Ehkama çevrilmiş adət-ənənələrin yenidən dəyərləndirilməsi yaxşı cəhətdir. Hətta inkişafın rəhnidir. Lakin keçmişi dürüst anlamadan onu inkar və ya dekonstruksuya etməyə çalışmaq yaxşı nəticə vermir. Bu mənada yeni düşüncəli qələm adamlarının və bəzi oxucuların ehkam kimi qəbul edilən Qurban bayramına sırf materialist yöndən yanaşması məsələnin məğzini anlamaqda çətinlik yaradır.
Bildiyiniz kimi, əksər qədim qəbilələrdə insanı Tanrılara qurban vermək adəti vardı. Əlbəttə, zamanımızda belə bir ənənənin davam etməsi absurddur. İnsanı nəinki qurban etmək, hətta cəzalandırmaq məqsədi ilə də öldürmürlər. Mütərəqqi Qərb yeni dəyərlərə adaptasiya kimi ölüm hökmünün ləğvini ən vacib şərtlərdən biri kimi qoyur. Bu gün dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.
Qurban bayramında kontekst başqadır. Bu ənənənin kökündə dayanan məşhur dini əhvalatı da başqa əhvalatlarla qarışdırmaq olmaz. İbrahimin öz oğlunu Tanrı yolunda qurban kəsməyə aparması o dövrə qədər Tanrılara insanın qurban edilməsi ənənəsinin yenidən dəyərləndirilməsi, inkarı kimi meydana çıxıb və öz zamanı üçün olduqca mütərəqqi hadisədir. Çoxlarının dediyi kimi İsmayıl əhvalatı insanın dəyərsizliyi yox, dəyəri haqqındadır.
İbrahimin oğlunun canına qıyması istəyi reallıqdan çox məcazi məna daşıyır.
Biz dini kitablardakı əhvalatları realist mətnlər kimi oxumamalıyıq. Heraklın, Məlikməmmədin varlığına necə inanmışıqsa, İbrahimə və İsmayıla da o cür inanmalıyıq. Kimsə Heraklın məzarının yerini axtarmır axı. Yaxud, onun real mövcud olub-olmaması haqda düşünmür. Eləcə də Məlikməmmədin. Çünki bu obrazlar artıq məcazlaşıb və vacib olan onların real mövcudluğu deyil, daşıdıqları məna, aşıladıqları qənaət, ötürdükləri mesajdır.
Qurban bayramının mahiyyətində dayanan əhvalat da öz reallığı ilə deyil, məna-məzmunu ilə dəyərlidir. Söhbət ondan gedir ki, biz inandığımız dəyələrə nə qədər sadiqik və bu uğurda nələrdən keçməyə hazırıq?
Bu gün Azərbaycanda Qarabağ üçün övladından keçən ata-analar birər-birər İbrahimlərdir. Bu yolda könüllü qurban gedənlər isə İsmayılın özüdür ki var! Axı vətən də bir həqiqətdir və qüdsaldır. Vətən öz mənəvi ülviyyətində Tanrıya qovuşur və onunla eyniləşir.
Sevilən varlıq - yolunda ölənin canı bahasına verdiyi dəyərlə müqəddəsləşir.
İbrahim oğlunu Allahın istəyinə zidd getməyərək, qolu bağlı qurbangaha qaldırmaqla öz sədaqətini nümayiş etdirirdi.
Biz inandığımız həqiqətlərə müxtəlif cür şəhadət gətiririk. Birimiz dilimizlə, birimiz əməlimizlə, birimiz canımızla. İbrahim inandığı müqəddəsin varlığına övladından keçməklə şahidlik etdi. Lakin son anda Tanrı onun övladına qıymadı - əlindəki qılınc İsmayılın boğazını kəsmədi. Halbuki, kənardakı daşa çalanda onu iki bölmüşdü.
Biz qədim mətnlərə münasibətdə bəzən də yalanla təxəyyül arasındakı sərhədi itiririk. Yalan yalandır. Onun cövhərində gələcək üçün heç nə yoxdur. Təxəyyül isə öz mahiyyətində mütləq və mütləq gələcəyə nələrsə ötürən həqiqət daşıyır. Uçan xalça təyyarə, danışan qutu radio, sehrli güzgü televizor haqda gizli, şifrəli bilgilər daşıdığı kimi.
Qədim dini mətnlər daha çox magik-realist üslubdadır. Magik mətnlərin fantastikadan fərqi odur ki, yazan inanaraq yazır, oxuyan inanaraq oxuyur. Bizim milli nağıllar bu mənada ən yaxşı örnəkdir.
Uşaqlığın ülviyyəti nağıllara inanmaq bacarığıdır.
Bəs böyüyəndə necə olur?
Nağılların yalan olduğunumu düşünürük?
Əgər yalandırsa, niyə unutmuruq o nağılları?
Niyə bizi həmişə öz təsirində saxlaya bilir?
Biz böyüyəndə nağıllardakı zahiri əhvalatların şərtiliyini qəbul edir, daha çox onların mahiyyətindəki həqiqətə tapınırıq. Misal üçün, Cırtdanın divin boynuna saldığı dəyirman daşının çərxi-fələk, divi aparan çayın zaman olduğunu düşünürük. Çərxi-fələk azmı boyunlar əydi, zamanın nəhri azmı nəhəngi yuyub apardı?
Ümumilikdə bədii söz, poetik fikir məcazlar üstündə qurulur. Diqqət etsək, Şərqin ən yaxşı poeziya nümunələri məcazlardan ibarətdir. Şair sözünün “yalan” olduğunu açıqca etiraf edən Füzulinin bütün misraları irrasional məntiqlə qələmə alınıb. Lakin daşıdığı və aşıladığı məna və yaşantı olduqca rasionaldır.
Hər hansı fikir məcazla deyiləndə onun təsir gücü artır. Bəli, sənət məhz sol qulağı sağ əllə tutmaqdır. Belə olan təqdirdə fikir daha əsrarlı görünür və təsirləndirmə gücü birə-beş artır. Nağılların, miflərin və dini əhvalatların əsrlər boyu unudulmaması, tez-tez yada düşməsi və təsir gücünü itirməməsinin sirri burdadır.
İsmayıl əhvalatı da Qurban bayramını məcazlaşdırır və insanın dəyəri haqqında yaradılan bu ayinin bədii ecazını artırır. Tanrı göydən endirdiyi qoçla insanları müjdələyir, onların qurban kəsilməsini qadağan edir. Axı o, insanı özünə bənzər yaratmış, yer üzünün əşrəfi qılmışdı.
Qurban mərasimində hər dəfə cavan uşaqların alnına sürtülən qan genlərimizdə mürgüləyən qədim yaddaşı oyadır; bu qan səndən çıxmalı idi, amma Tanrın səni qorudu, sənin yerinə heyvandan qurban istədi, sevin, şənlən, rəbbinə şükr et və salamatlıq içində ol!
Lakin bu dünyada bircə varlıq var ki, insan onun yolunda qurban getməyi özünə şərəf hesab edir. Bu varlıq şübhəsiz ki, vətəndir.
Qurban bayramının kontekstində vətənə sevgini də görmək mümkündür. Tanrı özü üçün qurban istəmədi, lakin öz layiqli bəndələrinə vətənini qorumağı, lazım gəlsə onun yolunda ölməyi-öldürməyi əmr etdi.
Məhmət Akif Ərsoyun şəhidlər haqqındakı məşhur şeirində onları cənnətdə peyğəmbərin qarşılayacağını qeyd etməsi təsadüfi deyil. Şəhidlər İsmayılı, İmam Hüseyni xatırlatmaqla doğrudan da peyğəmbər övladlarına çevrilirlər.
Müqəddəs amallar üçün candan keçənlər insanların ən üstünüdür və bu ənənənin yaşı insanlığın yaşı qədərdir.
Bu gün dünyada ən üstün insan haqlarına sahib olan və bütün resursları ilə onu durmadan təbliğ edən inkişaf etmiş ölkələr də dövlət sərhədləri pozularsa, ölüb-öldürməkdən çəkinməz. İnsan vətəni üçün ölüb-öldürməkdən və o zaman çəkinəcək ki, vətən anlayışı əhəmiyyətini itirəcək. Bu isə çox yəqin başqa planetlərdə yaşayışın təmin olunduğu uzaq gələcəkdə baş verəcək.
Ümid edək ki, bəşəriyyət getdikcə kamilləşəcək, insanın heç bir halda qurban verilmədiyi bir cəmiyyət quracaq. Heç şübhəsiz, İsmayıl qurbanı ilə bağlı əhvalat o vaxt da öz aktuallığını saxlayacaq. Çünki əhvalatın hələ bizim üçün tamamilə açılmayan gizli kodunda bu gerçəklik də var.
"Vətən səsi" qəzeti