Yusif Həsənbəy – 75

Yusif Həsənbəy – 75
24 may 2011
# 16:48
Sözə sərf olunan ömrün məqamları...

Yusif Həsənbəy bir qələm əhli kimi müxtəlif yaradıcılıq mərhələləri keçibdir. Keçən əsrin yetmişinci illərinin əvvəllərinə qədər onu ədəbi ictimaiyyət əsasən uşaqların həyatından alınmış mövzularda yazan bir lirik şair kimi tanıyıbdır. Və bu mərhələdə Yusif Həsənbəy Azərbaycan uşaq ədəbiyyatının, uşaq şerinin inkişafında xidmətləri olan, kövrək, uşaq təbiətli, uşaq məhəbbətli bir şair kimi “Ördəyin balaları” (1960), “Yağışda çimən cücə” (1962), “Qağayı” (1966) kitablarını kiçik balalara hədiyyə edir.

Həmçinin onun “Çay dənizə tələsir” (1963), “Unutmaram o günləri” (1966) lirik şeirlər məcmuəsi də o dövrdə maraqla qarşılanan kitablar sırasında idi. O da maraqlıdır ki, onun uşaqlara həsr etdiyi şeirlər və ümumiyyətlə, lirikası Azərbaycanın bu janrda mahnı bəstələyən ən görkəmli bəstəkarlarının “ Arif Məlikovun, Xəyyam Mirzəzadənin, Nəriman Məmmədovun, Oqtay Zülfüqarovun və b. diqqətini cəlb eləmiş, bu istiqamətdəki şeirlərinə xeyli mahnılar bəstələnmişdir ki, indinin özündə də repertuardan düşmür, vaxtaşırı ifa edilir.

Bu şeirlərdəki təbiilik, ilkinlik, uşaq qəlbinə və körpə dünyasına bələdlik, səmimi hisslər daha qabarıqdır və müəllifin incə, həssas müşahidələrinin poetik ifadəsidir. Və yaxşı bir cəhət də odur ki, Yusif Həsənbəy uşaqlara məxsus saflıq və şirinliyi, gəncliyə məxsus enerji və həvəsi öz içində və yaradıcılığında ardıcıl qoruyub saxlaya bilmişdir.

Yaradıcılığının son dövrünə aid olsa da, mövzu cəhətdən səsləşdiyinə görə yazıçının “Sarı Çalı” (“Kredo” qəzeti, 2006-cı il saylarında dərc edilibdir) povesti barəsində elə bu məqamda danışmaq istərdim.
İş elə gətirmişdir ki, Yusif Həsənbəy gəncliyində bir müddət komsomol işində fəaliyyət göstərmiş, 50-ci illərin ortalarında çox nüfuzlu bir idarəetmə sahəsi olan bu təşkilatın Səbail rayon komitəsində təlimatçı olmuşdur. Bu sahədə işləmək ona böyük həyati təcrübə qazandırmış, gəncliyin və xüsusən Xəzər gəmiçiliyi sahəsində işləyən insanların həyatı ilə yaxından tanış olmaq imkanı yaratmışdır.
Bütün bunlar onun bədii təfəkküründə dərin izlər buraxmışdır. “Sualtı döyüşlər” (2001) romanı, bir çox povestləri, şeirləri öz mövzusunu buradan almışdır.

Amma “Sarı Çalı” povestinin mövzusu gənclərin həyatından götürülsə də, hadisələr kənddə cərəyan edir və kənd uşaqlarının, əvvəlki anlayışla desək, kəndli gənclərin həyatından, mübarizəsindən, hisslərindən, məhəbbətlərindən bəhs edir və mövzuya yanaşma tərzinin orijinallığı ilə fərqlənir. Əslində bu povestdə Avropa ədəbiyyatında məşhur olan “fiziki şikəstliklə “ mənəvi şikəstlik” problemi (Kvazimo effekti “ V.Hüqo. “Paris Notrdam kilsəsi” əsərinin qəhrəmanı) əksini tapıb.
Povestdə təsvir olunan hadisələr Sarı Çalı obrazının ətrafında cərəyan edir. Orta məktəbi təzəcə başa vurmuş, həyatları hələ qabaqda olan Sarı Çalı, Rəcəb, Leyla aparıcı surətlərdir. Sarı Çalı həyatın ona bəxş etdiyi fiziki şikəstliyinə baxmayaraq bir gənc kimi işığın, xeyirin “ Pir baba cəddinin nurunun, Pir bulağının şəfqətinin daşıyıcısıdır, mənəvi təmizliyin, mərdliyin, qorxmazlığın ifadəçisidir. Rəcəb isə fiziki cəhətdən sağlam, mənən isə şikəst bir obrazdır. Leyla isə öz gözəlliyi ilə fərqlənir və mənəvi gözəlliyə meyl edir, Sarı Çalını sevir.

Milli-mənəvi düşüncələr, gəncliyə məxsus emosiyalar, hisslər, duyğular həyat fəlsəfəsinin çözələnməsinə, açılmasına xidmət edir, yazıçı sübut etməyə çalışır ki, fiziki şikəstlik Tanrı qismətidir, amma mənəvi şikəstlik ondan da əzablı və müdhişdir, qorxuludur, sosial bəlalar, faciələr mənbəyini mənəvi şikəstlikdən alır... Povestin əvvəlində Hitlerin, Bethovenin və Homerin həyatlarından gətirilən epiqraf da əsrin əsas ideyasının şərhinə açar olur və ibrətamizdir...

“Sarı Çalı” povestinin ideya-estetik qayəsinə yüksək qiymət verən xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazır: “Bu povestdə daim inkişaf edən həyatımızın rəngarəng bədii lövhələri, insanların mənəvi-psixoloji aləmləri, məhəbbət duyğuları, eləcə də yaşadıqları dövrün ictimai problemləri yüksək bədii-estetik səviyyədə qələmə alınıbdır.

Yazıçı əsərində mənsub olduğu xalqın bənzərsiz mənəvi-əxlaqi zənginliklərini, adət-ənənələrini təsvir edibdir. Müəllifin bədii təsvirində Azərbaycan kəndinin mənzərəsi, koloriti, gözəllikləri aydın və qabarıq şəkildə verilir”.

Yusif Həsənbəy ciddi, həyatsevər, yaradıcılıq zəhmətinə tablaşan, məhsuldar, ədəbiyyatın müxtəlif janrlarına cəsarətlə müraciət edən yazıçılarımızdandır. Moskvada təhsil illəri onun yaradıcılığının mühüm, məhsuldar dövrüdür. O, bu mərhələdə ictimai-ədəbi mühitdə daha geniş tanınmağa başlayır, dövrün ən məşhur ittifaq mətbuatında “ “Pravda”, “İzvestiya” qəzetlərində, “Yunost”, “Molodaya qvardiya”, “Selskaya jizn”, “Znamya”, “Zvezda”, “Neva” dərgilərində müntəzəm çap olunur, əsərləri tanınmış rus şairləri tərəfindən tərcümə edilir. Həmçinin onun Moskvada uşaqlar üçün nəzərdə tutulan “Skvoroçniki dlya pesni” (“Mahnılar üçün quş yuvası”, “Detgiz” 1973, Alla Axundovanın tərcüməsində), “Melnisa” (“Dəyirman”, “Sov.pisatel”, 1971, Yakov Kozlovskinin və Nikolay Novikovun tərcümələrində), “Reka toropitsa k more” (“Çay dənizə tələsir”, “Sov.pisatel”, 1975, Yakov Kozlovskinin və Eduard Balaşovun, Nikolay Novikovun tərcümələrində) böyük tirajla çap olunub, o vaxtkı ittifaq oxucularına çatdırılmışdı. İttifaq mətbuatındakı çıxışları onu digər bir arenaya çıxarır və onun şeirləri bolqar, macar, yuqoslav, alman dillərində səslənir, ittifaq məkanında yaşayan xalqların dillərinə çevrilərək yayılır.

Yusif Həsənbəy bu mərhələdən başlayaraq ciddi və və ardıcıl tərcüməçilik işi görür, Asiyanın və Avropanın tanınmış sənətkarlarının əsərlərini dilimizə çevirərək çap etdirir və onun tərcüməsində Qərbi Avropa şeri antologiyası “İnadkar sətirlər” (1991) adı ilə dərc edilir.
Bu antologiyadan Almaniyadan frans Bexerin, Robert Bexerin, Bartold Brextin, Uve Verkerin; Bolqarıstandan Kristo Voterin, Nikola Vapsasovun, Veselin Andreyevin; Yuqoslaviyadan Vladimir Nazorun, Desanka Maksimoviçin, Radovan Zaqoviçin; Macarıstandan Bela Balayın, Antal Qidaşın; Polşadan Leopold Stavın, Kazimira İllakoviçin, Branislav Bronovskinin; Rumıniyadan Tüdor Argezinin, Jorje Bakoviyanın, Mixay Belyukun; Çexoslovakiyadan Yaroslov Brexlitskinin, Jorjev Qoranın, Konstantin Biblin və onlarla digər şairlərin (biz ölkələrin adlarını o dövrdə olduğu kimi saxladıq və tərcümə edilən şairlərin adlarından cüzi seçmələr verdik) əsərləri azərbaycanlı oxuculara tərcümədə çatdırılmışdır ki, bu da Yusif Həsənbəyin istedadlı tərcüməçiliyinə dəlalət edir.

“İnsan ömrü” (1971), “Evin ulduzu” (1973), “Nəğməli yarpaqlar” (1976), “Zirvə qarı” (1978), “Məhəbbətli dünyamız” (1980), “Günəş doğanda” (1981), “Məhəbbət məşəlləri” (1984), “Xəcalətli qalmayaq” (1987), “Çəmən gülləri” (1987) kimi şeir kitabları bu mərhələnin bəhrələridir və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Bu mərhələdə “Ayı kürkü”, “Dağlarda işıq” televiziya pyesləri onu dramaturq kimi də tanıtmış, bir qələm əhli kimi yaradıcılıq imkanlarının getdikcə genişlənməsini göstərmişdir... Bu dövrdə Yusif Həsənbəyin “Sehirli bulaq” pyesi Mingəçevir Dövlət Dram Teatrında (1963), “Yıxılanı qaldırın” pyesi isə Ağdam Dövlət Dram Teatrının səhnəsində (1965) dəfələrlə oynanılır və maraq doğurur.

Ümumiyyətlə, Yusif Həsənbəy bir ziyalı kimi həmişə ədəbiyyatımızın, mədəniyyətimizin mənafeyini güdmüş, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında işlədiyi müddətdə belə (1956-1967) zəhmətə qatlaşaraq, musiqi mədəniyyətimizin mənafeyi xatirinə Azərbaycan mahnılarını toplayıb, tərtib edib, kütləvi tirajla “Mahnılar” (1967) adı ilə irihəcmli kitab şəklində nəşr etdirmişdir. Və toplayıcı işi olsa da, bunu onun fəaliyyətinin ən yaxşı, səmərəli işi hesab edirəm. Çünki Yusif Həsənbəyin bu zəhməti hesabına onlarla çox mühüm Azərbaycan mahnı mətnləri əbədiyyət qazanmışdır, itmək, mənimsənilmək xofundan qurtarmışdır...

Yusif Həsənbəyin bədii yaradıcılıq imkanlarının daha böyük bir sferaya və mərhələyə keçidi Azərbaycan dövlətçiliyinin müstəqillik dövrünə düşür. Bu mərhələyə qədər Yusif Həsənbəy bir şair, tərcüməçi, dramaturq, publisist kimi tanınsa da, geniş mastşablı nasir kimi az tanınırdı. Doğrudur, onun maraqlı novellalar, hekayələr müəllifi kimi ara-sıra nəsr nümunələri ilə rastlaşsaq da, yeni əsrdə o, birdən-birə roman müəllifi kimi oratya çıxdı. “Sualtı döyüşlər” romanı (2001) bu janrın yeni və təzə bir nümunəsi kimi qarşılandı, Yazıçılar Birliyində və başqa ictimai yerlərdə geniş müzakirələri keçirildi, təqdimatı oldu, haqqında tənqidin maraqlı fikirləri ortaya çıxdı... Mən özüm də, “Nəsrimiz: yeni mövzunun yeni bədii həlli” adında (“Ədəbiyyat qəzeti” “ 2002) irihəcmli ədəbi-tənqidi məqalə ilə çıxış etdim...
Yeri gəlmişkən qeyd edim ki, Yusif Həsənbəyin ümumən yaradıcılığı M.İbrahimov, B.Nəbiyev, Q.İlkin, Qabil, f.Qoca, H.Abbaszadə, N.Qəhrəmanlı, V.Yusifli və başqa qələm dostları tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu romanın özgürlüyü, özəlliyi nədən ibarət idi” Ən əvvəl, mövzu seçimində və mövzuya yanaşma üsulunda! Süjeti və ideyanın bədii həllinə gedən təhkiyə isə ənənəvi roman janrının uğurlu davamı idi...
Azərbaycan qədim dənizçi ölkəsi olmasına baxmayaraq (Tur Xeyerdal Qobustan qayaüstü rəsmlərinə görə Azərbaycanı dünyada dənizçiliyin beşiyi adlandırmış, Azərbaycanda rəsmi dənizçilik idarəsi 1858-ci ildə yaradılmış, dünyada ilk buxar gəmisi Xəzər dənizində üzmüş, 1901-ci ildə Xəzər dənizçilik donanmasında 788 gəmi olmuşdur), hələ bu romana qədər Azərbaycan dənizçilərinin həyatından bəhs edən irihəcmli bir bədii əsər yazılmamışdı və doğrudan da təəccüb doğurmalı o idi ki, bu heç kimin diqqətini cəlb etməmişdir və dənizçilik ölkələrindən biri olan Azərbaycan, onun paytaxtı Bakı (hələ Bakı limanına qədər tarixən Azərbaycanda Xəzərsahili qədim şəhərlərimizdə bir neçə böyük ticarət limanları mövcud olmuşdu) şəhərinin dəniz donanmaçılarının həyatından, fəaliyyətindən bəhs edən bədii əsər yazılmamışdı...

Yusif Həsənbəy “Sualtı döyüşlər” romanı ilə dünya ədəbiyyatı ənənələrindən bəhrələnərək sırf real dənizçi həyatından bəhs edən, bu sahədə işləyən müasirlərimizin, həməsrlərimizin obrazlarını real həyat lövhələrində canlandıran, müasir dənizçi məişətini bütün nüansları ilə əks etdirən yaxşı bir əsər yazaraq Azərbaycan ədəbiyyatında bu mövzuda ilk bünövrə daşı qoymuş, yeni bir mövzu istiqaməti müəyyənləşdirmişdir... Bununla Azərbaycan bədii nəsrinin dövriyyəsinə yeni mövzu daxil olmuş, aktual, çağdaş ədəbi-bədii fakta çevrilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bu roman haqqında demişdir: “Şair, populyar mahnı mətnlərinin müəllifi kimi tanınan Yusif Həsənbəyin romanını oxudum, sevindim. Kitabda dənizçi həyatından və müxtəlif ölkələrdən aldığı təəssüratı qələmə alan müəllif maraqlı obrazlar yaradıb. Yusif Həsənbəy mövzuya aid olan həyatı dərindən öyrənib, uzaq ölkələrdən keçərək o yerlərin insanlarının həyatına nüfuz edib və tanış olduğu sferaları əsərinə bacarıqla gətiribdir”.

Belə bir müvəffəqiyyətli yaradıcılıq işindən sonra Yusif Həsənbəy yeni yaradıcılıq enerjisi ilə qələminə sığınır, bir-birinin ardınca müxtəlif janrlarda yazdığı əsərləri ilə mətbuatda çıxış edir, bir-birindən maraqlı bədii nümunələr yaradır. “Onu çağırırlar” (2005), “Vicdan yol açır” (2006), yuxarıda bəhs etdiyimiz “Sarı Çalı” povestləri, “Tanırımla söhbət” (2007), “Cənnətin bağlı yolları” (2007) poemaları, “Dəniz aclığı”, “Təkan” kimi hekayələri, müxtəlif şeirləri, publisist yazıları bu mərhələnin dəyərli bədii məhsullarıdır.

Demək olar ki, bu əsərlərin hamısında müasirlik, ictimai problemlər, sosial mühitin sıxıntıları, milli-mənəvi, əxlaqi dəyərlər, bu dəyərlərə insani münasibətlər, ruhi məqamlar, intellekt sahibi olan bəşər üzvünün Tanrısı ilə saflıq axtarışlarında ruhi söhbətləri, iç dünyadan “cənnətin” nədənsə üzümüzə bağlı qalan yollarının axtarışları, bu yolları yenə mənəviyyat açarı ilə “ vicdanın açarı ilə açılma istəyi, insanı təmizliyə, mənəvi saflığa çağrış istəkləri, arzuları Pir babanın bizlərə qoyub getdiyi Pir bulağının itirdiyimiz saflığına, duruluğuna “ inama qayıdış bəzən zəif, bəzən güclü, amma təmiz, xoş yazıçı niyyəti ilə qələmə alınmışdır.
Bu cəhətdən “Ədəbiyyat qəzeti”nin keçən ilki saylarının birində oxuculara təqdim edilən “Cənnətin bağlı yolları” poeması xüsusən fərqlənir. Burada “cənnət” mistik obraz deyil, Cənnət kimi gözəl olan Qarabağa işarədir:

Üz tutmamış yaramdı “ Qarabağım!
Nə sönür, nə qaysaqlanır,
Sulandıqca dağlanır.
Dağıdılmış yuvamdı “ Qarabağım!
Al qumaşı Paris salonlarına
işıq saçan,
İndi şöləsi qaralan şamdı “ Qarabağım!
...Əfsanəyə dönmüş o yurdum,
Viranəyə dönmüş o yurdum,
...Ucalığımdı,
İntibahımdı, yeni eramdı!
Çox müsibətlər görüb elim,
Amma Qarabağ süqutu
Şekspir dramlarının qabağına
Doqquz qoyan bir dramdı.
Nə qədər ki,
Düşmən əlindədir torpağımız,
Yatdığımız yuxu haramdı, qardaşlar,
İçidiyimiz su haramdı.


Onun bu qəbildən olan poemalarında, ümumiyyətlə, şeir yaradıcılığında gerçəklik, həyatilik emosional müstəvidə təqdimə yaxşı bir cəhddir, amma mühitlə səsləşən, həmahəng olan və sadəliyə, adiliyə meyilli emosionallıqdır. Yusif Həsənbəyin şeirlərində psixoloji-analitik təhlildən çox real hadisələrə müraciət, monoloqlar üstündür. Onun şeirləri birtərəfli monoloqdur, dialoqa çevrilmir; şairin oxuculara ünvanlanan düşüncələridir... Onun üslubunda poetik-bədii situasiyanın tərənnümdən çox, şərhinə üstünlük verilir... Ümumiyyətlə, Yusif Həsənbəyin misra intonasiyasında birnəsr düzümü, nəsir sərbəstliyi var. Həmçinin, nəsrində, xüsusən hekayələrində sadə lirizm, şairanə müşahidələr üstünlük təşkil edir. Onun hekayə dilində şeir dilinin sintaktik biçimləri çimlənir. Və bu biçimli hekayələr oxucusuna lirki, şairanə effekt aşılayır...

Yusif Həsənbəyin belə maraqlı, diqqətimi çəkən əsəri “Təkan” (“Ədəbiyyat qəzeti”, 20 dekabr, 2007) xatirə motivində yazdığı sənədli hekayəsidir. Hekayədə gənc, hələ indi-indi ədəbiyyatın zəhmli yollarında təzə ayaq açan şairə nəhəng, müqtədir, şöhrət çələngi gəzdirən, dağ siqlətli bir sənətkarın qayğısından, köməyindən, ona güc-qüvvət, təkan verməsindən söhbət açılır. Xatirə elə çözələnir ki, bu böyük sənətkara adi insanların məhəbbəti, hörməti, izzəti ilmələnir, aşkarlanır, görsənir və son olaraq ümumxalq məhəbbətinin ifadəsinə çevrilir...

Yusif Həsənbəy həm yaradıcılığının, həm də həyatının müdriklik çağlarını yaşayır. Yeni əsərlər üzərində işləyir, “Dəyirmanın mühafizəsi” pyesini bitirmək üzrədir, “Məhəbbətli dünyamız” şeir və poemalardan ibarət irihəcmli külliyyatı təzəcə çap olunaraq oxuculara təqdim edilib... Yusif Həsənbəy sakit, məhsuldar bir yaradıcı ömür yaşayır, bədii-poetik sözə sərf olunan yazıçı ömrü... Bu ömrün məqamları görümlü, duyumludur... Bu çətin, əzablı, axtarışlı, səmərəli, özünəməxsus, zəngin yaradıcılıq ömrünün məqamlarında ona sağlam can, sözdən süzülən yeni-yeni uğurlar, yorulmazlıq arzulayırıq...

Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas
# 1276 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #