news-inner
clock09:00 calendar-gray 10 Aprel 2020 view-gray7476 dəfə oxunub
view-gray7476 dəfə oxunub

Gəlinin qabağını kəsib qışqırmağa başladı - Bircənin romanı

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Həmid günaşırı arvadını, qızını da götürüb axşam bizə gəlirdi, ər-arvad evimizdə olandan süfrə açırdılar, gecənin girt yarısınacan danışıb gülürdülər. Arvadı Cavidin, Taylanın kampaniyasında daha şən, daha mehriban dolanırdı, onlarla loto oynamaqdan ayrıca zövq alırdı. Doneş hər fürsətdə qızı Solmazı Cavidin gözünə dürtməyə çalışırdı. oğlumunsa fikri-zikri Nefertitinin yanındaydı.

Həftə sonu üçün qabaqcadan plan cızırdılar, şənbə səhəri onlar qapını kəsdirəndə mən canımı qurtarmaqdan ötrü yüz bəhanə uydurub:

- Gedə bilmərəm, vacib işlərim var, - deyirdim.

Onda Həmid ayağını cin atının üzəngisinə qoyub onların planını pozduğuma görə donquldanırdı. Ər-arvad qara azar kimi çəkilib gedəndən sonra evimizə dinclik, sakitlik çökürdü, Taylan üzümə sözlü-sözlü baxıb susurdu. Görürdüm düşündüklərini dilə gətirməyə çəkinir, özüm onu danışdırırdım:

- Nə susmusan, dillənsənə.

- Annə, nə deyim, adamı lap dəli elədin.

- Həftədə bir-iki gün evdə qalıram, onda da sizi ac qoyub sülənməyəmi gedim?

- Annə, mən bu adamı heç sevə bilmirəm.

- Sevmə, onda seviləsi nə var ki?

- Ya annəm, Xədicə də adamdan qorxur, o gələndə qaçıb gizlənir.

- Niyə, bəlkə Xədicəyə nəsə eləyib mənim xəbərim yoxdu?

- Heç nə eləməyib, amma zavallı qız yamanca qorxur.

- İnan, sənə, Xədicəyə barmağı dəysə parçalayaram onu...

***

...Dostum, beləcə uzun qaçdı-qovdudan, dartışmadan, didişmədən sonra bir də onda ayıldım ki, adam boynuma bir çatı salıb məni xam dayça kimi buruntaqlayıb. Bir də gördüm Həmid də, ailəsi də bizim evimizə, gün-güzəranımıza, ağzımızın tikəsinə, ömrümüzün gecəsinə-gündüzünə şərik, hətta bundan da çox – yiyə çıxıblar. Onları bunca yaxına buraxmaqla canımı talana verdiyimi anlayanda artıq gec idi, boynumu bəla kündəsinə salmışdım, ayağımın altında yolum, ayağımla başımın arasında qəddim, başımın üstündə tüstüm əyilmişdi.

O günə qədər içimdə oturub yoluma çıraq tutan, cığırımdan bircə qədəm sapmaq istəyəndə mənə barmaq silkələyən o mələk də gərdəyində yoxudu artıq, uçub getmişdi. Könlüm payız yuvasıtək bombolomboş, ömrüm xəzan bağı kimi viran qalmışdı. İçimdə danışdıqlarım ürəyimin divarlarına dəyib əks-səda verirdi, boş qəlbimin danqıltısı başıma düşürdü.

Hər dəfə əməliyyata girəndə narkoz bədənimə yeridilənə qədər özümə söz verirdim ki, bu dəfə yatmayacam, möhkəm dayanıb həkimlərin məni necə kəsib-doğradıqlarına tamaşa eləyəcəm, əməliyyat boyunca nədən danışdıqlarına qulaq verəcəm. Amma dirəşməyin faydası olmurdu – bir də gözümü şiddətli ağrıların qucağında, xəstəxana çarpayısının ağuşunda açırdım.

İndi də narkozdan, qat-qarışıq yuxudan ayılmış kimiydim. Bütün bunların necə baş verdiyini, bu adamların həyatıma necə soxulduğunu xatırlamaq istəyirdim, di gəl, yadıma heç nə düşmürdü. Yaramaz adamlarla minalanmış nə qədər yol gəlmişdim, ayağımı qoyduğum yerdən nə bir tüstü çıxmışdı, nə çırtıltı qopmuşdu. Öz əlimlə öz saçımdan yapışıb özümü nə bataqlıqlardan sürüyüb çıxarmışdım, nə tonqalların üstündən sıçrayıb adlamışdım, nə cələlərdən, tələlərdən sivişib qurtulmuşdum. Onlara baxanda bu, bir yağış gölməçəsi, yaş odunun korun-korun tüstülənməsi, çürük sapla at ayağına çidar vurulmasıydı.

Axı qadın nə vaxt tarazlığını itirib özünə söykək axtarar – qarnı ac, əndamı lüt qalanda, uşağı bir parça əppəkdən ötrü ağlayanda, evinin çardağı damanda. Mənim ki belə ehtiyacım yoxuydu, tam tərsinə, onlar mənim qazanıma qarmaq sallamışdılar. Durum deyim bunlara danışılası dərdim-sözüm, bunlarla ortaq marağım, bunların şəxsinə-şəxsiyyətinə zərrəcə sayğım vardı – bu da yalan olar. Bəs onda nə?..

***

Bu sualın qarşısında girinc qaldığım peşman günlərin birində Aygünə zəng vurdum:

- Hardasan?

- Evdəyik. Səsinə qurban olum, nə yaxşı məni axtardın! Necəsən, neylirsən?

- Canıma azar eləyirəm. Ərə getdin ağzın bala batdı?

Aygün şaqqanaq çəkib güldü, mənim kinimi tutmadı:

- Hə, ay Bircə, Allah hamının ağzını belə batırsın.

- Onda get balını ye otur xarabanda, - deyib telefonu bağladım, ardınca mənim nömrəmi nə qədər yığdısa cavab vermədim.

Sonra Səməndərə zəng vurdum, onunla bir az danışıb ağladım. Qardaşımın çox narahatlıq keçirdiyini görəndə onu arxayın salmağa çalışıb bir balaca xəstələndiyimi, bu üzdən yuxaldığımı dedim.

Sonra durub güzgü qabağına keçdim, üzümün yırtılıb sallanan pərdəsinə yazıq-yazıq tamaşa eləməyə başladım. Padşah kimi adamlara bir baxış qıymayan mən necə oldu bu insan dənizinin dibinə çökdüm, içi çölündən, çölü içindən betər bir şeytan şapalağının, namus-qeyrət dəllalının qumarına girib felinə düşdüm?..

Ayıq başla özümə belə-belə suallar verib cavab tapa bilmədiyim o günləri çox ağır keçirdim. Bilmirdim bu dərdi kimlə bölüşüm. İşdəki oturuşmuş qadınların ərlərinə elədikləri xəyanətdən gülə-gülə danışdıqlarına ürkək-ürkək qulaq asdıqca çimçəşirdim, istəyirdim onlardan soruşam: necə bilirsiz, qadının ərinə xəyanət eləməyi daha ağır dərddi, yoxsa özünə? Əlbəttə, soruşa bilmirdim, soruşsaydım yüz faiz məni havalanmış sanacaqdılar. Buna görə də sakitcə onların üzünə baxıb gözümü döyürdüm. Öz çörəyimi öz qanıma doğrayıb yeyirdim.

Həmid əvvəlki qaydada hər axşam külfətini başına yığıb gəlirdi. Özləri danışıb özləri gülürdülər, guya bu danışdıqlarını öz evlərində danışıb, güldüklərinə öz xarabalarında gülə bilməzdilər. Mənim dəlib-deşən baxışlarıma tuş gələndə Doneş özünü yığışdırırdı, hamı eşidə-eşidə deyirdi:

- Nolub e sənə, belə bir cür olmusan ee.

Hələlik susurdum, indən belə hansı addımı atmalı olduğumu götür-qoy eləyirdim...

***

O günlər yenə işə dəlisov qızla gedib gəlirdim. Qızın da halı hal deyildi. Bir səhər məni götürəndə onun görkəmindən qorxdum:

- Züleyxa, nolub sənə, niyə bu gündəsən, ay bala?

- Sevgilim evlənir, ay Bircə xanım.

- Sənlə evlənmir?

- Mənlə evlənsəydi niyə ağlayırdım?

O gündən Züleyxanın çarxı çöndü. Bir neçə gün sonra işdə məni yanladı:

- Bircə xanım, sizdən bir xahişim var: mənlə bir yerə gedərsiz?

- Hara desən gedərəm.

Qızın yaşlı gözləri işıldadı:

- İşdən yarım saat tez çıxacağıq.

- Sən hazır olanda de, mən də çıxım.

Qızın məndən əl çəkmədiyini görən Elgün xəbərdarlıq elədi:

- Bircə xanım, ehtiyatlı olun, Züleyxa bir az ərköyündü, əsəbiləşəndə özünü bilmir.

- Neyləyim, ona yazığım gəlir, - dedim, - beyniqanlı qızdı, gedər özünə xəsarət yetirər, yanında olsam yaxşıdı.

- Getməyinə gedin, amma ehtiyatlı olun.

Züleyxa bəzənib-düzənib özünü pəncərədən mənə göstərəndə çıxdım. Oturduq maşına. Qız gah ağlayırdı, gah gülürdü, gah da söyürdü:

- Anasının sözüylə mənim kimi qızı atdı alçaq.

Onun dağınıq saçlarını yumşaq əlimlə dəstələyib dedim:

- Bir az səbr elə, bəlkə yenə qayıdar.

- Nə qayıtmaq, ay Bircə xanım, bu gün nikah bağlayır ey, nə qayıtmaq.

- Bəs biz indi hara gedirik?

- Düz kəbin kəsilən yerə.

Züleyxa maşını dalda yerdə saxlayıb söndürdü. Düşüb bir az irəli gedib məşhur “Səadət sarayı”nın qabağında dayandıq. Hava istiydisə də Züleyxa titrəyirdi.

- İndi biz bura niyə gəldik?

- Gəldim özümü o alçağa göstərəm.

Başladım qıza yalvarmağa:

- Qadan alım, başına dönüm, gəl çıxaq gedək evimizə, lap elə bizə gedək.

- Qorxmayın, Bircə xanım, şuluqluq salmayacam, eləcə o vicdansız alçağın gözlərinə baxıb gedəcəm.

- Nə bilirsən onlar indi gələcəklər, bəlkə çoxdan gəlib gediblər?

- Bilirəm, indi gələcəklər.

Qapıdan bir az aralı dayanıb gözlədik. Birdən Züleyxanı bayaqkından betər əsməcə tutdu, çənəsi şaqqıldaya-şaqqıldaya dedi:

- Gəlirlər, Bircə xanım!

Bəzəkli maşından əvvəlcə oğlan düşdü. Onu tanıyırdım, Züleyxanın yanında çox görmüşdüm. Sonra oğlan maşının o biri böyrünə hərlənib sol qapını açdı. Qucağında gül dəstəsi olan incə bədənli, Züleyxa kimi uzun gur saçlı bir qız maşından düşdü. Bəy-gəlin qol-qola girib geridəki maşınlardan tökülüşən qohum-əqrəbanın yetişməsini gözlədilər. Arada Zaur gəlinin qulağına nəsə deyib gülürdü.

Zağ-zağ əsən Züleyxanın qolundan bərk sallaşmışdım:

- Qadan alım, bu qədər gördün bəsdi, gəl gedək.

- Bircə xanım, yalvarıram, bir az da dayanaq.

Zaur qız qoltuğunda pilləkənə doğru yönələndə Züleyxa əlimdən çıxdı, qaçıb bəy-gəlinin qabağını kəsib qışqırmağa başladı:

- Mən aldığım kostyumu geyinib başqasıyla evlənirsən?

Əlləri güllü, səbətli qadınlara qarışdım. Qorxumdan Züleyxa səmtə baxa bilmirdim. Toy libası geyinmiş yaraşıqlı xanımlardan biri irəli çıxıb izdihamın qarşısını Ərəbzəngi kimi kəsən bəxtsiz gəlinə yaxınlaşdı, üzünü toy adamlarına tutub danışmağa başladı:

- Bax mən bundan qorxurdum ey! Hələ xalasına yalvardım ki, qızınıza yiyəlik eləyin.

Zaur Züleyxanın üzünə tərs-tərs baxıb divarın dibindən sivişmək istəyəndə qız yenə coşdu:

- Boynundakı qalstukdan, üstündəki sancaqdan utan, ay alçaq!

Oğlan gəlinin qolunu buraxıb sərt hərəkətlə Züleyxanı yolundan qırağa itələdi. Qızı havadaca tutdular, bəy-gəlin yuxarı qalxdı. Adamlar seyrələndə özümü Züleyxanın üstünə atdım:

- Gəl, tez gəl qaçaq burdan!

Qoluna girib onu maşına sarı sürüdüm, qapını açıb sükan arxasına oturtdum, sonra özüm də keçib yanında yerimi tutdum. Bir az göz-gözə qaldıq.

- Sür, sür, qadan alım, - dedim, - sür gedək evimizə.

Züleyxa açarı burmağıyla maşının tərpənməyi bir oldu. Yol yarılananda qızdan bir qıyya qopdu, ovuclarını sükana döyə-döyə ağlamağa başladı:

- Axı niyə, niyə axı?! Bəyəm mən onun aldığından pis qızam? Bütün qazancımı ona yedirtdim, gecəli-gündüzlü beş ilimi ona verdim. Axırda mən alan kostyumu geyinib başqasının qoltuğuna girdi.

- Səbirli ol, anan yazıqdı.

- Bəs mən yazıq deyiləm, ay Bircə xanım?!

Qızın üzündən yaş tər kimi süzülürdü.

- Mən bakirəliyimi də xonçada onun qabağına qoydum!

Əllərim istər-istəməz qulaqlarıma yapışdı:

- Bəs indi səni kim alacaq? Alsalar səni alana nə deyəcəksən?

Züleyxa üzümə qəzəbli həqarətlə baxıb ağlaya-ağlaya güldü:

- Eh, ay Bircə xanım, mən nə hayda, sən nə hayda!

- Barı anan bilirmi?

- Bilib neyləyəcək?

- Necə neyləyəcək! Alçaq gədə səni bədbəxt eləyib ayrısını alır. Bəs sən camaat üzünə nə üzlə çıxacaqsan?

Gözümün önünə telli-duvaqlı bir gəlin gəldi: xınalı ovuclarına bərəkət rəmzi pul qoyulub xırda dəsmallarla bağlanmış, təcrübəli məşşatələrin əliylə sifətinə gəlin bəzəyi vurulmuş, ata evindən çıxıb “Vağzalı” üstündə ər evinə gedən bir qız. Toy gecəsi gərdəyə əliboş girib, bəy qabağında üzüqara dayanıb, inkir-minkirin sualları qarşısında aciz qalan talesiz gəlin...

Züleyxa bu ayrılığı ağır keçirdi, aylarla yorğan-döşəkdən qalxmadı. Çox sonralar qolunda bir göyçək oğlan ağappaq gəlinlikdə toyxanaya girəndə bərəlmiş gözlərimə şirin təbəssümlə baxıb mənə ehmalca bir göz basdı. Fürsət düşəndə özümü yanına verib onu öpmək bəhanəsiylə qulağına pıçıldadım:

- Neyləyəcəksən, oğlana demisən?

Züleyxa məni özünə sıxıb ağzını qulağıma dirədi:

- Heç böyümədin də, ay Bircə xanım. Get qoşul qızlara, ye-iç-oyna. Məndən narahat olma, hər şey qaydasındadı.

Toy bitənəcən Züleyxanın ağ gəlinliyi gözümə qırmızı göründü. Bir də onu düşünürdüm ki, görəsən Zauru unudub, yoxsa bu gəlinliyi də onun acığına geyinib?..

...Mənim sevgini, sədaqəti, könüllü izdivacı müqəddəs saymağım bir yerdə işlədiyim xanımların çoxuna köhnəlik, geridəqalmışlıq, avamlıq kimi görsənirdi, Dostum. Onlar həyata çox yaxından baxırdılar deyə yalnız üzdə olanları görürdülər. Hərdən onların tərəfinə keçib mən də özümü qınayırdım. Ancaq cəmi yaranmışları doğma ana kimi yedirdən verimli, bərəkətli torpaqlardan, hamını göyə qaldırsa da özü yerlə sürünən axar sulardan maya tutmuş kəndçi damarım, sevən çiçəkləri qovuşduran yellərdən, təmənnasız açan güllərdən, minnətsiz yanan ocaqlardan öyüd almış kəndçi ürəyim, uşaqlıqdan kitab qoxusuyla bəslənmiş beynim, bir də Sənin zühuruna bağlı umudum bu yolla uzağa getməyimə rüsxət vermirdi...

news-inner-user
Bircə

146 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”
16:27 30 May 2020
“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək
15:31 30 May 2020
Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"
14:39 30 May 2020
Cani rollarının ən məşhur ifaçısı öldü
13:37 30 May 2020
Ölüm çox qorxunc və arzuolunmaz gəlir – İkinci Mahmudun dərc olunmayan yazısı
12:51 30 May 2020
Ledi Qaqadan yeni albom - "Chromatica"
12:07 30 May 2020
Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
09:00 30 May 2020
Məşhur aktrisa vəfat etdi
17:32 29 May 2020
Dəb xəstələri üçün 10 film - Siyahı
16:41 29 May 2020
Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"
15:03 29 May 2020
"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi
14:40 29 May 2020
Merilin Monronun çılpaq şəkli hərraca çıxarıldı- Foto
13:36 29 May 2020
70 yaşında ata olan qocanın evindən reportaj
12:22 29 May 2020
Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıya klip çəkildi
10:40 29 May 2020
Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
09:49 29 May 2020
Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
08:59 29 May 2020
Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri
16:45 28 May 2020
Əmi, bəlkə köhnə ayaqqabın ola? - Alikin yeni şeiri
16:00 28 May 2020
Reha Erdemden yeni film
14:45 28 May 2020
Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
13:33 28 May 2020