Kulis.az Aslan Quliyevin Seymur Baycanın "Həm də “Yuxu mələkləri” haqqında" tənqidi məqaləsinə yazdığı cavabı təqdim edir.
Seymur Baycan mənim tərcümə elədiyim (bunu xatırlatmağı özünə rəva bilməyib) Bəxtiyar Aslanın “Yuxu mələkləri” kitabı haqda yazısında kitabın arxa qapağında gedən mətni: “Azərbaycan ədəbi dairələrində bəzən türkiyəli həmkarlarımızın hekayə janrında elə bir uğur qazana bilmədikləri haqda fikirlər dolaşır. Bu,Türkiyə ədəbiyyatına, xüsusən hekayə janrında yazılan əsərlərə bələd olmamaqdan irəli gəlir və bu mənada sizə təqdim olunan modern hekayələr kitabı dediklərimə nümunədir. Hekayələr toplusunda zaman və məkan ölçüləri gözlənilmədən, müxtəlif dövrlərdə reallıqda baş verənlər altşüurda əks olunaraq hüdudsuz yazıçı təxəyyülünün süzgəcindən keçir və modern yazı tərziylə oxuculara çatdırılır” - “ifrat pafoslu və çox iddialı mətn” adlandırıb.
Mətni mən yazmışam, bu gün də yazdıqlarımın arxasındayam. Burda “ifrat pafos və çox iddia” hardaymış? Daha sonra davam edib: “Yazdığı hekayələr sadəcə rüsvayçılıq və biabırçılıqdır. Bir yeniyetmə o cür rüsvayçı və biabırçı hekayələri kitab halında oxucuların ixtiyarına buraxmağı şəninə sığışdırmazdı. Oxucular gərək məni bağışlasın, “Yuxu mələkləri” kitabındakı hekayələrin səviyyəsizliyini burada geniş ifadə etməkdə çətinlik çəkirəm. Açığı buna heç o qədər ehtiyac da yoxdur. Bir insanın hekayələri səviyyəsizdirsə, həmin hekayələrə səviyyəsiz adı qoymaq bəs edir. Dastan açmaq, ucundan tutub, ucuzluğa getmək, əlavə vaxt və enerji itkisidir”.
Bunu kim yazır? Yalnız gündəmdə qalmaq arzusu ilə adidən adi yazılar yazan və bunun üçün ölkəsini və onun insanlarını da vasitə eləməkdən zərrəcə də çəkinməyən orta səviyyədən də aşağı bir yazıçı. Di gəl, səviyyəsizlikdə ittiham eləyir. Bəs ədəbi vicdan? Yazdıqlarının hər cümləsindən yox, hər sözündən sifariş, qərəz yağır. Öz yazdığı kimi belə birisinə cavab vermək vaxt itkisindən başqa bir şey deyil, amma cavab verməyəndə özlərini mühüm zat hesab eləyirlər.
Mən yenə də uzun-uzadı yazmağın tərəfdarı deyiləm. Sadəcə olaraq: “Azərbaycanda mənim nəsrim haqqında fikir bildirəcək adamların sayı beşdən artıq deyil” deyən Seymur Baycanın tərifləyib göylərə qaldırdırdığı, “Maraqsız sevgi əhvalatı” hekayəsindən və Bəxtiyar Aslanın “Bir yeniyetmənin o cür rüsvayçı və biabırçı hekayələri kitab halında oxucuların ixtiyarına buraxmağı şəninə sığışdırmayacağı” kitabında dərc olunan hekayəsindən iki abzası nümunə kimi verirəm. Qoy oxucular özləri hansı hekayənin modern, səviyyəli, hansının isə rüsvayçı və biabırçı olduğuna özləri qərar versinlər:
Seymur Baycan:
“Aramızda yaş fərqi çox olsa da, biz Rəsul müəllimlə bərk dost idik. Pedaqoji İnstitutu bitirib, M. kəndinə gələndə ilk tanışlığa başladığım adam Rəsul müəllim oldu. O, orta boylu, qalın, ağ saçlı, iri qara gözlü, burnu azca qırmızı kişi idi. Həmişə uzunqol köynək geyinər, qalstuksuz küçəyə çıxmazdı. İstər yaxın adam olsun, istər uzaq, küçədə heç kimlə uzun-uzadı danışmaz, yüngülvari hal-əhval tutub tez ötərdi. Birinci gündən Rəsul müəllim mənə xoş təsir bağışlamışdı. O vaxtdan xeyli keçsə də, hər şey yaxşı yadımdadı. İlk günlərdə kənddə özümə münasib otaq tapa bilmədiyimə görə hələlik məktəbdəki otaqların birində qalırdım. Rəsul müəllim onlarda qalmağımı təklif etdi, amma mən ona öz təşəkkürümü bildirib təklifdən imtina etdim. Tərslikdən həmin il qış çox tez başlamışdı. Kəndin ətrafındakı dağlara xeyli qar yağmışdı. Yaxşı qızdırılmayan otaqda soyuqdan çətinliklə yuxuya gedir, həmişə üşüyən ayaqlarımın qızdığını ancaq yuxuda hiss edir, səhər sinifdə tez-tez əsnəyirdim. Bu da gənc müəllim kimi məni utandırırdı.
M. kəndində Rəsul müəllimin heç kimi yox idi. Ömrünün çoxunu bu yerlərdə keçirsə də tək idi. O da mənim kimi şəhərdən kəndə gəlmişdi. Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirəndə onu şəhərdə saxlamaq istəmişdilər. Amma özü uzaq bir kəndə müəllim göndərilməyini xahiş etmişdi. Dağlarla əhatə olunmuş M. kəndində elə bir savadlı adam tapılmazdı ki, Rəsul müəllim ona dərs deməsin. Camaat arasında böyük hörməti olduğu üçün bir neçə dəfə müxtəlif vəzifələrə irəli çəkmək istəmişdilər, lakin razılıq verməmiş, müəllimliyi hər şeydən üstün tutmuşdu. Pensiyaya çıxmaq vaxtı çoxdan keçsə də, məktəbdən, uşaqlardan ayrıla bilmirdi. Onun Xallı adlı qara rəngli, qoca bir iti vardı. Bu qoca it öz damında hey büzüşüb yatırdı. Arabir hürmək istəsə də gücü çatmırdı”.
Bəxtiyar Aslan:
“Otel otağındayam. Məlum bir otelin, məlum otağında deyil. Önəmli olan otel otağında olmağımdır. Bir də yalnızam. Otelə necə gəldiyimi bilirəm, niyə gəldiyimi də. Sağ çiynimdə kompüter çantası, sol əlimdə təkərli çamadan, səki daşlarının üzəriylə taq-taqla, taq-taqla. Bəzən ucuz yeməkxanaların səkilərə düzülən çirkli masaları üzündən asfalta enməyə məcbur oldum. Taqqıltı kəsildi, təkərlər boğuq, aramsız səslər çıxarmağa başladı. Təkər və təkərlik… Nə zaman və niyə hansına üstünlük verdiyimizi düşünəcək qədər ağlımı itirməmişəm.
Qatara mindiyimdə soyuq, hətta buz kimi bir tər qoxusuyla qarşılaşdım. Tər və parfüm, tər və kir, tər və dəniz, tər və torpaq, çamır, sidik, lağım… Şəhər bu deməkdi, bütün bunlar deməkdi. İtlərlə insanların eyni divarlara işədiyi yer deməkdi. Kim itləşir, ya da nə insanlaşırdı? Şəhər bu sualların cavab axtardığı yerdir. Kəmərimin olmadığı illəri xatırladım, «heç olmasa xatırlamaq» dediyim bir anda. Yan tərəfimdə oturan iri bədənli bir adam – qıç sindromu olmalı - elə hey qıçlarını oynadırdı. Diqqətimi dağıtmağa haqqı yox idi. Sevgilisi oturmuşdu sağ tərəfində. Bir yandan qıçlarını oynadır, bir yandan da qızı qucaqlayırdı iri qollarıyla. Kəmərim yox idi demək, illər öncəydi. Bağda badam ağaclarının altına, ya da çırpıların arasına işədikdən sonra şalvarımın körpülərindən ikisini bu tərəfdən, ikisini də o tərəfdən bir-birinə bağlayır, beləcə kəmərin vəzifəsini kiçik, iki qarış belə olmayan bir ipə yükləyirdim. Orda bir-birinə çarpan və razılıq dolu səslər çıxaran tısbağalar olurdu və mən əslində onlarn ciftləşməkdə olduqlarını bilmirdim. Yalnız da deyildim. Azad da…