Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

8 yanvar 2026
# 16:10

Kulis.az Mirmehdi Ağaoğlunun "Yaradıcı adamların lənəti, yaxud o filmi dəyərli edən nədir?" yazısını təqdim edir.


Bolqar yazıçı Georgi Qospodinovun “Hüznün fizikası” kitabının "Təşəkkür" bölümündə xoşuma gələn bir cümlə var. Deyir: “Roman yazmaq üçün lazım olan yalnızlıqla məni təmin edən hər kəsə təşəkkür edirəm”.

Dünyanın ən böyük lənətlərindən biri, bəlkə də, yalnızlıqdır. Heç kəs yalnız qalmaq istəməz. Görünür, onun üçün kimisə qarğayanda “Qurdla qiyamətə qalasan” deyib, yalquzaqlıq arzulayırlar. Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur.



Bircə yaradıcı adamlar – sənətkarlar yalnız qalmaqdan qorxmazlar, əksinə, tək qalanda sevinərlər. Tək qalmaq yaradıcı adam üçün xoşbəxtlikdir. Yoxsa yarada bilməz. Özü özünü yeyən ilan kimi xoşbəxtliyi bədbəxtliyinin içində yoğrulub.

Norveç rejissoru Yoakim Triyerin "Sentimental dəyər" adlı möhtəşəm sənət əsəri bir az da bu mövzu barədədir: Sənətkar və ailəsi.

Filmin qəhrəmanı olan rejissor Qustav Borq elə bir məqamda qərar tutub ki, həm ailəsinə yaxınlaşmaq, həm də uzaq qalmaq istəyir. Bəzi məqamlarda isə ağrılı da olsa, onun ailəsinə yaxınlaşmasında yaradıcı ehtiyacdan doğan zərurət var. Yəni Qustav - əsl sənətkar - yoluxduğu bu lənətəgəlmiş sənət naminə hər şeyi fəda etməyə hazırdır, hətta ailəsini fəda etməyə də.


O övladları ilə yaxınlaşmaq, onlarla mənəvi bağ qurmaq istəsə də bunu bir ata kimi yox, rejissor kimi elədiyini də anlayır. Bu addımının qaçılmazlığı özünə də aydındır, başqa yolu yoxdur, sənətkar taleyi ona bu cür davranmağı diqtə edir.
Bu baxımdan sənətkar qədim yunan miflərində övladlarını yeyən Kronosu xatırladır.

Triyerin filmində bütün bu xətlər çox incə cizgilərlə verilib. Film boyu heç bir əkşna, süjet gərginliyinə rast gəlmirsən. Elə bil ki, rejissor miniatür əsər yaradıb. Filmdəki hər bir detalla iynənin gözündən sap keçirirmiş kimi ustaca davranılıb.



Elə film var ki, gözəldir, amma dəmirdən yığılmış Eyfel qülləsinə bənzəyir. Elə film də var, hər teli incə qızıl saplarla işlənmiş ləl-cəvahiratdır; gözəl bir qadın sinəsində sallanan boyunbağı, müdrik bir kral başındakı tacdır.

Triyerin adını çəkdiyim “Sentimental dəyər” filmi də bu qəbildəndir. Filmin bu qədər incə, zərif, amma məzmunca ağır, siqlətli alınmasında şübhəsiz ki, aktyorlar Stellan Skarsqard və Renate Reinsvenin rolu böyükdür. Hər iki aktyor öz rolunun öhdəsindən mükəmməl gəlir.



“Sentimental dəyər” filmi sənətkar təbiətinin öyrənilməsi baxımından məncə, önəmli ekran işidir. Baxmağa dəyər.

# 2094 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

18:00 25 avqust 2026
Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər