Qanacaqlı adama oxşayır, ancaq hekayələri səviyyəsizdir - Seymur Baycan yazır...

Qanacaqlı adama oxşayır, ancaq hekayələri səviyyəsizdir - Seymur Baycan yazır...
9 avqust 2021
# 10:50

“Qanun” nəşriyyatında nəşr olunan “Yuxu mələkləri” kitabının arxa qapağındakı mətni oxuyaq: “Azərbaycan ədəbi dairələrində bəzən türkiyəli həmkarlarımızın hekayə janrında elə bir uğur qazana bilmədikləri haqda fikirlər dolaşır. Bu, Türkiyə ədəbiyyatına, xüsusən hekayə janrında yazılan əsərlərə bələd olmamaqdan irəli gəlir və bu mənada sizə təqdim olunan modern hekayələr kitabı dediklərimə nümunədir.

Hekayələr toplusunda zaman və məkan ölçüləri gözlənilmədən, müxtəlif dövrlərdə reallıqda baş verənlər altşüurda əks olunaraq hüdudsuz yazıçı təxəyyülünün süzgəcindən keçir və modern yazı tərziylə oxuculara çatdırılır”.

Bu ifrat pafoslu və çox iddialı mətnin üstündə bir adam şəkli var. Şəkildə saçları ağarmış bir kişi yumruğunu çənəsinə, yaxud çənəsini yumruğuna dirəmiş vəziyyətdə dayanıb. İlk baxışdan ciddi, ağıllı, mərifətli, qanacaqlı adama oxşayır. Amma yazdığı hekayələr… Yazdığı hekayələr sadəcə rüsvayçılıq və biabırçılıqdır. Bir yeniyetmə o cür rüsvayçı və biabırçı hekayələri kitab halında oxucuların ixtiyarına buraxmağı şəninə sığışdırmazdı. Oxucular gərək məni bağışlasın, “Yuxu mələkləri” kitabındakı hekayələrin səviyyəsizliyini burada geniş ifadə etməkdə çətinlik çəkirəm. Açığı buna heç o qədər ehtiyac da yoxdur. Bir insanın hekayələri səviyyəsizdirsə, həmin hekayələrə səviyyəsiz adı qoymaq bəs edir. Dastan açmaq, ucundan tutub, ucuzluğa getmək, əlavə vaxt və enerji itkisidir.

Müğənnilər demişkən, yaxından tanıyanlar çox hövsələli oxucu olduğumu bilirlər. Hətta ən bayağı mətndən də zövq almağı, hətta ən bayağı mətndən də nələrsə öyrənməyi bacarıram. Bəxtiyar Aslanın “Yuxu mələkləri” kitabı mənim kimi hövsələli oxucunu qırxıncı səhifəyə çatmamış hövsələdən çıxartmağa nail oldu. Müəllifi təbrik edirəm, bu, çox böyük uğurdur.

***

Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda çətinlik, əziyyət çəkən adamlar azərbaycanlılara sadəcə “bəyənmə düyməsi” kimi baxırlar. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar onlara “bəyənmə düyməsi” kimi baxan, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən adamlara şövqlə, məhəbbətlə qucaq açırlar. Elə zənn edirlər ki, doğrudan da bunlarla maraqlanan adamlar var. Məsələn, azdan-çoxdan populyarlıq qazanmaq istəyən bir türk blogeri Azərbaycan mətbəxi, Azərbaycan musiqisi, nə bilim Azərbaycan qoyunları və keçiləri haqqında bir video çəkir. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar qarışqa qəndə darışan kimi tez bu videonun üstünə darışırlar. Səydəş-səydəş, səviyyəsiz-səviyyəsiz şərhlər yazmağa başlayırlar. Ta bilmirlər ki, videonu çəkən adama Azərbaycan musiqisi, Azərbaycan mətbəxi, Azərbaycan qoyun və keçiləri əsla maraqlı deyil. Ona azərbaycanlılar bir “bəyənmə düyməsi” kimi lazımdır və yerdə qalan məsələlər onun üçün sadəcə lüzumsuz təfərrüatdır.


Beş-altı dost tanış var. Harda qarşılarına adam əsəbləşdirən axmaq müsahibə, yazı, video çıxsa mənə göndərirlər, münasibət bildirməyimi tələb edirlər. Zəif damarımı tutublar. Nəyə əsəbləşə biləcəyimi dəqiq bilirlər. Bu dostlardan biri mənə dəhşətli bir video göndərmişdi. İki əyriayaq türk qızı (bloger imişlər) “Torqovı”da gəzirdilər. Bir dəstə azərbaycanlı gənc türkcə danışa-danışa bu bloger qızların arxasınca düşmüşdülər. Qızlar da onlarla mırt tuturdular. İnsan adlanan bir canlının çox yox, bir az özünə hörmət hissi olmalıdır. Lap qədimlərdən məlumdur ki, özünə hörmət etməyən adama, özünə hörmət etməyən camaata başqaları dünəndən hörmət etmirlər. O bədnam kadrlara baxdıqdan sonra bir suala cavab tapmaq istəyirdim. Görəsən bundan əvvəlki həyatımda hansı qəddar cinayəti törətmişəm, görəsən bundan əvvəlki həyatımda hansı bağışlanılmaz günahın sahibi olmuşam ki, mənə belə dəhşətli bir cəza, – bu adamlarla eyni dildə danışmaq, bu adamların dilində yazı yazmaq, bu adamlarla eyni ölkədə doğulmaq cəzası verilib?

“Yuxu mələkləri” kitabının müəllifi Bəxtiyar Aslan haqqında yüngülvarı araşdırma apardım. Afərin, fərasətli adamdır. Sabir Rüstəmxanlı haqqında kitab, Rəşad Məcidin olduqca mənasız “Qələmsiz yazılanlar” kitabı haqqında məqalə yazıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib. İnstitutun əməkdaşları çıxışlar edərək kitab haqqında fikirlər söyləyiblər. Bu mərasimdən hazırlanan xəbər və yazılar ölkənin müxtəlif qəzetlərində dərc olunub. Vəssalam, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən bir adama, bir yazıçıya bundan artıq nə lazımdır?

/azlogos.eu/

# 3694 dəfə oxunub

Oxşar xəbərlər

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

15:30 24 fevral 2026
Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər