“Başqasını öldürməmək üçün mən özümü öldürürəm”...
31 iyul 2012
11:19
Veyninger Ottonun "Cins və xarakter" əsərinin gizli tərəfləri
İlham Tumas
[email protected]
I Yazı: Qadın və yəhudi düşməni olan filosof
II Yazı
...Ustad Əlisa Nicat məni - 19 yaşlı fəlsəfə tələbəsini özü bura gətirib, rəhmətlik Həlimə xanıma - fondun müdirəsinə təhvil vermiş, bərk-bərk tapşırmışdı ki, əlindən gələn köməyi eləsin. O qadın da əlindən gələni eləmişdi və utana-utana masanın üstünə qoyduğum siyahıda birinci duran kitabın adını oxuyub, katoloqa-filana baxmadan küncdəki pilləkəni tavana dirənmiş şkaflardan birinin yanına qoymağımı istəmişdi. Mən pilləkənə çıxdım, onun həqiqətən, bəlkə elə əliylə qoyduğu üçün yerini, sırasını bildiyi inqilaba qədərki Rusiyada çap olunmuş köhnə cildli kitabı götürüb aşağı düşdüm...
..."Axundov kitabxanası"nın nadir kitablar fondunda saxlanılan bu kitabın indiyədək bir o qədər də vərəqlənmədiyi səhifələrindən həmin dəqiqə hiss olunurdu. Hə, pinti oxucuların barmaqlarını yaşlayıb çevirdikləri çirkli vərəqlərdən deyildi. Ancaq bu boyda kitabda diqqətimi qara karandaşla, azacıq da ifrat səliqəylə edilmiş bir qeyd cəlb elədi. Bu, "yəhudilər də qadınlar kimidi" cümləsinin qarşısındakı sual işarəsiydi. Nədənsə mənə elə gəldi ki, bu işarəni həmin kitabı məndən 40, 50 il, bəlkə də daha çox əvvəl oxumuş bir yəhudi, bəli, məhz yəhudi oxucu qoyub. Prinsipcə, haqqı da vardı. Özü də ancaq təkcə o yox, sağlam məntiqə, normal düşüncə tərzinə malik hər bir insan bu sualı qoya bilərdi və qoymalıydı da. Aradan illər keçəcək, həmin 19 yaşlı tələbə sonralar daha dəhşətli, daha acı, daha sərsəm ideyalarla dolu kitablar oxuyacaq, bəzilərini bəyənəcək, bəzilərini lənətləyəcək. Ancaq həmin kitabdakı sual işarəsini böyüdüb-böyüdüb bir cümlənin sonuna yox, bütün əsərin üstünə qoyacaq: "Axı, niyə?" O kitab Veyninger Ottonun "Cins və xarakter" əsəriydi...
Həmişə yorğun, qaraqabaq
Yəhudi ailəsində anadan olan bizim filosofun uşaqlıqdan qeyri-adi qabiliyyətə, düşüncə tərzinə, yaddaşa malik olduğu haqqında onun yaradıcılığının bütün tədqiqatçıları yazırlar. Həqiqətən, Otto artıq yeniyetmə dövründən yaşıdlarını həm savad, həm maraq dairəsi, həm də mütaliə sarıdan xeyli qabaqlayırmış. Universitet illərində o, təbiət elmlərini, fəlsəfəni, psixologiyanı mənimsəyir, riyaziyyat, fizika, tibb kurslarını dinləyir. Artıq 20 yaşındaykən Veyninger ona qədər yazılmış bütün ciddi əsərləri oxumuş, musiqini, latın, yunan və Avropanın bir neçə müasir dillərini dərindən bilən fenomenal insan idi. Qeydlərinin birində gənc filosof yazırdı: "Mənə elə gəlir, mənəvi gücüm o qədərdir ki, bütün problemləri həll eləyə bilərəm". Onu digərlərindən fərqləndirən başqa ciddi bir məqam da qeydində barəsində yazdığı həmin "mənəvi güc"ü hiss eləməyi idi. Veyninger bu gücünə o qədər inanırdı ki, asketik həyat tərzinə keçir, həyata yox, elmə bağlanır, keçən yazıda dediyimiz kimi özü-özünün qurduğu nəzəriyyəsinin əsrinə çevrilir. Qədim filosoflardan hansısa yazıb ki, dediyinə əməl eləməyən alim əlində çıraq gəzdirən kora bənzəyir. Veyninger Otto belələrindən deyildi. O, yazdıqlarına, iddia elədiklərinə özü də inanır və bunlara əməl eləməkdən başqa yol görmürdü. Bircə onu xatırladaq ki, dissertasiyasının müdafiə günü Otto yəhudilikdən imtina eləyib lüteranlığı qəbul eləmişdi.
Onun yaşayışı, xarakteri, insanlarla münasibəti barədə müasirlərinin xatirələrindən maraqlı detallar ortaya çıxır. Məsələn, Ottonun hansısa qadınla münasibətləri barədə heç kim heç nəyə deyə bilməz. Bilinəni budur ki, belə bir münasibət həqiqətən olmayıb.
Filosofla eyni vaxtda universitetdə oxuyan Stefan Sveyq yazırdı: "Həmişə elə görkəmdə olurdu ki, sanki otuz saatlıq qatar səfərindən indicə qurtulub: üzü tüklü, yorğun, əzgin... Elə bil gəzmirdi, görünməyən bir divardan tuta-tuta havada uçurdu". Yaxun dostu Artuq Herberdən isə oxuyuruq: "Onu heç vaxt gülən görmədim, çox nadir hallarda sadəcə, gülümsəyərdi. Ancaq axşam gəzintiləri vaxtı Otto hiss olunacaq dərəcədə dəyişərdi. Elə bil boyu ucalırdı, başı söhbətə qarışar, ruhlarla döyüşürmüş kimi əlindəki əsanı, yaxud çətiri havada yelləyərdi. Belə vaxtlarda onu Hofmanın qəhrəmanına oxşadardım".
Barəsində yazılanları ümumiləşdirib belə nəticəyə gəlmək olur ki, Veyninger Otto əslində, İspan dramaturqu Kalderonun qəhrəmanı kimi "insanın ən böyük günahı odur ki, doğulub" prinsipini qəbul eləsə də, fani dünyada mənəvi yetkinliyə çatmanın bu günahın yuyulmasının yeganə yolu olduğuna inanırmış. Bu baxımdan, əslində, biz onun "Cins və xarakteri"ni böyük mənada "Übermensh", yəni Ali İnsan nəzəriyyəsinin tutarlı "şərqi"lərindən biri də hesab eləyə bilərik.
Əlqərəz, mətləbi uzatmadan deyək ki, Veyninger Otto təkcə zəkası, savadı, dünyagörüşü ilə deyil, həm də yaşam tərzi, xarakteri, temperamenti etibarilə də əsl filosof idi. Beləliklə, mənəvi gücünə, biliyinə və təfəkkürünün qüdrətinə inanan Veyninger Otto Vyana Universitetinin professoru Yodlun təklifiylə doktorluq dissertassiyasını genişləndirir və ortaya məlum əsəri qoyur. Biz I yazıda onun qadınlarla bağlı hansı fikirlərdə olduğu məsələsində qalmışdıq. Elə oradan da davam eləyək...
"Qadın öz-özünün quludur..."
Məni qınamayın, nə qədər kobud müqayisə olsa da, Veyningerin Kişini Qadından yüksək tutmasının səbəbini izah eləmək üçün müraciət elədiyi yolların nədən ibarət olduğunu göstərməkdən ötrü çoxlarının eşitdiyi bir teatr monoloqundan sitat gətirməkdən başqa əlacım qalmadı. Cem Yılmaz tamaşalarından birində "qadınlar, yoxsa kişilər daha yaxşı yalan deyə bilər" sual edir. Cavab təxminən belə səslənir: "Əlbəttə, qadınlar. Baxın, siz hansı evdə balaca qız uşağının çılpaq şəklini görübsünüz? Heç bir evdə. Ancaq bizdə adət var, bir də görürsən, atalar, analar fəxrlə oğlan uşaqlarını lütləyib fotosunu çəkir, onu da başlarının üstünə vururlar. Deməli, qadınlar hələ uşaqlıqdan bu qapalılıqdan yararlanaraq uğurla yalan deməyi öyrənirlər. Kişilərdə isə balacalıqdan hər şey açıq olduğundan onların yalan demə instinktləri o qədər də inkişaf eləmir". Təbii ki, Veyninger Otto bu cür yarızarafat "məntiqlərlə" bizi sarımır, ancaq onun kitabın birinci hissəsində Qadın və Kişi psixologiyasındakı, məntiqindəki, yalanındakı, sevgisindəki, seksuallığındakı fərqliliklərinin izahı təxminən belə, yalnız daha ciddi məntiqi sillogizmlər, tibbi, psixoloji dəlillər üstündə qurulub. Bu hissədə filosof heç bir şərh vermədən məlum dəlilləri sadalamaqla Kişi və Qadın fərqliliklərini göstərir. Kitabın ikinci hissəsi isə artıq sırf ittihamnamədir desək, yanılmarıq. Bu hissədə Veyninger tarixdən və həyatdan məlum faktları xatırlamaqla, bir növ nəzəriyyəsi üçün həyata vəsiqə almağa çalışır. Baxın, Veyninger Qadın haqqında nələ deyir: "Qadın öz-özünün quludur. O, refleksiya hissindən məhrumdur, ona görə də, belə Kişiyə nifrət edir. Qadın heç vaxt özünün seksuallığından yuxarı qalxa bilmir, ona universalizm - dahilik şərti tamamilə yaddır. Qadında sadəcə olaraq intellekutal vicdan deyilən şey yoxdur. Yalan və yalançılıq isə Qadına, ümumiyyətlə yaddır. Çünki o, həmişə yalan danışır və yalanla yaşayır". Yaxud: "Əslində, Kişi sivilizasiyanın yaranışını ifadə eləyən başlanğıcdır. Ən yaxşı nümunələriylə bu varlıq yaradıcıdır, ruhanidir, qabiliyyətlidir. Qadın isə əksinə, bəşəriyyəti yalnız geyriə - ibtidailiyə, mədəniyyətəqədərki keçmişə, qaranlıq və şüursuz zamanlara doğru dartır. Qadına mənəviyyat, şərəf, ləyaqət deyilən hisslər yaddır. Qadında yaradıcılıq deyilən şey yoxdur. Bəşəriyyətin əsl qurtuluşu onun Qadın hakimiyyətindən qurtuluşu - yəni, Kişinin özünü Qadından uzaq tutmağındadır".
Veyninger əsərində hətta Ana ilə Fahişəni müqayisə eləyir və belə nəticəyə gəlir ki, əslində, anayla fahişənin yeganə fərqi birincinin Kişidən uşaq istəməsi və sonradan özünü bu uşağa bağlaması, ikincinin isə Kişidən yalnız seksuallıq gözləməsidir. Onu da qeyd edək ki, Veyninger əsərində açıq şəkildə Qadının ehtiyac ucbatından fahişəlik yolu tutmasına inanmadığını yazır. Onun fikrincə, "mənim başqa yolum yoxuydu" bəhanəsi sadəcə, fahişənin Qadınlığa məxsus seksuallığını ört-basdır eləmək istəyindən savayı bir şey deyil.
"Yəhudi dövləti olmayıb və ola da bilməz"
Veyninger Otto "Cins və xarakter"də yalnız Qadın-Kişi başlanğıcının xüsusiyyətlərində ilişib qalmır, tədqiqatlarında daha uzağa gedərək bura xalqları, irqləri də daxil edir. Bu mənada birinci gözə dəyən onun yəhudilik haqqında yazdıqlarıdır. Ancaq o da maraqlıdır ki, filosof bu məsələdə də özünü sığortalamış sayır. Veyninger yazır: "Mən yəhudi haqqında danışanda nə hansısa fərd olan yəhudini, nə onların cəmini nəzərdə tuturam. Mən ümumiyyətlə, insanı nəzərdə tuturam. Belə ki, bu məsələ yəhudilik ideyasıyla birbaşa əlaqəlidir. Mən məhz bu ideyanın əhəmiyyətindən danışmaq istəyirəm". Beləcə, Veyningerə görə, yəhudilər də qadınlar kimi bütün mənfi xüsusiyyətlərə malikdirlər. Hətta bir məqamda filosof lap ağını çıxararaq yəhudilərin özlərinə heç vaxt dövlət qura bilməyəcəklərindən yazır: "Yəhudi üçün vətəndaşlıq anlayışı transendentaldır. Ona görə də, sözün əsl mənasında yəhudi dövləti olmayıb və ola da bilməz". Görürsünüz, elə bil məlum qonşumuzun hansısa mollası moizə oxuyur...
Bununla ürəyi soyumayan Otto dünyanın gəlib-getmiş çoxlu sayda yəhudi olan dahilərinin dahiliklərini heç sayır, əslində, onların bəşəriyyətə ziyandan savayı bir şey vermədikləri qənaətində olduğunu yazır. 1930-cu ildə Berlində çap olunan kitabında honnoverli professor Teodor Lessinq bunu "yəhudi özünənifrəti" adlandırırdı. Veyninger isə yenə əsərin başqa bir yerində də and-aman eləyir ki, "yəhudilik" deyəndə mənəvi cərəyanı, məlum psixiki konstitusiyanı nəzərdə tutur. Bu and-amanının nəticəsi kimi Veyninger hətta ari xalq adlandırdığı almanların bəzi nümayəndələrində belə "yəhudilik" elementləri tapdığını iddia edir. Məsələn, filosof Rixard Vaqner haqqında yazır: "Baxın, Vaqnerin musiqisindəki gurultu, pafos onun yəhudilik psixologiyasına malikliyindən xəbər verir".
"Başqasını öldürməmək üçün..."
Veyninger Otto fəlsəfə tarixinin ən maraqlı, həm də ziddiyyətli filosoflarından biri kimi, təbii ki, bundan sonra da tədqiq olunacaq. Ancaq qənaətimcə, o, məlum əsərində əslində, nə istədiyini açıq-aydın ifadə edib. "Cins və xarakter"in sonuncu fəslində oxuyuruq: "Kişi qul-qadın yox, onu başa düşən dost axtarır". Onun həyata baxışlarını, yaşam tərzini, insanlarla münasibətləri barəsində oxuduqlarımızı yada salsaq, filosofun fikirlərində nə qədər səmimi olduğu şübhə doğurmur. Veyninger intiharı ilə bunu bir daha sübut elədi. 23 yaşlı Otto Veyninger valideynlərinin yanında bir neçə gün dincəldikdən sonra 1903-cü il oktyabr ayının 4-də Vyana mehmanxanalarının birində silahının lüləsini ürəyinə tuşlayır. Həmin otaqda düz 76 il əvvəl onun sevimli bəstəkarı Lüdviq Van Bethoven dünyasını dəyişmişdi. Bu, təsadüf idi, ya yox, indi bunu müəyyənləşdirmək mümkün deyil. Ancaq bir şey dəqiqdir ki, 23 yaşlı Veyninger bu intiharı ilə öz nəzəriyyəsinə nə qədər inandığına bizi də inandırmış oldu. Onun ölümqabağı qeydində isə yazılmışdı: "Başqasını öldürməmək üçün mən özümü öldürürəm"...

1383 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024