Anarın otağında məni şərlədilər – Eyvaz Zeynalov yazır...

Anarın otağında məni şərlədilər – Eyvaz Zeynalov yazır...
4 may 2021
# 11:38

Kulis.az Eyvaz Zeynalovun “Sən kimsən?” yazısını təqdim edir.

Üç-dörd ilin söhbətidi. Yayda Masallıda yaşayan bir tanışımla əvvəlcədən şərtləşdiyimiz kimi Bakıda, Yazıçılar Birliyinin qarşısındakı bağda görüşdük. Ona öz istəyi ilə rayonda satmağa 4 adda kitabımdan (romanlardı) biri bir manata 40 ədəd göndərmişdim. Telefonda dediyinə görə, bir neçəsi qalmışdı, satdıqlarının pulunu gətirmişdi.

Hal-əhval zamanı məlum oldu ki, xəstədi. Üz-gözündən də görünürdü. Kitabların pulunu götürmədim. Dedim, müalicənə xərclə, əlavə nə xeyir görmüsən, o da halal xoşun. Söhbət vaxtı Yazıçılar Birliyi xəttilə illik prezident təqaüdü alıb-almadığımla maraqlandı. Almadığımı dedim, təəccübləndi. Özünün çoxdan aldığını söylədi, bu dəfə mən təəccübləndim. Yazıçılar Birliyinin üzvü olsa da, düzü, onu yazıçı saymırdım. (Bir vaxt “Şahbulaq” saytıma hekayə adına yolladığı 7-8 yazıdan birini zorla düzəldib vermişdim, cümlələrindən 4-5-i qalmışdı). Necə aldığını soruşdum. Dedi, Anarın bu işə baxanı - Rauf biz tərəfdəndi. Qolumu qıran (beləcə dedi) bir ağır zənbil balıq-filan pay gətirmişdim.

Yarı zor, yarı xoş məni Yazıçılar Birliyinə apardı. Maşınım yaxındaydı, hər ehtimala qarşı, 3 kitab da (romanlardı) götürdüm. Yazıçılar Birliyində təmir gedirdi. Amma koridorlarda kimsə gözə dəymirdi. Anarın qapısının ağzı da tökülü vəziyyətdəydi. Otağında tapacağımıza ümidim yoxdu. Qapısını açanda gördük təmtək otağındadı. Tanışım tanışlıq verdi, dedi, Anar müəllim, Eyvaz müəllim utancaq adamdı. Ancaq yaxşı yazıçıdı. Əsərləri 5-6 xarici dilə tərcümə olunub. O cümlədən, 3 kitabı Almaniyada alman dilində, bir kitabı Tiflisdə gürcü dilində, bir neçə kitabı da Türkiyədə çap edilib. 9 hekayəsi orta məktəbin “Azərbaycan dili”, “Ədəbiyyat” kitablarında neçə ildi tədris olunur, onlardan biri ədəbiyyatdan institutlara qəbul proqramına salınıb. 20 ilə yaxındı bizim birliyin, Avrasiya Yazarlar Birliyinin, Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdü. Ancaq hələ də prezident təqaüdü növbəsindədi.

Əlimdəki kitabları da alıb qoydu stolunun üstünə. Anar götürüb o tərəf-bu tərəfinə çevirdi, avtoqrafsızdı. Dedi, ilin axırında yaxınlaşıb yada salarsan, vəssalam.

Ərizəmi təqaüdə lap çoxdan vermişdim. Düz-əməlli növbə olsaydı, təqaüd verilənlərin heç olmasa, üçdən biri ədalətlə seçilsəydi, yenə mənim adım o siyahıya düşərdi. 4-5 il sonra Raufdan işin nə yerdə olduğu ilə maraqlanmışdım. Hətta, ondakı ərizələrin arasından öz ərizəmi də tapıb təkrar göstərmişdim. Demişdi, get katiblərlə danış, dil tap. Demişdim, qardaş, əvvəla, katiblərlə tanışlığım elə səninlə olan tanışlığım qədərdi. İkincisi, tərslikdən dil tapmaq bacarığı, fərasəti əvvəldən mənə qismət olmayıb.

Dost-tanışlar cavanlıqda deyərdilər, kaş səndəki qabiliyyət, bilik, yazı-pozu bizdə olaydı, görəydin nələr edirik? Zarafatla deyərdim, sizdəki yaltaqlıq bacarığı qara daşı da dələr, bəsinizdi. Çünki cəmiyyətimizdə yalan, yaltaqlıq sürətlə çiçəklənməkdə, yaşam tərzinə çevrilməkdəydi. Doğrusu, işim dalana dirənəndə hərdən mən də yaltaqlanmağa cəhd etmişəm, alınmayıb. Bir yekəxana hərəkət, tərs söz xətrimə dəyib, qarşılığını vermişəm, hər şey korlanıb. Görünür, o da xüsusi bir istedaddı.

2-3 ildən sonra bir dəfə də Raufdan soruşdum ki, növbədə nə qədər adam var? Dedi, 1500. Dedim, bu necə olur, mən növbəyə duranda birliyin heç min nəfər üzvü yoxdu? Cavab vermədi.

İstər-istəməz şübhələnir, düşünürsən, axı bu təqaüd məsələsi niyə oğurluq həll edilməlidi? Anar düz adamdısa, niyə ümumi siyahı tutdurmur, onu hər il təqaüd alanlarla birliyin mətbu orqanlarından birində çap etdirmir? Niyə təqaüd yalnız tapşırıqla, dost-tanışlara, dil tapanlara verilməlidi? Belə olmasaydı, Rauf mənə katiblərlə danışmağı, dil tapmağı təklif edərdimi! Birlik “birlik” adını qətiyyən doğrultmurdu! Özəl deyil, dövlətə bağlı qurumdu. Lakin bir qrup adamın xidmətindəydi. O adamların ki, Anara əvəzedilməz imic qazandırmışdılar. Kölgəsində yatmaq üçün.

***

Arada Anarın yanında sözü keçənin biri dedi, razılaş, təqaüdü düzəldim. Amma kart 6 ay məndə olacaq, istəmədim. O cür təqaüd mənə lazım deyil, dedim. Dedi, bax də, başqaları sino gedirlər. Dost sayılan, Anardan xahiş edəcəyinə söz verənlər də fıs çıxdılar. Ümumiyyətlə, bu Yazıçılar Birliyi ilə mənimki heç əvvəldən düz gətirmirdi.

Müstəqilliyin ilk illərində ermənilər Ağdamı işğal etdilər. Ailəmi köhnə “02”mə yığıb Lökbatana qaçırdım. Bir yarımçıq binada məskunlaşdıq. Tərslikdən həmin vaxt qəzaya düşdüm. Ev-eşik, dolanışıq dərdinin üstünə şikəstlik də əlavə olundu. İki qoltuq, sonra bir əl ağacı ilə 3 il süründüm. Xəstəxanada yatmağa, yaxşı müalicə almağa imkan yoxdu. Yatsam, azından, ailəni kimsə dolandırmalıydı. Hesab-kitabımda kiməsə yük olmaq əzəldən yoxdu. Son vaxtlar arabir məşğul olduğum yazı-pozumu tamam kənara qoydum. Onsuz da, 90-cı ildən Ağdam Qarabağ hadisələri ilə bağlı qaynar qazanı xatırladırdı, dincliyimiz yoxdu. Halbuki “Yazıçı” nəşriyyatında povest və hekayələr kitabım təzə çıxmış, “Gənclik”də ikinci kitabım plandaydı. Mətbuatda yenicə tanınmağa başlamışdım. Bütün bunlara baxmayaraq qərara gəldim: “Ailəmi, uşaqlarımı bir tərəfə çıxarmalıyam. Yekələndə, söyəcəklər; gorbagor yazıçı qələmi tutdu, bizə gün ağlamadı”.

Utana-utana 8-ci kilometrdəki maşın bazarında alverə başladım. Hər gün Lökbatandan qaranlıqda çıxır, axşam qaranlıqda qayıdırdım. Mayam hardandı? Ancaq topdansatışdakılar mənə nisyə malı maşınla gətirirdilər. Bazar adamı olsalar da, düzlüyü, mərdliyi qiymətləndirirdilər. Yazıçılar birliyini fırladanlar kimi olsaydılar, mən heç zaman ailəmə ev-eşik, şərait yarada bilməzdim. Nəhayət, oğlum böyüdü, işləməyə başladı, mən bazardan yığışdım, yazı-pozuma qayıtdım.

1999-ci ildə neçə ildən sonra ilk dəfə Mətbuat prospektindəki nəşriyyat binasına getdim. Sovetin dövründə ora neçə aydan bir gələr, qəzet və jurnallara hekayələrimi verər, sonra qayıdıb səbirsizliklə onların çapını, qonararını gözləyərdim.

İkinci mərtəbədəki “Göyərçin” jurnalında Rafiq Yusifoğlu ilə görüşdüm. Soruşdu ki, hara yoxa çıxmısan? Daxılımı töküşdürürdüm, keçmişdən qalan bir hekayəni tapdım. Çap elədim ki, bəlkə görüb gələsən. Şkafından çıxarıb verdi. Dedi, heç birliyin iclasında, tədbirində-filanında da olmursan? Rayondan gəlib-gedəndə üzvlüyə ərizə verdiyimi söyləmişdim. Dedim, alınmadı, o vaxt ərizəmi hirslənib cırdım atdım. Dedi, nahaq, qayna-qarış.

“Azərbaycan”, “Ulduz” jurnallarına təzədən ayaq açdım. İlk rastlaşdığım Məmməd Oruc, Ələkbər Salahzadə oldu. Yoxa çıxmağımın səbəbi ilə maraqlandılar. Yazı istədilər. Hərəsinə bir hekayə verdim. Çox çəkmədi, hər ikisi çap olundu. Üzvlük üçün bir ərizə yazdım, çap olunmuş əsərlərimi də götürüb Fikrət Sadığın yanına getdim. Gözəl şairdi, amma qocalmış, huşu-başı qalmamışdı, məmur kimi yararsızdı.

4-5 aydan sonra cavabını öyrənmək istədim. Soruşdu ki, sən kimsən? Güclə yadına saldım. Şkafından qovluğumu tapdı. Məşğul olacağına söz verdi, inandım. O boyda ağsaqqal şairdi!

5-6 ay da keçdi. Bu müddətdə “Azərbaycan”, “Ulduz” jurnallarında təzə hekayələrim çap olundu. Fikrət Sadığın jurnalları vərəqləyərkən orda şəklimi, imzamı görəcəyini, ərizəmlə daha yaxından maraqlanacağını düşündüm. İkinci dəfə cavaba gedəndə Balaş Azəroğlu və Gülhüseyn Hüseynoğlu da otaqdaydı. Fikrət Sadıq yenə üzümə baxıb soruşdu: “Sən kimsən?”

Daha dözmədim. Dedim, sizi başa düşürəm, amma gəlin siz də məni başa düşün. Mənim yazılarımı ərkiniz çatan, zövqünə inandığınız cavanların birinə verin, oxusun, fikrini öyrənin, mənə bildirin. Bir də sizi narahat eləməyim. Üçüncü dəfə gələndə də mənə eyni sualı versəniz, ərizəmi alıb cıracağam.

Böyürdən Gülhüseyn Hüseynoğlu dedi, oğlum, cavansan, ağsaqqalla elə danışmazlar, filan. Dedim, yazılarınızı sevə-sevə oxumuşam, hamınıza hörmətim var. Xatirələrinizdə yazırsınız ki, cavan vaxtı yaşlı yazıçılar sizə qayğı ilə yanaşar, kömək eləyərdilər. İndi növbə sizindi. Amma xətrinizə dəyməsin, biz həmin qayğını sizlərdən görümürük. Görərsiniz, deyib, güldü.

Bir neçə ay da keçdi. Üçüncü dəfə mən otağa girəndə, Fikrət Sadıq çəliyini qapıb qapıdan çıxdı. Təəccüblənsəm də, səbrimi basıb gözlədim. Dedim, olar də, subaşına-filana gedər. Amma qonşu otağın qapısının açıldığını, ora girdiyini qulağım çaldı. Bir azdan geri döndü. Kandardaca dedi, biz səni üzvlüyə qəbul etmişik, get Arifə xanımdan biletini al.

***

Anarın dediyi kimi, ilin axırında xahişimi yadına salmağa getdim. Qapısında katibələri Ərəbzəngi kimi qarşımı kəsdilər. Yanında iclasdı, dedilər. İnanmasam da, geri qayıtdım. İki həftədən sonra yenə gəldim. Dedilər, yanında qonaqları var, bu gün heç kimi qəbul etməyəcək. Üçüncü dəfə də eyni yalanları eşitdim. Katibənin birinə telefon nömrəmi verdim. Dedim, deyin ki, filankəs filan məsələyə görə gəlmişdi, özü tapşırıb, yoxsa gəlməzdim. Yadına düşsün deyə əlavə də etdim, deyin ki, yayda təmir vaxtı yanınızda olub, 3 kitabını verib. Dedi, deyərəm. Bir həftədən sonra evdən katibəyə zəng vurdum. Dedi, ismarıcın çatdı, vəssalam. Babalı katibənin boynuna. Ancaq daş atılan quyudan səs çıxdı, Anardan yox.

İkinci ili yenə həmin vaxtlardı. Təsadüfən o tərəflərdəydim. Fikirləşdim ki, keçən il yanına girə bilmədim, qoy olsun bu il. Çıxdım yuxarı, katibələr yenə köhnə havaları ötdülər. Tutuquşu qələt eləyər onların yanında. Əsəbi qayıtdım. Növbəti ayda “Ulduz” jurnalındaydım. Soruşdum, dedilər, kabinetindədi. Katibələrdən qapıya yaxın olanı dillənəndə dedim, qızım, daha ağ eləmə də. 20 iləcən bir birliyin üzvü olasan, pis-yaxşı tanınasan, amma iki ildə bir dəfə sədrinin yanına girə bilməyəsən? Dedi, vallah, neyniyim? Mənə deyib, heç kimi içəri buraxma. Qonaqları var.

Katibədə günah olmadığını yaxşı başa düşürdüm. Dediyi sözlər özünün deyildi. Özünün olsaydı, yumşalar, rəhmə gələrdi. Qapı ilə üzbəüz dayanmışdım. Necə hirsləndimsə əl atıb qapını açdım. Gördüm yanında yalnız “Azərbaycan” jurnalının redaktoru İntiqam Qasımzadədi. Katibə dalımca “Anar, müəllim, mən icazə vermədim, icazəsiz keçdi”, sözlərini tolamazladı. Sakitcə təsdiqlədim. Hələ otağın yarısına çatmamış necə, nə vaxtsa özünü yüyrəppək yetirən Rauf əks tərəfdə peyda oldu. Dedi, Anar müəllim, qızı itələyib girdi içəri. O da itələyibsə, çıxanda üzr istəyər, dedi.

Adamın həyasızlığına matım-qutum qurudu. O, məni otağından görə bilməzdi. Qulağı burdaymış. Dedim, ə, yekə kişisən, vicdanın olsun, yalan danışma. O mənim qızım yaşındadı, mən onu itələmərəm. Tükü də tərpənmədi. Şər-şəbədə həyat tərziydi.

Anar lap Fikrət Sadıq kimi (eyni qəlibdən çıxmışdılar) soruşdu ki, sən kimsən? Anlatdım. Raufa dedi, adını qeyd elə. Elədi. Çıxanda qapını örtməmiş katibədən soruşdum, qızım, səni itələmişəm? Yox, dedi, içəri icazəsiz girdiniz. Üzümü əvvəl Raufa, sonra Anara tutub dedim, eşitdiniz? Dağ başında oturmuş sədrin bu sualda sualaltı bir sualın da olduğunu başa düşüb-düşmədiyini (o boyda yazıçıydı) bilmədim: “Bəs siz öz yalanlarınıza görə bizdən nə vaxt üzr istəyəcəksiniz, cənablar?”

Bilsəydim, İntiqam Anarın yanındadı, o qapını dünyasında açmazdım.

***

1999-cu ildən hər il “Azərbaycan” jurnalında əsərlərim çap olunurdu. Axırıncı dəfə V. Yusifliyə “Tələ” romanımı verəndə dedi ki, çox uzundu, apar bir az qısalt. Qısaltdım. 80 jurnal səhifəsi elədi. İntiqam romanı 2010-cu ilin 8 və 9-cu saylarında, xırda şriftlə 2 nömrədə povest adı ilə çapa verdi. Bu, ən azı, ədalətsizlikdi. Əvvəlki nömrələrin birində P. Qəlbinurun yalnız bir nömrədə gedən 33 səhifəlik yazısı, V. Bəhmənlinin silsilə şeirləri roman kimi çap olunmuşdu.

Aradan xeyli keçmişdi. Redaksiyada, bir neçə nəfərin yanında söhbət necəsə “Tələ”dən düşdü. Daha özümü saxlaya bilmədim. İntiqama dedim, gərək o romanın altından “povest” yox, “hekayə” yazaydın. Ətrafımızdakılar gülüşdülər. İntiqam üzrxahlıq əvəzinə dedi, sizi, yəni mənim kimilərini, hər il çap etməklə Vaqif pis öyrədib.

Guya Vaqif Yusifli bizim “bezdarnı”, zəif əsərlərimizi nə hesabasa jurnala soxuşdururmuş. Daha bunu görməyəcəkdik. (Onda Vaqif müəllim Akademiyada işə başlamış, müavinlikdən çıxmışdı). Adamdan soruşarlar, bəs sən harda yatmışdın? Zəifdisə, niyə buraxırdın?

Təxminən, həmin vaxtlardı, “Azərbaycan” jurnalında İntiqamın 5-6 nəfər tanınmış yazıçı və tənqidçinin iştirakı ilə müstəqillik dövrü nəsrimizə həsr olunmuş dəyirmi masada o illərdə yaranmış ən yaxşı 10 əsərin adı çəkildi. Biri mənim “Qisas” romanımdı. Hansı ki, “Azərbaycan” jurnalında yenə povest kimi getmişdi. Zəifdisə, dəyirmi masada İntiqam niyə dinməmişdi?

Dəyirmi masanın mətni o vaxt “Azərbaycan” jurnalından başqa “525-ci” qəzetdə, bir neçə saytda yayımlanmışdı. Təəssüf, yazıçılar qurumunun yaranışından bu günə qədər Anar yeganə rəhbərdi ki, ətrafındakılardan və ona mədhiyyə yazanlardan başqa birliyin üzvlərindən kimsənin imzası ilə maraqlanmayıb, əsərlərinə dəyər verməyib.

***

Növbəti ildə redaksiyaya iki hekayə apardım. Əvvəllər olduğu kimi nəsr üzrə şöbə müdiri M. Orucu verdim. İki aydan sonra zəng vurdum, dedi, bəyəndim, üstünü yazdım, İntiqamdadı. 4-5 ay keçdi. İntiqamın otağında hekayələrimin çap olunub-olunmayacağını soruşdum. Qayıtdı ki, nə hekayə? (“Sən kimsən?” kimi çıxdı) Guya xəbəri yoxdu. Südabə xanıma dedi, o da qeydiyyat dəftərini vərəqlədi, ora-bura baxdı. Dedi, bizə gəlməyib. M. Oruca zəng vurdum, telefonu ona verdim. Bir az atışdılar, adını qoydular ki, hekayələr it-bata düşüb. 12 ildi bu jurnalda müntəzəm çap olunurdum, hələ belə bir insidentlə rastlaşmamışdım.

İntiqam dedi, üzünü çıxar, yenidən gətir. Gətirib, şəxsən, özünə verdim. Bir aydan sonra cavab üçün redaksiyaya baş çəkdim. Dedi, sənin hekayələrini bəyənməyiblər. Başqa sözlə, sən kimsən? Dedim, kim bəyənməyib? Dedi, Mübariz Cəfərli. Dedim, o kimdi? “Klassiklərimizin” öz üslubunda. Axı M. Oruc, nəsr bölməsinin müdiri hekayələri bəyənmişdi? Yazıları göstərdi. Bir hekayəmin yalnız 2 abzasındakı cümlələr tamam qaralanmışdı. Belə naşılıq görməmişdim! Təvazökarlıqdan uzaq olsa da, indiyəcən mənim yazılarımda təsadüfdən-təsadüfə əl gəzdiriblər.

Mübarizi tapmadım. Bir dəfə “Ulduz” jurnalından çıxanda koridorda V. Yusifli və Q. Nəcəfzadə ilə rastlaşdım. Söhbət əsnasında M. Cəfərli yaxınlaşdı. Qayıtdı ki, müəllim, bizə niyə yazı vermirsiniz? İstehza ilə dedim, axı sən mənim yazılarımı bəyənmirsən? Karıxıb qaldı. Dedi, o nə sözdü? İndi də “sən kimsən?”ə oxşayan bu suala mən karıxıb qaldım. Aydınlaşdırası oldum. And-aman etdi ki, belə bir şey olmayıb. Mən sənin yazını görməmişəm. İntiqamı tapmadım.

Amma indi axtarmasam da, İntiqam Anarın yanında bitmişdi. Yəqin Anar məndən sonra ondan mənim kim olduğumu soruşmuşdu, o da yaxşıca “tərifləmişdi”.

Rəhmətlik müəllimim İ. Şıxlını xatırladım. 9 qrupun hamısını institutun böyük akt zalına yığıb xarici ölkələr ədəbiyyatından mühazirə oxuyurdu. “Orbita” adlı əl maqnitofonumu qurub gizlicə səsini yazırdım. Yadigar saxlamağa. İlk yazılarımın altındakı bəzi kiçik qeydləri kimi. Fransız yazıçıları Hüqo ilə Balzakdan danışırdı. Bir gün Fransanın bir nömrəli yazıçısı üçün bir medal təsis edirlər. Aparırlar Hüqonun evinə. Yiyə durmur, deyir, səhv gəlmisiniz, Fransanın birinci yazıçısı Balzakdı. Bu dəfə Balzakın evinə gedirlər. O da yiyə durmur. Deyir, Faransanın birinci yazıçısı Hüqodu. İsmayıl müəllim burda xüsusi vurğulayırdı, halbuki, bu 2 dahi yazıçı bir-birini sevmirdi, ideya, yazı üslubu düşmənləriydi. Amma sənətə dəyər verməyi bacarırdılar. Böyük ürəkləri vardı.

Bizimkilər özləri böyüsələr də, ürəkləri cılızlaşır, hikkələri böyüyür. Bu da bir sirri-xudadı.

***

Türkiyədə kitablarımı çap edən naşir dostum Şərəf Yılmaz Anarla maraqlanırdı. “Temrin” adlı dərgisinin bir özəl sayını da ona həsr etmək istəyirdi. Yeri gəlmişkən, Azərbaycandan ilk özəl sayı mənə həsr etmişdi. Növbəti dəfə Azərbaycanda qonağım olanda bu barədə yenə söz açdı. R. Məcidə dedim, görüşdürdü. Qəbuluna düşmək əzabını təkrar yaşamaqdan uzaqdım.

Söhbət zamanı Anar iş prinsipini türk naşirə tərifləməyə başladı. Dedi ki, mənim qapım hamının üzünə açıqdı. Yenə dözmədim. Dedim, doğrudu, qapınızda qıfıl yoxdu. Amma o qapını 2 katibə, yan otaqdan da Rauf qoruyur. Otağınıza nə müsibətlə girdiyim hələ də yadımdadı. O saat dedi, nə isə, nə isə.

Yolda Şərəf bəy mənim Anara iradımı yada salaraq buraxacağı özəl say haqqında rəyimi bilmək istədi. Dedim, Anar çox pis məmurdu. Necə deyərlər, nə yardan doyur, nə əldən qoyur. Təqaüdü-filanı xrıd eləmək üçün düz-əməlli cümlə qura bilməyən cızma-qaraçıları bir ucdan birliyə dolduranlara şərait yaradır. Sovetlərin dövründəki saxtakar təsərrüfat rəhbərlərinə oxşayır, sanki öhdəlik götürüb. Ancaq yazıçı kimi onun haqqında özəl say buraxmağınıza dəyər. Hər halda, Azərbaycan ədəbiyyatı adınadı. Onsuz da, Türkiyədə onun haqqında çox yazıblar, bu da olacaq biri.

Həmin ərəfədə Şərəf bəy B. Vahabzadəyə də özəl say hazırlatmışdı. Dedim, Anarı əvvələ sal, qaçanı qovarlar. Bəxtiyar bundan sonra heç hara qaçası deyil. Anlayıb gülərək dedi: “Doğru, dəyəri insana sağlığında vermək lazımdı”. Dedim, kaş belə şeyləri bizimkilər də başa düşəydi.

Dərgi çıxdı. R. Məcid İstanbula gedəndə Şərəfin ünvanını, telefonunu məndən aldı. Dedi, dərgini gətirəndə çağıracam, gəlib özün Anara verərsən. Səsi çıxmadı.

***

Raufla Anarın otağından çıxanda çox gərgindim. Koridorda çoxdan görmədiyim, yəqin yadında heç düz-əməlli qalmadığım Seyran Səxavətlə qarşılaşdım. Üz-gözümdən nə oxudusa soruşdu:

- Noolub?

- “Birliyimiz” nə gündəymiş, qardaş, - dedim.

- Əvvəldən belə olub, - dedi.

Seyranla tanışlığımızı xatırladım, əhvalım bir az duruldu. 1986-cı ildi. Ağdamda müəllim işləyirdim. O vaxt Yazıçılar Birliyinin jurnalları “Baksovet” metrosunun qarşısındakı binada idi. Ədəbiyyatın təbliği bürosunda dostum Allahverdi Məmmədliyə dedim, “Ulduz”a hekayə vermək istəyirəm, orda nəsrə kim baxır? Dedi, Seyran Səxavət. Dedim, eşitdiyimə görə, Qarabağdan, bizim tərəflərdəndi, amma yekəxana, ədəbaz adamdı. Doğrusu, görkəmindən, hərəkətlərindən, ötkəm danışığından da bu yağırdı. Cavandı, istedadlıydı. Dedi, ona baxma, get tanış ol, yazını təqdim elə, bəyənsə, verəcək.

Bir vaxt APİ-də şairlərlə biz tələbələrin görüşünə gəlmişdi. Onda oxuduğu şeirlərini çox bəyənmişdim. Nəsrə keçəndə heyfsilənmişdim. Ancaq özünəməxsusluğunu saxlamışdı. Xülasə, getdim tanış oldum. Oxumağa 2 hekayə vermək istədim. İkinin birə görə şansı daha çoxdu. Hər ikisinin uzun olduğunu görüb, dedi, biri bəsdi. Hekayənin altında rayondakı ev telefonumu da yazdım.

Aradan 3-4 gün keçmişdi, zəng gəldi. Salamdan sonra ilk sözü bu oldu, şəklini göndərə bilərsən? Demək, hekayəmi bəyənmişdi. Dedim, göndərərəm. Vəssalam, o saat “adboy” verdi. “Ulduz”un 1986-cı il 6-cı nömrəsində “Psixoloji an” adlı hekayəm belə çap olundu.

# 4321 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #