Qloballaşma milli kimliyə təhdiddirmi? - Nobelli yazarın rezonans doğuran essesi

Qloballaşma milli kimliyə təhdiddirmi? - Nobelli yazarın rezonans doğuran essesi
6 aprel 2021
# 16:39

Kulis.az Qismət Rüstəmovun tərcüməsində Mario Varqas Lyosanın "Qloballaşma və mədəni identiklik" essesini təqdim edir.

Qloballaşmaya tuşlanmış tənqidlərin ən effektivi iqtisadiyyatla bağlı yox, olsun ki, bu fenomenin sosial, etik və daha da çox mədəni aspektləriylə bağlıdır. Bu cür arqumentlər əvvəlcə 1999-cu ildə Sietlda, sonra isə Banqkok və Praqa iğtişaşlarında dominant idi. (qeyd: müxtəlif beynəlxalq təşkilatların tədbirlərində anti-qlobalistlərin kütləvi etirazları nəzərdə tutulur)

Bu arqumentin tərəfdarları belə deyirlər: milli sərhədlərin sıradan çıxması və bazarlar vasitəsilə bir-birinə bağlanan dünyanın yaradılması regional və yerli mədəniyyətlərə, adət-ənənələrə, miflərə və hər hansı ölkənin mədəni kimliyini əmələ gətirən hər şeyə ölümcül zərbə vuracaq. Belə ki, dünyanın böyük əksəriyyəti nəhəng transmilli şirkətlərin ekspansiyasını müşayət edən inkişaf etmiş ölkələrin mədəni məhsullarının (xüsusilə, super güc Amerika Birləşmiş Ştatlarının məhsulları) istilasına müqavimət göstərə bilmədiyi üçün Şimali Amerika mədəniyyəti standartlaşmağa və zəngin mədəni floranın məhv edilməsinə rəvac verəcək şəkildə bütün dünyaya tətbiq edilir. Beləliklə, get-gedə təkcə zəif və balaca olanlar yox, digər xalqlar da öz milli kimliklərini, ruhlarını itirəcək və XXI əsrin müstəmləkələrindən başqa bir şey olmayacaqlar – yeni imperializmin mədəni şablonlarına əsasən formalaşdırılmış zombilərə və ya karikaturalara çevriləcəklər; kapital, hərbi güc və elmi biliklər vasitəsilə planetə ağalıq edənlər digər ölkələrin dillərini, düşüncə sistemlərini, inanclarını, əyləncələrini və arzularını əsir götürəcəklər.

Qloballaşmanın nəticəsi kimi linqvistik və mədəni kimliyini itirən, ABŞ-ın mədəni əlavəsinə çevrilən dünyanın bu kabus, yaxud neqativ utopiyası təkcə Marks, Mao və ya Çe Gevara üçün darıxan ultra-sol siyasətçilərin təsvir etdikləri mənzərə deyil. Şimali Amerika nəhənginə qarşı düşmənçilik və intiqam dolu qəzəbdən qaynaqlanan bu zülm aldanışı inkişaf etmiş ölkələrdə, yüksək mədəniyyətə sahib xalqlarda da hiss olunur; sol, mərkəz və sağ yönümlü siyasətçilər də bu qənaəti bölüşürlər.

Ən bariz örnək qloballaşma təhdidinə qarşı fransız “mədəni kimliyi”ni müdafiə etmək üçün dövlətin tez-tez kampaniyalar keçirdiyi Fransadır. Xeyli intellektual və siyasətçi narahatdır ki, Monteni, Dekartı, Rasini, Bodleri doğuran, uzun müddət moda, kulinariya, incəsənət, düşüncə və insan mənəviyyatının bütün sahələrində yüksək avtoritet sahibi olan torpaqlar “McDonalds”, “Pizza Hut”, “Kentucky Fried Chicken”, rok, rep, Hollivud filmləri, idman ayaqqabıları, cins şalvarlar və futbolkalar tərəfindən işğal oluna bilər. Bu qorxunun nəticəsi özünü, tutalım, Fransa hökumətinin milli film sənayesinə böyük subsidiyalar ayırmasında və kino-teatrlarda milli filmlər nümayiş etdirmək, eləcə də ABŞ-dan film idxalını məhdudlaşdırmaqla bağlı kvota müəyyənləşdirmək kimi tələblərdə göstərir. Bu qorxu bələdiyyələri Molyerin dilini korlayan küçə reklamlarında anqlisizmlərdən istifadəyə görə ağır cərimələr tətbiq etməsinə gətirib çıxarıb (hərçənd, Paris küçələrində bir piyadanın görə biləcəyi şeylərə nəzər salanda, məlum olur ki, bu qaydalar çox da işləmir.) Bu qorxu “La Malbouffe” (iyrənc yemək) əleyhinə səlib yürüşü elan edən fransız fermer Joze Bovenin Fransada az qala xalq qəhrəmanına çevrilməsini də açıqlayır.

Qloballaşmaya qarşı bu “kulturoloji” arqument mənə görə qəbuledilməz olsa da, onun dərinliyində bəzi danılmaz həqiqətlərin olduğunu qəbul etmək lazımdır. Qarşıdan gələn əsrdə arxada qoyduğumuz əsrə nisbətən dünyada yerli kolorit daha cansız və daha rəngsiz olacaq. Keçmişdə bəşəriyyətə folklor və etnoqrafik müxtəliflik qazandıran festivallar, geyimlər, adət-ənənələr, mərasimlər, rituallar və inanclar tədricən yoxa çıxır və ya azalırlar, cəmiyyətin əsas hissəsi onları rədd edərək zəmanəmizin reallıqlarına daha çox uyğun gələn digər həyat formalarını seçirlər.

Bu proses bütün dünyada gedir, hərçənd bu, bəzi ölkələrdə daha sürətlə baş verir. Ancaq bunun qloballaşma ilə əlaqəsi yoxdur. Bu proses modernləşməyin nəticəsidir, səbəb qloballaşma deyil. Əlbəttə, bu prosesin baş verməsinə görə peşmanlaya və indiki ağlınızla sizə əyləncəli, original, rəngbərəng görünən həyatın əvvəlki formaları üçün nostalgiyaya qapıla bilərsiniz. Ancaq bu, qaçılmaz prosesdir.

Kuba və Şimali Koreya kimi ölkələrdəki totalitar rejimlər hər hansı sərbəstliyin onları məhv edəcəyindən qorxur, özlərini xarici dünyadan təcrid edir, modernləşməyi məhdudlaşdırmaq üçün hazırlanmış hər cür qadağaya, nəzarət tədbirlərinə baş vururlar. Ancaq sözügedən qadağalar da modernliyin bu ölkələrin mədəni kimliyinə yavaş-yavaş nüfuz etməsinə və tədricən onu dağıtmasına mane ola bilmir. Bəlkə də hər hansı ölkə nəzəri olaraq öz kimliyini bu cür qoruya bilər, ancaq bu yalnız onda baş tuta bilər ki, həmin ölkə Afrikanın ucqar guşələrində və ya Amazon hövzəsində yaşayan bəzi qəbilələr kimi, başqa millətlərlə təmas qurmadan, tam özünəyetərlilik əsasında, tamamilə təcrid vəziyyətində yaşasın. Bu formada qorunan mədəni kimlik isə həmin cəmiyyəti pre-historik (tarix öncəsi) həyat tərzinə qaytarmış olacaq.

Həqiqətən də modernləşmə ənənəvi həyatın xeyli formasının məhv olmasına gətirib çıxarır; ancaq yeni imkanlar da yaradır və bütövlükdə cəmiyyət üçün irəliyə doğru atılmış vacib addımdır. Məhz buna görə də xalqlar seçim qarşısında qalanda, az-maz belə tərəddüd etmədən, əksərən ənənəçi liderlərin və intellektualların istəyinin əksinə olaraq, modernləşməyi seçirlər. Qloballaşmanın əleyhinə və mədəni kimliyin lehinə səsləndirilmiş fikirlər tarixi əsası olmayan statik mədəniyyət konsepsiyasında ilişib-qalmağın sübutudur. Hansı mədəniyyət uzun müddət dəyişmədən qalıb ki? Bunu ancaq mağaralarda yaşayan, şimşəklərə və canavarlara ibadət edən və bu primitivizinə görə daha çox istismara və soyqırıma məruz qalan ibtidai bütpərəst qəbilələrdə görmək olar. Onları çıxsaq, bütün mədəniyyətlər, xüsusilə də müasir və canlı adlandırılmaq haqqına sahib olanlar, özlərində bir neçə nəsil əvvəlin konkret izlərini daşısalar da, hamısı təkamül ediblər. Son yarım əsr ərzində Fransa, İspaniya və İngiltərə kimi ölkələrdə baş verən bu dəyişikliklər o qədər dərin və dramatikdir ki, Marsel Prust, Federiko Qarsiya Lorka və Virciniya Vulf kimi insanlar bu gün yaşasalar, anadan olduqları, əsərlərinə ilham qaynağı olan öz cəmiyyətlərini tanımaqda çətinlik çəkərdilər.

“Mədəni kimlik” təhlükəli anlayışdır. Sosial rakursdan baxanda, bu şübhəli və süni anlayış kimi görünür. Ancaq siyasi rakursdan baxanda o, bəşəriyyətin ən böyük uğurunu təhdid edir: azadlıq. Mən inkar etmirəm ki, eyni dildə danışan, eyni bölgədə doğulub eyni bölgədə yaşayan, eyni problemlərlə üzləşən, eyni dini inancı və praktikanı bölüşən insanların ortaq xüsusiyyətləri var. Ancaq bu kollektiv məxrəc heç vaxt heç birini tam şəkildə xarakterizə edə bilməz. Bu kollektiv məxrəc yalnız konkret bir qrupun hər bir üzvünü digər üzvlərdən ayıran unikal xüsusiyyətlər və əlamətlər topasını sıradan çıxarmağa və ya əhəmiyyətsizləşdirib ikinci plana atmağa xidmət edir. Kimlik konsepsiyası təkcə fərdi səviyyədə istifadə edilməyəndə, mahiyyət etibarilə reduksionist və anti-insani şeydir – insan şəxsiyyətindəki bənzərsiz və yaradıcı hər şeyin, ona varislik, coğrafiya və sosial təzyiq yoluyla ötürülməyən hər şeyin, kollektivist və ideoloji abstraksiyasıdır. Daha doğrusu, həqiqi kimlik insanın bu təsirlərə müqavimət göstərmək və öz sərbəst hərəkətləri ilə onlara qarşı çıxmaq qabiliyyətindən əmələ gəlir. “Kollektiv kimlik” anlayışı uydurmadır və millətçiliyin əsasıdır. Xeyli etnoloq və antropoloq “kollektiv kimlik” anlayışını heç ən arxaik icmalara da aid etmir. Ümumi təcrübələr və adət-ənənələr hansısa qrupu qorumaq üçün həyati əhəmiyyət kəsb edə bilər, ancaq üzvlərin bu qrupdan xilas olması üçün lazımlı olan təşəbbüs və yaradıcı başlanğıc ehtiyatı həmişə daha çoxdur, əgər insanlara hansısa icmanın periferik elementi kimi yox, fərdi keyfiyyətlər rakursundan baxılsa, məlum olacaq ki, onların arasındakı fərdi fərqlər kollektiv xüsusiyyətlərdən üstündür.

Qloballaşma planetimizdəki bütün vətəndaşların öz istəklərinə və daxili motivasiyalarına uyğun olaraq, könüllü şəkildə fərdi mədəni kimliklərini formalaşdırmaq imkanını radikal formada genişləndirir. Bugün vətəndaşlar onları məcburi şəkildə (keçmişdə olduğu kimi indi də dünyanın bəzi yerlərində mövcud olan) gedər-gəlməz islah düşərgələrinə sürükləyən bir kimliyə hörmət etmək məcburiyyətində deyillər – bu kimlik danışdıqları dil vasitəsilə onların boynuna qoyub ki, onlar müəyyən bir millətə, kilsəyə və anadan olduqları yerin adət-ənənələrinə məxsusdurlar. Bu kontekstdən baxanda, qloballaşma fərdi azadlığın üfüqlərini xeyli genişləndirdiyi üçün müsbət qarşılanmalıdır.

Yerli səslər. Qlobal miqyas

Planetin amerikanlaşması qorxusu reallığın təsvirindən daha çox, ideoloji paranoyadır. Əlbəttə, aydın məsələdir ki, qloballaşma, orta əsrlərdəki latın dili kimi, ingilis dilini bizim əsrin ortaq dilinə çevirib. İngilis dili beynəlxalq əməliyyat və ünsiyyət üçün əvəzolunmaz vasitə kimi xidmət etdiyinə görə, hələ daha çox yayılacaq. İndi bu o deməkdir ki, ingilis dili başqa gözəl dillərin hesabına inkişaf edir? Qətiyyən. Əslində, həqiqət tam əksinədir. Sərhədlərin sıradan çıxması, dünyanın get-gedə bir-birinə daha çox bağlanması yeni nəsillərin digər mədəniyyətləri təkcə hobbi kimi yox, eyni zamanda bir zərurət kimi öyrənməsinə və mənimsəməsinə stimul verdi, çünki peşakar uğur qazanmaq üçün bir neçə dildə danışmaq və fərqli mədəni mühitdə özünü rahat hiss etmək vacib məsələyə çevrildi. Götürək ispan dilini. Yarım əsr bundan qabaq ispandillilər özlərinə köklənmişdilər; biz özümüzü ənənəvi dil sərhədlərimizdən kənarda çox az görürdük. Bu gün isə ispan dili dinamik və uğurlu şəkildə yayılır, körpüləri tutur, hətta beş qitədə geniş əraziləri fəth edir. Bu gün ABŞ-da 25-30 milyon arası ispandilli vətəndaşın olması faktı prezidentliyə sonuncu namizədlər – Corc Buş və Al Qorun niyə təkcə ingiliscə yox, həm də ispanca kampaniya apardıqlarını izah edir.

Dünya miqyasında neçə milyon gənc kişi və qadın qloballaşmanın çağırışlarına cavab verərək – yaponca, almanca, çin dilinin mandarin və kanton dialektlərini, ruscanı və ya fransızcanı öyrənir! Xoşbəxtlikdən yaxın illərdə bu tendensiya daha da güclənəcək. Bax buna görə də öz mədəniyyətlərimizi və dillərimizi müdafiə etməyin ən yaxşı yolu, elə bilirəm, onları sadəlövh bir iddia ilə ingilis dilinin hücumundan qorumaqdansa, bu yeni dünyada enerjili şəkildə irəli aparmaqdır. Bu cür sadəlövh təklifləri səsləndirənlər mədəniyyətdən çox danışırlar, ancaq onlar həqiqi simalarını gizlədən cahil insanlardır: millətçilik. Mədəniyyətin universal istiqamətlərinə zidd olan bir şey varsa, o da millətçi inancların mədəni həyata dürtüşdürdüyü yerliçilik, ayrı-seçkilik və digər qeyri-müəyyən obrazlardır. Mədəniyyətlərin bizə öyrətdiyi ən yaxşı dərs budur ki, onları (mədəniyyətləri) komissar və bürokratların müdafiə etməyinə, dəmir barmaqlıqlar arxasında saxlamağa və gömrük xidməti tərəfindən təcrid etməyə ehtiyac yoxdur. Əksinə, belə səylər mədəniyyəti ancaq qurudacaq, hətta banallaşdıracaq. Mədəniyyətlər sərbəst yaşamalı və fasiləsiz şəkildə digər mədəniyyətlərlə rəqabət etməlidir. Bu, onları yeniləyir və mövcudluqlarını uzadır, onların təkamül etməsinə və həyatın fasiləsiz axınına uyğunlaşmasına imkan yaradır. Antik dövrdə latın mədəniyyəti yunan mədəniyyətini öldürmədi. Əksinə, ellin mədəniyyətinin bədii yetkinliyi və intellektual dərinliyi Roma mədəniyyətinə nüfuz etdi və bunun sayəsində Homerin şeirləri, Platonun, Aristotelin fəlsəfəsi bütün dünyaya yayıldı. Qloballaşma yerli mədəniyyətlərin məhv olmasına səbəb olmayacaq. Qlobal açıqlıq çərçivəsində yerli mədəniyyətlərin bütün qiymətli, qorunmağa layiq cəhətləri inkişaf etmək üçün özünə münbit zəmin tapacaq.

Bu, Avropanın hər yerində baş verir. Yerli mədəniyyətlərin yenidən canlandığı İspaniya xüsusilə diqqətə layiqdir. General Frankonun diktaturası dövründə yerli mədəniyyətlər sıxışdırıldı və gizli mövcudluğa məhkum edildi. Ancaq demokratiyanın geri qayıtması ilə İspaniyanın zəngin mədəni müxtəlifliyi ortaya çıxdı və sərbəst şəkildə inkişaf etmək imkanı tapdı. Muxtar siyasi sistemlərdə yerli mədəniyyətlər, xüsusilə, Kataloniya, Qaliçiya və Bask bölgəsində, eyni zamanda, İspaniyanın digər hissələrində yüksəlişə keçdilər. Əlbəttə, müsbət və zənginləşdirici amil olan regional mədəni dirçəlişi mədəni azadlığa ciddi təhlükə yaradan millətçilik fenomeniylə qarışdırmamalıyıq.

Tomas Eliot 1948-cil ildə yazdığı “Mədəniyyətin tərifi haqqında qeydlər” adlı məşhur essesində proqnoz vermişdi ki, gələcəkdə bəşəriyyət regional və yerli mədəniyyətlərin intibah dövrünü yaşayacaq. O vaxt bu proqnoz çox cəsarətli görünürdü. Bununla yanaşı, çox güman ki, qloballaşma bu proqnozu XXI əsrin reallığına çevirəcək və biz buna sevinməliyik. Kiçik yerli mədəniyyətlərin yenidən dirçəlməsi, milli dövlətlərin XVIII əsrin sonunda, xüsusilə də XIX əsrdə milli mədəni kimlik yaratmaq adı altında məhv etdiyi zəngin davranış və ifadə formalarını bəşəriyyətə geri qaytaracaq. (Bu fakt sadəcə unudulub, ya da ağır əxlaqi mənalarına görə onu unutmağa çalışırıq) Milli mədəniyyətlər ideal milli dövlət sayılanlardan fərqli olan yerli dillərin tədrisi və istifadəsinin, din və adət-ənənələrinin qadağa edilməsiylə müşayət olunan qan və tonqallar hesabına yaradılıb. Beləcə, dünyanın bir çox ölkəsində milli dövlət yerli mədəniyyətləri təzyiq altında saxlayaraq və onları rəsmi mövcudluqlarından məhrum edərək, zorla öz hakim mədəniyyətini yeritdi. Ancaq qloballaşmadan qorxanların iddia etdiklərinin əksinə, mədəniyyətləri nə qədər kiçik olur-olsun, xüsusilə arxasında zəngin ənənələr və onlara gizli də olsa riayət edən xalq varsa, yerli mədəniyyətləri tamamilə silmək elə də asan məsələ deyil. Bu gün milli dövlətlərin zəifləməsi sayəsində biz qloballaşan planetin bu böyük konsertində unudulmuş, marginallaşdırılmış və susdurulmuş mədəniyyətlərin necə canlandığına, aktiv həyat əlamətləri göstərdiyinə şahidlik edirik.

“Foreign policy” jurnalı, 2001

azlogos.eu

# 3445 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
# # #