Kulis.az Cavanşir Yusiflinin Samirə Əşrəfin “Yapon yaylığı” hekayəsi haqqında yazsını təqdim edir.
Bədii əsər, bədii mətn sistemində heç nə təsadüfi deyil, əsər-mətnlə bağlı bütün kateqoriyalar bir-birilə müxtəlif planlarda bağlanır, bir-birini doğurur, bir-birinə qarşı "casus" statusu ilə fəaliyyətdə bulunur və zahiri "asan" keçidlərin daxildə, bədii əsərin dərin sistemində necə qəliz xarakterdə olması bütün hallarda "gizli" qalır. Reseptiv sistem var, burada bəri başdan nəzərdə tutulan, bədii əsər sistemində fəal rol oynayan nəsnələr sonda əsər boyu baş verən metamorfoza nəticəsində görünməz olur, yəni həll edilir. Oxucu bu sistemdə mühüm halqadır, belə deyək, bəri başdan onunla, onun görünməz iştirakıyla yazılan əsər necə olursa, başqalaşır, müəllifin təxəyyülündəki oxucunu inkar edib saysız-hesabsız resipiyentlərə ünvanlanır. Səhnə əsərini yazan dramaturq necə bu və ya digər personaj üçün konkret aktyoru nəzərdə tutursa, nəsr əsərinin müəllifi də istənilən təhkiyə mətnini "gizli oxucu" üçün nəzərdə tutur, sonda elə özü bu gizli oxucuya çevrilir, öz əsərini başqa bir şəxsmiş kimi oxuyur; daxildə gedən prosesdən məqsəd nədir: bu kateqoriya sona qədər parçalanmalı və bu parçalar saysız-hesabsız bütövlərə çevrilməlidir. Yalnız müəllifin bildiyi, tanıdığı oxucu bilinməzliklərə qarışır, daha doğrusu, konkret, bilinib-tanınan oxucular arasında "paylaşdırılır", onların hiss və davranışlarında iştirak edir ("Casus" kimi). Bir də yalnız yazıçının bildiyi sözlər var. Bir əsər o bircə sözdən yaranır, dünyaya gəlir. Yaxınlarda bir yazıçı mənə yazmaq istədiyi mövzudan danışdı. Bu əhvalatı neçə gündü mən də beynimdə, ürəyimin hansısa guşəsində yazmalı oldum. Hər təzə sətri yazanda əvvəlkilərin pozulduğunun, onların üstünü "su basdığının" şahidi oldum. Müəllif Qarabağ müharibəsi zamanı və işğaldan keçən illər ərzində hər gün böyüdüyü evlərini anır və var gücüylə o evi, həyət-bacanı olduğu bütün yerlərdə bərpa etmək istəyirmiş. Çünki təkcə o ağac, palçıq, daş-divardan tikilən ev itməyib, adam atasını, ən önəmlisi, yurdla bağlı ən önəmli nəsnələri də itirib. Bunları indi yaşadığı yerlərdə bərpa etmək; kənddəki evə tam bənzər bir ev tikmək, həyət-bacanı o şəkildə vizuallaşdırmaq... ağrını, iztirab və dərdi birə-min artırmaq anlamına gəldiyini bilərəkdən bu arzunun qulu olmaq nə deməkdir? Bax bu hekayəni yalnız müəllifin bildiyi bircə söz yaradıb (müəllif o sözdən asılıdır, bu mənada tam müstəqil deyildir-!), o söz nə qədər canlı, oynaq, görümlü olsa da, necə deyək, əllə tutmaq, ifadə etmək mümkün deyildir. Yalnız müəllifin bildiyi söz insanın ruhuna hopan bir yaşantının qaysaq yeridir, hekayə, roman, dastan o yerin, o qaysağın qopardılmasıdır. Bu məqamda yadıma başqa bir əhvalat düşdü və bunu müəlliflə bölüşdüm. Yazıçı və ədəbiyyatşünas Şklovskinin oğlu Böyük Vətən müharibəsində şəhid olur, yanıb kül olur. İllər sonra onun döyüş yoldaşı bu hadisəni Şklovskiyə danışır. O dəmdən etibarən Şklovski hər gecə yuxusunda oğlunu, o son səhnəni görür, yuxuda (bir gözü açıq, o biri qapalı...) nə qədər oğlunu o alovun içindən, o yanğının bağrından qoparmaq istəsə də buna nail ola bilmir. Bu da yalnız müəllifin və tanrının bildiyi bircə sözün içindəki "yanğından" törəmiş bir nəsr mətnidir.
Yalnız yazıçının bildiyi sözlər var. Ancaq onlar bizim bildiyimiz, tələffüz etdiyimiz sözlərdən çox da fərqli deyillər. Bəzən bu söz əsərin başlığına çıxar (Spartak, yamacda nişanə, ağ liman, polkovnikə kimsə yazmır, yad, dünyanın arşını...), bəzən içində, sətirlər arasında dolaşar, oxucu, kitabı əlinə alıb oxuyan kəs unutmamaq üçün onu yaddaşına yazar, hər dəfə yadına düşəndə bu sözü təzəlik kimi qəbul edər, ilk dəfədir eşidir kimi. Yalnız yazıçının bildiyi söz tələffüz üçün deyil, danışmaq üçündür. Necə yəni? Yazıçı bu sözlə danışar, adi insanla danışdığı, ünsiyyət qurduğu kimi, salamlaşar, onun qarşısında özünü yığışdırar və ona hər dərdini deyər. Bunu ondan başqa kimsə bacarmaz. Başlığa çıxan söz istiqamət bildirən cəhətlər kimidir, harda olduğunu, sənin dünyanı nə qədər öyrəndiyini göstərər. Yalnız yazıçının bildiyi sözlər hardadı, hansı mənasızlığın içində, mətnə "təsadüfən" daxil olan və onu bu dünyanın havasına qəribləşdirən hansı sözlər arasındadı? Bir-birinin dalınca nəql edilən hadisələr ("Min bir gecə" nağıllarında) həmin sözləri hardan dartıb məna məmləkətinə gətirir? Bu nağıllarda Şəhrizad ölümdən qaçmaq, qurtulmaq üçün şifahi nitqdən - sözlə ovsun oxumaqdan istifadə edir. O, nağılları Şəhriyara gözlənilməyən bucaq altında, gerçəkliklə ölümün sərhədinə qısılmış vəziyyətdə danışır və bu üsul növbəti gecəyə pəncərə açır, günlər bir-birini əvəz edir, ölüm sözlərin arxasında, insan nəfəsinə çata bilməyən məsafədə qalır. Bu məqamda yalnız nağılçının bildiyi sözlərdən bəhs etmək olar. Axtarsan, bu sözü Şəhrizadın danışdığı nağılın içindəki sözlərdə tapa bilməzsən, bu söz təhkiyənin bətnindən doğur və məhz o, süjet-kompozisiya quruluşunun fəlsəfəsini ifadə edir. Başqa bir cəhət Borxesin kitab haqqında essesində əksini tapıb. Borxes bu essedə tez-tez memarlıq metaforasından söz açır. Ona görə, "Min bir gecə" nəsildən-nəslə minlərlə insanın tikib qoşduğu qotik üslublu camelər sırasıdır. Onun fikrincə, bu insanlardan heç biri bu möhtəşəm kitabın inşasına yardım etdiyinin fərqində olmayıb.
Yalnız yazıçının bildiyi söz(lər) daha çox ölümlə bağlıdı, kim olursan ol - şair, nasir, dramaturq, esseist, daha kim… üzünü ölümə tutub yazırsan, bu son sözü həyata qaytarmaq üçün. Ona başqa, fərqli don biçmək üçün… Yazıçı nəyi unutsa da, o bircə sözü ölənə qədər unutmaz.
Nəsrdə bəzən əhvalatın nəql edilmə tərzi özü-özündən ortaya elə şeylər çıxara bilir ki, müəllifin özü də sonradan buna təəccüb edir, yəni, əslində, bu mənaların görünməsini hesablamamışdım, - anlamında. kulis.az saytında Xalid Kazımlının son hekayəsi (Çe Gevaranın Bakıda adam bıçaqlayan adaşı) belələrindəndir, təkcə o qəribə adamın bardyur boyunca kəndirbazlıq etməsi, tarazlıq yaratma cəhdləri və sair vaqeələr (həm də bir qədeş kimi özünəxas mədəniyyət və əxlaq kodeksinin nitqində dəqiq ifadə edilməsi) məhz hekayə bitdikdən sonra necə deyək, dumanı çiskinə qatır... Ancaq söhbət Xalidin yox, Samirə Əşrəfin "Yapon yaylığı" hekayəsindən gedəcək. Hekayədə ulduz, qızılı işləmə, Ay işığı, günəş... adları az-az işlənsə də, onların hər birinin vəziyyətlə bağlı aşıladığı hissiyyat dərhal hiss edilir və əvəzlənir. Ekspozisiya hissəsində belə bir pasaj var: Yaqub əlini biixtiyar ulduzlara sarı uzadır, titrəyən barmağı özündən xəbərsiz ən zəif ulduza tuşlanır. Yəni tale məsələsi... Sən ən gözəl bir duyğunu ürəyində bəsləyə bilərsən, illərlə ağır zəhmətə qatlaşıb ürəyində ona əbədi yer seçərsən, ancaq o bir gün səni tərk edər, dəli kimi bütün dünyanı gəzsən də tapmazsan, heç bir yerdə iz də qoymaz. Yapon yaylığındakı qızılı işləmələr Yaqubun diqqətini çəkmiş, yaylıqdakı qırmızı rəngin dərinliyi, büküldüyü plyonkanın sürüşkənliyi tale adlanan nəsnənin gələcəyini bildirirmiş. İki detal: qızılı işləmələr və plyonkanın sürüşkənliyi, başlanğıcda hər ikisi eyni hissiyyatı yaradır və gücləndirir, hekayə boyu onlar hiss edilmədən bir-birlərindən aralanırlar, əsas məsələ də elə budur. Qırmızı rəng bir qayda olaraq həyat və ölümün canlı yaddaşını simvollaşdırır. Buna görə də aşağıya, dərinlərə getdikcə (cazibəsi səni tutub apardıqca) səthdəki heyranlıq yaradan cizgilər tündləşir, "qaralır", səni ölüm, şəhvət və digər duyğu yarğanlarından keçirir. Ağ rəngsə boşluğa işarədir, hər şey əriyib, sürüşüb, yox olub gedəcək, izi-tozu qalmadan...
Müəllif deyəcəyi həqiqəti, nə olur-olsun, adi bir şeyə, adi nümunəyə, sözə çevirmək üçün əlindən gələni edir, məişət, mətbəx söhbətləri girir araya, yaylığın yol boyu oxuduğu türkü gənc adamın ürəyini işıqla doldurur və bu əşya ilk andan onun ən çox sevdiyi nəsnəyə çevrilir. Bir misal var: nəyi çox sevərsən, onun da qurbanı olarsan. Hər şey işdən qayıdanbaş Ələkbərin mağazasının yanından keçəndə baş verir və onun taleyinə dönüşür. Bu hadisə, yəni taleyi müəyyənləşdirən məqam hər kəsin başına bir gün gəlir və o adam bunu hiss etmir, sonradan nə qədər qovğa yaransa da, bunu anlamır, onun başına bəlalar gətirən yaylığın, ya nəyinsə dərinliyindən süzülüb gələn ilahi səs onu məcbur edir ki, daha irəli getsin. Hekayədə bu hissiyyat adi nəql yolu ilə verilib. Sanki adi bir olaydı, mən də bunu sizə illər boyu içimdə daşıdığım qüssədən xilas olmaq üçün danışdım. Məhz danışdım, oldu, bitdi. (Yalnız müəllifin bildiyi söz də məhz bundan sonra başlanır...). Yaqub taleyinə dönən yaylığın ucundan bir il türmədə yatıb, həyatda başı daşdan-daşa dəyib, ürək xəstəliyi tapıb, insult keçirib, arvadı Alagözün təbirincə biri də vursa yerində qalacaq. Ancaq bu tip xəstələrdə siqaretə, özü də onu gizlində çəkməyə qarşısıalınmaz şövq olduğunu hamı bilir. Siqareti (elə dərdi də) qullab-qullab içinə çəkib dünyadan xilas olmaq da şüuraltı həvəs kimi gəlir. Hekayədə göstərmək adına bir neçə detal var, dərdi, sarsıntını qabaqcadan arı vızıltısı kimi hiss etməsi onu bütün ömrü boyu müşayiət edir. "...Yaqub dükana çatanda qulağına qəfildən arı vızıltısı doldu, daladı üz-gözünü, amma buna məhəl qoymayıb içəri girdi. Yaqub yaylıq adı çəkən kimi Ələkbər üz-gözünü turşutdu:
- Yoxdu. Elə sənin arxanca arvadlar nə var, nə yox silib süpürüblər. Bircəciyi də qalmayıb.
- A kişi, biz səni tanımırıq. Sən o yaylıqdan yüzünü geriyə atmasan, gecə yuxun qarışar. Çox uzatma, ikisini ver, pulunu da artıqlaması ilə götür.
Amma Yaqubun təhər-töhməti, hərbə-zorbası Ələkbərə kar etmədi. Çıxanda gözucu baxdı, pəncərə şüşəsinə arı yapışıb qalmışdı, deyəsən, ölmüşdü".
Arı sancması ürək ağrısıdır, onun ağ, şəffaf şüşənin üstünə yapışıb qalması bütün rəngləri ölüm, həsrət, dərdə kökləyir. Hekayədə iki istiqamət, həm hadisənin az qala yerli-yataqlı, səliqəylə nəql edilməsi, həm də işarələr - bir az sonra olacaqları yanıb-sönən işarələr kimi göstərmək mətndə mənaçoxaldıcı nüvə rolunu oynayır və onun funksionallığını gücləndirir. Başqa bir işarə barmağının titrəməsi ilə bəxt ulduzunun zəifləməsi, sönməsi də funksional məqamdadı, yəni nəqldə "unudulan" mətləbi yenidən mətnə qaytarmaq. Müəllif yaylığın adi bir olay olduğunu deyir və "unudur", ancaq onun dərinliyində batmış çox kədərli bir səs dərinlərə getdikcə və göydəki ulduzu sönüb yara yerinə bənzədikcə (sanki o ulduzu da, günəşi də arı sancmışdı...) unudulan əşya tale kimi Yaquba yavuq gəlir, bu dəfə əbədilik.
"...Yenə qulağına arı vızıltısı gəlirdi. Yaqub eyvanın küncündəki siqaret qutusunu çıxarıb bir gilə siqaret götürdü, kibriti yandırıb çəkməyə başladı. İçərisindəki alov isə sönmək bilmirdi. Üçüncü siqaretdən sonra Yaqubun başı fırlandı. Damağındakı siqaretin közünün sönməsi ilə səmadakı sönük ulduzun işığının itməsi bir oldu.
Günəş Şərqdən çırtlayıb göyün üzünə qalxanda, Yaqubgilin eyvanından asılan yapon yaylığı ipdən sürüşüb döşəmədə uzanlıqlı qalan Yaqubun üzünü örtdü".
Yalnız yazıçının ürəyinə gələn, onunla tanrının bildiyi sözün enerjisi bitib-tükənmir... /edebiyyatqazeti.az/