Kulis.az şair Elvin Paşanın şeirlərini təqdim edir.
Bir də baxdın qocalmısan yamanca
- Əllər əsir, dil dolaşır ağızda
qocalmayan göz danışır, dayanmır.
Yuxun şirin dediklərin əzizlər
səhər tezdən şirin-şirin oyanmır...
Bu otaqdan o otağa keçərsən.
Eynəyini gizlədərlər nəvələr.
Qırış-qırış dualar var ovucda
Dilin tutmaz deyəsən ki düzələr...
Bir də baxdın qocalmısan yamanca.
- Darıxarsan, utanarsan yaşından.
Bu qoca da uşaqlaşıb deyərlər!
Nəvələrin gülüş yeri olarsan.
Bellərini sənin kimi əyərlər...
Daha gözü yuxuludu bu ömrün.
Oyanardı bircə dəfə oyatsan.
Sən kiminsə ölüm gəzən əzizi,
sən kiməsə başlamamış həyatsan...
Vallah hələ, valla hələ gözəlsən.
Sənə yalan danışmadım bilirsən!
Belə nə var qocalmağa, üzülmə
Hələ mənim gözlərimdə cavansan...
***
Bu adamın ağrımayan gözləri,
ağrımağa başladı.
Ağrımayan barmağı,
ağrımayan qolları,
yorulmağa başladı
Neçə ildi bu ağrıya
necə susub dururmuş?!
Gülə-gülə ağrımağa dözürmüş?!
Qaşlarında düyünlənən kədəri
Vergül boyda gülüşüylə əzirmiş
Gözlərindən gedən yola düzəldim,
Toxunduqca gülüşünə, duruldum.
Əlləriylə zikr elədim Tanrını,
Barmağına salxım-salxım vuruldum.
Gülə-gülə, sevdim gülün tikanın,
batmağına kim deyər ki, dözmədim?!
Bir közərən arzu qaldı gözümdə,
Budağının yanıq yerin üzmədim...
Otuz ilə nətər ayaq uydurub?!
Ağrılara necə gülüb, İlahi?!
Bu ürəklə bu dünyaya səhv gəlib
Bir nəfər də bilmir hələ kimdi bu
Hara girib, harda gizlin kövrəlib?
Mən bilirəm necə olur ağlamaq?!
İçin dolur, üzün gəlmir güləsən...
Bir də sənin əkizin var uzaqda
Gəlib soyuq taleyinə baxasan
Sənə necə oxşadığın görəsən
***
Saçlarına qurban olum
Saçlarını ağartma
Əllərinə qurban olum
Duaları unutma
Gözlərinə qurban olum
Ha tərəfə baxırsan?
Dillərinə qurban olum
Bilirsən ki gələrəm
Hansı yoldan çağırsan...
Ürəyinə qurban olum
Dərmanını içirsən?
Baxışına qurban olum
Nəyin dərdin çəkirsən?
Gülüşünə qurban olum
Necə gözəl gülüşdü
Ayağına qurban olum
Həyatımı dəyişdi...
Həyatına qurban olum
Çox oynama ocaqla
Qollarına qurban olum
Məni görsən qucaqla.
Allahına qurban olum
Aramızı qatırlar
Hərdən sən də qurban ol
Hərdən məni xatırla...
***
Bəlkə də yaşamağa qoymayan nəfəsimdi
Harasa gedir, gəlir, dadıma yetmir... yetmir
Səni də yaşamağa qoymayan qəfəsindi
Azad quşun var uçmur, səsi var ötmür... ötmür.
Xatirələr gözəldi yaddaşında vardısa
Ölənlərə ağlama, olan belə oldusa
Bu Ramazan səhəri, dualar qəbuldusa
Bəs niyə qulağımdan gülüşün itmir...itmir
Quruyur saman olur, bərkiyincə daş olur
Qonur kipriylərimə, yuman kimi yaş olur
Düşəndə gözlərimdən torpağa sirdaş olur
Umidim bircə sizin şəhərdə bitmir...bitmir.
***
Əli uşaqlı ata
Əzizim bilirəm,
bizə görə narahatsan.
Mən necəyəm,
qızımız necədi?
Böyüyüb beş yaşı var
Axı niyə narahatsan?
niyə özünü yorursan?
Niyə saçını hörəndə
başımın üstündə durursan?
Səni soruşur məndən,
nə deyim hardadı deyim?
Cənnətdədi deyə bilmərəm
bir yer de, yer adı deyim.
Nağıl danışıram, gülürük oynayırıq
Lap uşaq kimiyəm.
Tülkü qızımız olur, cücələr mən.
Sonra, sən yadımıza düşürsən
səhərlər o ağlayır, gecələr mən.
Axı o başa düşmür,
mən ki bilirəm qayıtmayassan
Bilirsən bir dəfə gəl desən, yanına gələsiyəm,
amma hələ tezdi.
qızımızın həm atasıyam,
həm anasıyam.
Həə, elə onu deyəcəkdim
ay gözümün işığı
bu gün də qızımla bütün günü gəzmişəm
İndi deyəssənki bədxərclik eləməyim.
Gəl, yaxın gəl.
Eşitməsin sözüm var.
Valla gündə üç dəfə soyutma yeməkdən də,
evdən də, eşikdən də
belə yaşamaqdan da bezmişəm
gələ bilsən, qayıt gəl...
***
Qayıdıb gedənlər gəlsə,
Belə olmaz gələn səfər.
Qulağıma gələn səsə
Qaçıramki sən deyilsən!
Qürurun kimə xoş olur?
Allah, bu adam daş olur.
Harda yaralı quş ölür,
Uçuramki sən deyilsən!
Həsrət əl-ayağımı qapır.
Harda itdim, hardan tapım?
Hərdən bir döyülür qapım,
Açıramki sən deyilsən!
***
Allah amanında olun!
Günəş çıxanda yaddaşımız təzələnir
Günəş çıxanda unuduruq Ay üzünü,
Günəş çıxanda dua edir günəbaxanlar,
qaranquş boylanır evin küncündəki yuvadan
İt qovmayın
pişik teyləməyin
sərçə daşlamayın
Ay yol üstünə çıxanlar
Günəş çıxanda borc qaytarar
Hər evdən bir qucaq odun alan qonşular
Günəş çıxanda gəzişərik çay boyu,
bir də qulağı sallaq küçə iti bizə qoşular.
At arabası keçər çınqıl yoldan,
Ot tökülə-tökülə.
Əsaya ümidlənmiş babam da qışqırar
Evin yıxılsın - daş daşımırsan,
Heyvan yazıqdı axı,
hələ çox gedəcək bükülə-bükülə
Yavaş sür
yavaş sür a lələ?!
Dönər üzü evə sarı,
bir ağız səslənər təngnəfəs, bir dolça su üçün
sən də gör nə düşünərsən, a yığvalsız
istinin “cızz” eliyən vaxtında.
nədi görəsən günəşlə sənin ortaq suçun?!
Bəlkə də gecə düşəndə Günəş batır öz dərdinə.
Sən də otağında yuxu qaçırdırsan şam işığında.
Yenə hamıdan qabaq, sübh o başdan
Səbəb tapmırsan əllərinin barışığında!
Mən bir səni seçirəm yuxuların qarışığında
Səndən öncə də gözləyən Günəş var
təkdi!
Dərdimiz birdi günəşlə?
Bəlkə bu aralıqda bizi
yaşadan da
zülmü verən də sevməkdi!
Gün keçdi
Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı, uzaqlaş.
Ən çətin iş mənə düşdü, bilirsən,
Bircə dəfə inad etmə, razılaş.
Səsin itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də "adam kimi" dil bilir,
darıxanda qaçır girir qoynuma...
İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də çətin adamam,
Bilirdim ki, buz olmaqdı vərdişim...
Bax, üzümün gülüşünün memarı,
Dön, mənə bax,
itir-batır üzümdəki əl işin,
Bir gün hər şey sona çatır ömürtək.
Yoxa çıxır nəhayətdə yox olur,
Sevgi elə zəhrimardı, bilirsən.
Bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur....
"O darıxır, hardasan?"
Daha adicə sözdü, daha adi xəbərdi
"O darıxır, hardasan?"
Bircə mən deyiləm ki, indi gör nə qədərdi
özünü səndən asan.
Gör nə qədər ümidlər, nə qədər ip asılır
yenə daş ürəyindən.
Gör nə qədər yatanı azan səsi oyatmır,
Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır
Allahın ətəyindən.
Hərə bircə ev tikir xatirə kərpicindən,
Və bir gün ölü çıxır, o daxmanın içindən.
Lap istəsən and içim, bir az sənin canınçün,
biraz mənim canımçün.
"Darıxıram, əzizim" bunu ki, gizlətmirəm
Bir də deyim biləsən, mən sənin olmadığın
yuxuya da getmirəm
Səni də istəyirəm, sən yaşayan evi də,
O balaca qızı da, içimdəki divi də.
Gəzdiyin dəhlizi də sevirəm addım-addım
Bağışla çox danışdım, bağışla çox uzatdım
Ağrılarım səngiyib
bircə darıxmağım var.
***
Həsrətin vüsaldan daha şirindi
Buludsuz gecədə hicran göründü
Bu nə göy üzüdü, necə dərindi
Bir ulduz sönmədən batır səssizcə
Aramıza qan salma, sonda can bişir
Addım-addım gəlir, arxamca düşür
yolun ayrıcından bir yol birləşir
Dualar bu yolla çatır səssizcə
Qırxımdan, yeddimdən, üçümdən tanı
Yır-yığışımdan, köçümdən tanı
Məni üzümdən yox, içimdən tanı
Könlümdə bir nəfər yatır səssizcə.