Nəsiminin Azərbaycan ədəbiyyatına təsiri - Aynur Xəlilova yazır...

Nəsiminin Azərbaycan ədəbiyyatına təsiri - Aynur Xəlilova yazır...
29 dekabr 2019
# 17:57

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın "Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri" adlı yazısını təqdim edir.

İmadəddin Nəsimi Azərbaycan ədəbi-fəlsəfi düşüncə tarixində müstəsna xidmətləri olan, klassik yazılı ədəbiyyatımızın fərqli istiqamətdə inkişaf və zənginləşməsində böyük rol oynayan dahi filosof-şairdir. Hürufilik təriqətində ustadı Fəzlullah Nəimidən sonra mürşid statusunda olan Nəsiminin müridləri, demək olar ki, bütün Şərq-İslam ölkələrində bərqərar olaraq onun ideyalarını və əşarını yaymış, bu böyük hürufi ideoloqu sözügedən təlimin ideya-fəlsəfi əsaslarını öz güclü bədii-estetik və ruhi-psixoloji təsir gücünə malik əsərlərində bəyan etmiş, fəlsəfi-ürfani baxışları, dərin semantik tutumu ilə yanaşı, poetik bənzərsizliyə malik ecazkar bədii yaradıcılığı onu ustadından daha geniş əhatədə tanıtdırmışdır:

Bulmuşam Həqqi, Ənəlhəqq söylərəm,
Həqq mənəm, Həqq məndədir, Həqq söylərəm.

Güclü əqidə və bədii-fəlsəfi düşüncə sahibi olan İmadəddin Nəsimi öz zamanından bu günə kimi böyük ehtiram və heyranlıqla anılmış, insanların qəlbində bu böyük şəxsiyyətə qarşı bənzərsiz rəğbət hissi formalaşmışdır. Bu kontekstdə Nəsiminin ədəbi-fəlsəfi və ictimai fikir tariximizdə rolu və təsiri, əsasən, üç istiqamətdə gerçəkləşmişdir:

1. Nəsimi Azərbaycan klassik yazılı ədəbiyyatının nəhəng simalarından biri kimi;
2. Nəsimi hürufizm təriqətinin böyük ideoloqu kimi;
3. Nəsimi, onu gözləyən əzablı və dəhşətli ölümə rəğmən, əqidə və idealları uğrunda sonadək dönməz mübarizə aparan və öz şərəfli ölümü ilə də bu ideallara xidmət edən möhkəm əqidə sahibi, fədakar və sadiq ilahi eşq aşiqi kimi.

Nəsiminin şəxsiyyəti və irsi Azərbaycanda və digər Şərq-İslam ölkələrində özündən sonra gələn bir çox sənətkarlar üçün örnək və yaradıcılıq qaynağı olmuşdur ki, bunların da içərisində Şah İsmayıl Xətaini xüsusi qeyd etmək lazımdır.

Hələ 1926-cı ildə fədakar alim Salman Mümtaz “Seyid İmadəddin Nəsimi” adlı araşdırmasında bu məsələ haqqında yazaraq Şah Xətainin Nəsiminin faciəsinin anıldığı bir şeirindən nümunə gətirmişdir:

“Mehrü vəfa biri-birindən azdı,
Bəhlul bayquşliyin viranda gəzdi.
Seyyid Nəsimini zahidlər üzdü,
İncinmədi Haqdan gələn cəfayə”.

Ümumiyyətlə, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, “Xətainin klassik üslublu şeirlərinin uğurlu poetik istiqamət götürməsində və dolğun fəlsəfi məzmun kəsb etməsində Nəsimi ədəbi ənənələrinin əvəzsiz rolu olmuşdur”. Yuxarıda sözügedən amillərlə yanaşı, heç şübhəsiz ki, bu təsirin əsas səbəbləri sırasında, özündən əvvəl ana dilində əsərlər yazılmasına rəğmən, Nəsiminin yaradıcılığında doğma dilimizə xüsusi önəm verməsi, Azərbaycan dilini ədəbi dil statusunda kamil bir şəkildə təqdim etməsi, anadilli poeziyaya yeni siqlət, mübarizlik ruhu və ictimai-fəlsəfi tutum gətirməsi də mühüm faktorlar olmuşdur.

Azərbaycan dilini dövlət dili elan edən qüdrətli hökmdar-sərkərdə, sufi şeyxi və klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Şah İsmayıla bu amillər, təbii ki, təsirsiz ötüşməyə bilməzdi. Xətainin əsərlərində Nəsiminin və Həllac Mənsurun adlarına uyğun kontekstlərdə dəfələrlə müraciət olunmuş, hürufilik təriqətinin “Ənəlhəqq” fəlsəfi-ürfani ideyası səsləndirilmiş, Nəsimi yaradıcılığından çeşidli aspektlərdə bəhrələnmələr öz əksini tapmışdır. Bir sıra şeirlərini İmadəddin Nəsiminin şeirlərinə nəzirə olaraq qələmə alan Xətainin poeziyasında Nəsiminin təsiri, poetik ruhu o qədər güclü şəkildə diqqəti çəkir ki, ilk baxışdan onları bir-birindən ayırıb fərqləndirmək bəzən qeyri-mümkün ola bilir.

Nəsiminin aşıq yaradıcılığına xüsusi təsiri olmuşdur ki, burada da xalq ədəbiyyatına böyük önəm verən, aşıq sənəti ilə qarşılıqlı bağlılığı olan Şah İsmayılın da ayrıca rolu vardır. Bu kontekstdə filosof-şairin məhz Xətaiyə təsirindən bəhs etməyimiz təsadüfi deyildir.

Nəsiminin irsində səciyyəvi əlamətlərinə görə xalq yaradıcılığına yaxın bir sıra örnəklər mövcuddur ki, bu kontekstdə onun dördlük biçimində yazdığı şeirləri, xüsusilə, fərqlənir:

“Xeyli müddətdir ki, dərdin məndədir,
Dil sənə bir boynu bağlı bəndədir.
Saldı hicranın ayağımdan məni,
Sən bilirsən, indi mürvət səndədir”.

Nəsimi xalq yaradıcılığından bəhrələndiyi kimi, şifahi xalq ədəbiyyatında və onun xüsusi bir qolu olan aşıq yaradıcılığında da bu böyük sənətkardan zaman-zaman faydalanmalar olmuşdur. Aşıq yaradıcılığında Nəsiminin şəxsiyyəti, sənətkarlığı və fəlsəfi-ürfani bilim adamı olması amillərinə münasibət həm ayrı-ayrılıqda, həm də eyni müstəvidə gerçəkləşmişdir. Nəsiminin irsi mövzu, ideya-məzmun, poetik biçimlənmə, mənalandırma, səciyyəvi bədii ifadə vasitələri, rədif, xitab, cinas və s. baxımından aşıq yaradıcılığının daha da zənginləşməsində özünəməxsus rol oynamışdır. Sarı Aşıq, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Növrəs İman kimi ustad aşıqların poeziyasında Nəsiminin təsiri daha aydın və çeşidli aspektlərdə müşahidə olunmaqdadır:

“Mən aşıq soyilandır,
Şahmar da soy ilandır.
Nəsimi tək bu Aşıq
Yolunda soyulandır”.

Daha çox bayatı ustası kimi tanınan, nakam məhəbbəti və faciəli həyatı rəvayətlərə, dastana çevrilən Sarı Aşığın sözügedən cinaslı bayatısında Aşıq məhz nakam sevgisinə işarə edərək, həm acı taleyin ona çəkdirdiyi ağrı və əzablara görə, həm də bunlara rəğmən, sevgisinə sədaqətinə görə özünü əqidəsi yolunda dərisi soyularaq edam olunan İmadəddin Nəsimiyə bənzədir.

Maraqlıdır ki, Nəsimiyə və Həllac Mənsura müraciət təcnislərdə daha çox müşahidə olunur. Aşıq Ələsgərin rədiflə yanaşı, hər bəndinin özünün də ayrı-ayrılıqda daxili cinaslar əsasında qurulmuş “A yəməndədi” təcnisinin ikinci bəndində işlənilən “Nəsimi” adı özündən əvvəlki misralardakı ifadələrlə cinas yaratmışdır:

“Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb kim tərpədər nə simi?
Firdovsi, Füzuli, Hafiz, Nəsimi
Onlar da yazdığı, ayə, məndədi”.

Molla Cumanın sevgilisi İsmi-Pünhana müraciətlə söylədiyi “Çıxart” rədifli təcnisində isə aşiq yaşadığı həsrətin, kədərin ağırlığından düşdüyü çarəsiz vəziyyəti Həllac Mənsurun dara çəkilmə məqamına bənzədir:

“Yay oldu qamətim əgilə-gilə,
Qatışdım torpağa a gilə-gilə.
Axıtdın göz yaşım a gilə-gilə,
Mənsurtək düşmüşəm, di dardan çıxart”.

Qeyd edək ki, aşıq yaradıcılığında Həllac Mənsurun xatırlanması, uyğun məqamlarda müəyyən müqayisə və bənzətmələr aparılması bu şəxslə bağlı bəlli hadisə-əhvalatlarla yanaşı, həm də poeziyasında Həllac Mənsuru dəfələrlə yad edən (“Darə çıx, yan, ey “ənəlhəqq” söyləyən Mənsur, əgər // Axirət darindən istərsən səlamət darini”...) Nəsimidən gəlmə bir ənənədir. Bu isə nümunələrdən də gördüyümüz kimi, müxtəlif münasibətlərlə gerçəkləşmişdir. Məsələn, Molla Cuma İsmi-Pünhanı xatırladan yerləri nəzərdə tutaraq “Mənsur kimi qollarımı bağlayıb // Məni darə çəkən yerdi bu yerlər”, – söyləməklə mətndə daha emosional-ekspressiv təsir yaratmışdır. Başqa bir şeirində isə özü də daxil olmaqla nakam məhəbbətə tutuşan sevgililərin taleyi, müxtəlif dastan qəhrəmanları... haqqında bəhs edən Cuma Mənsuru uğrunda dara çəkiləcək dərəcədə eşqinə sadiq aşiq kimi təsvir edir:

“Tutmuşdu eşqin bərkini,
Oxudu farsi, türkini.
Mənsur darda can tərkini
Qılı dolana-dolana”.

Ümumiyyətlə, aşıq ədəbiyyatında obrazın, xüsusən də aşiqin daxili-mənəvi, ruhsal və fiziksəl halının lirik-psixoloji və dramatik təsvirində təqdimatın daha güclü alınması üçün Həllac Mənsur və İmadəddin Nəsiminin mübarizliyi, dönməzliyi, sadiqliyi, İlahi eşq və əqidə uğruna çəkdikləri əzablar, məhrumiyyətlər və edam olunmaları diqqətə çatdırılır, müqayisə və bənzətmələr aparılmaqla obrazlı-poetik, emosional-ekspressiv təsir yaradılır. Xətai onların hər ikisinin edam faktını eyni mətn daxilində anaraq yazılı ədəbiyyatımızda bu baxımdan maraqlı poetik nümunə yaratmışdır:

“Şah Xətai, didarə bax,
Mənsur ipin boynuna tax.
Nəsimi oldu Haqla haqq,
Ol üzülən dərisidir”.

Numerologiya və hürufat elminə dərindən bələd olan İmadəddin Nəsimi əsərlərinin bir çoxunu həm də bu elmlərdən hasil etdiyi bilgi əsasında yaratmışdır. Söz, hadisə, fikir və mənanın hərf və rəqəmlərlə şifrələnmiş kodlar şəklində ifadəsi, müəmma, təriqət simvolikası, mücərrəd poetik mənalandırma və dərin fəlsəfi tutuma malik olmasından dolayı Nəsimi şeirinin, Nəsimi sözünün tam mənasında idrakı qeyri-mümkündür:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Aşıq şeirinin böyük əksəriyyətlə dini-tarixi mövzuda olan müəmma, bağlama-qıfılbənd poetik biçimlərində Nəsimidən bəhrələnmə inkarolunmazdır. Nəsimi yaradıcılığından gəlmə müəmma, bağlama-qıfılbənd poetik biçimləri zaman içərisində aşıq poeziyasında qərarlaşaraq mükəmməl nümunələrlə ortaya çıxmış, el arasında “deyişmə” adlanan saz-söz sınağının strukturunda ən çətin mərhələlərdən biri, bəlkə də birincisi kimi oturuşmuş və stabil mövqe qazanmışdır. Dərin fəlsəfi-ürfani semantik tutuma malik bu şeirlər müəllifdən varlıq və mövcudiyyət, dini-tarixi hadisə-əhvalatlar, əfsanə və rəvayətlər, “Qurani-Kərim”, təsəvvüf-təriqət simvolikası, “əlif-lam” və əbcəd hesab sistemi ilə bağlı əhatəli bilgi və dünyagörüş tələb edir. Çünki bu qəbildən olan örnəklər mövzu, məzmun-mündəricə, struktur və poetik-funksional mahiyyət etibarilə, demək olar ki, sözügedən istiqamətdə olan bilgilər üzərində qurulur:

Hikmət məqamında əyləşən alim,
Əzəl mənə Yamənhudən xəbər ver.
Ərşin sütunundan, Mehrac evindən,
Söz nə keçdi, göfti-gudən xəbər ver. (Xəstə Qasım)

Bu kontekstdə Nəsiminin aşıq poeziyasına təsiri aydın şəkildə müşahidə olunur. Təsadüfi deyil ki, professor Məhərrəm Qasımlı ustad sənətkar Xəstə Qasım Tikmədaşlının böyük əksəriyyəti indiyə qədər açılmamış qalan müəmma, bağlama-qıfılbəndlərini, xüsusilə şərh olunması çətin olan işarəvi rəqəmlərin yaratdığı mənzərə baxımından Nəsiminin sözügedən kontekstdə olan şeirlərilə müqayisə edir. Bu baxımdan hər iki sənətkarın yeddi rəqəmi üzərində qurulmuş poetik nümunələrinin tutuşdurması maraq doğurur. İmadəddin Nəsimi:

Yedidir, dörd yedidən bir yedidir,
Yüz igirmi dörd yenə üç yedidir.
Evi bir, bacası yedi, babı üç,
Əhli-beyt ilə özü on yedidir.

Xəstə Qasım:

Oyandı sünbüllər, səcər gətirdi bar,
Orda min bəşər var, yeddi sin bilər.
Bu yazan ustadın nə xoş xətti var,
Yazıbdı mim üstə yeddi sin, bilər...


Mən Xəstə Qasımam, yeddi sin billəm,
Ayə oxuyuram, yeddi sin billəm.
Qafı öyrənmişəm, yeddi sin billəm,
Söz odur, yeddinin yeddisin bilər.

Yaradıcılığında, həmçinin, klassik yazılı poeziyadan bəhrələnən Növrəs İmanın da “şeir sistemi İmadəddin Nəsimi, Xəstə Qasım poeziyasındakı əbcəd hesabı, hürufat işarələri, rəqəmdə sözün, sözdə rəqəmin örtülü təqdimatı və s. maneraların mürəkkəb mənzərəsi kimi” görünür:

Bir şəhərdə altı dərviş, onun pak əsası var,
Daş gətirib kərpic verən on nəfər bənnası var.
Qırx səkkiz min səkkiz yüz səksən səkkiz sərvəri,
On iki min iki yüz quldu, haqdan nişanəsi var.

Yaxud:

“Bir ağacda üç budaq var, beş gilə,
Cəm eylədim, oldu tağı on yeddi.
On yeddi bəndi var, on yeddi camı,
Hərdən nuş eyləyir sağı on yeddi”.

Professor Qəzənfər Paşayevin qeyd etdiyi kimi, “Nəsiminin “bağlamalar”ına rübailərində (dördlük biçimində yazdığı şeirlərdə – Aynur Xəlilova) daha çox təsadüf edilir”.
Nəsiminin aşıq yaradıcılığına təsirlərindən biri də “əlif-lam” şeir biçimidir ki, bu da xüsusi bir sistem əsasında qurulur və böyük əksəriyyətlə dini-tarixi mövzuda olur. Bəzən “hürufatnamə” də adlanan “əlif-lam” – ərəb əlifbasındakı hərflərin ardıcıl sıralanması və hər bir hərfin ayrı-ayrılıqda rəmzi-məcazi şəkildə mənalandırılması sistemi üzərində biçimlənir. Mənalandırılmada mütləq şəkildə eyni istiqamət olmayıb, hər bir sənətkarın fərdi və fərqli yanaşması əsas alınır. Nümunələrə diqqət yetirək. İmadəddin Nəsimi:

“Əlif” – Allah, sidrə boyun münəhadır müntəha,
Çün cəmalındadır ərrəhman ələl-ərş istiva.
“Bey” – bilindi qəddinin həddi nə miqdar olduğu,
Bildilər kim, tuləhu sittun zərən fissəma.
“Tey” – Türabilər əlində Zülfiqar şəmşirü tiğ,
Fəzrəbu buyruldu Həqdən, həm buyurdu Mustafa”.

Aşıq Ələsgərin “əlif-lam”ı dini-təsəvvüfi səciyyəli olub Allahın birliyinin, gözəl sifətlərinin və islam dininin vacib məqamlarının ifadəsi ilə mənalandırılır:

“İbtidada “Əlif” – Allah,
“Be” – birliyə dəlalətdi.
“Te” – təkdi vahidi-yekta,
Arif bu elmə bələddi”.

Molla Cumanın “əlif-lam”ı isə aşığın sevdiyi qızın tərifinə və ona olan sevgisinin izharına həsr edilmişdir:

“Əlif” – əlin ver əlimə,
Gedək bizim ellərə, qız.
“Bey” – baxıb güvənirəm
Üzündəki tellərə, qız.

“Tey” – təmamət tərifini,
Mən yayıram dillərə, qız.
“Sey” – saçın gülabatın,
Burub tökmüş dallara qız”.

Bu sistemin ərəb hərflərinin əksinə – axırdan əvvələ sıralanması üzərində qurulan “tərs əlifba” (“Yey” – yüzün mahiyyətidir aləmə nuri-nəcat, // “Lam-əlif” – lareybə illa vəchəhü ana cəhat. // “Hey” – hilalın qabü-qövseyn, qaşların mehrabdır, // “Vav” – vəhdət nuru üzün, saçların vəl-mürsəlat”. (Nəsimi)) biçimi də aşıq poeziyasına məhz Nəsimi yaradıcılığından keçmişdir.

Aşıq poeziyası Nəsiminin təcnis sənətkarlığından da bəhrələnmiş, onun yüksək həssaslıq və bədiiliklə yaratdığı cinaslar ustad aşıqlar üçün sözdən istifadə və sözün mənalandırılma manerasının nümunəsi olmuşdur:

“Bir xədəng atdıqda yara kirpiyin,
Min cigər dilər ki, yara kirpiyin.
Bağrıma çox vurdu yara kirpiyin,
Yaxındır kim, yara, yara kirpiyin”.

Gördüyümüz kimi, böyük mütəfəkkir-şair İmadəddin Nəsimi aşıq ədəbiyyatına da təsir göstərmiş, onun daha da inkişaf edib zənginləşməsində özünəməxsus rol oynamışdır. Bütün bunların nəticəsidir ki, aşıq ədəbiyyatında hürufizm təliminə və Nəsimi yaradıcılığına məxsus söz-terminlər, poetik ifadələr, rəmzlər, hürufizmin ideya-fəlsəfi əsaslarını bəlləndirən sözlər də kifayət qədərdir.

Adını Azərbaycan ədəbi-fəlsəfi düşüncə tarixinə böyük hərflərlə yazan İmadəddin Nəsimi İnsanı yaradılmışların ən kamil nümunəsi kimi dəyərləndirdi. “Onun qəzəlinin lirik qəhrəmanı kainata sığmaz bir “Mən”in daşıyıcısı oldu” (professor Azadə Rüstəmova). Akademik İsa Həbibbəyli məhz bu önəmli məqamla bağlı yazır: “Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində ən yüksək zirvəni fəth etmiş insan heykəlidir... İmadəddin Nəsimi özü də görkəmli bir şair-mütəfəkkir olaraq kamil insan obrazının qüdrətli yaradıcısı olan böyük sənətkar abidəsidir”.

Bəzən bu dünyada verilən ölüm, edam fərmanı Tanrı dərgahında təkcə ilahi aləmdə deyil, həmçinin, maddi aləm üçün də əbədi ruhi-mənəvi yaşam hökmü ilə əvəzlənir, həmin şəxs ruhsal ucalıqla, şəhidlik məqamı ilə mükafatlandırılır! Uca Tanrının seçilmiş bəndələrindən olan, “Dünya duracaq yer deyil, ey can, səfər eylə” deyərək Həqqi bulub “Vəhdətin şəhrində seyran eyləyən”, “Əbədiyyət üfüqündə doğan Günəş” kimi parlayaraq yaddaşda milli-mənəvi dəyər statusunda əbədiyyən qərarlaşan dahi İMADƏDDİN NƏSİMİ kimi!

Vəhdətin şəhrində seyran eylərəm,
Mən səni cismimdə heyran eylərəm.
Sirrimi aləmdə pünhan eylərəm,
Adəmi həm Həqq, həm İnsan eylərəm!

Gallery

# 4615 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #