Türmə həyatının başlanğıcı - Hekayə

Türmə həyatının başlanğıcı - Hekayə
9 yanvar 2021
# 13:54

Kulis.az hər həftənin şənbə günü, saat 13-30-da mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlayır. Məqsəd 80-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən olan E.Əlləzoğlunu oxuculara daha yaxından tanıtmaqdır.

Növbəti hekayə: “Başlanğıc”

Deyəsən, külək obaşdan başlamışdı. Çünki ötən gecə bir qırıq çimir eləməmişdi, bayırda da sakitlik idi. Yuxu onu sabaha yaxın tutmuşdu. Deyəsən, külək də elə o vaxt başlamışdı.

Əslində küləyin onun işlərinə qarışacağı yoxdu. Üç günün əsəb yağışından sıxılıb yumağa dönmüşdü. Təkcə bir arzusu vardı: bütün bunlar - əsəbini gəmirənlər; arvadların göz yaşı, kişilərin onun başına ağıl qoymaları, qohumların arası kəsilməyən get-gəlləri tez sona varaydı...

Səhər tezdən avtobus adamsız idi. Yəqin bundan sonra işə gedənlərin basırığı başlayacaqdı. Küçələr, səkilər yuxudaydı. Çöl adamlarından fərqli rayon adamları günortayacan yatır. O, bunu əvvəldən, hərdən şəhərə qohumgilə gedib qonaq düşəndən bilirdi.

Avtobus dayandı. Arxa qapılar qarmon qırışı kimi yığşırıldı. Burada düşməliydilər.Tələsmədən bir-bir aşağı endilər. Avtobus tərpəndi. Onlarsa üzüyuxarı yollandılar.

İrəlidə gedən enlibalaq şalvarlı, meşin pencəkli kişi əmisi, bir qədər arxada addımlayan dolu, onun üzünə baxmaq istəməyən kişi isə dədəsiydi. Fikirli-fikirli susurdular.

- Əsası qorxmamaqdır, yalanı da doğru kimi yeritməkdir. - Siqaret çəkən kişi dedi.

Bu sözlər ona aid idi. Amma cavab vermədi. Axı nə deyəydi? Sarıqlı əlini cibinə sıxdı. Bir həftəydi ki, bu cür məsləhətlərə qulaq asmaqdan bezar idi.

Milis idarəsi ağ rəngli binaydı. Bomboş, adamsız həyətdən keçib yuxarı çıxdılar. Soldakı otaq növbətçi milisin idi. İrəlidəki kişi milisə salam verdi, müstəntiqin gəlib-gəlmədiyi ilə maraqlandı.

Müstəntiq yox idi. Müstəntiq işə vaxtında gələcək, əlindəki açarları şaqıldada-şaqqıldada dəhlizin sonundakı otağın qapısını açıb onu içəri salacaq. Əsl həngamə də elə o vaxt başlayacaq.

Vestibul, dəhlizin döşəməsi tər-təmiz yuyulub silinmişdi. Divardan asılmış müxtəlif şüarlar göz qamaşdırırdı. Kişilər pəncərədən növbətçi milisin otağına baxır, öz aralarında xosunlaşırdılar. Divara söykənib küləyin səsinə qulaq asırdı.

İndi onun üçün heç nəyin zərrəcə fərqi yox idi. İstəyirdi ki, bütün bu oyunlar, canını boğazına yığmış sorğular, qohumların hər gün dəstə-dəstə onlara axışması, arvadların içini çəkməsi, üzlərini cırması, kişilərin adam tapmaq üçün başlarını yormaları, hər şey... tezliklə qurtarsın.

Amma müstəntiq elə bil onu sezmir, bir qırıq da tələsmir, onun dilinin qıfılını açmaq üçün yüz cür oyun çıxarırdı. O isə kişilərin öyrətdikləri sözləri ürəyi bulana-bulana, tutuquşu kimi təkrar edirdi. Hər dəfə də özü öz gözündən düşür, içini yeyə-yeyə qalırdı.

Hər şey keçən qışdan başlanmışdı. Sarı Mustafanın oğlu basdı yığıb onun bacısını qaçırtmaq istəmiş, qonşular isə qızı saldıra bilmişdilər. O gün Arxaşandan qayıdanda elə bil hər şey irəlicədən ona əyan olmuşdu. Qoyunu gətirib xalxala doldurandan sonra yal yeyən itlərə baxdı, nədənsə içinə dolan üşütməni anlaya bilmədi. Xalxalın ağzındakı yəhərli-yüyənli ata atıldı.

Çoban yoldaşı Məmtiyə:

- Kamıla de ki, ova getdim. Gecə qayıdacağam.

Külək ağzından qopan sözü götürüb apardı. Atı dəhmərlədi. Çöl, təpə, dərə başına fırlanırdı.

Kəndə girəndə qan-tərə batmış atın yüyənini çəkdi. At adi yerişiylə yeriməyə başladı.

Dünəndən yağan qar ayağının altında xırçıldayırdı. Çaxçaxların qapısı sazaqdan aramsızcasına cırıldayırdı, həyət-bacada görünən qız-gəlinlər başını qaldırıb ona baxır, tez də gözlərini başqa səmtə yayındırırdılar. Rastlaşdıqları kişilər salamdan başqa heç nə demirdilər, hal-kef tutmaq yox idi. Təkcə Ələsgər: - Gəlişin indidimi? – dedi. Nəsə onun səsindən sezdi: - Nolub ki? – xəbər aldı.

- Heç əşşi, - Ələsgər üzünü döndərib getdi.

Həyət qapısı açıq idi. Atın yüyənini ağacın budağına keçirdi. Qapıya çıxan olmadı. Onun içəri keçməsi özündən başqa heç kimi səksəndirmədi: bütün qohumlar, ərli-arvadlı, çolma-çocuqlu otaq dolusu dövrələmə oturmuşdular. Kişilərin bənizi ağarmışdı. Bir anlığa başı hərləndi, ürəyi sıxıldı, nəzərləri adamlardan sıyrılıb dədəsinə sancıldı.

Sonra nə danışdılar, nə dedilər, nə qoydular, o heç nə eşitmədi. Bədəni uçqunurdu. Qapını açıb yuxarı yüyürdüyü də yadına gəlmirdi. Qarlı yol ayaqlarının altında yıxılıb qalxır, uzanıb enlənirdi.

Yolda kimsə onun ortasından keçdi. Arxada yüyürənlər ona çatıb qolunu burdular. Yorulanacan kişilərin əlində atılıb-düşdü, qovruldu, bir neçə dəfə pırtlayıb çıxdı. Amma yenidən onu tutdular. Sonra qolları sustaldı, ayaqları zəiflədi. İçindən çıxan isti fıyqırtı qaldı. Kişilər onu sürüyə-sürüyə evə gətirdilər.

Tavan çox uzaqda idi, elektrik işığının ölgün işığı da harasa tamam başqa dünyaya işıq salırdı. Başının üstündə durub nəsə hüdülləyib tökən kişilərin sözləri də nədənsə gəlib ona çatmırdı. Ətrafda onu əhatə edən hər şey döyülmüş, təhqir olunmuş, gücü tükənmiş kimi zəif və taqətsiz idi.

Sonra kiməsə şikayət ərizəsi yazdırdılar. Kişilər hər gün ona baş çəkir: “Belə yaxşıdır, - deyirdilər, - ona bir toy tutaq ki. Belə yaxşıdır, hökümətin əlindən...” Sonra yenə qapını üzünə bağlayırdılar.

Üç gündən sonra coşğun, kükrəyib aşıb-daşan qəzəbi səngimişdi. Bu dəfə ona iltifat göstərib qohumların tədbirində iştirak etməyə icazə vermişdilər. Küncdə oturub danışılanlara qulaq asırdı və hamının münasibətini bütün aydınlığı ilə görürdü. Kişilərin bir neçəsi barışıqlığa gələn minnətçilərə razılıq vermək üçün dil tökürdülər. Bir ayrılarısa: “Hökumət bilər, onlar bilər, - deyirdilər, - tökülsələr bəsdir”.

Onun gözlədiklərini - vuraq-tutaq, asaq-kəsək - heç kim demirdi. Başa düşdü ki, qohumları ona görə vuraq-tutaq demirlər ki, hamısı bu işdən ayrı-ayrı bəhanələrlə yaxalarını bir az qırağa çəkmək istəyir. Amma qohumlarından umduğu məhz həmin “vuraq-tutaq” sozüydü. Bu sözün əvəzinə tamam ayrı şeylər danışırdılar, onunsa bu boş sözlərə ehtiyacı yox idi. Bildi ki, nəzərdə tutduğunu özü tək başına eləməlidir. Elə bil bu fikirindən içi gərildi, qolu qüvvətləndi. Qapını vurub öz otağına getdi. Sırıqlısını götürdü, atı yəhərləyib binəyə yola düşdü.

Anası onu hamıdan tez anlamışdı. Kişinin puçunu burub rayona yolladılar. Amma işlər deyəsən pis gedirdi, şahidlər ifadələrini geri götürmüşdülər. Sonuncu gün atasının üzündə sozalıb öləziyən o sonuncu ümidi gördü. Get-gəllərin yorduğu təkləmiş kişi işığın altında oturub uşaq kimi zarıyırdı.

Sonku günlər yumru təpələrin yamacları, qoyun sürüsü, çoban itləri, cidarlı atlar, dərəni qılınc kimi kəsib ikiyə bölən sısqa çay lal-dinməz, anlaşılmaz şəkildə durub qalırdı. Gecə ay doğanda, təpələrin yalınlığında qurd ulayanda dişini qıcırdırdı. Elə bil gözəgörünməz bir qüvvə saçından tutub onu dik qaldırırdı. Təpənin bələnini aşa-aşa əlindəki dəyənəklə payızdan qalmış quru otları budayırdı. Xeyli beləcə, dərədə, təpədə cin kimi gəzib qayıdır, obaya sarı baxa-baxa içində at ayağının tappıltısını eşidirdi.

Ocağa, gecənin içində ölgün-ölgün işaran sısqa çaya: dirəkdən asılmış qoşalüləyə baxa-baxa içindəki qurdun səsini eşidirdi, qurdun ıslaq burnunun selikli təmasını hiss edirdi, qıc vurmuş kimi bədəni uçqunur, həyacanından durub binənin dörd yanını dolanıb, yenidən yerinə qayıdırdı.

Lilli Qaranın oğlu ocaq işığında oturub ona baxırdı. Ona nəsihət eləyirdi. Sözü təsir eləməyəndə bezir:

- Mən sənə sarıyam, sən də şeytana, - deyirdi. Yapıncısına bürünüb allanan göy üzünə baxırdı.

Yumur-yumur, yan-yana sinmiş, üz-gözü didik-didik olmuş qayalara, təpələrə dolana-dolana enib düzlərə gedən torpaq yol, payızdan qalmış quru otların küləkdən titrəməsi, allanan sabah, gözünə dolmuş qar gözlədiyi günü ona sarı gətirirdi.

İndi qəzəbi sıyrılmış bıçaq kimiydi. Amma düşməni ortalığa çıxmırdı: haradasa gizlənirdi. Ancaq bilirdi, gec-tez üz-üzə gələcəklər.

Həmin o gün, axşamtərəfi rastlaşdıqları gün ürəyi sevincindən, həm də həyacanından döyünməyə başladı.

Nəhayət! Düşməni elektrik dirəyinə çiyinlənib kimləsə söhbət edirdi. Ona elə gəldi ki, min ildir bu yolu gəlirdi, bu yol qısalmırdı. Tükənmirdi, axırı görünmürdü. İndi isə bu yol qısalmışdı, arada beş-altı addım qalmışdı.

Düşməni onu gördü, amma nədənsə qaçmadı, üzündə günahkar bir təbəssüm əmələ gəldi, bir an gözləri bir-birinə dikildi, sonra dişlərinin arasından hansı sözsə qopdu, bıçaq elə bil dərin boşluğa işlədi.

Sonra hər şey qurtardı. Küçə işığında düşməninin qatı qara qanını gördü və həmin an anladı ki, özündə heç bir günah yoxdur, sanki ürəyinin başında daşlaşmış qəzəb gilə-gilə əriyib bıçağın tiyəsindən tökülüb itmişdi.

Kimsə tamam yad bir adam qan içində iki qatlanıb qıvrılırdı. Daha heç nə xatırlamırdı, elə bil, dünya ilə arasını nazik bir örpək çəkmiş, hər şey bu gecənin qaranlığının o üzündə qalmışdı.

Kimsə arxadan onu tutub maşına basdı. Zəif işıq sifətini yalayıb keçdi. Sonra kim idisə maşını işə sala-sala iki daşın arasında nəsə soruşurdu. Yəqin deyirdi necə vurdun, niyə vurdun. O heç nə anlamadı, key-key oğlana baxdı. Sonra nəsə mızıldandı, amma dediyi sözün nə olduğu yadına gəlmirdi. Elektrik faraların işığında yol yenə yıxılıb qalxır, uzanıb ennənir, çəkilib gödəlirdi. O yolun kənarıyla əli dəyənəkli hadisə yerinə qaçanları maşının işığından üzülüb aşağı yüyürdüyünü görür və nə hadisə baş verdiyini heç cür anlaya bilmirdi.

Qohumlar, qonşular elə bil yerin altından pırtlayıb çıxmışdılar, nəfəsləri təntiyə-təntiyə nəsə danışırdılar, arvadlar “ömrü-günü doğranmışa” qarğış eləyirdilər.

...Kabinet balacaydı, stolun üstündəki telefonun yanında göyəm rəngli külqabı vardı. Divarda çərçivəyə salınmış şəkildə ağ-ağ göyərçinlər uçurdu.

Müstəntiq onun ifadəsini oxuyurdu. Amma o heç nə eşitmirdi. Nə səs, nə kabinet, nə yazılanlar ona heç nə demirdi. İndi kişilərin ona ifadə verməyə öyrətdikləri sözləri təkrar edərkən içinə dolan soyuqluq, üşünmək də o üzdəydi. Haradasa dərin dərələrin dibinə sinmiş qurdun səsi qulağında cingildəyirdi. Bu gün yerli-yataqlı danışmışdı, müstəntiq də başını yazdığından ayırıb matdım-matdım ona baxmışdı.
Müstəntiq yazısını oxuyub axıra çıxdı. Sonra dırnağı ilə nişanladığı yeri göstərdi: - Qol çək, - dedi.

O, bayıra çıxan kimi dədəsi ilə əmisi içəri cumdu.Onları gözləmədən dayanacağa sarı addımladı.

...Kəndə milis vilisi iki gündən sonra gəldi. Bu iki gün gözləməkdən keyləşmişdi. Əsəbiləşir, tez-tez hövsələdən çıxırdı ki, onu niyə həbs etmirlər. Diri gözlü uzanıb arvadların ağılarına qulaq asmaq onu cana doydurmuşdu.

Qohumları tamam başqa qayğının içindəydilər. Harasa gedib-gəlir, sələminnən pul götürür, adam axtarırdılar. Özü haqqında düşünüb-daşınmaq artıq tamam ayrı adamların ixtiyarına keçmişdi. O, təkcə uzanıb gözləyirdi.

Maşına minəndə yenə arvadlar ağız-ağıza verdilər. Dözə bilməyən kişilərin bir neçəsi əli ilə üzünü tutdu. Adamların içində təkcə qonşunun qızını gördü. Bu qızla uzaqdan-uzağa baxışırdılar. İndi anladı ki, bu iki günün içində qonşunun qızının onlara gedib-gəlməsi, ona görünməsi əslində vidalaşmaq imiş.

Maşın tərpənəndə bir səs o biri səsləri üstələdi:

- Öyümü, eşiyimi satıb səni qurtaracağam, ay bala, ay bala.

Anası idi. Amma qadının səsi onu kövrəltmədi. Qonşu qızı görmək üçün çevrildi. Amma qapılar bağlanmışdı.

Kəndin kələkötür yolları düyün düşmüş yumaq kimi yığşırılıb geridə qaldı.O büzüşüb küncdə oturmuşdu.

Payız idi. Yol boyu düzülmüş alma ağacları hər il olduğu kimi bu il də bol bar gətirmişdi. Yarpaqlar saplağından qopub yola səpələnmişdi.

Bağları ötəndən sonra o fikirləşdi ki, görəsən, türmə dedikləri necə olan yerdir, türmənin də qapısı, pəncərəsi varmı, oradan dağlar, göy üzü, günəş, bir də ağaclar görünürmü?

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #