Qorxuram gözümdən düşəsən - Bircənin romanı

Qorxuram gözümdən düşəsən - Bircənin romanı
8 may 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Şənbə səhəri qızmar günəşini alnımıza tuşlayanda Cavidin Vüqar adlı dostu qapımızı döydü. Onun sənədləri yenicə hazır olmuşdu, iki gündən sonra oğlumun yanına uçmalıydı.

Vüqar da yetim böyümüşdü – atası dünyadan erkən köçmüşdü, anası şəhərdə təndir kirayələyib uşağını minbir əziyyətlə böyütmüşdü. Özü də qoçaq oğlan idi, həm oxuyurdu, həm də poçtalyon işləyirdi.

Cavidin ordakı müəllimlərinə bir xeyli milli hədiyyə almışdım: kəlağayı, çarıq, xırda xalçalar, şahmat dəsti, Xocalı soyqırımı haqqında broşüralar... Vüqarla bunların hamısını qabğardıq, uşağı yedirdib-içirtdim, cibinə də xərclik qoyub yola salanda qapının ağzında Həmidlə burun-buruna gəldik. Onun üzündə quduzluq tapmış süləngi itin baxışlarına bənzər ikibaşlı bir ifadə vardı – elə bil həm qorxur, həm də qorxutmaq istəyirdi.

Halımı pozmamaq üçün fikrimi ondan yayındırdım, Vüqarı qucaqlayıb öpüb yola salandan sonra əlimdəki suyu pilləkənə çilədim. Hələ oğlan blokdan çıxmamış Həmid onun qulağı eşidə-eşidə:

- Mən o sənədin dalınca gəlmişəm, - dedi.

Üzünə şinədim:

- Hansı sənədin?

- Sən qonağını yola sal, deyəcəm.

Vüqar pilləkəni düşüb gedəndə Həmid özünü evə təpdi. İstədim mən də uşağın dalınca çıxıb Aygünün yanına gedəm, ancaq əynimdəki nimdaş xalatdan, ayağımdakı qopuq çəkələklərdən arlandım. Bu görkəmdə tanımadığım kişiylə ailə qurmuş rəfiqəmə gedib nə deyəcəkdim?

Üst-başıma bir də baxandan sonra onun arxasınca evə girdim. Həmid açıq süfrənin başında dayanıb əllərini belinə vurmuşdu. Bir xeyli belə məni süzəndən sonra gözüylə süfrəyə işarə eləyib dedi:

- Həə, görürəm kefin pis deyil. Cavan oğlanı salıb yanına yağlı dolmadan, dovğadan yeyib ürəyində də mənə söyürsən, eləmi?

Doneşin duruşu, danışığı mənə gülməli gəldi. Onu sınamışdım, özünə yazıq görkəm verib qarşısında suçlu-suçlu boyun bükəndə bir az mırtlayıb susurdu, olmayan günahı da belinə şəlləyib sakitləşirdi. Elə ki güldün, adam təkərə düşürdü, kəkələyirdi, başını itirirdi, neyləmək lazım olduğunu bilmirdi. Mən gülməklə onu bir müddətlik zərərsizləşdirə, səmtini azdıra, səbbini ala bilirdim.

- Sən dünən günortadan sonra işdə olmamısan, gecə də evə gəlməmisən. De görüm hardaydın, indi yola saldığın oğlan kimiydi?

O, sualları dolu kimi yağdırdıqca mən gülə-gülə süfrəni yığırdım.

- Mən Leninəm e, sənin kimilərin yüzünə kartı cüt-cüt vermişəm.

- Leninin boğazına kəndir bağlayıb bildin də hara atdılar, - deyib şaqqanaq çəkdim.

Üzümə diqqətlə baxıb süfrəyə çökdü, büllur qabdakı ləpəli gilas mürəbbəsinin ağzını açıb it kimi iylədi, mürəbbə qabının qapağını yerinə qoyub içinə kompot süzdüyüm qrafinin yanındakı armudu istəkanı götürüb imsilədi. Sonra qalxıb divar mebelinin gözlərini axtardı, nə vaxtsa kənddən gətirdiyim bəzəkli şüşədəki yarımçıq tut arağını götürüb süfrəyə qoydu. Gah ağzını açdığı şüşəni, gah süfrədəki istəkanları iylədi:

- İndi buna nə deyəcəksən? Gördün mən Leninəm?

- Kül sənin də, Leninin də başına! Ondan dərman düzəldirik, belimizə banka qoyuruq, boğazımızın ağrıyan yerinə yaxırıq.

- Sən dedin, mən də inandım. Sən cavan oğlan xəstəsisən, sən qəhbəsən.

Gülüşüm üzümdə quruyub ovxalandı:

- Qəhbə sənin arvadın, üstəlik də bacılarındı!

- Nə qədər sənə əl vurmamışam, düzünü de!

- Sən kimsən mənə toxunasan? Bəli, dediklərin hamısı doğrudu, mən cavan oğlanlarla mazaqlaşıram. Bunu görə-görə nə yapışmısan yaxamdan? Niyə rədd olub xarabana getmirsən?

Həmid domba gözlərini çanağında fırlada-fırlada qalxıb Ağabəy həkimin kitab rəfinə qoyduğum gülümsər şəklini qapıb gətirdi, şəkli gözümün qabağında oynada-oynada bağırmağa başladı:

- Mən hər dəfə bu şəkli bura niyə qoymusan soruşanda deyirdin o mənim ən sevimli dostum olub. Elə bilirsən inanırdım sənə?

- Cəhənnəmə inan, heç inanan günün olmasın, - dedim, - özün də murdar əlini vurma ona, qaytar qoy yerinə.

- Sən ruhi xəstəsən, ay bala! Bacılarımla, Şəfayla biz bunu çox müzakirə eləmişik.

Yenə gülməyə başladım:

- Niyə əziyyət çəkirdiz, soruşsaydız özüm deyərdim. Bəli, mən ruhi xəstəyəm, istəsən yatdığım xəstəxanaları da bir-bir sadalayaram.

- Sən bu kişini tanıyırsansa, deməli, Maştağada da yatmısan, - deyib Ağabəy həkimin surətini başının üstündə əsdirdi.

Qalxıb şəkli ondan aldım, əli dəyən yerləri sildim. Loğmanımın gülən gözlərinə baxmağa utanırdım, çünki o gözlərin indi mənə nə dediyini yaxşı bilirdim: “Bircəcik, nə gündəsən, - deyirdi, - mən səni bu dünyada beləmi qoyub getmişdim?”

- Maştağa nədi ki, ondan betər yerlərdə yatmışam.

Həmid boşqabda qalmış dolmanın birini ağzına atdı:

- Ruhi xəstələr də pedofil olurlar da, yəqin kitablarından oxumusan.

Dolma dolu boşqabı onun qarşısından götürüb mətbəxdə qazana əndərib geri qayıtdım:

- Mən oxuyan kitablarda ayrı şeylər yazılır, onları sənin beynin üyütməz. Bildinmi mən hansı yuvanın quşuyam, indi dur süpürül mənim evimdən!

- Günü sabah iş yerinə gəlib səni ifşa eləyəcəm. Sənin kimi xəstəni işə götürənin anasını ağlatmaq mənə borc olsun. Aaa, indi başa düşdüm e, sənin Elgün, Elgün deyib ağız dolusu danışdığın adam da cavan oğlandı axı...

***

Dinmədim. Araya yay kimi gərilmiş bir sükut çökdü; elə bir sükut ki, səsi qulaq batırırdı.

Ağlımı ələ almaq, onun oyununa girməmək üçün səbrimi-təmkinimi toplayıb özümə keşik çəkirdim. Əlbəttə, Doneş öz meydanında məndən qat-qat güclüydü, buna görə də həmişə məni dartıb öz dünyasına, öz müstəvisinə, öz çevrəsinə salmağa çalışırdı; it kimi bilirdi ki, mənim dünyamda onun üstünə göydən düşən bir damcıya, yerdən qonan bir toza da yer yoxdu...

Bu səfər dovğa dolu kasanı qabağına çəkdi. Kasanı da onun əlindən alıb süfrədə bir dişədəyər qoymadım. Həmid həm pərtliyini, həm də ağzının suyunu büruzə verməsin deyə başını paçasına soxmuşdu, bilirdim ki, onu yeməklərə tamarzı qoyduğuma görə məndən hayıf çıxmağın yolunu axtarır.

- Hələ bir öyrənim görüm sən ora necə düzəlmisən, kim sənin kimi dəliyə milyonları tapşırıb?

- Get nə öyrənirsən öyrən, kimə nə deyirsən de, axır açıl yaxamdan, rədd ol evimdən!

- Mənim sənin oğluna yazığım gəlir e, o, çox yaxşı uşaqdı. Oğlun gələnə qədər çalış köç buralardan, yoxsa yazıq başını küçəyə çıxara bilməyəcək.

Bu sözlər bayaqdan yendiyim hikkəmin üstünə bir vedrə benzin atdı:

- Ay alçaq, mənim evimə bircə pisniyyət, ləkəli, vicdanını itə atmış adam girib, o da sənsən. Sən hələ oğluma soxuşdurmaq istədiyin qızından danış. Bacım qızlarına şəhərə gəlib sərbəst olmaq üçün oxuyursuz deyirdin. Sənin qızın mənim oğlumun üzünü vur-tut iki dəfə gördüyü dostuna ismarış yazdı, onunla görüşüb öpüşdü. Arvadın evimə gələn oğlanların hansıyla mırt vurmayıb?

Mənim coşduğumu görəndə Doneşin səbbi alındı:

- Mən səni öz ailəmdən seçmək istəmədim, sənə öz xanımım kimi baxmaq istədim, gedib kəbin kəsdirdim, sən onu da cırıb atdın. Mən sənin hambalın, qulun olmaq istədim, mənə qədər nə olubsa hamısına göz yummaq istədim. Sən neylədin?

- Mənim nökərə-hambala ehtiyacım yoxdu.

- Sənin keçmişini araşdırmaqdan qorxuram, yoxsa kimlərin yanından gəldiyini iki dəqiqəyə öyrənərəm.

- Mən bütün izləri itirmişəm, öyrənə bilməzsən.

- Özümə yazığım gəlir, qorxuram nəyisə öyrənsəm gözümdən düşərsən.

Yenə isterik gülmək tutdu məni:

- Amandı, belə iş görmə! Sənin nəzərində uca məqama yüksəlmək bilirsən ki, məndən ötrü ölüm-dirim məsələsidi.

- Bax, yenə öz kəndçi maneralarından əl çəkmirsən. Mən səni şəhər adamı eləməyə çalışdım, sən istəmədin. İlk vaxtlar sənin əlindən düşməyən kitabları, bişirdiyin dadlı xörəkləri, açdığın süfrələri görəndə sevindiyimdən uçurdum. Arvadım əlinə düşəni salonlarda qoyurdu, amma sən kitab alırdın, süfrə alırdın, mürəbbə bişirirdin. Mən onda ürəyimdə sənlə fəxr eləyirdim.

Yox, daha bu üsullar keçməzdi, onun ehtiyatında belə maskalardan nə qədər desən vardı.

- Sonra da gördün əxlaqsızın, pedofilin biriymişəm, hə? Dur qapını çöldən bağla.

- Hələ də gec deyil, səni dəyişmək olar.

- Qozbeli qəbir düzəldər, tıncıxıram, dur çıx evdən.

Bilirdim onun yanında “tıncıxmaq” sözünü dilə gətirmək Həmidin atasına söymək kimi bir şeydi. Üzünü turşudub yana çevirdi:

- Mən sənə rus dilini ona görə öyrətmək istəyirdim ki, bu dildə daha maraqlı kitablar var. İstəyirdim sənin kitabxanan üçün rusca kitablar alım.

- Artistlik eləmə, çıx qapıdan.

- Nədi, olmaya indi də başqa qonağın gələcək?

- Düz tapmısan, elə indilərdə gələnim olacaq.

- Ona nə bişirəcəksən?

Doneşin tamahı qazandakı yeməklərə mır-mır mırıldayırdı, uşaq kimi ağzının suyu axırdı.

- Bu qonağın yediyini ona verəsi deyiləm, ona da üç bacı bişirəcəm. Di get.

- Sənin günün dolma bükməklə, dovğa bulamaqla, plov dəmləməklə keçir. Mən səni o işlərdən aralayıb xanım-xatın eləmək istəyirdim, sənə qazanın yanı maraqlı gəldi.

- Bəs niyə sallaqxana tulası kimi qazanlarımın dibini yalayırsan, adımı da kuxarka qoyursan?

Həmidin pırtlaq gözləri bir az da qabağa gəldi:

- Səndən yeddi yaş böyüyəm, tərbiyəsizlik eləmə. Getmirəm, oturub gözləyəcəm görüm gələn kimdi.

Bayaqdan mən çır-çır çığıran telefonların heç birinə cavab vermədikcə o daha çox təşvişə düşürdü, məni telefonu açmağa təhrik eləyirdi. Zəng vuranın Lalə olduğunu bilirdim, gözləyirdim bu, evdən çıxsın, bacımla arxayın danışım. Ev telefonu bir də çağıranda gördüm Həmid dəstəyi özü götürmək istəyir. Tez onu qabaqladım, bacımın səsini eşitcək ona gülə-gülə cavab verdim.

Uşaqlıqdan nənəm bizə bir neçə cür “quş dili” öyrətmişdi – məsələn, sözlərin hər hecasına “ba” hissəciyi artırmaqla bayquş dilində, “qa” artırmaqla qarğa dilində, “sə” artırmaqla sərçə dilində danışırdıq. Mən də bayquş dilində bacıma Doneşin bizdə olduğunu deyib dəstəyi yerə qoydum.

Bayaqkı dava-şavamız yalan oldu, adam yeddibaşlı ilana dönüb üstümə atıldı:

- İndi də oynaşlarınla parolla danışırsan? - deyib mənə qəfil bir şillə çəkdi.

Əvəzində mən də dəli dana kimi mözələk tutmuş Həmidin pıtıllamış kötüyə oxşayan cəmdəyinə tutarlı bir yumruq ilişdirdim. Gözünü yumub ağzını açıb ağlına gələn hər latayırı təpəm aşağı axıtdıqca mən də susmadım, dediklərini üç qatıyla özünə qaytardım. Deyişə-deyişə onu dəhlizə sıxışdırdım, qapını açıb saz bir təpiklə bayıra itələdim, arxasınca cəftəni şaqqıltıyla bağladım.

Mən dəhlizdən aralanmamış qapı ürkək-ürkək döyüldü. Gözlükdən baxdım, getməmişdi.

- İstəyirsən polis çağırım?

O üzdən batıq səslə yalvarmağa başladı – deyərdin bəs bayaqdan kükrəyən adam deyildi, fağırın, yesirin biriydi:

- Nolar, aç qapını ayaqqabılarımı geyim.

Şillə dəyən üzümü ovuşdura-ovuşdura onun hər tayı bir səmtə düşmüş andırlarına baxdım, eynən uşaq ayaqqabılarına oxşayırdı. Yenə abırsız gülüş içimi doldurdu:

- Düş aşağı, - dedim, - balkondan atacam götürərsən.

- Mama qəbri, geyinib gedirəm. Ayıbdı, belə necə düşüm həyətə?

- Eybi yoxdu, düşərsən, - deyib qapını üstəlik açarladım.

Əlimə sellofan torba keçirib ayaqqabıları götürdüm, balkonda azacıq gözləyəndən sonra Həmidin ayaqyalın aşağıdan kirkid kimi eyvanıma boylandığını gördüm. Hava istiydi deyə həyətdə kimsə gözə dəymirdi. Ayaqqabıları cütüylə eyvandan tolazlayıb içəri girdim, sonra da bir zaman Firəngiz elədiyi kimi sinə-sinə balkona qayıdıb bacım qızının müşahidə nöqtəsindən aşağı baxdım. Həmid cin dəymiş məxluq kimi devikə-devikə ayaqqabıları ayağına keçirib maşına oturdu, eyvanıma acıqlı bir baxış atıb tozanaq qopara-qopara getdi.

***

“Ya dərdi çəkməli, ya burdan köçməli” deyimini xatırlayıb divana çökdüm. Bu bəladan, bu şeytan duzağından az zavalla can qurtarmağın yolunu tapmalıydım. Lalə dərdimdən halıydı, bacımgilin ev nömrəsini yığıb dərdimin arxını ona sarı döndərdim.

- Sən də oturub-oturub orucunu poxla açdın, - haqlı söyləndi. - Nənəm demiş, əyni parıldaq, qarnı quruldaq. Bu gedişlə hələ səni çox bəlaya salacaq. Sən ondan niyə qorxursan axı?

- Gedib işimdə ağzına gələni danışsa neylərəm? Şər-böhtan demək onun əlində su içmək kimidi.

- Nə danışa bilər ki?

- Rəhmətlik Ağabəy həkimin şəklini görüb nə desə yaxşıdı – deyir gedib sizin ofisdə yayacam ki, Bircə ruhi xəstədi, dəlixanada yatıb, bunu bura kim işə götürüb?

- İt qorxağıdı, eləyə bilməz.

- Birdən heç gəlmədi, zəng vurub nəsə dedi. Ondan nə desən çıxar. Belə olsa müdirim o dəqiqə Aqilə xəbər verəcək. Onda da mən gərək ya özümü asam, ya da biryolluq yığışam gedəm kəndə. Aqili mən dünyasında inandıra bilmərəm. Necə izah verərəm qardaşıma, deyərəm kimdi bu adam, nəyimdi?

Lalə bir xeyli susdu. Hiss eləyirdim ki, bu ehtimallar bacımı da qorxudur.

- İndi neyləmək istəyirsən?

- Elə bu axşam kəndə gedirəm.

- Bəs işdəkilərə nə deyəcəksən?

- Elgünlə danışacam kadrlar şöbəsinə məzuniyyət üçün mən əvəzdən ərizə versin.

- Üzü gecəyə doğrudu, qal sabah gedərsən.

- Sabah bazardı, axtaran, gələn olacaq. Həm də gündüzün istisindən gecənin sərini yaxşıdı. Elə bir azdan hazırlaşıb çıxacam.

Bacımın xeyir-duasını alandan sonra Elgünlə danışıb işin rəsmi tərəfini yoluna qoydum. Bir vaxtlar fəhləsi olduğum “Poseydon” mağazasından bazarlığımı elədim – atama, anama, qardaşlarıma, Rüfətin balalarına, Telli mamaya, Səkinə bibiyə ayrı-ayrı boxçalar bağladım. Yetəri də unutmadım. Səməndərə gələcəyimi xəbər verib gecəylə yola düşdüm.

Mən rayon mərkəzinə çatanda hələ işıqlaşmamışdı.

# 12825 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #