Bizdən sonra da qalacaq kitab: "Su kimi sakit və güclü"

Bizdən sonra da qalacaq kitab: "Su kimi sakit və güclü"
12 aprel 2020
# 12:30

Kulis.az Vaqif Osmanovun “Bizdən sonra da qalacaq kitab” yazısını təqdim edir.

Əvvəlcədən deyim ki, yazıma adqoydu elədiyim cümlə çox dəyərli “Su kimi sakit və güclü” kitabını mənə hədiyyə edən hörmətli şair, publisist, qazi dostum Rəfail Tağızadənindir. İnanıram ki, “nurundan hamıya pay düşən, həmişə həqiqətin yanında dayanan” (R.Tağızadə), “Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, Amerikadan çox əzəmətli görünən” (Ronald Yager, ABŞ alimi) dünyanın məşhur univesitetlərinin professoru Rafiq Əliyevin həyatının ayrı-ayrı anlarına, elmi fəaliyyətinə, uğurlarına, dünyabaxışına, ictimai məsələlərə münasibətinə, elm və yaradıcı məşhurların alimə verdiyi dəyərə işıq salan bu kitab “oxucunun baxış bucağnı dəyişəcək, yol göstərəcək, bütövlüyə, tamlığa stimul, güc və inam verəcək” (R.Tağızadə). Rafiq müəllim kimi düşünən insanlar çox olsaydı, dünyanın düzəni başqa cür olardı. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Rəfail müəllim vurğulayır ki, bu kitab “məqamın sakitliyi, danışan sükutun gücü ilə onu oxuyanla danışa bilir”. Mən də hər gün bu kitabla həmsöhbət oluram. Necə ki, akademik, elm fədaisi Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabı ilə də canlı insan kimi danışıram.

Azərbaycan fəlsəfi fikrinin “atası”, fəlsəfi məktəbin banisi, İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyarın (993-1066) min il əvvəlki tövsiyəsi:

“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Bu günümüzün ünlü filosofu Safruhun kitabı dəyərləndirməsi də müdrikdir: “Bütün kitablar mənə yalnız düşünməyi öyrətsələr bəsimdir; düşünməklə bütün zəruri bilikləri əldə edərəm”. Rafiq müəllim də, “Su kimi sakit və güclü” də Bəhmənyarın dediyi insan və kitabdır, Safruhun dediyi kimi düşündürəndir.

Rəfail müəllimə də təşəkkür edirəm ki, bu kitab hədiyyə verilən azsaylı seçilmişlər içində mən də varam.

Təkcə həcmcə yox, fikir, düşüncə, insanlıq və digər dəyərlərlə zəngin nəhəng bilik, mənəviyyat xəzinəsi sayılacaq kitabları birnəfəsə oxumaq çətindir. Oxuduqca düşünmək, anlamaq üçün vaxt lazımdır. Belə bestsellerlər məhəbbət romanı deyil, amma ilahi sevgi, inam mənbəyidir - vətən, millət, torpaq, elm, bilik, insanlıq kimi bəşəri dəyərlərə sevgi ilə dolu həmişəyaşar örnəklərdir. “Bir nəslin o biri nəslə mənəvi vəsiyyəti” (A.İ.Gertsen) qiymətli kitablar həmişə yazı masamızın üstə gözəgəlimli yerdə dayanmalıdır. Dəyərli kitab öyrədəndir, hansısa anda istənilən sualın cavabını belə kitablardan tapmaq olar. “Su kimi saf və güclü” də müəllimdir, həmişə yanımda dayanacaq müəllim...

Rafiq Əliyev İbn Sina, N.Tusi, X.Məmmədov, A.Mirzəcanzadə kimi geniş erudisiyalı, ensiklopedik bilikli, mənəvi zəngin elm korifeylərinin layiqli davamçısıdır. Rafiq müəllimin ziyalılıq meyarı kamil insandır:

“Əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyən insandır. Ziyalı ölümündən sonra yaşayır. Ona görə də ziyalı ömrü, məmur ömründən uzundur. Nəfsinə hakim kəsilməyi bacaran, ən həssas yeri qürur olan ziyalı çox kövrək olur. Amma kimsə düşünürsə ki, ziyalını əzə bilər, yanılır”.

“Ön söz”dəki “məmləkət bəzən bir vətəndaşına görə sevilir” cümləsində hər birimizi qürurlandıran böyük həqiqət var:

“Lütfi Zadənin zəkasına, insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qaldığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş olaraq vətəndaşlığa, yoldaşlığa şərəf gətirir”.

Rəfail Tağızadə artıq cənnəti bu dünyada qazanıb. Bu kitabı hazırlamaqla. İctimai-siyasi və vətəndaşlıq mövqeyinə, vətən sevgisinə, alim əməyinə verdiyi qiymətə, əqidəsinə görə. 480 səhifəlik həyat gerçəkliklərini toplamaq, bu işi ürəklə görüb həzz almaq, gecə-gündüz belə şirin “əzab”a qatlaşmaq, payına düşən ömrün bir hissəsini gələcək nəsillərə qalacaq kitaba sərf etmək üçün böyük ürək, həvəs gərəkdir. “Su kimi sakit və güclü” bir mənəviyyat mücrüsüdür. Onun içində nə var? Oxuyanlar biləcək. Sonra oradan öz payını götürəcək. Qazandıqlarının qiymətini hərə öz arşını ilə ölçəcək. Ayrı-ayrı bölümlərdəki publisistik yazılar, poeziya nümunələri, həssas gözlü elm adamının müşahidələri, müsahibələr, Rafq müəllimin daxili aləminin ürəkləri göynədən çırpıntıları, ictimai siyasi hadisələrə ziyalı münasibəti hamımız üçün həyat bilgisidir, Vətən sevgisinin müqəddəsliyinin tərənnümüdür.

Rafiq Əliyevin mütaliə etməyi məsləhət bildiyi kitablara diqqəti cəlb etmək istəyirəm. O, nə üçün həmin kitabları oxumağın gərəkli olduğunu intellektinə arxalanaraq mükəmməl izah edir:


“Allaha yaxın olmaq istəyirsinizsə, Mövlana Cəlaləddin Rumini oxuyun. İnsana yaxın olmaq istəyirsinizsə, Fyodor Dostoyevskini oxuyun”... Ən azı 50-100 il qabağı görmək istəyirsinizsə, Çingiz Aytmatovu oxumağı məsləhət edir professor:

“Görün Aytmatov nə yazıb” xor oxumaq lazımdır. Xor millətin birliyini göstərir”... Bu, əslində ciddi mesajdır”...

“Su kimi sakit və güclü” kitabında bir-birindən maraqlı, örnək götürülməli, düşünüb nəticə çıxarmalı, oxuyub durülub saflaşmalı, Vətənin elmi, alimi ilə qürur duymalı o qədər incə nüanslar var ki, hərəsi bir analitik yazının mövzusudur. Kitabın yaratdığı təəssüratların dərinliyinə varmaq imkanım olsaydı silsilə yazılar alınardı. Təki sağlıq olsun...

Məni birinci növbədə kitabın “Rafiq Əliyevin həyat yoldaşına yazdığı yazılar” bölümü özünə çəkdi. Özümün belə duyğulu olduğumu Rafiq müəllimin unudulmaz ömür-gün yoldaşı Aidə xanıma vəfatından sonra yazdığı doqquz məktubu oxuyandan anladım. Məktubların bəzilərinin adları həssas oxucunu necə duyğulandırmasın? “Gözlərin buraxmır məni...”, “Sənsiz...”,”İnsan tək valideynlərindən yetim qalmır...”, “Tənhalıq yükü ağır olurmış...”, “Ayrılığın üzü dönsün...”.

Nədənsə məndə, bəlkə də çoxumuzda belə bir fikr formalaşıb ki, kişilərin qəlbi daha soyuqdur, bərkdir, laqeyddir. Emosiya, həyəcan, göz yaşlarını saxlaya bilməmək qadınlara xas hisslərdir. Bir çox söz dahilərinin ömür-gün yoldaşlarının xatirə-memuar kitabları - Cəfər Cabbarlının Sonasının “Onu kim unudar”, Mikayıl Müşfiqin Dilbərinin “Müşfiqli günlərim” kitabları, dekabristlərin qadınlarının ictimai-siyasi fəallığı bunu söyləməyə ipucu verir. Rafiq müəllimin məktubları düşündüklərimi alt-üst elədi. Dünya şöhrətli elm adamının - qeyri səlis məntiq, genetik alqoritmlər, dayanıqlıq nəzəriyyəsi kimi əksəriyyətə mücərrəd və quru görünən elm sahəsi ilə məşğul olan professorun kövrək ürəyindən, incə və lirik duyğularından xəbərimiz yoxmuş. Əslində həssaslığın, kövrəkliyin nə qadını, nə kişisi? İnsan daş deyil ki, ağrını, acını duymasın. Sevginin və elmin, Rafiq müəllimin təbirincə desək, insanı dünyanın ən ağrılı kataklizmlərindən, dolanbaclardan çıxarmaq qüdrəti var. Alimin elmi uğurlarının özülünü möhkəm edən də sevgi ilə elmin ülfətidir.

Rafiq müəllimin yazdığı məktublar dolğunluğuna, yığcamlığına görə dünya ədəbiyyatına düşə biləcək incilərdir, insan və insanlıq qaldıqca yaşayacaq:

“Əzizim Aidə, sabah sənsizliyimin 40-cı günüdü. Bu günlər ərzində gücüm ancaq məzarının üstünə çiçəklər düzməyə çatdı. Dünən təzə qoyulan başdaşındakı şəklinə baxanda sənsizliyin nə demək olduğunu ilk dəfə dərk elədim...

Dünya şöhrətli alimimizə həsr olunmuş “Su kimi sakit və güclü ...

Jurnalist dostum İlqar Rəsul “Azadlıq” radiosundakı verilişində bədahətən məndən soruşmuşdu: ”Ölüm nədir?” “Ölüm borcdu, bir də ölümsüzlüyün başlanğıcı” - demişdim. Sən borc sevən deyildin... bizdən tez qaytardın borcunu. Allahın izniylə, mən də bu borcu qaytaranda əlim əlində olacaq...

Hava qaralır, şəklinə baxa-baxa qəbristanlıqdan çıxmaq istəyirəm. “Gözlərin buraxmır məni”...

Aidə xanımın vəfatının ilində yazılan ikinci məktubdan bu sətirləri oxuyanda...

“Hərdən Kəmalə (Rafiq müəllimin qızı) mənə irad tutur ki, niyə yeməyini axıra kimi yemirsən. Görən, o, bilirmi ki, hər dəfə sənin payını saxlayıram?.. Həyatın qəribə anları varmış. Təzada bax. İndi hər an mən üzülürəm ki, niyə mənimlə bir yerdə deyilsən. Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik”.

Bu cümlələri oxuyanda nitqim kilidləndi, qələm də kağız üzərinə baş əyib “ağlamaq” istəmədi...

“Sənsizlik” ünvanlı ağrının iki ilini yola salanda professor Aidə xanımın “ruhu ilə söhbətləşir”:

"Axı niyə mənim qara paltarlı qadınım olmadın? Axı niyə?.. Axı niyə qoymadın ki, mən sənə deyə biləm:

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
Başdaşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama!..

Bir gün gələcək ki, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn çəhrayı paltarında qarşıma gəlib əllərimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovcuma töküləcək. Ovcumuzdakı göz yaşlarını görənədək...”

“Sənsizliyin üçüncü ilinin tamamında yazılan dördüncü məktub Rafiq müəllimin son “bir il üçün hesabat məktubudur”. “Bu il ilk dəfə Amerikaya sənsiz getdim. “Sənin əziz xatirəni əbədiləşdirmək üçün hörmətli şairimiz Rəfail Tağızadə və dəyərli yazarımız Seymur Əliyev “Yoxluğu hiss olunan İnsan” adlı nəfis bir kitab çap elətdirdilər. İki kitabımı sənin əziz xatirənə ithaf etdim. Sevimli nəvən Günay Yaxın Doğu Univesitetinin tələbəsi oldu. Sevimli nəvələrin Nicat Münhen Universitetini, Nihad isə İstambul Universitetlərindən birini bitirdi”.

İnanıram ki, bu məktubdakı xoş xəbərlər bir daha Aidə xanımın ruhunu şad etdi, o, özü özünü təbrik etdi...

Hər məktubla baş-başa qaldıqca, inanın, dözmürəm. Yaman kövrəkləşmişəmmiş. Ürəyimi belə yuxa bilməzdim. Amma özümü də qınamıram. Özümə vurğunluqdan çox-çox uzağam, nə yaxşı ki ürəyidaş deyiləm, nə yaxşı ki, başqasının ağrısını öz ağrım kimi hiss edirəm.

Beşinci məktubun adı “Sənsiz”di:

“Bir onu bilirəm ki, bu 4 ildə bir dəqiqə belə sənsiz olmadım... Bir də ki, əzizim axı bizlərdən nigaransan, məktub gözləyirsən, həm də asudəsən, vaxtın da çox, həm də yəqin darıxırsan... Sənsiz... Mən də yaman darıxıram”...

Rafiq müəllim altıncı məktubunu “dünyasına qaranlıq çökən, sevə-sevə dediyi kəlmələrin kəsildiyi gün” – 21 apreldə yazır.

“O dünya ilə bu dünya arasındakı məsafənin sənsizlik boyda” olmağı ilə təsəlli tapır:

“Sənin də qiymətin mənim üçün sənsizliyim boydadır”...

Yeddinci məktub “tənhalığın ağır yükü”ylə limhəlim doludur. “Minlərlə insan içində tənha qalan, “axı niyə sənin çiyninə bu qədər ağır yükü qoydum” pıçıltılarını son nəfəsinə qədər eşidəcək Rafiq müəllim tənhalığın xislətinin cürbəcür hallarını görür:

“Yeməyə otururam, boğazımda ilişib qalan tikənin təkliyidir tənhalıq... Səfərə çıxıram, arxamca atılmayan su, quru pilləkənlər, budu tənhalıq. Son nəfəs ilə canından çıxanların qismətidir tənhalıq. Ovucumda əllərinin istiliyinin yoxluğudur tənhalıq. Bu tənhalığın sonu sənə qovuşana qədərdir”...

Səkkizinci məktub “Ayrılığın üzü dönsün...” adlanır. “Min Günəş indi qaranlığını işıqlandıra bilməyən” Rafiq müəllimin “dünyası ancaq onunla işıqlı gözəl idi”:

“Gedişinin qəlbimdə açdığı yara sənə qovuşana qədər sağalmayacaq... Sənsizliyə alışmaq sular üzərində rəsm çəkmək qədər çətin, yoxluğuna dözmək ölüm qədər acı.... Ancaq varlığına alışdığım sənin yoxluğuna necə alışım?”.

Nəhayət, doqquzuncu məktub. Bilirəm ki, sonuncu olmayacaq. Rafiq müəllim xatirəsi əziz Aidə xanımın gözünü yolda qoymaz. Aidə xanım onun məktublarını hər il gözləyıcək, hər 21 apreldə. Bu məktublarla Rafiq müəllim də, Aidə xanım da “ikinci ömür” yaşayırlar:

“Dahilər demişkən, insan həyatı ilə ölür, ölümü ilə yaşayır. Sən bizi tez tərk etdin, amma nə qədər yaşamaq yox, necə yaşamaq mühümdür. Dünyada namuslu addan şərəfli heç nə ola bilməz. Bu adı həyatınla sən özün qazanmısan. Səni həyatda saxlamağa gücüm çatmadı, amma nə qədər varamsa, səni yaşadacağam... Əzizim, öncəki məktublarımda da yazdığım kimi unudulmayanlar ölmürlər. Sən həmişə mənimləsən, bizimləsən”...

Görüşənədək,
Sənin Rafiqin.”

“Sənin Rafiqin”. Bu kədərli iki kəlmə hər məktubun sonunda təkrarlanır. Üç məktub isə Rafiq müəllimin ruh dostu, qardaşı Ramiz Rövşənin möhtəşəm dörd misrasıyla başlanır. Ramiz Rövşənin poeziyası ayrılığın ağırlığına dözməyən Rafiq müəllimin ağrılarına az da olsa məlhəm qoyur, ovundurur, o, şairin sözləriylə təsəlli tapır.

Rafiq Əliyevin hər məktubu, möhtəşəm sevgi himnidir, həsrət nəğməsidir, vəfa heykəlidir, vüsal ismarışlarıdır. Dünyanın nəhəng elm adamı bu məktubları yazıb Aidə xanımla görüş ümidiylə ürəyinə sığal çəkir, bizi isə mənəvi saflığa səsləyir...

# 6348 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #