15 il əvvəlin roman məruzəsi - Professor “Maestro”dan yazır

15 il əvvəlin roman məruzəsi - Professor “Maestro”dan yazır
20 dekabr 2019
# 15:21

Professor Seyfəddin Rzasoyun Səfər Alışarlının "Maestro" romanı haqqında bu məqaləsi 2004-cü ildə Natəvan klubunda romanın təqdimatı zamanı əsas məruzə kimi çox böyük diqqət və maraqla dinlənilmişdir.

Kulis.az Seyfəddin Rzasoyun əsər haqqında yazdığı “Maestro” romanı milli gərçəkliyin bədii şüur işarəsi kimi” məqaləsini 15 il sonra ilk dəfə geniş oxucu kütləsinə təqdim edir.

Ümumiyyətlə, bədii mətnin işarə hadisəsi kimi dəyərləndirilməsi ona sistemli yanaşmanı nəzərdə tutmaqla mətni struktur-semiotik müstəviyə gətirməyi tələb edir. Bu iş Gerçəklik-Şüur-Mətn münasibətlərinin reallaşdığı kontekstləri bütövlükdə çevrələyib, mətni müxtəlif müstəvilərdə bir-bir nəzərdən keçirməyi tələb edir. Belə kontekstlərin sayı çoxdur. Ən ümumisi mətnə milli bədii şüurun tarixi mətn korpusu boyunca qiymət verilməsidir.

Səfər Alışarlının “Maestro” romanının ilk ümumi dəyərləndirmə konteksti bütöv çağdaş Azərbaycan nəsridir. Etiraf edək ki, Azərbaycan nəsri yaşından, kəmiyyət fakturasından asılı olmayaraq, XX əsrin ikinci yarısından başlanmaqla özünü təsdiq etmiş, ünlü simalarla təmsil olunmuş, etnik-milli düşüncəni epik kodla tam inikas etmiş hadisədir. Bu nəsr İ.Hüseynov, Anar, Ə.Əylisli, Elçin, Y.Səmədoğlu, M.Süleymanlı və başqalarının simasında nəsr düşüncəsinin funksional imkanlarının dünya səviyyəsinə çatdı. Bu mənada S.Alışarlının “Maestro” romanı nəsrin tip hadisəsi kimi, milli epik düşüncənin artıq mövcud strukturunun ən dolğun səviyyəsində təmsil olunur. Romanın bədii keyfiyyəti onun milli gerçəkliyin nə dərəcədə inikası olması baxımından S.Alışarlını müəllif subyekti kimi XX əsrin ikinci yarısından başlanmış nəsr hadisəsinin yaradıcıları ilə bir sıraya qoyur.

“Maestro” öz yaradılış faktı ilə həm də çağdaş nəsrimizin yeni səviyyəsini təsdiqlədi. Azərbaycan romanının simasında milli nəsr XX əsrin sonu və yeni əsrin başlanğıcında durğunluq keçirirdi. Milli düşüncənin epik kodu daha çox publisistika janrlarında ifadə olunurdu. Əsrin sonunda milli varlığın düçar olduğu sarsıntılar, təlatüm, təkamül və inqilablar milli bədii şüurun janrlar sistemində eyni tezliklə qəbul edilib qavrana bilmədi. Bu, təbii olmaqla bədii şüurun struktur spesifikası ilə bağlıdır. Hər bir janr gerçəkliyin inikasının fərqli qavranma səviyyəsidir. Janrların struktur təbiəti eyni olmamaqla gerçəkliyin yekcins olmayan həyat relyefini özündə əks etdirir. Bu baxımdan, roman epik düşüncənin ən iri struktur vahidi olmaqla gerçəkliyə yönəlmiş funksional “iddianın”, doğrudan da, nəhəngliyi üzündən, əslində, nəhəng hadisə kimi də reallaşır. Təbiətdə fiziki və mənəvi funksionallıq baxımından iri orqanizmlər ağır ritmlə və məhdud sayla artıb çoxaldığı kimi, roman da nəsrin ən iri orqanik janrı olaraq mürəkkəb və ağır çoxalma ritminə malikdir. Keçən dövrün epoxal hadisələri romanın “populyasiyası” üçün çox əlverişsiz mühit oldu. Ancaq onu da unutmaq olmaz ki, varlığın yaddaş mexanizmlərinin qorunmasının, ötürülməsinin və dirçəldilməsinin ən etibarlı janr sistemlərindən biri romandır. Elə bu mənada, belə bir hadisəni (mübahisəli görünsə də) təsbit etmək lazım gəlir ki, XX əsr Azərbaycan nəsrinin adlarını çəkdiyimiz ünlü yazıçılarının simasında özünün keyfiyyət müəyyənliyini tapmış milli nəsr əsrin sonunda düşdüyü qeyri-funksional durumdan yeni əsrin əvvəlində məhz S.Alışarlının “Maestro” romanının simasında çıxa bildi. Varlığın informasiya kodundan yanaşsaq, görürük ki, XX əsrin son on ilində ötürülmə, nəqlolunma mexanizmlərini itirərək passiv yaddaşa çevrilmiş nəsr informasiyası “Maestro” romanında aktivləşdirildi və funksional baxımdan tam dolğun şəkildə bərpa edildi.

Ancaq bu halda belə hesab edirik ki, romana verdiyimi bu qiymət onu mexanikiləşdirməklə Azərbaycan nəsri kontekstindəki rolunu yalnız texniki ötürücülüyə müncər etmiş olur. Halbuki roman bədii strukturu, ideya mahiyyəti, gerçəkliyi bədii səviyyədən necə əks etdirməsi baxımından yalnız Azərbaycan nəsrinin texniki davamı olmaqdan çox-çox böyük hadisədir. Bu mənada, onun rolu milli düşüncənin təkcə ötürüldüyü “yeni naqil” olmaqdan olduqca üstündür. Ona görə də romanı çağdaş milli epik düşüncənin invariant səciyyəli struktur hadisəsi saymaq lazım gəlir.

Fikrimizi əsaslandırmaq üçün onu bünövrəsi üzərində dayandığı nəsrlə bir qədər də struktur müqayisəsinə salaq. Xatırlayaq ki, XX əsrin ikinci yarısının milli roman hadisəsi bütün strukturu ilə Azərbaycan varlığının sovet gerçəkliklərinə bağlı idi. Məzmun və ideyası ilə ona hesablanmaqla milli gerçəkliyin inikasında kod özünəməxsusluğu qazanmışdı. Bütöv ideoloji çərçivə kontekstində milli gerçəkliyin işarə olunmasının özəl təsvir dili (kodu) yaranmış, formalaşmış və inkişaf etmişdi. Sovet epoxasının dağılması ilə gerçəkliyə bədii münasibətin roman “refleksiyası” açıq-aşkar zəiflədi və ara-sıra özünü göstərən faktlar ən yaxşı halda roman ətalətini özündə inikas etdi. Doğrudan da, XX əsrin ikinci yarısında Azərbaycan romanının ən mükəmməl mətnlərini yaratmış ünlü simalar, demək olar ki, uzun bir müddət üçün roman yaradıcılığını dayandırdılar. Son dövrü romanın dirçəliş epoxasının başlanğıcı saymaq olar və bu dönəm ilk növbədə S.Alışarlının “Maestro” romanı ilə əlamətdardır.

Sözü gedən romanın dəyərləndirilməsinin ən mühüm kontekstlərindən biri əsərin mətn işarəsi olaraq gerçəkliyə münasibətidir. Romanın bütün məzmun özünəməxsusluğu, bədii funksionallıq layları, poetik ifadələnmə mexanizmləri onun gerçəkliklə münasibətlərinin ən həssas səviyyələridir. S.Alışarlı içində yaşadığımız keçid dövrünün ən əlamətdar nəsr işarəsini yaratmışdır. Dolanbaclarında vurnuxduğumuz, gedişatının təmayül və istiqamətlərini yaxşı anlaya bilmədiyimiz, aritmiyasına dözə bilmədiyimiz çağdaş milli zaman haqqında ən mükəmməl sözü “Maestro” romanı deyə bildi. Nəsrin roman səviyyəsi XXI əsrin Azərbaycan zamanının “tilsimini qırıb”, onun “sirlərinə” yol aça bildi və bu işi Azərbaycan ədəbiyyatı üçün “Maestro” romanı gördü.

Image result for Səfər Alışarlı"

Roman bütöv mövzu və məzmunu ilə gerçəkliyi inikas edir. Mətn işarəsinin kontekstual strukturu baxımından onun gerçəkliyə münasibəti bir-birini nəzərdə tutan üç səviyyəni əhatə edir:


1) Romanın gerçəkliyin inikasının universal səviyyəsini nəzərdə tutan konteksti.

“Maestro” romanında öz inikasını tapmış gerçəklik strukturu etibarilə Azərbaycanla məhdudlaşmır. Gerçəkliyin əks olunduğu obrazlar sistemi Azərbaycan varlığını ümumbəşəri kontekstdə təqdim edir. Əsərin qəhrəmanı (İsmayıl) və onun mövcud olduğu poetik məkan bədii strukturu baxımından ümumbəşəri qəhrəman tipologiyasının milli nümunəsinin ən dolğun örnəyi səviyyəsindədir. Başqa sözlə, roman hətta özgə dillərə tərcümə olunmadığı indiki şəraitdə belə, nəsrin məhəlli səviyyəli işarəsi olmaqdan çox uzaqdır. İsmayılın obraz tipologiyasının milli cizgiləri onun dünya oxucusunun bədii düşüncəsinin predmetinə çevrilməsi üçün yetkin poetik potensiyaya malikdir.

2) Romanın gerçəkliyin inikasının milli həqiqətlər səviyyəsini nəzərdə tutan konteksti.

“Maestro”da XX əsrin sonu və XXI əsrin əvvəlində bizim hamımızın içərisində yaşadığı hadisələr öz əksini tapmışdır. Həmin hadisələrin “milli həqiqətlər” şəklində işarələnməsi dedikdə biz ilk növbədə hadisələrin millilik səviyyəsini, bizim onlarda fiziki və mənəvi baxımdan nə dərəcədə iştirak etməyimizdən asılı olmayaraq, milli taleyimizlə birbaşa bağlı olmasını nəzərdə tuturuq. Müəllifin gerçəkliyə münasibətində fərdi-psixoloji ambisiya, siyasi tərəfkeşliyin olmaması, yaxud bunun sıfıra endirilməsi onun ən böyük uğuru olmaqla tənqidi ona qərəzli yanaşa bilmək imkanlarından məhrum edir (əlbəttə, söhbət heç bir halda psevdotənqiddən getmir). Bu baxımdan, “Maestro” romanında aydın görünən, sxematik səviyyədə dəqiq qrafemlərlə işarələnmiş gerçəklik hadisəsi var. O, bununla milli zamanın bakirəlik, toxunulmazlıq hüquqlarına tam riayət edib. Ancaq gerçəkliyin bütün bu fotoqrafik-mexaniki sxeminin üstündə qurulmuş möhtəşəm bədii səviyyə var və S.Alışarlı nasirliyi, onun gerçəkliyə bütün bədii iddiası və onu həyata nə dərəcədə keçirə bilmə imkanları məhz bu səviyyədə reallaşmışdır.

3) Romanın gerçəkliyin inikasının bədii həqiqətlər səviyyəsini nəzərdə tutan konteksti.

Bu səviyyənin gerçəkləşdiyi kontekstin dəyərləndirilməsi ona münasibətdə xüsusi diqqət və həssaslığı nəzərdə tutur. Çünki müəllif bir yaradıcı subyekt olaraq məhz bu kontekstdə öz bədii potensialı ilə üzə çıxır. S.Alışarlının milli gerçəkliyin universal hadisələrinin strukturunu təhrif etməməsi onu məhz bu səviyyəyə gətirib çıxarmışdır. Buradan isə bədiilik deyilən hadisə başlanır və müəllifin öz oxucusunu bu məkanda nə qədər saxlaya bilməsi onun bədiiliyin hansı səviyyəli yaradıcısı ola bilmək qabiliyyətlərini ortaya qoyur. Müşahidələr göstərir ki, romanın bütün uğuru onun bədiiliyə olan iddiasının məhz baş tutmasındadır.

Romanla bağlı Azərbaycan bədii mühitində dərin bir sükut vardır. Açıq etiraf edək ki, tənqidin verdiyi reaksiyaların heç biri, səviyyəsindən, kimin yazmasından asılı olmayaraq, hələ bu sükutu poza bilməmişdir. Bu baxımdan, sükut davam edir və bunun ən mənalı tərəfi ondan ibarətdir ki, Azərbaycan bədii və ictimai düşüncəsində 30-cu illərdən sonra heç belə sükut olmamışdı.

Ədəbi tənqid üçün “Maestro”nu dəyərləndirməyin çətin olacağını qabaqcadan proqnozlaşdırırıq. Və bu, heç də romanın gerçəkliyin siyasi qatına münasibətdə ortaya qoyduğu bədii reaksiya ilə bağlı deyildir. Biz bunu əsərin başlıca məziyyəti hesab etmirik. İndi Azərbaycan gerçəkliyinin elə bir sahəsi yoxdur ki, milli şüurun publisistika kodu onun barəsində özünün ən kəskin və çılpaq sözünü deyə bilməsin. Bu baxımdan, romanın siyasiləşdirilməsi, yalnız bu kontekstə müncər edilməsi onun bir mətn olaraq aldadıcı cəhətidir. Fikrimizi bir qədər də aydınlaşdıraq.

Öncədən deyək ki, müəllifin (S. Alışarlı) öz qənaətinə görə, siyasət başlanan yerdə ədəbiyyat ölür. Bizim əlimizdə olan “Maestro” fakturası isə diri və canlı hadisədir. Demək, romanda siyasət axtarmaq, ondakı hadisələrin çağımızın siyasi gerçəklikləri ilə nə dərəcədə uyğunlaşmasını aydınlaşdırmaq, hesab edirik ki, əsərə münasibətdə elmsiz və qeyri-bədii yanaşmadır. S.Alışarlı romanının gücü Azərbaycan gerçəkliyinin hadisələrini simvollaşma müstəvisinə salıb sxemləşdirə bilməsindədir. Əslində, romanda hadisələrin özündən çox onların sxemi vardır. Həmin sxemin üzə çıxarılması romanın süjetinin struktur-semiotik müstəvidə modelləşdirilməsi nəticəsində bərpa olunur. Diqqət edək.

Romanın personajlar sistemi öz maddi görüntüləri səviyyəsində bizim tanıdığımız, bizə bəlli fakturadır. Hətta müəyyən səviyyələrdə biz onları ev-eşiklərinə, küçələrinə qədər tanıya bilərik. Məsələnin bütün mahiyyəti, S.Alışarlı nəsrinin ona məxsus səviyyəsi, “Maestro” romanının bütöv Azərbaycan nəsrinə münasibətdə əlamətdarlığı da elə bundadır. Belə ki, romanın personajlar sistemi bizim tanıdığımız fakturanı yalnız birinci işarələr sistemi səviyyəsində əhatə edir. Obrazların simasında təqdim olunmuş gerçəklik informasiyası milli düşüncənin arxetiplərinə qədər gedir və biz obrazları struktur-semiotik təhlil modelinə saldıqda Azərbaycan nəsri kontekstində indiyədək, demək olar ki, heç kəs tərəfindən reallaşdırılmamış bir mənzərə ilə üzləşirik. Bu mənzərə məkanında isə roman qəhrəmanlarının bizim tanıdığımız insanlardan təşkil olunması haqqında olan təəssüratımız həm dağılır, həm də ona aydınlıq gəlir. Məsələ burasındadır ki, S.Alışarlı romanının qəhrəmanları ritual-mifoloji mətnlərdə olduğu kimi, maska-funksioner vəzifəsini daşıyır. Bunu biz romanın “məşhur” personajlarının “Milli Həyat Dramında” yerinə yetirdikləri rollardan aydın görə bilirik.

S.Alışarlı romanda Azərbaycan gerçəkliyini çox incə şəkildə simvollaşdıra və ona ritual səciyyəsi verə bilmişdir. Bu baxımdan, biz universal düşüncə modeli olan Xeyir-Şər qarşıdurmasının milli bədii şüur kontekstində aprobasiyası ilə üzbəüz qalırıq. Romanın qəhrəmanları gerçəklikdən gələn bütün fərdilikləri ilə eyni zamanda həyatın əbədi qanunauyğunluqlarının adicə funksionerləridir. Burada Xeyir də, Şər də öz yerində, daha doğrusu, əbədi fəaliyyətindədir. XX əsrin sonu – XXI əsrin əvvəllərində milli həyatımızda baş vermiş bütün hadisələr etnik-bəşəri funksionallığın universalizmi kontekstinə salınmış və onların fəaliyyət dinakmikası müəyyənləşdirilmişdir. Müəllif bununla içində yaşadığımız və dolanbac girdablarında yönlənməni itirdiyimiz zamanı dəyərləndirmək və onun fövqünə qalxmaq üçün bədii düşüncə modeli əldə etmişdir.

Əlbəttə, bütün bunlar mətnə struktur-semiotik kontekstdə yanaşılmadan görünmür. Belə bir yanaşma müəllifin düşüncə konstruksiyasının mətnin ilkin işarələr qatında görünməyən səviyyələrini təhlil müstəvisinə gətirməyə imkan verir. Mətnin arxitektonik strukturunun əsaslarını təşkil edən və onun oxucuya “görünən” obrazlarının hərəkət məntiqini “qidalandıran” arxetipik obrazların semiotik təbiəti onları məhz işarə sistemlərinin elmi modelləşdirilməsi müstəvisinə saldıqdan sonra aşkarlana bilir. Bu müstəvidə yanaşdıqda “Maestro” müəllifinin ilhamla aldığı bədii informasiyanın struktur təbiətini də aydınlaşdırmaq mümkündür.

İlham könül hadisəsidir: yazıçı ilham anında bədiilik təyini ilə səciyyələndirə biləcəyimiz informasiyaya köklənmiş olur. İnformasiya hər cür tipi etibarilə ilahi bilginin paradiqma (törəmə) hadisəsidir. Bu baxımdan, bədii informasiya da ötəri olmayıb, yaddaş olaraq yaşayır. “Maestro”nun müəllifi ilahi-kosmoqonik informasiyaya köklənə bilmiş, etnik-bədii düşüncənin ilahi potensiyası ilə ünsiyyətdə olmuşdur. Ona görə də onun obrazları öz poetik strukturunda gerçəkliyin həm görünən, həm də görünməyən səviyyələrini (gerçəkliyin psixikada arxetiplər biçimində var olan obraz-sxemlərini) eyni zamanda nəzərdə tutur.

S.Alışarlı romanda milli varlığımızın tipləşmə imkanlarından sonadək istifadə etmişdir. Hər halda, ikinci minilliyin sonu və üçüncü minilliyin başlanğıcı Azərbaycanının “Milli Həyat Dramının” elə bir mənalı ünsürü yoxdur ki, biz onun tipikləşmə təzahürü ilə romanda üzləşməyək. Məsələnin bütün mahiyyəti, müəllifin roman yaratma səviyyəsi bu obrazları məhz necə yarada bilməsində və hansı səviyyədə təqdim edə bilməsindədir. Onun romanının əlahiddə mətn kimi struktur-semiotik təhlilin səviyyəsinə qaldırılması da buna bağlanır.

“Maestro”nun obrazlarının bədii strukturu semiotik baxımından üç işarə səviyyəsini nəzərdə tutur:

1. Bədii işarə səviyyəsi.

Bu, romanın obrazlar sisteminin sırf bədii məntiqlə yaradılmış işarə qatını nəzərdə tutur. Bu halda obrazların yaradılmasında müəllifin iştirakı maksimum səviyyədədir. O, hansı obrazı öz bədii düşüncə məntiqinə uyğun olaraq necə yaratmaqda tam sərbəst olmuşdur. Baxmayaraq ki, onun bu “sərbəstliyi” nisbi olub, milli gerçəkliyi hansı səviyyədə inikas etmək imkanları ilə də nizamlanmışdır. Obrazların bədii fakturasında milli gerçəkliyi maksimum səviyyədə əks etdirmək istəyi müəllifin bədiiləşdirmənin ən son və çılpaq səviyyələrini aktivləşdirməsində tam ifadə olunmuşdur. Bu anlamda, romandakı İsmayıl, General, Nahid Paşayev, Elxan, Nadir Əliyeviç, Şurik Ərdəbilli və sair surətlər Azərbaycan gerçəkliyinin klassik bədii obrazlarıdır.

2. Bədii işarənin gerçəklik səviyyəsi.

Romanın personajlar sistemi, demək olar ki, istisnasız olaraq, bizim həyatda tanıdığımız adamları işarələndirir: Baş qəhrəman İsmayıl S.Alışarlının özünü bildirməklə bütün qalan obrazlar Azərbaycan siyasi-milli həyatının məşhur simalarıdır. Bu halda biz Azərbaycan gerçəkliyinin mexaniki kodlaşdırılması ilə də üzbəüz qalırıq. Bunu lirik koda müncər etsək, nəzmləşdirməyə bənzətmək olar.

Beləliklə, hər şey çox sadə görünür: maraqlı bədii obrazlar və onların işarələndirdiyi “maraqlı” və məşhur şəxsiyyətlər. Ancaq biz qətiyyətlə bildiririk ki, romanın bədii mahiyyəti heç bir halda bu “kodlaşdırma” ilə səciyyələnmir. Axı indi Azərbaycan publisistikası istənilən şəxs və hadisə haqqında yazmaq imkanına malikdir və özünün ən kəskin sözünü belə deyə bilir. Lakin bu halda romanın faktiki dəyəri “ən gözəl” qəzet məqaləsindən o yana keçmir. S.Alışarlının “Maestro” romanı isə bədii publisistika, yaxud siyasi roman olmaqdan çox-çox uzaq hadisədir. Maraqlıdır ki, roman, hələ ki, qeyd etdiyimiz bu iki səviyyədən qıraqda dəyərləndirilmir və ədəbi söhbətlərdə əsərin dəyəri onun “cəsarəti” ilə ölçülür. Lakin romanda reallaşdırılmış “cəsarət” səviyyəsi onun bədii hadisə olaraq mahiyyətini təhlil müstəvisinə gətirmək üçün meyar olaraq yaramır və bu, bizi obrazların semiotik-bədii strukturunun üçüncü işarə səviyyəsinə çatdırmış olur.

3. Bədii işarənin arxetiplər səviyyəsi.

S.Alışarlı obrazlarının ən əlamətdar cəhəti ondadır ki, onlar düşüncənin bədii səviyyəsi ilə onun arxetipik-kosmoloji səviyyəsini eyni zamanda təcəssüm etdirir. Azərbaycan etnik-bədii (mənəvi-estetik) düşüncəsinin arxetipləri bu romanda obrazların birinci işarələr qatına qədər qalxmış, onların bədii strukturunun aparıcı məna qatını təşkil etmişdir. Bu kontekstdən yanaşdıqda biz romanda konkret personajlarla yanaşı, birbaşa onların öz simasında təcəssümünü tapmış arxetip obrazlarla üzləşirik.

Aydınlıq üçün qeyd edək ki, arxetiplər hər bir etnosun düşüncəsinin kosmoqonik çağı, başqa sözlə, kollektiv şüursuzluq mərhələsi ilə bağlı olur. Bu, bütövlükdə mif çağıdır və bu dövr şüurunun spesifikası onda iki qatın aydın şəkildə ifadə olunması ilə səciyyələnir: qutsal və adi dəyərlər qatı. Qutsal dəyərlər həyatın təşkilinin etalon səviyyəsi olmaqla arxetipik obrazlarda təcəssüm olunur. Mifoloji-kosmoqonik çağ insanının varlığının bütün dəyəri, bir fərd olaraq əhəmiyyəti özünü arxetipik modellərə (kosmoqonik obrazlara, qutsal yaşam arxisistemlərinə) nə dərəcədə uyğunlaşdıra bilməsi ilə müəyyənləşmişdir. Bu baxımdan, kosmoloji çağ insanının bütün mövcudluq formaları və davranış formulları bu arxetip obrazlarda öz əksini tapmışdır. Arxetiplərin bəşər mədəniyyətinin təşkilində müstəsna rolu oldu: mədəniyyətin sonrakı inkişafı arxetiplər bazasının üzərində ucaldı. Mifoloji şüurdan bizim də nümayəndəsi olduğumuz tarixi şüura keçidlə arxetiplər dağılıb yox olmadı: tarixi şüurun arxitektonikasını (arxisemlər səviyyəsini) təşkil etməklə onu genetik yaddaş olaraq özünəməxsus və görünməz ritmlə impulslaşdırmağa başladı.

Arxetiplər insan şüurunda onun ən alt qatı kimi yaşamaqda davam edir. İnsan yuxularda, nevrotik patologiyalarda və s. bu obrazlarla ünsiyyətdə ola bilir. Onlarla ünsiyyətin üsullarından biri bədii ilhamdır. Ancaq belə bir ünsiyyət hamıya və həmişə nəsib olmur. Hər bir etnosun, xalqın tarixində arxetiplərin şüurun üst qatına qalxdığı xüsusi anlar olur. İnqilablar, milli kataklizmlər tarixi şüurda sarsıntı yaradıb, onun strukturunda müəyyən arxetipik mexanizmləri oyandıra , işə sala bilir.

Azərbaycan ikinci minilliyin sonunda öz milli kataklizmini yaşadı. İçində yaşadığı yetmiş illik sovet epoxası onun varlığını teatrallaşdırılmış həyat tərzinə müncər etmişdi. Gerçək dünyadan təcrid olunmuş, konservasiya halında yaşamış etnos üçün zaman bütöv XX əsrdə dondu: o, dünyaya qalın və gülləkeçirməz şüşənin arxasından baxdı. Şüşənin o tayında, gerçək dünyanın küləyindən, soyuğundan xəbər tutmadı. SSRİ-nin dağılmağı ilə Azərbaycanı dünyadan ayıran şüşələr dağılıb çilik-çilik oldu: xalq gerçək dünyanın amansız və sərt sifətini gördü. Zamandan, ən azı, bir əsr geri qalmış millət dəhşətə gəldi. Şüurun yaddaş qatları idarəolunmaz mexanizmlər halına düşdü. “Milli Həyat Dramının” səhnəsi dinamikanın fraqmentarlığına (kəskin aritmiyasına) dözə bilmədi: yaddaşı pozulmuş milli şüur “kompyüterinin” ekranında ayrı-ayrı zamanların qəhrəmanları (Babək, Koroğlu, Cavanşir, Nəbi, Məmməd Əmin Rəsulzadə və başqaları) bir-birini işıq sürəti ilə əvəzləməyə başladı. Millətə eyni zamanda ən fərqli epoxaların davranış sxemləri təklif olundu. Təbii ki, milli şüur bunun ağırlığına davam gətirə bilməzdi: falçı-bilici-ekstrasens arxetipi ilə bərabər milli xilaskar arxetipi də işə düşdü və özünün bütün psixi enerjisi ilə proseslərin dominant şüur işarəsinə çevrildi.

Milli düşüncənin arxetipik oyanışı bədii şüur arxetiplərinə də, şübhəsiz, yol açmalıydı. Poeziya əksər hallarda arxetiplərə nəsrdən daha yaxın dayanır. Azərbaycan nəsrinin son onilliyində belə arxetipik köklənməni biz heç kəsin nəsrində dolğun şəkildə müşahidə etmirik. Arxetiplərin bədii nəsr kontekstində “aprobasiyası” indi-indi başlanır. Əlamətdardır ki, bu, ilk növbədə özünü S.Alışarlı nəsrinin simasında büruzə verdi.

Belələklə, “Maestro” romanının qəhrəmanları bədii işarənin xüsusi arxetipik yükünü daşıyır. Bu kontekstdən yanaşdıqda biz romanda konkret obraz (bədii işarə) və fərdlərin (gerçəklik qatı) simasında mifoloji kosmoqonik şüurun funksionerləri ilə də qarşılaşırıq. Milli kataklizm çağının bütün iştirakçıları, biz də içərisində olmaqla, öz funksional dinamikasını şüurun məhz arxetiplərindən götürən “Milli Həyat Dramının (Tamaşasının)” funksionerlərinə çevrildilər: istisnasız olaraq hamı bu tamaşanın personajı idi. Bu baxımdan, istər həyatda, istərsə də romanda bütün iştirakçılar (uyğun olaraq personajlar) Qəhrəmanlara, Antiqəhrəmanlara və Mediatorlara (qəhrəman və antiqəhrəman qütbləri arasında əlaqə yaradan, hərəkət edənlərə) bölünürlər. Bu, milli-bəşəri düşüncənin universalizmidir; onun etnopsixoloji hərəkət mexanizmləri bizim milli düşüncəmizin də psixi hərəkət sxemlərini təşkil edir. Romanda elə bir obraz yoxdur ki, mövcudluğun bu universal sxemlərindən qırağa çıxsın.

Bu, əslində, taledir. Millətin və yazıçının taleyi. “İki yanaşı duran işarə zəncirində” (M.Y.Lotman) eyni səviyyədə duran elementlərin arasında məna işarəsi doğulur. S.Alışarlının “Maestro” romanının bütöv bir məna işarəsi olduğu şübhəsizdir. Və bu roman iki tale zəncirinin (millətin taleyi ilə yazıçı taleyinin) arasında məna kəsişməsinin nəsr (roman) işarəsi kimi yaranmışdır. Millətin taleyi onun roman taleyini yaratmaq üçün S.Alışarlını seçdi və o da bu taleyin ardınca gedib, çağdaş milli düşüncəmizin “Maestro” hadisəsini yaratdı.

# 3687 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #