Bütün olanlardan sonra yenə səni dəli kimi istəyirəm - Bircənin romanı

Bütün olanlardan sonra yenə səni dəli kimi istəyirəm - Bircənin romanı
17 aprel 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Yay gircək Cavid yenə uzaqlara gedəsi oldu. Bütün gününü sevdiyi qızla keçirən, ev-eşiklə maraqlanmayan, cibinə az pul qoyanda mənə düşmən kəsilən oğlum səfərqabağı xeyli yumşalmışdı:

- Ana, nolub sənə, gözümə birtəhər dəyirsən?

Onun sualından səksəndim:

- Heç nə olmayıb, hər şey yaxşıdı.

- Mən gedirəm, indən belə daha da yaxşı olarsan.

- Niyə, sən mənə neyləyirdin ki?

- Hər gün pul verməkdən bezmişdin.

Oğlumu qucaqlayıb sinəmə sıxdım:

- Sən olmasan o pul mənim nəyimə gərək?

- Ana, vallah ürəkdən deyirəm, mən gedəndən sonra sən də qoşul iş yoldaşlarına get dincəl, ya da Şəfa xalagillə bir yana çıx. Lap öz xərcini ödə ki, onlara yük olmayasan. Bu boyda ölkənin öz rayonumuzdan başqa heç bir səmtini görməmisən.

- Evimizə bax, gör nə gündədi! Əlimə gələni kefə xərcləyim, bəs sonrası necolsun?

- Yaxşı, sənin planın nədi?

- Ən birincisi evimizi yaxşıca təmir elətmək, içini də o təmirə layiq yığdırmaq. Sonra ürəyim istəyən bir dostla tropik ölkədə, dəniz qırağında, palma kölgəsində dincəlmək.

Qəsdən Cavidin gözlədiyi cavabları vermirdim.

- Dostun kişi olacaq, yoxsa arvad?

- Əlbəttə kişi, arvadı neylirəm.

- Mən o palmanın budağını qoparıb dostunun... daha gerisini demirəm, özün bilirsən.

- Mən ölmüşəm bəyəm sən mənim dostuma paz çalasan?

Cavid hirslə yerindən qalxdı:

- Allah kəssin sənin planlarını! Mən də elə bilirdim deyəcəksən universiteti bitirməyini gözləyirəm ki, səni evləndirəm.

- Ondan sonra magistratura, sonra da əsgərlik var.

- Ana, mən heç əsgər getmək istəmirəm.

- Niyə, qadam? Amandı, bu sözü bir də dilinə gətirmə, dayıların eşidər səndən dönər, Rüfət heç üzünə də baxmaz.

- Söz ver ki, Nuriyyəni mənə alacaqsan, nə desən başım üstə.

- Oğlum, atam, qardaşım! Sən kimi istəsən onunla da evlənəcəksən. Rüfət dayının taleyi mənə necə lazımdı dərs oldu, canıma yekə bir dərd oldu.

İçimdəki ilanı çəkib yuvasına salıb oğluma sarıldım, özümə ürək-dirək verə-verə tək balamı daha bir illiyinə okeanın o tayına uğurladım.

***

Caviddən sonra qızlar da getdilər. Qaldıq Taylanla ikimiz, bir də Xədicə. Həmid artıq özünü evimin də, başımın da ağası kimi aparırdı. Elə bil mənə cadu-piti elədib əl-qolumu, dilimi bağlatmışdı, iradəmi əlimdən alıb məni kölə kimi, manqurt kimi özümə, istədiklərimə, tapındığım həqiqətlərə, dəyərlərə qarşı qoymuşdu. Mən işə çatar-çatmaz eyni anda həm otağıma, həm də əl telefonuma zəng vururdu, dəstəyi yerinə qoydummu mesaj göndərirdi. Axşamlar evdə olmayandan alıb gətirib başlayırdı mənə dərs keçməyə: belə otur, belə dur, saçını belə dara, ləhcəylə danışma, hər gün dikdaban geyin... Onun dediklərinin hamısını dinləsəm də heç birinə əməl eləmirdim.

Çox keçmədi rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlər masamın üstünə qalaqlandı:

- Rus dilini öyrənməlisən.

- Özümə lazım olan qədər bilirəm.

- Bəs niyə danışmırsan?

- Niyə danışım ki?

- Mənim bacılarım, yoldaşım rusca danışanda istəyirəm sən də onlara qoşulasan.

- Qoşulmasam nolacaq?

- Ağ qarğa (bu ifadəni ruscadan çevirib deyirdi, “ala qarğa”nın nə olduğunu bilmirdi) kimi hamıdan fərqlənəcəksən, olacaqsan xalis kəndçi.

Taylan onun gətirdiyi kitabları o üz-bu üzə çevirə-çevirə dedi:

- Ya Həmid amca, qadın Tolstoyu, Dostoyevskini, Pasternakı, Pamuku oxuyur. Yalnız sizin yox, bizim də ölkənin tarixini bilir. Görmürsüzmü nə qədər kitabı var. Siz ondan gülməli şeylər tələb eləyirsiz.

Doneşin uşağa nifrətlə baxdığını görəndə qızışdım:

- Kəndçiyəm kəndçiyəm də, nə yapışmısan yaxamdan! Görürsən ki, sənin bütün işləklərin məni tıncıxdırır.

Həmid murdar bir şey görmüş adam kimi üz-gözünü turşutdu:

- Mənim nəyim səni neyləyir?

Mən başımı dik tutub qürurla lap ucadan:

- Tıncıxdırır, - dedim.

Həmid barmaqlarını qulaqlarına tıxadı:

- Vay-vay-vay! Sənin kimi xanıma bu cür danışıq yaraşar heç? Bir də ağzından belə sözlər çıxartma.

Məni buraxıb Taylana sarı döndü:

- Alə, türk, sən nə vaxt gedirsən?

- İki aydan sonra.

- Evin kişisi bir il olmayacaq, sən yenə burda qalacaqsan?

Taylan zil qara gözləriylə üzümə baxdı:

- Mənim annəm özü məgər bir kişi deyilmi?

- Tülkü-tülkü danışma, alə, özünə bir yer tap, daha ayıbdı sənin burda qalmağın.

Həmidin üstünə qırğı təki şığıdım:

- Uşaqla nə işin var, bura onun öz evidi. Sənə aid olmayan işlərə qarışıb məni yenə tıncıxdırma.

Qəsdən işlətdiyim bu sözü eşitcək Doneş tələni qırmış ayı kimi evdən çıxdı.

Taylan şirin ləhcəylə lüğətlərdən rus sözlərini oxuyub gülməyə başladı, arada mənə tərəf çönüb:

- Ya annəm, tıncıxdım, - deyirdi, ikimiz də ürəkdən gülürdük.

Arabir də ciddiləşirdi:

- Annə, bu adam nə qədər cahilmiş! Rus dilini öyrədib səndən kim düzəltmək istəyir? Məni də ki görməyə gözü yoxdu.

- Onun sevgisi sənin nəyinə gərək? Evimizdə hamı səni sevib əzizləmir bəyəm?

- Bilmirəm, annəm. Bildiyim bu ki, adam çox gülməli, çox da təhlükəli bir tipdi.

***

Səhəri işə gedəndə Həmid yenə başımın ətini yeməyə başladı:

- Bu çoxbilmiş nə vaxtacan sənlə bir evdə yaşayacaq? Mən heç, qonum-qonşudan ayıbdı.

- O, peyğəmbər quzusu kimi bir uşaqdı. Qonşular da nə istəyirlər desinlər, vecimə deyil.

- Deməli, bu peyğəmbər quzusu həmişəlik sənin evində qalacaq?

- Bəli! Özü nə vaxt istəsə onda çıxıb gedəcək. Taylan mənim sağ əlimdi, həyanımdı. Heç kim ona toxuna bilməz.

- Arada bir Xədicəyə bax, özünə bax.

- Nolub Xədicəyə?

- Mən iyrənirəm o arvaddan. Sənə yaraşmır e eləsini evində saxlayırsan, saçına xına yaxırsan, hamamında çimdirirsən.

- İyrənirsən gəlmə. Mənim evimin adamlarına toxuna bilməzsən.

İş yerimin yanında maşından düşəndə mənə ultimatum verdi:

- Ya mən, ya da qara pıspısaya oxşayan o türklə Xədicə! Yaxşı-yaxşı fikirləş, axşam qərarını mənə deyərsən.

- Axşama niyə saxlayıram ki, elə indi deyim eşit: Xədicəylə Taylan!

Maşının qapısını möhkəm çırpıb işimə getdim. Nahar fasiləsində zəng vurdu:

- Mən balaca Leninəm e, heç kəs məni aldada bilməz. Nə qədər qadın tanıyıram ki, oğlu yaşda cavanlara müştəri çıxır, onları evində bəsləyir, cibinə pul qoyur. Bax sən də onlardansan, buna görə o küçüyü əlindən buraxmırsan.

O yaşımacan qulaqlarım belə eybəcər, belə murdar söz eşitməmişdi. Ürəyim bulandı, göbəyimin altından ağrığı tutan arvadların sancısına bənzər burulma keçdi. Özümü cərcəmləyib hikkəylə güldüm:

- Bax indi düz tapmısan, axır ki, başa düşdün.

Gülüşümdən qopan oxun xəttin o başındakı Doneşin peysərinə nə təhər pərçimləndiyini gözümlə gördüm.

- Kənd arvadları yanıq olurlar, mən bunu həmişə demişəm.

- Kənd arvadı sənin kimisinə tumanının balağını da öpdürməz. Yəqin sənin ərsiz bacıların da yanlarında cavan oğlan saxlayırlar. Murdarın biri murdar, zəhləmi tökmə, - deyib telefonu söndürdüm.

Yarım saatdan sonra ondan aldığım mesaj ürəyimi bayaqkından betər bulandırdı: “Bütün olanlardan sonra mən yenə səni dəli kimi istəyirəm...”

...Səndən gözlədiyim məktubu belə bir həşəratdan almağım həsrətimi, umudumu puça çıxarırdı, Dostum, illər boyu üstündə əsib sənli günə saxladığım könül amanatımı gözümdən salırdı. Ancaq bu şeytan şapalağı məni əsla aldada bilməzdi – mən sətirləri dolaşıq, niyyəti aydın məktublar gözləyirdim. O məktublar çap hərfləriylə yazılmamalıydı; onun sətirlərinə insan əli, insan həniri dəyməliydi, üstünə insan kölgəsi düşməliydi. Sənin əlin, Sənin hənirin, Sənin kölgən...

***

İki gündən bir Taylan evdən üstündə alaşıq-dolaşıq yazılar olan xırda kağızlar tapıb verirdi mənə. Kağızların qatını açıb ikimiz də diqqətlə baxırdıq, amma heç nə anışdıra bilmirdik.

Bir axşam işdən gəlib dolma bükürdüm, əlimdən tökülənləri uşaq yığışdırırdı. Az sonra Həmid qoltuğunda balaca bir tort özünü yetirdi. dolma qazanımıza boylanıb dedi:

- Siz işinizi bitirənə qədər mən də çay dəmləyim içək.

Onun mətbəxdə fırlanmağı birinci kərə deyildi; bazar günləri bir də görərdin gətirdiyi “tuşonka”dan bozbaş, ya aldığı içalatdan ütələngi cız-bız bişirib süfrəyə düzdü. Biz alışmadığımız yeməyə yaxın dura bilməyəndə onun dəmbə gözləri az qalırdı çalasından çıxa, müdam çeynədiyi dırnaqlarını hirsindən ağzına təpib deyirdi:

- Sizin nənəniz kənddə bir top bezdən tuman geyinib, siz hardan biləsiz tuşonka nədi.

Belə girəvəni heç əldən buraxardımmı:

- Bizim nənəmiz bir top alışdım-yandım parçadan özünə don biçdirib, - deyirdim, - quyruğu sən boyda olan erkəkdən qovurma, bozartma bişirib. Biz belə zir-zibili dilimizə vura bilmərik...

Bükdüyüm dolmanı balkonda ocağın üstünə qoydum. Əllərimi yudum, Həmidin bəzədiyi süfrənin küncündə oturub mənə süzdüyü çayı qənşərimə çəkdim. İstəkanı ağzıma aparmaq istəyəndə Taylan qolumu havada tutdu:

- Ya annəm, sən al bunu iç, - deyib Həmidin qarşısındakı istəkanı mənə uzatdı.

Heç nə başa düşmədim. Həmid uşağa qanlı-qanlı baxıb çayı onun əlindən alıb yenidən mənə uzatdı:

- Bu sənin qismətindi, onun sözünə fikir vermə.

Taylanın böyümüş gözlərinə, qarşımda buğlanan çaya key-key nəzər salıb başımı aşağı dikdim, nə baş verdiyini anlamaq üçün vaxt qazanmağa, fikrimi cəmləməyə çalışdım.

Doneş ardan arınmış sifətiylə üzümə irişirdi. Arada oğlanın üzünə zənlə baxıb zabitəsiylə onu qorxutmaq istəyirmiş kimi dedi:

- Sən belə şeyləri bilməzsən, ay bala, bizdə hər kəs öz qismətinə qane olmalıdı, başqasının qabına göz dikmək haramdı.

Taylan qalxıb mətbəxə keçdi, tezcə də ayaqlarının ucunda sinə-sinə geri qayıdıb əlinin işarəsiylə mənə “çayı içmə” deyəndən sonra yerinə oturdu. Həmid dəridən-qabıqdan çıxdı – gah gətirdiyi tortdan bir dilim kəsib qarşıma qoydu, gah şokolad açıb mənə uzatdı; ancaq mən yenə bərk durdum, gözlərini həyəcanla mənə zilləmiş qara böcəyin sözünü yerə salmadım.

Yaxamı Doneşin caynağından qoparmaq üçün istəkan-nəlbəkini ovcuma alıb mətbəxə keçdim. Hövlnak dalımca gəldi:

- Noldu, niyə içmədin çayını? Bu da yemək deyil ki, bəyənməyəsən.

- Yox, niyə bəyənmirəm, - dedim, - çay soyuyub, təzəsini süzəcəm.

İstəkanı qab yuduğum çanağa boşaltdım. Elə bil Doneşin təpəsindən qaynar su əndərdilər:

- Sən həmişə beləsən də, - başladı, - adamın əziyyətini yerə vurmaqdan ləzzət alırsan. Axı mənə deyən gərək, ay külbaş, kəndçi hardan bilir sürpriz nədi?

Əlacı olsaydı Taylanın boğazını sərçə boğazı kimi üzərdi.

- Səndən sürpriz istəyən var, - dedim, - bilirsən ki, mən çox vaxt su içirəm.

Həmid bir xeyli pərt oturandan sonra qalxıb balkondakı qaz sobasının üstündə pıqqıldayan qazana başını soxdu. Yarpaq dolmasının ətrini ciyərlərinə çəkib dedi:

- Bu qədər dolmanı elə ikiniz yeyəcəksiz?

Onun donuz gülləsini dərhal alnından vurdum:

- Yox, Xədicə də gələcək.

- Xədicəni xarab eləyər. Mənim sabah qonağım olacaq. Soyuducudakı dovğadan bir balona tök, dolmadan da bir az özünüzə götür, qalanını ver aparım.

- Dəni çöllərdən, suyu göllərdən qonaq qarşılayıb sonra da kəndçilərin adını bədnam eləyəcəksən?

- Qonaq deyəndə bacılarım olacaq. Səni çox istəyirlər, tərbiyən olsun, mərifətli danış.

- Onda dəvədəllalı bacıların qoy özləri dolmalarını bişirsinlər. Nədi, yoxsa onların da əllərini qaralmağa qoymursan?

- Mən çalışıram sənin də əllərin qaralmasın, dırnaqların həmişə manikürlü olsun. Amma sən kuxarkalıq eləməyi xoşlayırsan.

- Onda get kuxarka olmayanların qazanına burnunu sox, gör nə tapırsan.

Həmid gözünü yumub ağzını açdı, nə açdı! İkimizə də dişinin dibindən çıxanı dedi. Buna qədər ürəyim yumşalmışdı, ağzınacan dolu soyuducumdakı yeməklərin hamısından ona pay qoyacaqdım. Ancaq başımızdan yağdırdığı təhqirdən, nifrindən sonra qapını açıb onu əliboş yola saldım.

***

Doneş izal olan kimi Taylan üstümə qaçdı:

- Annəm, nə yaxşı o çayı içmədin!

- Çaya nolmuşdu ki, sən niyə elə elədin?

Oğlan gözləri böyümüş dedi:

- Sən əllərini yumağa girəndə o sənin çayına nəsə atıb qarışdırdı, sonra bardaqdan bir ağ kağız çıxarıb dəsmalına büküb cibinə qoydu.

Üşürgələndim. Axı bu hərif mənim çayıma nə qata bilərdi? Taylan evdən tapdığı üstü yazılı xırda kağızları mənə göstərib dedi:

- Bax bunlara bənzər bir şey idi.

Həmidin, bacılarının mövhumatçı, xürafatçı olduqlarını bilirdim. Qabaqlarına çıxan qonum-qonşunu həmişə ürəklərində söyürdülər. Səhərlər blokdan çıxmamış casus kimi sağa-sola boylanıb maşına doğru yüyürə-yüyürə gedirdilər ki, birdən qarşılarından pişik keçər, ya gözlərinə xoşlamadıqları (lap elə xoşladıqları) bir bəndə görükər.

Kağız qırıqlarını Taylandan alıb bir yerə yığdım. Bu çay məsələsi ürəyimdə düyünləndi...

Ertəsi gün Həmid bir də gəlib gözü qaldığı yeməklərdən istədiyi qədər götürdü. Gethagetdə üzümə irişə-irişə dedi:

- Bu gecə dolmanın iyindən yata bilməmişəm.

Qapıdan çıxanda Taylana da ilişdi:

- Yayın istisində özünü yaxşı sərmisən kondisionerin qabağına. Heç sənin nəslində belə kef çəkən olmayıb.

- Yaxşı eləyir, uşağın mənim kimi anası var, - dedim. - Onun aldığı sərin hava sənin apardığın yeməklərdən qat-qat ucuz başa gəlir.

Həmid pırtlaq didələrini çər dəymiş dəvə gözü kimi oynadıb qazanlar qoltuğunda aradan çıxdı.

# 13038 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #