Evli qadına sataşan tələbə - Şahmarın hekayəsi

Evli qadına sataşan tələbə - Şahmarın hekayəsi
9 iyun 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Görüş”dür.

Oqtay şəhərdə oxuyan qardaşı Şəmilin yanına gəldi. Şəmil qardaşını gözləmirdi, onu görüb bərk sevindi, qabaqdan gələn imtahanların qorxusunu, çəkə bilmədiyi çertyojları (yaxşı ki, kurs yoldaşlarından biri, mən ölüm, sən öl, hərdən kömək eləyirdi), darıxdığı axşamları unutdu. Onlar qucaqlaşıb öpüşdülər. Şəmil qardaşını görəndə anası, dirrikləri, tut ağacları, onu çox istəyən qonşuları Məsmə arvad yadına düşdü, doğma şeylər üçün ürəyinin başı göynədi və Oqtayın gözlərinə baxa-baxa dedi:

- Nə yaxşı, ə, səndən?

Oqtay Şəmilin belə baxmağından qısılıb çiyinlərini çəkdi.

- Nə bilim, vallah, elə gəldim dana.

Şəmil otaq yoldaşlarını Oqtayla tanış elədi. Oqtay hündürboy, əzələli, qıvrımsaç bir oğlandı. Enli sifətindən, iri gözlərindən qoçaqlıq, mərdlik yağırdı. Həm də gülüb danışanda boynunu əyir, gücündən, boy-buxunundan utanırdı.

Şəmil qardaşının kişi həddinə çatmasını, yetkinliyə doğru onda əmələ gələn dəyişikliyi daxilən duyub, hiss etdiyinə görə sevincini saxlayammadı, güldü, ərklə dedi:

- Yaxşı, ağactək bitmə otağın ortasında, gedək əl-üzünü yu.

Onlar çay-çörək yeyəndə (Şəmilin otaq yoldaşları getmişdilər) Şəmil Oqtayı sorğu-suala tutdu:

- Anam necədi, yaxşıdımı? Dədəm nə eləyir? Yenə çoxmu danışır, sən allah? Yunu satdınızmı? Tut ağaclarımız çoxmu gətirib bu il? Darvazanı düzəltdinizmi? İtimiz dururmu?

- Durur.

- Əvvəlki kimi zalımdımı yenə, qarqaradamı saxlayırsınız?

- Hə.

Şəmilin gözləri parıldadı. Haçansa xoşuna gələn, ona ləzzət verən hadisəni bir də gördü elə bil.

- Yaman itdi ha. Yadındadımı bir dəfə az qalmışdı Cumalı kişini dağıda, ha-ha-ha-ha. O boyda kişi şalvarı... Ha-ha-ha, ay sənin.

Sonra o, nədənsə fikirli görünən qardaşının üzünə, çörək tutan əlinə baxdı.

- Sən allah, de görüm, niyə gəlibsən?

- Vallah səni görməyə gəlmişəm elə, bir də...

- Nə bir də?

- Əşi anam dedi get Şəmilnən görüş, həm də bir nişan üzüyü alın, bir də bir-iki dəst paltarlıq.

Oqtay cibindən bir qalaq pul çıxarıb Şəmilə uzatdı. Şəmil əvvəl-əvvəl heç nə anlamadı, mat-mat qardaşının üzünə, onun əlindəki pula baxdı. Sonra birdən başa düşdü, heyrətlə dilləndi:

- Əyə, allahsız, olmaya öylənirsən?

Oqtay başını aşağı saldı.

Şəmilin nitqi qurudu. Sevinci, şadlığı uçdu elə bil. Boğazı qovuşdu. Balaca olanda dağda bomboz, soyuq, çiskinli çəndə azıb-itdiyi yadına düşdü. O vaxt yaman qorxmuşdu. Elə bilmişdi qatı, göz-gözü görməyən çən daha heç vədə çəkilməyəcək. Şəmil də dağın döşündə anasını çağıra-çağıra, haraylaya-haraylaya qalacaq.

O, qabağındakı çaya acı bir kədərlə baxdı.

- Ə, bə niyə xəlvət iş görürsünüz? Məni niyə yaddan çıxardıbsınız, xəbər eləməyibsiniz?

- Ə, dayımın itkin canı üçün hələm getməmişik. Anam dedi, get Şəmilə denən, görək o nə deyir, sonra.

Şəmilin ürəyi yerinə gəldi.

- Kimin qızıdı?

- Cəfər kişinin.

- Topal Cəfərin?

- Yox ə, şofer Cəfər yoxdu, onun.

- Bıyy, allahsız, onun o boyda qızı var?

- Hə.

- Məktəbdəmi oxuyur?

- Ə, yox, məktəbi keçən il qurtarıbdı.

Şəmil əlini Oqtayın çiyninə vurdu ki, “ə, lap yaxşı eləyirsən” və elə bu anda da əlinin gücsüzlüyünü, titrədiyini hiss edib dilxor oldu.

Onlar birinci mərtəbəyə düşüb qapıdan çıxanda, yataqxananın qaşqabaqlı, tələbələrə daim şübhə ilə baxan komendantı Şəmili çağırdı:

- Nəyindi?

- Qardaşım.

- Havaxt gəlib?

- Bayaq.

- Gecə yanında qalacaq?

- Bəli.

- Olmaz, mən icazə vermirəm.

Bu komendantı hər görəndə elə bil Şəmilin atasına söyürdülər.

- Əşi indi bir gecə...

- Olmaz e, a balam, olmaz. Hər yetən bir adam gətirsə, bura dönüb olar kolxoz bazarı ki! Qanun var, qayda var...

Ən pisi odu ki, Oqtay dörd-beş addımlıqda durub qulaq asırdı.

Küçədə Şəmil söyləndi.

- Qansız oğlu, qansız elə danışır, elə bil bu boyda bina dədəsindən qalıb – sonra Oqtaya tərəf dönüb, - dedi:

- Ə, sən fikir vermə, onun canı bir üçlükdü, səsini kəsəcək.

Sonra da zarafata keçdi.

- Gələndə gərək iti gətirəydin, qısqıraydıq bu əclafın üstünə. Sən öl, göz açıb yumunca, aşmalayardı onu.

Boylana-boylana yolu keçdilər. Sola, sonra sağa döndülər. Kiçik, sakit lap gap eləməli küçəydi. Oqtay ayaqlarının ucuna baxa-baxa yeriyirdi. Bu, onun uşaqlıq adətiydi. Balaca olanda nənələri həmişə deyərdi: “Başını dik tut yeri ə, köpəyoğlu, boynun əyri bitəcək”. Birdən o, Şəmilə baxmadan dilləndi:

- Birtəhərsən.

- Nə təhərəm ki?

- Belə, elə bil yanıbsan.

- Qaralmışam deyirsən?

- Yox e, elə bil suyunu kəsiblər, quruyubsan. Bizim çəpərə bitişik Məsmə xalanın quruyan əriyi vardı ha. Çərtdəyi də şirindi...

Şəmil gülmək əvəzinə qəhərli-qəhərli, həm də gileyli cavab verdi:

- Bə nə təhər olum deyirsən, ə? Evdən-eşikdən uzaq, ayda-ildə bir dəfə qatıq-süd dadmır ağzım. Bir də bu çertyojlar adamın anasını ağladır lap.

Oqtay daha danışmadı.

Avtobusda Şəmil qardaşına astadan deyirdi:

- Ora vağzaldı. Bu da “Bakı” mehmanxanası, düz on yeddi mərtəbədi. Onuncu mərtəbədə yaxşı bar var. Deyirlər səhərə kimi açıq olur. Ora da Aeroflotun kassasıdı. Bu da kinoteatr “Nizami”. “Çinqaçuk”a orda baxmışam. Əntiqə kinodu. Kənddə də göstəriblərmi? Ora mərkəzi bankdı. Nə cür cırıq pul desən, dəyişdirirlər orda. O, balıq dükanıdı. Yox ə, ora yox, ora eptekdi. Bu da təzə univermaq. Düşək.

Birinci mərtəbədə camaat qaynaşırdı. Hamı tələsir, bir-birlərinin çiyinləri üstündən qabağa baxır, axtardıqları, ürəklərində tutduqları şeyləri tez görüb, almaq istəyirdilər. Həm də istəyirdilər ki, aldıqları şeylər nə elə ucuz olsun (ucuz ətin şorbası olmaz), nə də elə baha...

Vallar satılan şöbədə müğənninin zil səsi adamın başına düşürdü.

- Üç telli, dörd telli, beş telli durna...

Sol tərəfdə böyük növbə vardı. Qəşəng naxışlı yapon kasaları satılırdı. Şəmil dedi ki:

- Bəlkə, nənəm üçün bir cüt alaq?

Oqtay cavab verdi ki, özün bilərsən.

Adam çoxdu, növbəyə durmaqdan bir şey çıxmazdı. Şəmil boylandı. Kasa satılan şöbənin o başında xalatlı bir qız dayanmışdı. Özü də qız elə baxırdı ki, sanki bu vur-çatdasının ona dəxli yoxdu.

Şəmil cəsarətlə ona yanaşdı.

- Bacı?

Qız eşitmədi deyən.

- Ay bacı?

- Nə var?

Şəmil mülayim-mülayim soruşdu:

- Bağışlayın, o kasalardan iki dənə necə olmaq olar?

Qız əvvəl onun üst-başına baxdı, sonra əllərinə, sonra sifətinə, sonra da düz gözlərinin içinə. Şəmil hiss elədi ki, qulaqları, üzü qızarıb pörtür.

- Deyirəm bəlkə siz,.. bir cüt,.. bir cüt o kasalardan... – Dili dolaşdı və susdu.

Qızın gözlərində nəsə yanıb söndü. Şəmil dədəsinin, əmilərinin, müharibədə itkin düşmüş cavan dayısının canına and içib deyə bilərdi ki, qızın gözlərində yanıb-sönən istehza, lağlağıydı. Birdən qızın üzü enləndi, dişləri ağardı və Şəmil onu da gördü ki, qızın üst dişlərindən biri yoxdu. Qız qulağını onun ağzına tutub:

- Hıyy – elədi.

Şəmil dəhşətli, axmaq bir hərəkətdən özünü güclə saxladı. Əyilib qızın qulağına pıçıldadı.

- Dişlərini ağartma, aaz, ayıbdı, mırığın görükür.

Qız arxadan qışqırdı:

- Qatığı metrəynən, yumurtanı kiloynan satan çuşka oğlu, çuşka!

Oqtay elə tutulmuşdu ki, çırtma vursan qanı damardı. Şəmil sönməz-söyləməz onun qolundan tutub aparıb, bərkdən demək istədiyi sözləri ürəyində deyirdi. “Bəri gəl, ə Oqtay, yekə oğlansan, belə şeylərə fikir vermə. Bura sənin üçün Balçılının irəmələri deyil ki, yetənə yetəsən, yetmiyənə daş atasan...”

İkinci mərtəbədə parça satılan şöbə. Adamların gözlərinə parçaların rəngi hopmuşdu. Ağ, qırmızı gülləri olan, tünd göy rəngli parça satırdılar. Elə uzaqdan da qəşəng görünürdü. Yaxınlaşanda gördülər ayrı aləmdi. Oqtay birinci dilləndi: “Yaxşıdı”.

Şəmil tez növbə tutdu. Ondan qabaqda ağ ipək donlu bir qadın dayanmışdı. Şəmildən sonra da arıq bir qız durdu, sonra da bir kişi. Çox keçmədi ki, növbə uzandı. Oqtay qıraqda durub, satıcı qızın parçanı necə ölçüb kəsməsinə baxırdı.

Şəmilin qabağındakı qadın duruşunu dəyişdi və qəzetlə üzünü yelləyib “Off, yaman istidi” – dedi. Şəmil diksindi və qulaqlarına inanmadı. O, qadının “Off, yaman istidi” sözlərini, “ah, yaman darıxıram” kimi başa düşdü. Özünün bu halından baş tapmayaraq, üzünü görmədiyi qadının boynuna baxdı və baxan kimi də hiss etdi ki, ömründə belə gözəl qadın boynu görməyib. Qadının boynunun dərisi zərifdi, şam kimi ağdı və yuxarı, başına yığdığı saçından tökülən qıvrımlar bu məsum, zərif dərinin fonunda canlıtək görünürdü. Şəmil həm də son dərəcə xoş, baş gicəlləndirən sehirli ətir qoxusu duydu və bu qoxunu duyan kimi də hiss etdi ki, vallah, bu dünya ümidli dünyadı, yaşamalı, ömür sürməli dünyadı. Lakin bu ləzzətli duyğunun ömrü bircə anlıq oldu. Şəmil kiminsə ona baxdığını, özü də pis-pis baxdığını (pis olmasa duyardımı heç) sövq-təbii hiss etdi. Döndü, gördü ki, arıq, yanağının sümükləri çıxmış, baxışlarında qırıq, əsəbi fikirlər oynayan bir kişi böyründə dayanıb, gözləriylə az qalır onu yesin. Şəmil hürkdü. “Bu niyə belə axır, ə?” Qadın kişiyə nəsə dedi və kişi gözlərini Şəmildən çəkdi. Şəmil başa düşdü ki, kişiylə qadın tanışdılar. Güman ki, kişi onun qadınının boynuna baxdığını görmüşdü. Şəmil xəcalət çəkdi, amma öz-özünə acımadı.

Satıcı qız bərkdən:

- Bu, axırıncı topdu! – dedi.

İtələşmə düşdü, adamlar sıxlaşdılar. Şəmil kürəyində qızın döşlərini hiss eləyib utandı və tez özünü qabağa verəndə qadına dəyib qızardı. Bu dəfə elə bil kimsə ona astadan, təsirli səslə dedi: “Sən bir kişiyə bax, kişiyə.” O, ixtiyarsız, qorxa-qorxa, “vallah, məndə günah yoxdu” deyən baxışlarla kişiyə baxdı. Kişinin üzündə qan qalmamışdı. Əcaib, iri hülqumlu da tez-tez qalxıb düşürdü. Elə bu vaxt, qadın, ürəyi darıxırmış kimi, yanakı döndü və dönən kimi də dolu əndamıyla Şəmilə dəydi. Şəmil elə oldu, elə oldu pul kimi.

Kişi əl atıb onun çiynindən yapışdı.

- Belə çıx görüm, əclaf, belə çıx!

Şəmil özünü tamam günahsız hiss eləsə də dillənmədi, lal adamlar təkin üzündə donuq bir ifadə ola-ola çiynini əyib, kişinin əlindən qopartmaq istədi. Kişi köməyə çağırırmış kimi qışqırdı.

- Belə çıx deyirəm sənə, binamus.

Növbə pozuldu. Adamlar onları dövrəyə aldılar. Qadının heyrətlə açılmış qəşəng gözlərini Şəmil ötəri gördü. Köynəyinin yaxası dartılıb boynunu kəsirdi. Ürəyində fikirləşdi ki, indicə, bu dəqiqə köynək şılımlanacaq, bu dəqiqə...

Birdən kişi onu buraxıb, guppultuyla yerə düşdü. Qadın qışqırdı. Şəmil Oqtayın acıqlı gözlərini, iri yumruğunu gördü. Elə bu dəm, qolu güclü beş-altı nəfər Oqtayı qamarlayıb geri çəkildilər. Onun təpiyi kişini tutmadı. Milisəner elə bir yerin altından çıxdı. Kişinin yana daradığı seyrək saçı qulağının üstünə tökülmüşdü. O, dili-dodağı təpişmiş halda deyirdi:

- Görüm bu, - Şəmili göstərdi – arvadıma toxunur, özü də qəsdən. Dedim belə dur. Bax o biri, o pəzəvəng məni arxadan vurdu.

Oqtay meyit kimi ağarmışdı. Qanlı-qanlı kişiyə baxırdı. Qəribədi, milsəner də Oqtayı diqqətlə süzdü, cinayət eləmiş adam kimi yox, nəsə tərəddüdlə, fikirlitək baxdı, sanki kiməsə oxşatdı onu. Sonra yəqin vəzifəsi, qayda-qanun yaratmaq haqqında ona verilən əmr, paqonları, ulduzlu papağı yadına düşdü, ayıldı elə bil, qaşqabağını töküb, ciddi və ötkəm səslə:

- Çəkilin, yoldaşlar – dedi. – Durmayın burda, çəkil ay dayı. Siz də gəlin görək, düş qabağa! – O, Şəmili itələdi. – Sən də gəl. – Səsini qaldırsa da, Oqtayın üzünə baxmadı.

- Siz də buyurun, yox, bəli, qoy arvadınız da gəlsin.

Milsəner divara vurulmuş rəngli taxtadan seçilməyən qapını açdı, əliylə işarə eləyib “keçin” dedi.

Şəmil qabaqda, Oqtay arxada, sonra da kişiylə arvad pilləkənlərlə qalxmağa başladılar.

Milsəner qapını örtüb:

- Düz beşinci mərtəbəyə, - dedi.

Bir mərtəbə çıxdılar. Milsəner birdən arxada gəlməkdən darıxdı. Könülsüz-könülsüz addımlayan adamların ayaqları ilə qalxmaq onun xoşuna gəlmədi deyən. O, yalandan öskürdü, iti addımlarla kişiylə qadını, Oqtayı, Şəmili ötüb keçdi. Çiyinlərini, başını dik tutmasından görünürdü ki, bir az da özünü çəkir, forslanır, təzə kitelini, parıldayan çəkməsini göstərir. O, pilləkənlərin dönən yerində çönüb, “bir az tez-tez gəlin” – dedi və daha bir də geriyə baxmadı. Üçüncü mərtəbəyə çatanda Şəmil arxadan hənirti, pıçıltı seçdi. Oqtayın, kişinin, arvadın ayaq səsləri bir anlığa kəsildi. Şəmilin Oqtaydan yana damarlarında qanı dondu, taqəti qalmadı ki, çönsün, baxsın, görsün nə işdi. O biri mərtəbədə Oqtayı gördü. Oqtayın sifəti açılmışdı. Şəmil başa düşdü ki...

Axırıncı mərtəbədə milsəner otağın qapısını açmamış geri döndü:

- Ə, bəs kişiylə arvad hanı?

Oqtay:

- Gəlirlər, - dedi.

Milsəner qapını açdı, içəri girib işığı yandırdı, açarı stolun üstünə atdı, üzünə gün düşürmüş kimi gözlərini qıya-qıya soruşdu:

- Harda qaldılar onlar?

Oqtay bu dəfə lap etinasız cavab verdi:

- Nə bilim.

Milsəner tap-tarapla aşağı düşdü. Oqtay qımışa-qımışa Şəmilə göz basdı. Şəmil ürəyini ağrıdan sevincini özündən gizlədib, üzünü yana çevirdi.

Milsəner töyşüyə-töyşüyə qayıdıb gəldi. Sifəti qızarmışdı.

- Hara yox oldu bə onlar?

Birdən Oqtayın üstünə yeridi.

- Sən öl, sənin başına bir oyun açaram, yüz ildən sonra da məni yaddan çıxartmazsan. Davaya gəlmisən? Bu saat bir akt yazaram, on beş sutka mələyə-mələyə qalarsan burda, onda bilərsən əliuzunluq nədi!

Oqtay heç gözünü də qırpmadı.

- Boğazını yırtma, - dedi. – Ə. Özü də, get ona-buna qoçulan. Camaat sənin uşağın-zadın deyil. Hanı sənin şahidin, dəlilin-sübutun?

Beş dəqiqədən sonra iki qardaş pilləkənlərlə aşağı düşürdü. Şəmil narazı-narazı dilləndi.

- O nə danışıqdı, ə, danışırdın milsənernən?

- Yaxşı eləyirdim. Görmürsən. Əsgərlikdə iki il bir yerdə o qədər təpik döymüşük ki. İndi özünü elə dartır, guya məni tanımır. Şəmil ağzı açıla qaldı.

- Bıy, allahsız, - dedi. – Bunu bayaqdan denən dana.

Handan-hana soruşdu:

- Bə kişiylə arvad necə oldu?

Şəmil əmindi ki, Oqtay kişiylə arvadı qorxuzub, onlara göz ağartması gəlib. Amma necə, nə təhər?

Oqtay dinmirdi.

- Ə, sənnən döyləm?

Oqtay gözlərindəki dərin, qayğılı fikir ifadəsini heyrət, təəccüb ifadəsi əvəz etdi. O, qardaşına balaca uşağa baxan kimi baxıb, ağızucu cavab verdi:

- Nə bilim? Bir də dönüb baxanda gördü ki, ər-arvad qayıdıb aşağı düşürlər.

Şəmil demək istədi ki... Amma heç nə demədi. Çünki beynində yaranmış yeni bir fikrin sehri onu bürüdü. “Vallah, billah, kim nə deyir desin, o kişi də adamdı, adam balasıdı, insandı. Düzdü, bir az əsəbidi. (Az yox, əməlli-başlı əsəbiydi). Nə olar əsəbi olanda, e? Balam, bu əsəbilik o yazıqnan anadan-zaddan bir doğulmayıb ki?

Yəqin onlar pilləkənlə yuxarı qalxanda, kişi arxadan Oqtaya baxıb, onun əyilmiş enli kürəyinə, boy-buxununa tamaşa eləyib, fikirləşib (bu vaxt əsəbləri də sakitləşibmiş, əlbət) öz-özünə deyib ki, bu cür şümşad, iyid oğlana qıymaq heç kişilikdən deyil. Bir ah da çəkib yəqin. Sonra da yapışıb arvadının qolundan, yavaşca deyib ki, qayıdaq arvad, qayıdaq...

# 5553 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
#
#
# # #