Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
Canının elə möhkəm yeri olar, yüz il ordan sellər-sular axsa oyulmaz. Amma bir gecə elə qəm vurar səni, qaya da olsan ovxalanıb tökülərsən, pul-pul olub dərinin içinə dağılarsan...
Kamil hamıdan betər olmuşdu, bir ucdan Telli mamanı haraylaya-haraylaya Səməndər yatan otağın pəncərəsinin altında yas çardağı qurmuşdu. Bununla belə, qardaşımızın sağalacağına məndən başqa hamı inanırdı. Mənsə hər an qara xəbər gözləyirdim.
Avqust da bir yandan qəsdimizə durmuşdu. Hakim məni evə aparanda radioda hava xəbəri oxuyan qızın səsi kıtılımı vurdu: “Son 94 ilin ən isti yayını yaşayırıq”. Öz-üzümə deyindim:
- Allah da, fələk də, təbiət də qəsdimizə durub. Nənəm deyirdi axı – bizim xəstə yatağına, bir də Qalaya düşənimiz sağ qurtarmaz.
Hakim məni danladı:
- Naşükür olma, nənəmin qardaşları Qaladan Sibirə sürgün gedib orda ölmədilərmi?
- Bəs babamızı Qalada güllələmədilərmi?
- Ay bacı, Səməndər neçə belə ağır yataqdan qalxıb, vallah burdan da salamat qurtaracaq.
- Allah ağzından eşitsin.
Qardaşım məni blokun ağzında düşürüb getdi. Qarşıdan gələn Əhrimən gecəsinin divləriylə necə güləşəcəyimi günortadan ürəyimdə vərəvurd eləmişdim. Gecə məni böyük şəhərin dolanbaclarında azdırıb yolsuz qoymuş Dostuma – Sənə məktub yazacaqdım. Başımdan keçən bütün qəziyyələri, gizlinlərimi, günahlarımı Sənə danışandan sonra bir qutu yuxu dərmanı içib iki dünya arasında sərgərdan qardaşımı Sənin səltənətində bir dəstə cənnət gülüylə qarşılamağa gedəcəkdim...
Pilləkənin başında məni həmişəki sayaq Xədicə qarşıladı. Qucağında torbası tozlu daşın üstündə oturmuşdu. Məni görəndə küçük zingiltisinə bənzər səslə gülüb gözlərini gizlədi.
- Niyə tozun-torpağın içində oturmusan, bilmirsən açar Gülü xaladadı?
- Gülü xala açarı vermədi.
Sinəmdən ilıq bir burulğan keçdi – əziz qonşumun hərdən belə tərsliyi də olurdu:
- Ay bala, hər gələnə qapı açan dəhdülümə mən açar verə bilmərəm, - deyirdi.
- Nəyimiz var oğurlayalar?
- Niyə, elə o bəzəkli xonçanın birini aparsalar bəs deyilmi? Bir də, Firəngizin sözü olmasın, bu qanına bələnmişə yalvarıram Bircə gəlincə keç bizə, gəlmir ki, gəlmir. Elə bil bunun dabanına bal sürtmüsən.
***
Qapını açan kimi Xədicə özünü hamama atdı. Evə yüngülcə əl gəzdirdim, mətbəxdəki artıqları eyvana yığdım. Bu dəkədə Nuşu xalanın qızı qapını kəsdi:
- Ay Bircə, maşın gətirmişəm, yükümüzü qatarla Moskvaya yola salacam.
Belə məqamda gəlişi ürəyimdən olmasa da qapıları taybatay açıb qıza kömək elədim. Yük çölə daşınanda özümü verdim mürəbbə bankalarını düzdüyüm taxçanın qarşısına – Nuşu xalanın ən çox hansı mürəbbələri xoşladığını bilirdim. Bundan başqa quru nanə, aş lobyası, üzüm yarpağı, tut qurusu, bir sözlə, uzağa gedəsi nemətlərdən iri bir zənbil bağlayıb yükün üstünə qoydum.
Ardınca hamamdan çıxan Xədicəni yedizdirdim; çox istəyirdim yeyib doyandan sonra o da durub evlərinə getsin. Dəftər-qələm masanın küncündə məni gözləyirdi, dərman qutusu da üstündə. Xədicənin ləngiməsi planımı pozurdu.
Mənim bu qızımın qəribə şakəri vardı – özünə aid işləri bitirənəcən otaqları bir-bir gəzib var-gəl eləyərdi. Mən Nuşu xalanın mal-madarından tökülən toz-torpağı süpürüb təmizləyəndə Xədicə qəfildən qapını şaqqıltıyla açıb yelbə kimi çölə çıxdı. İçimdə yaşıl işıq yandı, başımı çölə çıxarıb dalınca səsləndim:
- Xədicə, getdin?
Kəkələyə-kəkələyə dilləndi:
- Qapını bağlama, darağımı götürüb qayıdıram.
Tozun-torpağın ucbatından zirdəst olmuşdum, əsgiləri bərk sıxmağa qolum tutmurdu, təkəlli sildiyim yerlər arxamca quruyanda döşəmədə ləkələr qalırdı. Öz-özümə deyirdim: “Xədicə yatmasa onu evlərinə göndərəcəm. Burda qalıb məni ölmüş görsə zəhri yarılar”.
Çöl qapımız ustufca açılanda hamamdan səsləndim:
- Qəşəngi (Səməndər həmişə Xədicəni belə çağırıb bacım qızlarını cırnadardı), gəldin?
Səs çıxmadığını görüb özümü dəhlizə atanda Həmidlə burun-buruna toqquşdum.
- Boy, deyəsən döyülmək sənə yaman ləzzət verib, - dedim. - Birdən mazoxist-zad olarsan ha.
- Məni bura bacılarım göndərib, - dedi, - bir həftədən çoxdu onların zənginə cavab vermirsən.
- Nə istəyirlər bacıların məndən?
Xədicə qaranəfəs özünü içəri salıb Doneşi görcək ağlamağa başladı. İndiyəcən onu acılamamışdım:
- Zırıldama, cəhənnəm ol içəri, - bağırdım, - qara yolla hara çıxdın qapını da açıq qoydun!
Həmid qımışanda ayıldım.
- Deyəsən yavaş-yavaş ağıllanırsan. Sənə deyirdim bura ev deyil, yataqxanadı?
- Mənim sənin ağzına veriləsi başım yoxdu, - dedim. - Get o Xədicənin qədəmlərindən öp, yoxsa yüz il qala bu evə ayağın dəyməzdi.
- Ay bala, bir qulaq as gör nəyə gəlmişəm, bu, sizin üçün həyati məsələdi, - deyib özünü qonaq otağına dürtdü.
Girən kimi dərman qutusunu götürüb üstünü oxudu:
- Bunu sən içirsən? Bir özünə bax gör nə günə düşmüsən, ay yazıq. Bizim sayəmizdə insan kimi yaşayırdın.
- Bu dəqiqə evimdən rədd olmasan Gülü xalanı, Niyazı, dalınca da polisləri bura yığacam. Haydı, dur sürük!
- Məni bacım göndərib, - yenə bayaqkı söhbətə qayıtdı. - Nazilə deyir oğlumun nişanını qaytarıram, Firəngizə elçi gedirəm.
- Bundan ötrü gəlmisən?
- Bu bəyəm balaca məsələdi? Bacımın bir ətək brilliantı var, oğlunun ayrıca evi, işi, maşını. Üstəlik Ofeliyanın da hər şeyi sənin bacın qızına qalacaq.
- Ay axmaq, bacım qızı bacın oğlunun teyxa oğlan vaxtını bəyənmədi, indi nişanı qayıtmışamı qalıb? Firəngiz sizin yubka altında gizlənən oğlunuza nə vaxt salam verdi? Dur, dur get bacılarına denən ki, sizin itiyiniz bizdə tapılmaz.
Həmidin bacıları Firəngizə hələ iki il qabaq elçi düşmüşdülər. Əsgərliyə getməyən, hələ də anasıyla yatan lopgödən, ləvərəqarın oğlanı bacım qızı həndəvərinə buraxmamışdı, buraxmazdı da. Həmid onu dilə tutmağa çalışanda Firəngiz ötkün cavabıyla Doneşi yerinə oturtmuşdu:
- Anasından icazə almamış arvadının yataq otağına girə bilməyən mama uşağı görəndə ürəyim bulanır.
- Mənim bacım oğluna hələ həyətdə şillə vuran olmayıb.
- Çünki anası dildən pərgardı.
- Allah bilir, kəndinizdə mal güdənin birinə gedəcəksən.
- Mənim kəndimin malotaranı əsgərlikdən qaçıb arvad tumanının altında gizlənmir. Bir də unutmayın ki, at təpiyinə at dözər, eşşək dözməz.
Beləcə, bilmirəm neçənci həmlədən sonra bacım qızı onları susdurub bu söhbəti küllüyə tullamışdı...
***
Telefonuma zəng gələndə bədənim nehrə kimi yırğalandı, elə bildim qardaşımın ölüm xəbərini verəcəklər.
Ekrana baxdım – Aqil idi. Barmağımla Həmidə sus işarəsi verib qorxa-qorxa telefonu açdım:
- Aqil, xeyir deyil, eləmi?
Qardaşımın şux səsi məni toxtatdı:
- Lənət şərə, qorxma, yaxşılıqdı. Sənin o çöpəgülən bacılığının əri bu gün mənə zəng vurmuşdu, deyir məni işdən qovurlar, kömək elə.
Düyməni basıb telefonu səsli rejimə keçirdim:
- Qoy qovsunlar, birdən ona köməyin dəyər haa!
- Bacıları da səni çox istəyirlər, bəlkə bir kömək eləyək işi əlindən çıxmasın?
Həmid söhbətin ondan getdiyini anlamışdı, küncdə büzüşüb yaltaq-yaltaq üzümə gülür, əlini boğazına aparıb yalvarırdı.
- O xanımlara mənim də hörmətim var, - dedim, - aylarla bizim Firəngizə elçi də düşdülər.
- Bəs Firəngiz nə dedi?
- Heç yaxına da buraxmadı. Ay qardaş, qız düz elədi, onlarla bizimki tutmaz. Sən də başından genit getsin, sabahdan heç telefonuna da cavab vermə.
- Sonra peşmançılıq olmayacaq ki? Bax yenə deyirəm, indi adama kömək eləyə bilərəm, əmri verilib ağır maddəylə qovulandan sonra heç nəyi dəyişə bilməyəcəyik.
Həmid yanımdan sivişib mətbəxə qaçdı, əlində çörək geri qayıdıb başladı gözləriylə yalvarmağa.
- Sənə deyirəm rədd elə getsin, qoy iti qovan kimi qovsunlar onu. Sənin köməyinə layiq adam deyil.
- Sabaha qədər vaxt var, - qardaşım dedi, - fikrini dəyişsən zəng vurarsan.
Aqillə sağollaşandan sonra içim dolusu qəhqəhə çəkdim:
- Hə, necədi, yatdı döşünə? Arvad-uşağını, bacılarını saldın üstümə, sənintək gənədən ötrü padşah kimi qardaşıma ağız açdım. Yamaqlı şalvardan çıxıb bahalı kostyumlar, parıldayan ayaqqabılar geydin, bahalı saatlar taxdın. Özün ağılda, özün xislətdə namərdləri başına yığıb günahsız adamları şərlətdin, yetim-yesirin çörəyinə bais oldun. Gizli telefon saxlayan arvadını-qızını ölkə-ölkə gəzdirib bizə nümunə göstərdin. Fürsət düşdükcə məndən oğurlayıb sonra da adımın üstünə ad qoydun. İndi get al əməllərini qucağına layla çal.
Mən onu söyüb alçaltdıqca Həmid gözlərini döyə-döyə qarşımda qurbanlıq qoyun kimi müti durub susurdu. İşi düşmüşdü deyə ayrı kəlmə kəsəmmirdi, eləcə məni dilə tutmağa çalışırdı:
- Ölənə qədər qapında nökər olacam. Təzə tikdiyim bağı oğluna bağışlayacam. Hər ay sənə hesab verəcəm. Elə-belə yox, əməlli-başlı hesab ödəyəcəm, mənim həyatımla oynama. Ordan o maddəylə qovulsam heç yerdə məni işə götürməyəcəklər.
- Qapı-qapı düşüb dilənərsən. Bacın brilliantlarını satıb səni işə düzəldər. Bacın oğlunun nişanında üç kostyum dəyişmisən, onları satarsan. Maşınını bazara çıxardarsan. Elə bilirsən uşağımın başını aldadıb pulumu əlimdən aldığını unutmuşam? Sənin kəndirini kəsmək boynumun borcu olsun.
- Sən mama qəbri eləmə, mənə yazığın gəlsin.
- Taylanın, Xədicənin hayıfını səndən alacam. Bu sınıq biləyimi sənə bağışlamayacam.
Ürəyimin daşa döndüyünü görəndə dizin-dizin ayağıma iməklədi.
- Qəhbənin, gəzəyənin kim olduğunu da gözünlə gördünmü? Arvadının görüşdüyü cavan oğlanların siyahısını tuta bildinmi?
- Gördüm, nə var hamısını gördüm. Mən əvvəldən bilirdim ki, sən hamıdan yaxşısan. Boynuma alıram, gözüm götürmürdü, paxıllıqdan çatlayırdım. Arvadımın, bacılarımın başqa cür olduğunu gördükcə sənə kin saxlayırdım. Sən qardaşlarının canı son dəfə mənə yaxşı olmağa özündə güc tap. Söz verirəm, daha sənə pisliyim dəyməyəcək.
- Bəs sən elçiliyə gəlmişdin? Qarnının dərdi başqaymış demək.
- Vallah məni bacılarım Firəngizə görə göndəriblər.
- Ay bədbəxtlər, sizin bütün nəsliniz Firəngizin oxuduğu kitablar ağırlığında deyil. Gedin anqırın tayınızı tapın.
Handan-hana yumşalmayacağıma əmin olanda üstümə hücuma keçdi. Məni vurmaq istəyəndə var gücümlə bağırdım:
- Ay Gülü xala!
Səsimdəki həyəcandan təşvişə düşüb qapıya qaçdı. Yolüstü dəhlizdəki bahalı iri kuzəyə bir təpik də vurdu. O kuzəni qədim əşyalar satılan dükandan babat qiymətə almışdım – nadir əşya olduğunu, uşaqlarımın da kuzənin qədimliyindən zövq aldığını bilirdi deyə qəsdən onu çiliklədi.
Evimdə tarixin bir parçasıtək saxlayıb üstündə əsdiyim qabın gözümün qabağında paralanıb yerə tökülməyi məni təbdən çıxardı. Saxsı qırıqlarını tez bir qırağa toplayıb qəddimi dikəldənə qədər Doneş qapıdan sivişib özünü pilləkəndən aşağı atdı. Onu qovmaqdan daşınıb eyvana qaçdım.
Allahdan olan kimi maşınını düz balkonumun altında saxlamışdı. Eyvandakı qaz sobamın yanında üç iri qara daşım vardı – biri dolma, biri turşu, biri də tabaka daşıydı; daşları torbaları qarışıq bir-bir yuxarıdan-aşağı maşının üstünə yağdırdım. Şüşələr çiliklənib cingiltiylə yerə səpildi. Yenə ürəyim soyumadı, ardınca üç mürəbbə bankasını də aşağı tolazlayıb içəri girdim.
Telefonumu qapıb üst mərtəbəyə dırmaşdım. Doneş pillələri qaça-qaça qalxıb qaranəfəs içəri təpiləndə mən özümü pilləkəndən aşağı uçurladım.
Bu dəm qonşu qapıdan çıxan Gülü xalanı az qala yıxacaqdım. Arvad məni qaçan görüb toxtadı, danışa-danışa özünü bizə atdı:
- Allah, mən bu abırda, bu həyada adam görməmişəm, - dedi, - di get, bala, maşınının mürəbbəsini yala.
Blokdan çıxanda maşının böyür-başına ötəri baxdım: qabaq-arxa şüşələri çiliklənmişdi, üstünə dəyib sınan bankalardan mürəbbə şirəsi süzürdü.
***
Bir anlıq duruxub neyləyəcəyimi bilmədim, eyvandan baxan Gülü xalanın səsi məni ayıltdı:
- Yüyür təcili yardımın yanındakı polis şöbəsinə. Meyidi ortada qalmış dalınca gəlir.
Var gücümlə qaçmağa başladım. Təcili yardımın həyətinə bir dəstə adam yığılmışdı, yanlarında üç nəfər polis də vardı. Doneş arxadan məni haqlamaqdaydı. Telefonumun zəngi ara vermirdi. Mən dəstənin yanına çatar-çatmaz içəridən tabut çıxardılar – kimsə bir cavan oğlan qəzaya düşüb ölmüşdü. Qohum-əqrəbası tabutdakının başına yığılıb çığırışmağa başladı. Həmid bir kənarda ayaq saxlayıb qanlı-qanlı mənə baxırdı.
Cənazə maşına qoyulandan sonra ətrafda adam azaldı. Doneş bir az ürəklənib irəli yeriyəndə özümü verdim polislərdən birinin yanına, uca səslə soruşdum:
- Mənim şikayətim var, hara müraciət eləyə bilərəm?
Polis əliylə yan divarı göstərdi:
- Nə sözünüz var növbətçiyə deyin.
Telefonum hələ də kirimirdi. Polisin göstərdiyi səmtə gedə-gedə düyməni basdım. Lalənin bağırtısı beynimi deşdi:
- Sən hardasan?
Kəkələdim, ağlıma gələn ilk yalanı söylədim:
- Aptekə gedirəm, nolub?
- Evimiz yıxıldı, yığış gəl bizə...
ardı var...