Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?

Danimarka şahzadəsinin ölümdən qurtardığı şair  - Ona niyə yazmağı qadağan etmişdilər?
10 noyabr 2025
# 10:00

10 noyabr görkəmli alman şair, dramaturq, filosof Fridrix Şillerin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.


İnsan azadlığının və bəşəri dəyərlərin böyük müjdəçisi olan alman romantik şair və dramaturq Fridrix Şiller 18-ci əsrin ən böyük ədəbi simalarından biridir. Onun ideyaları rus və Avropa maarifçilərini, filosoflarını və şairlərini ilhamlandırıb, “azadlıq poeziyasının səsi” kimi səciyyələnib.

Fridrix Şiller 10 noyabr 1759-cu ildə sadə ailədə – çörəkçi nəslindən olan valideynlərin övladı olaraq düynaya gəlib. Atası İohan Kaspar Şiller bacarığı və zəhməti sayəsində hərbçi və həkim peşəsinə yüksəlib, anası Elizabet Doroteya Kodvays isə ədəbiyyata və dindarlığa meyilli, zərif təbiətli qadın idi.

Kiçik Fridrix çox xəstə uşaq idi, lakin yeniyetməlikdə möhkəmləndi. Onu ilk dəfə oxuma-yazmağa pastor Moser öyrətmişdi. Maraqlıdır ki, sonradan yazdığı “Quldurlar” dramında o, bu müəllimin adını obraz kimi işlədib.

7 yaşlı Fridrix ilk dəfə teatra aparılanda səhnənin sehri onu valeh edib. O, evdə kağız fiqurlardan “teatr” düzəldir, bacısı ilə birlikdə tamaşalar oynayırdı.

14 yaşında onu Vürtemberq hersoqunun hərbi akademiyasına göndərdilər. Şiller ruhanilik arzulayırdı, lakin atasının əmri ilə hərbi qanunlara tabe olmalı oldu. Burada o, azadlığa həsrət qalır, yalnız kitablarda təsəlli tapır və şeirlər yazmağa başlayır.

Hüquq təhsili onu cəlb etmədi. 1776-cı ildə o, tibb fakültəsinə keçdi. “İnsanın ruhani tərəfi və bədənlə əlaqəsi” adlı elmi işi çap olundu. Həmin illərdə “Quldurlar” dramının ideyası formalaşdı. 1780-ci ildə təhsilini başa vuraraq hərbi həkim kimi xidmətə göndərildi.

“Quldurlar” pyesi 1782-ci ildə səhnəyə qoyuldu və Şillerin şöhrətini bütün Almaniyaya yaydı. Ancaq əsərdəki azadlıq ideyaları hərbi rəhbərliyi qəzəbləndirdi. Yazıçı cəzalandırıldı və yazmaq qadağan edildi. O, azadlıq eşqi ilə qaçaraq Manheymə sığındı.

Manheymdə və Bauerbax kəndində “Doktor Ritter” adı ilə gizlənən Şiller “Məkr və məhəbbət”, “Don Karlos” və “Fyeskonun sui-qəsdi” kimi əsərlərini yazdı. Bu dövrdə ilk ciddi məhəbbətini də yaşadı, lakin taleyi onu daim ayrılıqlarla sınağa çəkdi.

1785-ci ildə Şiller məşhur “Sevinc üçün oda” (“Ode an die Freude”) əsərini yazdı. Daha sonra Lüdviq van Bethoven bu mətnə musiqi bəstələdi və o, IX simfoniyanın zirvəsi oldu. Bu əsər bu gün Avropa İttifaqının rəsmi himnidir.

Şiller bir çox aktrisaları – o cümlədən Katerina Baumann və Şarlotta fon Kalbı sevmişdi. Onların arasında mürəkkəb və ehtiraslı münasibətlər yaşanmış, bu qadınlar onun yaradıcılığının mühüm ilham mənbəyi olmuşdu.

1787-ci ildə Şiller gənc Henrietta fon Arnimə vurulsa da, bu sevgi də cavabsız qaldı. Buna baxmayaraq, onlar sonralar dostluqlarını qorudular. Qadın evləndikdən sonra belə, yataq otağında Şillerin portretini saxlamışdı.

1788-ci ildə o, Yena Universitetinin tarix və fəlsəfə professoru təyin olundu. 1790-cı ildə Şarlotta fon Lenqefeldlə evləndi. Cütlüyün dörd övladı dünyaya gəldi. Şiller evliliyi ilə daxili harmoniya tapdı və daha həvəslə özünü yaradıcılığa həsr etdi.

Uzunmüddətli xəstəlik onu sarsıtdı, lakin 1791-ci ildə Danimarka şahzadəsinin ayırdığı təqaüd sayəsində o, sağalaraq “İnsanın estetik tərbiyəsi haqqında məktublar” silsiləsini yazdı. Maraqlıdır ki, həmin vaxt yanlış olaraq onun ölüm xəbəri yayıldı və Danimarkada üçgünlük matəm elan olundu.

1794-cü ildə Şiller və İohan Volfqanq Höte arasında böyük dostluq yarandı. Bu yaradıcı ittifaq alman klassisizminin əsasını qoydu.

1800-cü illərdə o, nəhayət maddi sabitliyə nail oldu. “Vallenşteyn”, “Mariya Stüart”, “Orlean qızı” və “Vilhelm Tell” dramları onu Avropa səhnələrinin sevimlisinə çevirdi. “Vilhelm Tell” İsveçrənin milli rəmzlərindən birinə çevrilib.

Şiller yazı masası arxasında işləyərkən çürümüş almaların qoxusunu iyləməyi sevirdi – bu, onu ilhama gətirirmiş.

O, sadə geyinər, təmtəraqdan qaçardı, zanbaq çiçəyini çox sevərdi, hörümçəklərə nifrət edərdi. Höte onu belə xatırlamışdı: “Şiller hər yerdə olduğu kimi böyük idi – həm evdə, həm dünyada”.

Dahi dramaturq 9 may 1805-ci ildə, 45 yaşında Veymarda vərəm xəstəliyindən vəfat edib. Onun sümükləri sonradan Hötenin yanında məzara yerləşdirildi.

Ancaq müasir tədqiqatlar göstərdi ki, həmin məzarda Şillerin orijinal qalıqları yoxdur – onun başı və sümükləri başqa şəxslərə məxsus imiş. Gerçək qəbirin taleyi bu gün də müəmmalı qalır.

Bu gün Yena Universiteti onun adını daşıyır. Almaniyada, Avstriyada və Rusiyada bir sıra təhsil ocaqları Şillerin adını yaşadır.

2005-ci ildə rejissor Martin Vayxart “Şiller” adlı bədii film çəkərək onun dramatik həyatını ekrana gətirdi.

Fridrix Şiller insan azadlığını, ləyaqətini və mənəvi kamilliyi tərənnüm etmiş nadir sənətkarlardandır.

Onun sözləri bu gün də Avropa mədəniyyətinin özülünü təşkil edir: “İnsan yalnız gözəllik qarşısında azaddır.”

# 2031 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər