deyil. Çox uğursuz hekayədir. İlyas Əfəndiyevin hekayələrinin suyunun suyudur. Son vaxtlar bizim hekayəçilikdə müəlliflər cəhd edirlər ki, mətndə baş verən hadisə və situasiyaları açıq şəkildə oxucuya çatdırsınlar. Onlar az qalırlar ki, qışqırsınlar, bax, o yataqda yatan kişi xərçəng xəstəsidir, onun ölümünə bir ay qalıb, övladları ona baxmır, acından öldürür və s. Halbuki bu hadisəni bir neçə detalla da təsvir etmək olar. Bu baxımdan Vaqif müəllimin hekayəsini oxumağa başlayanda, elə ilk sətirlərdən bildim ki, hal-qəziyyə necədir. Üstəlik də dadsız, duzsuz hal-qəziyyə. Hekayədəki situasiyalar və dialoqlar da olduqca bəsit qurulub. Sonluqdakı budda və tort söhbətindən isə danışmağa dəyməz. Ciddi vaxt itkisi olar.

# 3599 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #