Kulis.az Tural Cəfərlinin “Bukovskini oxuyan fahişə” hekayəsini təqdim edir.
Uşaqlığımda tibb bacısı olmaq istədim, gəncliyimdə hüquqşünas... Alınmadı. İndi fahişəyəm.
Kəmalənin gözləri sanki kədər yuvasına dönmüşdü. İllər arzularını puç eləmişdi, indi yeni ümidlərlə yaşamağın mənasını axtarırdı, ağrılarını ümidlərinə bükmüşdü. Həyatın amansız rəftarına gülümsəyib keçirdi. Kababçı Qoşqar Kəmalənin həyat hekayələrindən təngə gəldiyindən onu çox vaxt dinləmir, yazıq qız ağzını açan kimi sözünü ağzında qoyurdu:
- Allah səni saxlasın. Bezmədin hind kinolarına oxşuyan həyatını danışmaqdan. Sənin həyatın əsl indeyski kinodu e, xəbərin var...
Kəmalə tikəsi boğazında qalan it kimi qorxaq baxışlarını ətrafa sərdi. Heç kim onun bu ürkək baxışlarına məhəl qoymurdu. Siqaretin tüstüsü kafeni cənginə almışdı. Kəmalənin üzünə qatı bir məyusluq çökdü. Əlləri əsməyə başladı. Mətbəxə keçdi. Soyuducudan yarımçıq qalan arağı çıxarıb başına çəkdi. Araq şüşəsini su kimi içib bir az rahatladı. Qoşqar bunu görüb utanan kimi oldu. Kəmalənin yanına gəlib soruşdu:
- Çoxdandı içirsən?
Kəmalənin gözləri yerə dikilmişdi. Saçları üzünə dağılmışdı, hiss olunurdu ki, çoxdandı saçlarına toxunan olmayıb.
- Üç il olar... Mızıldandı.
Bircə arzum var-kaş atam sağ olaydı... O əyri burnu ilə yanağıma toxunar, sonra cibindən konfet çıxarıb məni sevindirəydi. Ehhh. Hardadı o bəxt məndə?!
Birinci dəfə aşiq olanda atam sağ idi. İkinci dəfə aşiq olanda atam yox idi. Sonra aşiqliyim adi məişət qayğılarına bənzədi. Sanki kommunal xidmətləri kimiydi əllərimə toxunmaq, gözlərimi bağlamaq, dodaqlarıma toxunmaq, saçlarımdan öpmək... Telefonumda bütün mesajlar ancaq bundan ibarət idi: “Filan vaxtı, filan yerdə...”
İçimə yığılan boşluqlardan qaçmaq istəyirdim. Kafedə işləmək xoşuma gəlmirdi. Amma məcbur idim. Başqa işlər məni daha çox yorurdu. Burada daha sərbəst idim. Hətta kafedə boş vaxtlarım da olurdu. Tualetin yanında kitab rəfim var idi. Cəmi beş kitabdan ibarət kitabxanamı bəzən tualetdə təbii ehtiyaclardan sonra istifadə olunmasına da rast gəlmişdim. Mən Bukovskini çox sevirəm. İnanın onunla uzun-uzun sevişərdim də... Ancaq məni daha çox onun yataqdakı fəaliyyəti yox, masa arxasında əsər yazmasına tamaşa etməyim maraqlandırırdı. Bəzən onu yarıçılpaq şəkildə əsər yazmasını, bəzən əcaib qiyafədə otaqda var-gəl etdiyini düşünürdüm. Ahhh, mən həqiqətən dəliyəm...
- Çıx, tez ol. Çıx çölə! Kababçı Qoşqar lap itə dönmüşdü. Kəmalə içkili halda işə gəldiyi üçün Qoşqarı cin atına mindirmişdi. Hiss olunurdu ki, Kəmalə dərin məyusluq və narahatlıq içində balıq kimi çırpınır. Bunu heç kim müşahidə etməmişdi. Kəmalə pərt olmuşdu. Ağır addımlarla bir az da əzgin halda kirayədə qaldığı evə tərəf yollandı.
***
İndi bu şəhərdə Kəmalə kimi darıxanlar az deyildi. Amma nədənsə son vaxtlar onlar gözə dəymirdilər, elə bil hamısı qabaqcadan əlbir olub yoxa çıxmışdılar ki, kimsə bunları tapmasın.
Bir-bir köhnə tanışlarına zəng vurmağa başladı. Hərəsi bir bəhanə ilə onu rədd edirdi. Kəmalə öz durumuna və həyatına görə utanıb, “bəlkə nəsə etməliyəm” deyə - özünə sual verdi. Bəlkə uşaqlığında olan arzusuna doğru getsin, ya gəncliyində istədiyi ixtisası oxusun. Kəmalə düşüncə burulğanına düşmüşdü. Çox fikirləşdi, tapmadı. Onun bütün arzu və istəkləri bir səbəblə “inanılmaz” və “əlçatmaz” görünürdü.
Sən demə bu şəhərdə darıxanlar məğlub adamlar imiş. Bəli, bu yazılmamış qanun çoxdandı qüvvədə idi. Nolar, ey insanlar, icazə verin, icazə verin ki... Aha, deyəsən yadıma düşdü. Lənətə gəlmiş Qoşqarın bir qardaşı var idi: “Bomj İsgəndər”. Bir dəfə kafeyə də gəlmişdi. Gedim onun yanına. Bir yerdə darıxmaq maraqlı olar onunla. Yox, e, nəsə alınmır. Ona da bir quş.
Tək yaşadığı evində əşyalarla danışmağa başlamışdı. Elə bil böyük bir səhnədə tamaşaçılar qarşısında çıxış edirdi. Son vaxtlar çaydanı özünə tərəf müqabili seçmişdi. Sanki bu minvalla özünü riskli və bir o qədər də təhlükəli olan “darıxmaq” sindromundan qoruyurdu.
Həmişə olduğu kimi bu dəfə də onun bəxti gətirmədi. O “darıxmaq”dan qurtula bilmədi. Özünü yanğından qaçırmış kimi çölə atdı. Metroya sarı qaçmağa başladı. Elə bil kimsə onu metronun qarşısında gözləyirdi.
***
Şiddətlə döyünən ürəyi az qalırdı ağzından çıxsın. İzah olunmaz təlaş və çaşqınlıqla ətrafını gözdən keçirdi. Susuzluqdan yanır, heç olmasa bircə qurtum içmək istəsə də, yerindən qalxa bilmirdi. Birinci dəfə aşiq olduğu adamın üzünü xatırladı. O elə gülümsəyirdi ki, adamın bütün ruhu dincəlirdi. Kəmalənin gözləri parıldayırdı. O axırıncı dəfə nə vaxt belə xoşbəxt görünüb Allah bilir. Uca boylu, qıvrım saçlı, qarğa burunlu bir kişi оnа yaxınlaşıb əlini cibinə atdı. Gözlərini qıyıb əlini açan bu kişini anidən qucaqladı. Sonra saçlarını oxşadı. Bir də ondan ayıldı ki, əlində konfet var, bir də bir parça kağız. Kağızda belə yazılmışdı:
“Qızım, məni bağışla. Sənin yanında ola bilmədiyim üçün, məni bağışla. Üzülmə, möhkəm ol və qətiyyən darıxma! Sevgilərlə atan”
Yuxu gördüyünü düşündü və heç yuxudan ayılmaq istəmirdi.
- Kəmalə xanım, Kəmalə xanım. Qalxın, xəstə özünə gəldi.
Kəmalə özünü ağ xalatda, ağ papaqda görüb ağlamağa başladı. Bütün xəstəxana o gün Kəmalənin ağlamağından danışırdı.
***
İndi mən öz evimdə Bukovskini rahatlıqla oxuya bilirəm. Xəyallarımı Bukovski ilə bağlı qururam. Həyatdan zövq alıram. Mənim arzularım sürətlə böyüməkdədi. Mən özümü xoşbəxt hiss edirəm...