Biz niyə yazırıq? - Nihat Pirə açıq məktub

Ulucay Akif, Nihat Pir

Ulucay Akif, Nihat Pir

27 mart 2023
# 11:04

Kulis.az Ulucay Akifin "Pürrəngi kafesində olanlar" adlı yazısını təqdim edir.

Dünən Nihat Pirlə çayxanaların birində çay içib söhbət edirdik. Daha dəqiq desəm, Memar Əcəmi metrosu tərəfdəki kafelərdən birində idik.

Ard-arda düzülmüş ucuz kafelər, bayağı mahnılar, qara paltarlı adamlar, domino şaqqıltısı, nərd taqqıltısı və həmin kafelərin önünə çıxıb yoldan keçənləri içəri səsləyən qadınların qaqqıltısı...

Vüsal Bağırlı bu kafelərin olduğu küçəyə “Qırmızı fənərlər küçəsi” deyir. Elə Vüsal da bizlə idi dünən. Nərd oynayırdıq. Televizorda da “Qarabağ” – “Qalatasaray” oyununu göstərirdilər.

Ümumiyyətlə, bu dünyada zəhləm gedən iki şey varsa, onun üçü “Qalatasaray”dır.

Nihat Pirin son hekayəsindən danışdıq bir az. “Ölü nağıl” hekayəsi. Dedim ki, mən o hekayəni bəyənmədim, çox köhnə idi, elə bil, 60-cılardan kimsə yazıb bu hekayəni. Nihat coşdu.

Soruşdu ki, hekayənin dilinə görə köhnə deyirsən?!

Dedim, yox, dili normal idi, amma mövzusu çox köhnə idi.

Lap coşdu. Çayı qaynar-qaynar başına çəkdi. Dedi ki, səhv deyirsən, ölüm həmişə aktual mövzu olub, ona görə də, mənim hekayəm təzədir.

Dedim, ölüm həmişə aktual olub deyə elə köhnədir hekayən.

Dedi, mənə bir hekayə göstər ki, orada belə bir mövzu olsun: başqalarının ölümündə özünü günahkar bilən adam.

Dedim, elə bir-iki ay qabaq Xəyyam Rəfilinin yazdığı “Üç dövrə” hekayəsinin də mövzusu eyni idi. Nihat güldü, razılaşdı.

Müasir hekayə necə olmalıdır, necə hekayələr gözlədiyimdən danışdım. Şəhriyar del Geraninin “Türbülans”ları, Sərdar Aminin “Pah”, Orxan Saffarinin "Mercan xalanın polipləri", Vüqar Babazadənin “Böyük ümidlər” hekayəsi ağlıma gəldi. Sonra Orxan Həsəninin ilk kitabından (“Metro terminalının sevgisi”) bəzi hekayələr yadıma düşdü. Təxmini nə gözlədiyimi izah etdim.

Deyəsən, Nihat yenə razılaşdı.

Sonra söhbətimiz bir az məcrasını dəyişdi.

“Qırmızı fənərlər küçəsi”ndəki kafedə hər şey – divarlar, oturduğumuz divan, stol, nərd-taxtanın zərləri, domino daşları, televizorun ekranı, Vüsal Bağırlının çöhrəsi, Nihatın gözləri, stəkanımızdakı pürrəngi çay – birdən-birə saraldı.

Nihat balacalaşmış bəbəklərini mənə zilləyib soruşdu:

– Guya biz niyə yazırıq ki?

Bu sual Azərbaycanda yazı-pozu adamlarının tez-tez özünə verdiyi suallardan biridir. Bu sual, yəqin ki, yazıçıları ən çox narahat edən sualdır.

Nihat öz içində fırlanan sualı yüz il qoşa atılsa da, qoşa düşməyən bir cüt zər kimi qabağıma tulladı.

Bildim ki, bu suala mütləq cavab verməliyəm. “Nə bilim e”, “əşiiii, yazırıq da” kimi cavablarla ötüşdürmək olmaz.

Həmin an Virciniya Vulfun “Şəxsi bir otaq” kitabında yazdığı bir cümlə yadıma düşdü. Həmin cümləni Nihatın sualına cavab kimi işlətdim:

“Ədəbiyyat həqiqəti reallıqdan (yəni həyatdan) daha yaxşı göstərir”.

Nihat güldü. Balacalaşmış göz bəbəkləri yavaş-yavaş böyüdü. Vüsalın üzünün rəngi də yerinə qayıtdı. Kafedə hər şey yenidən öz rəngini aldı.

Sonra “Qırmızı fənərlər küçəsi”ndəki kafedən çıxıb evə qayıdanda da yolboyu bu mövzuda danışdıq.

Nihata dedim ki, 28 yaşım olacaq bu yaxınlarda, bilmirəm ömrümün nə qədəridir bu 28 il, amma ortalama insan ömrünün hardasa yarısıdır və bu 28 il içindəki Ulucayın kim olduğunu, nə etdiyini soruşan olsa, yazmaqdan başqa deyə biləcəyim nəsə yoxdur. Yaxşı yazmışam, ya pis, bu, başqa məsələdir. Amma yazmaqdan, ədəbiyyatdan, sözdən daha vacib nəyləsə məşğul olmamışam. Ona görə də, yazmağı, ədəbiyyatı sevirəm. Kiminsə ədəbiyyatın mənasız bir şey olduğunu deməsi, ölkədə lap bir nəfər kitab oxuyan adamın olmaması belə məni narahat edə bilməz. Çünki bu dünyada sözdən daha güclü, sözdən daha dəyərli heç nə görməmişəm. Əgər varsa görəniniz, biləniniz, deyin, mən də bilim.

Söz Prometeyin allahlardan oğurladığı oddur.

Söz Maksim Qorkinin “Qarı İzergil” əsərindəki Dankonun köksündən çıxarıb zülmət yolu aydınlatdığı ürəyidir.

Söz Dante Alyeqirinin “İlahi komediya”da keçdiyi yollardır.

Söz Raskolnikovun ardınca gedən Sonyadır.

Söz həm də Don Kixotun taxta qılıncıdır.

Nihat, elə onu deyəcəkdim ki, nə yaxşı ki söz var və onu tanrıdan başqa heç kim insandan ala bilməz.

# 3165 dəfə oxunub

Oxşar xəbərlər

Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

12:00 26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

15:00 25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

12:00 25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

09:00 24 oktyabr 2024
# # #