Ata, kaş sən öləydin, o yaşayaydı - Bircənin romanı

Ata, kaş sən öləydin, o yaşayaydı - Bircənin romanı
11 dekabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Təpədən-dırnağa uyuşdum, nə illah elədimsə gözümdən bir damcı yaş da çıxmadı. Kürəklərimin qovuşan yerindən isti tər açıldı, elə bildim qaynar təndirə atdılar məni. Üzü evə ağır-ağır yeriməyə başladım. Polis yüyürüb özünü mənə çatdırdı:

- Ay xanım, növbətçi sizi gözləyir.

- Gələsi olmadım, - deyib yerişimi yeyinlətdim.

Gülü xala məni salamat görüb toxtadı. Xədicə çarpayıma səvərib xorna çəkirdi. Arvad üzümdə nə gördüsə yaxamı əlinə yığdı:

- Sən Allah düzünü de, bir xətər yetirmədi ki sənə?

- Yox, tuta bilmədi.

- Əllərinin qadasını alım, amma nə elədin! Ay bala, bu nə həyasız tayfadı, biz bunlarla neyləyək? Bəlkə oğluma deyim gedib sürtüşsün ona, saldıraq içəri?

- Yox, Gülü xala, o gözəl balanın əlini murdar qana bulama. Özüm onun halvasını çalmışam, sabah da işdən it kimi qovulacaq. Onu bir də buralarda görməyəcəksən.

- Allah ağzından eşitsin! Xədicəyə nəzirim var, onun burdan ayağı kəsilən gün qızı aparıb başdan-ayağa təzəyə tutacam.

- Elə günü sabah apar təzələ.

- Yaxşı, mən çıxım, sən qapını bağla gir yerinə. Sabah Allah bilir başımıza nə gələcək.

Arvadı evinə ötürüb Xədicəni durğuzdum:

- Ay Xədicə, qalx get evinizdə yat, mən rayona çıxmalıyam.

Key-key üzümə baxdı:

- Onda gözlə mənə qapını açsınlar, sonra get. Birdən qalaram bayırda.

Yuxarı qalxıb onu bacısına təhvil verdim. Evə qayıdıb hazır-yığılı çantamı qapdım, qapını kilidləyib taksilər duran yerə cumdum. İndi də Hakim zəng vurdu:

- Hardasan?

- Laləgilə gedirəm.

- Bəlkə atama sən zəng eləyəsən?

- Yox, mən eləyə bilmərəm. Bəs siz hardasız?

- Gedirik Göy məscidə.

İllər öncə o məsciddə bir pəzəvəng mollanın sinəmə əl atdığı yadıma düşdü. İstədim qardaşıma yalvaram ki, nolar Səməndəri ora aparmayın, ancaq tez də fikrimdən daşındım; dastan açmaq məqamı deyildi. Aqilin arvadına zəng vurdum – gəlin danışa bilmirdi, hönkürə-hönkürə ağlayırdı. Mənsə qəribə də olsa çox sakit, çox təmkinliydim.

- Atamgil hanı?

- Ay Bircə, öz otaqlarında elə mışıl-mışıl yatırlar ki...

- Gir işığı yandır, denən balanız ölüb.

Gəlin nalə çəkdi:

- Yox-yox-yox, deyə bilmərəm, yoxxx, mən onlara bu xəbəri verə bilmərəm.

Mən məscidə çatanda Bakıda yaşayan kəndlilərimiz əl-ələ tutub qapıya ətdən çəpər çəkmişdilər. Kamil Allah evinin həyətində imam müsibəti qoparırdı:

Arxalığını qola sal,

Qoldan götür, qola sal.

Çoxlu qonağın gəlib,

Dur gəl özün yola sal...

Qaçıb yaralı qardaşıma sarıldım:

- Ağlama nolar, axı sən də xəstəsən, zədəlisən.

- Xəstəyəmsə niyə ölmürəm ikimizi də bir qəbirə qoysunlar.

Səməndərin bir zaman dərs dediyi, indi bu şəhərdə iş-güc, mənsəb yiyəsi olan cavanlar Hakimi qucaqlayıb divara sıxmışdılar. Hakim ilan dili çıxarıb onlara yalvarırdı:

- Qardaşım yaralıdı, məni buraxın suyunu uyufla töküm inciməsin.

- Narahat olma, dayınız, əminiz oğlanları içəridədi.

Kəndçimiz Şahmar Aqilin qollarından sallaşıb ağlaya-ağlaya dil tökürdü:

- Əlindən gələni elədin, ora girmək nəyi dəyişəcək?

Kamil Aqili səslədi:

- Sən hamımızın dədəmizdən sonrakı dədəsisən. Get Səməndərin ata-anasına denən ki, sizi ilan çaldı, nə yatmısınız. Gecikməyək, gün çırtana özümüzü elimizə-obamıza çatdıraq...

***

Gecə saat ikidə cənazə son mənzilə yola salınmaq üçün hazırlandı. Bir qara maşında Səməndərin yaşıla bükülü meyidi, biz də onun arxasınca üzü rayona yol aldıq. Kamil, Lalə, bir də mən xalamın böyük oğlunun maşınına mindik. Oturan kimi Kamil bizi amanatladı:

- Səsinizi içinizə salın, Eldar maşın sürür, - deyib gözlərinin yaşını sildi. - Səni xaraba qal, ay Təbriz, neçə ildi qarana uçan qardaşımızın elə birinci səfərdə başını yedin. Səni də xəcalətli ol, ay Bakı, yaramızı sağalda bilmədin.

Mən karvana qoşulmuş maşınların içinə boylanıb anamın üzünü görmək istəyirdim. Qardaşım fikrimi sezib dedi:

- Onlar Aqilin maşınındadılar. Qardaşımızı təmkinlə, sevgiylə yola salmalıyıq. Bu işdə anamızdan bizə haray yoxdu. Yazıq Telli mama...

Bütün yolu susduq. Arada Kamilin ağladığını burnunu çəkməyindən bilirdim.

Şəhərdə yaşayan kəndlilərimiz bu ağır səfərdə də bizi tək buraxmadılar. Maşın karvanı Səməndərin evinə dönən tini burulanda Rüfəti gördüm – qollarını açıb yolun düz ortasında durmuşdu. Atamın tüstülənən səsi bu gün də qulağımdadı:

- Rüfəəəət, çıx yoldaaaan... qardaşın yaralıdıııı... hava da istidiiii... ay balam, yoldan çııııxxx...

Ziya sonbeşiyimizi yoldan qırağa itələyən kimi karvan irəliləyib Səməndərin darvazası ağzında dayandı. Rüfət maşınların arxasınca yüyürə-yüyürə gəlirdi. Cənazə maşını qardaşımızın yüz bir güllü həyətinə girəndə Telli mamayla Rüfət özlərini meyidin üstünə atdılar. Bibimin fəryadı sakit əyalət şəhərinin yuxulu qarışqalarını da oyatdı:

Anan ola bilmədim,

Bacın ola bilmədim.

Sənə gələn bəlanın

Birin ala bilmədim...

Şahmar iri gövdəsiylə izdihamı yarıb meyidi içəri adlatdı. Minə bibini bircə dəfə başına əl atan gördüm – saçından qopardığı bir topa hörüyü qardaşımın sinəsinə sərdi. Telli mamanın sərmə qaymağa bənzər yanaqlarından qan şoralandı.

Anam divanda dinməzcə oturub arvadların, gəlinlərin, qızların qopardığı vay-şivənə tamaşa eləyirdi. Zimzimədən, zinzilədən ürək yarılır, göz yanır, qulaq tutulurdu...

Gündüz saat on ikidə cənazəni dəfnə qaldırdılar. Səməndərin dərs dediyi məktəbin şagirdlərini hamımızın əzizi, kişi qeyrətli, Tomris zabitəli Kifayət müəllimə başına yığmışdı – uşaqlar əllərində qardaşımın böyüdülmüş şəkilləri, qucaqlarında gül dəstələri irəlidə gedirdilər. Səməndərlə illərin dostu kimi Kifayət müəllimə mafənin önündə son sözünü də söylədi:

- Görəsən torpaq bilirmi onun qoynuna kim gəlir? Bilsəydi qol götürüb oynayardı. Səməndər müəllim qara torpağa tək canını təhvil verir, ancaq görün arxada neçə-neçə Səməndər qoyub gedir. Onun yetişdirdiyi yüzlərlə cavan bu gün əziz müəllimini son yoluna uğurlayır. Bu qədər xoşbəxt ikinci bir müəllim varmı aramızda? Üzün ağ, alnın açıqdı, qardaş. Yolun da açıq olsun, əminəm ki, sualların asan olacaq.

Bundan sonra qardaşım insan selinin müşayiətiylə doğulduğumuz kəndə sarı yol aldı. Dostlar-doğmalar Səməndəri nənəmlə Musa əminin qonşuluğunda torpağa tapşırıb geri qayıtdılar. Axşama doğru haya gələnlərin əksəri evinə-eşiyinə dağılışdı; qaldı qohum-əqrəba, Səməndərin yaxın dostları, bir də qardaşımın dinməz-danışmaz vəfalı ömür-gün yoldaşıyla qızları...

***

Minə bibiylə Telli mama köməkləşib qardaşlarımı zor-güc yedizdirdilər. Atam yaralı çibana dönmüşdü, Səməndərin otaqlarını, kitabxanasını gəzib sızıldayırdı, böyük qardaşımızın əyin-başını həmişə sevə-sevə təzələyən, zövqlə bəzəyən Aqilin bir zamanlar aldığı kostyumları qoxulayıb yerindən asırdı. Anam hələ də öz dünyasındaydı, Səməndərin adı həkk olunmuş sağ qolunu qucağına alıb sığallayırdı. O adı onun qoluna (eləcə də Cahangir əminin adını bibimin qoluna) hələ Səməndər bələkdəykən atam döydürmüşdü – o vaxtlar kənd-kənd, qapı-qapı gəzib cürbəcür, həm də bu cür xidmətlər təklif eləyən rəssamlar olarmış...

Biz bacıların südəmər quzu kimi Telli mamanın dalınca düşdüyünü görəndə anam havalanıb ağzının odunu mənim üstümə tökürdü:

- Sən yedin balamın başını, siftə gündən it kimi uladın üstünə.

- Bəs səni o qədər arzuladı, çağırdı, niyə özünü əmgəndirib yanına gəlmədin, ay insafsız?

Gün gecəyə dönəndə anamın qəzəbi bəndi aşdı, səsini qaldırıb fərmanını verdi:

- Hamı durub evinə getsin!

Minə bibi xalamı götürüb dinməzcə qapıdan çıxdı. Səkinə bibi də getmək istəyəndə Sevil:

- Bizi boynuburuq qoyub hara gedirsən, - deyib ağladı.

Arvad qayıdıb ayağını soyunub yuxarı başa keçdi. Anam yenə çımxıranda Səkinə bibi dilə gəldi:

- Götür baltanı boynumuzu vur, barmağını sal gözümüzü çıxart, görək Səməndər geri dönəcəkmi? Toxtaq ol, bu dünya belə gəlib, belə də gedəcək.

- Hamının doğduğu səfil-amanat yanında qaldı, mənim doğduqlarım qara yerə getdi, - deyib anam özünü balasının kitabxanasına atdı.

Eltisinin xasiyyətinə yaxşı bələd olsa da Səkinə bibidən çox utandım. Lalə bacımla mən anamızın işləklərindən usanmışdıq, onun arxasınca Sevil gəzirdi. Anamdan xeyli sonra onun çəkildiyi otağa girən ortancıl bacım gözü böyümüş geri qayıdanda özümü kitabxanaya atdım – anam qardaşımın döşəmədən tavana təpələnmiş kitablarına söykənib özünü qana bələmişdi, üzünü, sinəsini dırnaqlarından keçirib qanını oğlunun göz bəbəyitək qoruduğu kitabların üstünə calamışdı.

Qollarından tutub onu yerə oturtdum:

- Niyə özünü uşaq kimi aparırsan? Elinin-gününün içində oturub balanın yasını niyə tutmursan?

Anam üzümə qanlı-qanlı baxdı, sinəmə bir dürtmə vurub məni özündən genitdi:

- Mən sizin kimi artist deyiləm.

- Ölüsünə layla çalmaq havaxtdan artistlik olub?

- Hamınız sürükün çölə, heç kəs bura gəlməsin! Mən düşmənlərim baxa-baxa gözümdən yaş axıtmayacam.

Lalə məni eşiyə dartdı:

- Gəlin bəri, qoyun neyləyir eləsin. Bizik, Telli mamadı, Səkinə bibidi – hamımız onun düşməniyik. Bizim yanımızda ağlamaz.

Anamızı içəridə qoyub seyvanda boynubükük dayanmış qardaşlarımızın yanına getdik.

Anamın xasiyyətini bilirdim: şər qovuşanacan özünü içinə zəncirləmişdi, indi dalda yer tapıb içindəki vulkanı püskürtməliydi. O gecə heç birimiz onun yanına getmədik, onu kiritmədik, ona toxtaqlıq vermədik.

Nə gizlədim, həmin gecə anam ölsəydi tüküm də tərpənməzdi. Atamıza-anamıza bəlkə hamımızdan çox bağlı olan Səməndərin son nəfəsinə yetişməmişdi deyə indi onun üzünü şıvrımlaması, qardaşıma süd verdiyi döşlərini didməsi məndə mərhəmət duyğusu oyatmırdı. Onun bala yanğısını elti-baldız gözündən gizləyib daldalaması mənə olduqca qəribə, hətta analıq, doğmalıq qanunlarından kənar görünürdü.

***

Sonrakı gecə atamın xətrinə dəydim.

Qardaşlarımın dördü də Səməndərin çarpayısının qabağında boy-boya verib küsülü kimi oturmuşdu. Atam üzünü təbərrük balasının yastığına sürtüb ağlayırdı. Birdən içimin qaranlığından hikkəli bir paxıllıq (bilmirəm o hissi belə adlandırmaq olarmı) püskürdü, təbii sıranın pozulmasına, fələyin tərs hökmünə çılğın bir etirazla:

- Ata, kaş sən öləydin, Səməndər yaşayaydı, - dedim.

Qardaşlarım bir nəfər kimi bibimizə tərəf boylandılar. Telli mama ağlamağa başlayanda Hakim ağzımı tutdu:

- Ay mama, Bircə qələt eləyir, sən buna fikir vermə.

- İncimirəm, indi nə deyir desin. Bax bu Bircə qardaşlarım öləndə mənim sinəmə çox dağlar basıb. Məni qardaşlarımın şaxseyində oturmağa qoymayıb. Ağlaşmanın şirin yerində məni dartıb eşiyə çıxardıb, yalandan bayılıb ki, guya ürəyi getdi, qəsdən vurub ağzını-burnunu qanadıb. Musa öləndə az qalmışdı məni onun qızlarıyla düşmən eləsin, dirənmişdi ki, qardaşın qoca kişidi, nəyə ağlayırsan. Ay Bircə, indi görürsən qardaş dediyin nədi? Geridə dörd qardaşın qalıb, indi ağlama görüm ağlamaya bilirsənmi. Hələ üstəlik mənim kəllədə bir göz qalmış qardaşımı öz qardaşına qurban deyirsən. Barı mənə yazığın gəlsin.

Bibim doğru söyləyirdi, həmişə onu qardaşlarına qısqanmışdım. Bundan savayı da çox yanıqlı səsi vardı deyə onun ağlamağına dözə bilmirdim.

Çiynimizdən basan dərdin ağırlığını almaqdan ötrü Telli mama arada Səməndərin uşaqlığıyla bağlı xatirə danışırdı. O xatirələrdən birini əvvəllər də eşitmişdim...

Demək, bibim qoşulub qaçandan sonra doğmalarından gen düşdüyünə çox peşman olar. Qardaşları bir yana, Səməndərlə Kamildən ötrü az qalar vərəmləsin. Bir gün daha tab gətirməz, dərsdən gələn qardaşlarımı aralıdan görmək üçün günorta yola çıxar. Atam, əmilərim bacılarını çox asıb-kəsirmişlər deyə Kamil bibimi görən kimi evə sarı qaçar, Səməndər isə qollarını açıb Telli mamanın üstünə uçar.

Beləcə, bibim iki-üç gündən bir yolu kəsib Səməndəri evinə aparar, yedirdib-içirdər, ev tapşırıqlarını yerinə yetirməyinə kömək eləyər, şər qovuşanda iki kənd arasındakı körpüdən ötürüb geri qayıdarmış. Evdə bu işdən hamının xəbəri olsa da hamı susarmış.

Bir gün Cahangir əmi bərk acıqlanar, əliçubuqlu kəsər bacısının doqqazını. Səməndəri çağırıb elə qapının ağzındaca başlayar uşağı çubuqlamağa. Çubuğu Səməndərin yanına yavaş çəksə də özünü elə göstərirmiş ki, guya zərbələri var gücüylə vurur. Bibim aralıdan baxa-baxa qovrulsa da irəli durub uşağı qardaşının əlindən almağa ürək eləməz, gücü elə özünə çatar, əl atıb üzünü cırar, saçını yolar. Bacısının yanağından yaş qarışıq qan axdığını görəndə əmim Səməndəri qucağına alıb evimizə qaçar...

İndi Telli mama da qardaşının adı həkk olunmuş qolunu ürəyinin üstünə qoyub közərən səsiylə qardaşıma həzin layla çalırdı.

- Vallah, ay Aqil, o vaxt Səməndər olmasaydı qardaşlarım mənlə heç barışmayacaqdılar.

- Niyə, ay mama, deyici olma, qardaşların sənə həmişə tutiya kimi baxıblar.

- Hər azarlayanda Səməndərdən soruşurmuşlar ürəyin nə istəyir? O da hər dəfəsində deyirmiş ki, Telli mamanı. Qardaşlarıma qurban olum, amma kim nə deyir desin onları Səməndər yumşaltdı...

ardı var

# 7865 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #