Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri

Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri
1 dekabr 2020
# 16:50

Bu şeirləri erkən gənclik illərində yazmışam. 20 yaşıma qədər. Laçın işğal olunandan sonrakı 5-6 il ərzində. Əksəriyyəti çap olunmayıb. İndi Laçının azad edildiyi vaxt sizinlə bölüşmək istədim. Bir fakt da deyim; şeirlərin hamısını yaddaşımdan yazıram. Demək, düz 25 il mənimlə yol gəlib bu misralar. Yəqin indən belə də ömür vəfa etdikcə yol gedəcək. Bir də bu nisgilli misraları saz üstündə Laçın dağlarına, qayalarına pıçıldamaq var....

Allah nəsib eləsin!

Şərif Ağayar

Vətən

Nə ola qismətim elə gətirə
Bir dəfə gözünə görünəm, vətən
Çıxam zirvəsinə uca bir dağın
Çoban yapıncıma bürünəm, vətən

Qalmayam qürbətdə əl çala-çala
Kor oldum gözümə mil çala-çala
Qoynunla torpağa dil çala-çala
Yaralı ilantək sürünəm vətən

Sən Allah gözümdən durma irağa
Ağayar yurduna canım sadağa...
Çox da həsrətinlə çəkmə sınağa
Onsuz da taleylə sərinəm vətən

Kəndimizə

Gözəl Ağbulağım, a doğma kəndim
Bir daha qoynuna dönəcəmmi gör?
Sevinclə aşaraq “Gazın başı”ndan
“Bulağın gözü”nə enəcəmmi gör?

Ölürəm gülünü üzməkdən ötrü
Yol basan otunu əzməkdən ötrü
Səfalı dağları gəzməkdən ötrü
Bir dəli köhləni minəcəmmi gör?

Ağayar dərdinə çətin tablaşa
Arzular, umudlar çaxılar daşa
Dönüb gülşənində azad bir quşa
Yanıqlı-yanıqlı dinəcəmmi gör?

Ay Laçın

Sözümün əvvəli, sözümün sonu
Məskənim, beşiyim, anam, ay Laçın
İstərəm eşqinlə Xan Kərəm kimi
Alışam, ay Laçın, yanam, ay Laçın

Çırpılam qoynuna əsən yel kimi
Sızlayam dərdinlə incə tel kimi
Duyam nəfəsini, açam gül kimi
Bülbülüm, ay Laçın, sonam, ay Laçın

De kimlər iz qoydu izlərin üstə?
Axar su töküldü közlərin üstə
Kükrəyən yaş olam gözlərin üstə
Həsrət yanağında donam, ay Laçın

Qoynunda vursaydım ömrümü başa
Baxmazdım yolumu azdıran qışa
Dönəm dar qəfəsdən qurtulan quşa
Uçub sinən üstə qonam, ay Laçın

Dərdinin zərbiylə yenə vuruldum
Yolunda çəkdiyim ünə vuruldum
Arzum-eşqim deyib sənə vuruldum
İnanma əhdimi danam, ay Laçın

İndi qürbət eldə çəkər ahu-zar
İlhamı dağlardan alan duyğular
Sənsiz yaşamağa gümanımmı var?
Ürəyin itirmiş canam, ay Laçın...

Söz qoşam qoynunda hər daşa, dağa
Saralan çiçəyə, solan yarpağa
Yatam qucağında, dönəm torpağa
İtməyə qəlbimdə inam, ay Laçın
Məskənim, beşiyim, anam, ay Laçın!

Bəri

A dostum, qərib bir quşa dönmüşük
İsti yuvamızdan uçandan bəri
Ata ocağından, baba yurdundan
Baş alıb çöllərə qaçandan bəri

Ağrıya-acıya hey dözə-dözə
Ehtiyac əlindən düşmüşük düzə
Köhnə tanışlar da yad baxır bizə
Qaçqınlıq şərbətin içəndən bəri

Bilməm nə istəyir dərd Ağayaradan
Bu tale ömrümə yazıldı hardan?
Birtəhər dözürük daş binalardan
Qamış daxmalara köçəndən bəri,

Mənimkidir

Demə ki, qaçqınsan, yoxdu məkanın
Ağbulaq deyilən el mənimkidi
Yağı ayağında tapdağa dönmüş
Çəmən mənimkidi, çöl mənimkidi

Mənim “Buzxana”da buzum, qarım var
Mənim “Lülpər”im var, “Əyriqar”ım var
Mənim “Dəlidağ” tək şah vüqarım var
“Çöplü göl” deyilən göl mənimkidi

Burdan Möhbalının çox düşüb yolu
Burda saz qucubdu Cabbarın qolu
Burda ov-ovlayıb kürd Cəfərqulu
Axar gözlərimdən sel – mənimkidi

Keçən günlərimi xatirə saxlar
O sərin çeşmələr, o buz bulaqlar
Atam da, anam da dağlardı, dağlar
Salaram boynuna qol – mənimkidi

Mənəm bu yerlərdə yorulub gedən
Ürəyi tağından qırılıb gedən
“Tələlər” yoxuşa burulub gedən
O həsrət qaldığım yol mənimkidi

Ağayar, bilmirəm qalmısan harda
Elin yaman gündə, vətənin darda
Yağılar gəzsə də doğma diyarda
Laçın əvvəl-axır bil, mənimkidi!

Üstə

Vətən, dörd bahardı qurumur gözüm
Göz yaşım yol salıb üzümün üstə
Sevinc ürəyimdən perikib qaçıb
Kədər baş qoyubdu dizimin üstə

Gizlənqaç evciyim kolunda qaldı
Məhəbbət qolbağım qolunda qaldı
Körpə ləpirlərim yolunda qaldı
Qoyma iz qoysunlar izimin üstə

Çıxdı əllərimdən o çağım, vətən
Doldu qəm yüküylə qucağım vətən
Axır söndürüldü ocağım, vətən
Axır su tökdülər közümün üstə

Gül göndər – əyilim üzündən öpüm
Sel göndər – alışan köksümə səpim
Sənsiz küsüb məndən ilhamım, təbim
Qəm köçüb şeirimin, sözümün üstə

Ağayar uçmamış öz ovlağından
İçib can verəydi buz bulağından
Həsrətin çəkdiyim o torpağından
Qoyaydın bir ovuc gözümün üstə

Lay-lay

Nə müddətdi təşnəsiyəm qoynunun
Əsir düşən anam lay-lay, a lay-lay
Əyrilməmiş düyün düşən yumağım
Kəsilməmiş hanam lay-lay, a lay-lay

Taleyimdir yad əllərdə ovulan
Bar-bəhrəsi ilk baharda sovulan
Öz gölündən perik düşüb qovulan
Bir yaşılbaş sonam lay-lay, a lay-lay

Bir zümrəyəm – ayaq məzlum, baş namərd
Qurumadı gözümdəki yaş namərd
Zər - nainsaf, əl - hiyləgər, daş - namərd
Bağlı qalan xanam lay-lay, a lay-lay

Ağayaram, uyar oldum rəylərə
Möhtac qaldım saillərə, səylərə
Ətəyini pir sandığım bəylərə
Qəlbimdəki inam lay-lay, a lay-lay!

Bəlkə

Düşməyə rəng yoxdu qaradan artıq
Qürbət bu dünyanın ucudu bəlkə?
Düşünə bilmirəm obamı elsiz
Bu mənim zəndimin suçudu bəlkə?

Könlümə nişandı dağın yarğanı
Bimar zirvələrin bulud yorğanı…
“Lülpər”in qoynunda qaya karvanı
Elimin yaylağa köçüdü bəlkə?

Çökəklər yağışın qəm piyaləsi
İldırım göylərin ahı-naləsi
Anam Ağbulağın ağ şəlaləsi
Qəmzə*nin sellənmiş saçıdı bəlkə?

Ağayar düşsə də kəməndə, qardaş
Minər xəyal adlı səməndə, qardaş
Mən onda qalmışam, o məndə qardaş
Vətən gözlərimin içidi bəlkə?

*Qəmzə arvad ermənilərə əsir düşməsin deyə özünü qayadan çaya atmışdı

# 6236 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #