“Romanın ilk cümləsi haqda illərlə düşünürəm”

“Romanın ilk cümləsi haqda illərlə düşünürəm”
10 sentyabr 2011
# 08:00
Nobel mükafatçısı Orxan Pamukun “Saf və düşüncəli romançı” kitabı bu günlərdə satışa çıxıb. Bu kitabında Pamuk roman yazmaq sənətindən bəhs edir.

Pamuk Türkiyənin “Hürriyet” qəzetinə son müsahibəsində yeni kitabı və digər mövzulardan danışıb. Müsahibəni ixtisarla Kulis.az dərgisinin oxucularına təqdim edirik.

- Yazıçılıq tənhalığı sevən işdir. Harvard Universitetində Norton dərsləri vermək təklifi gələndə nə hiss etdiniz?

- Birinci təklif gələndə Türkiyədə hələ siyasi problemlərim yaranmamışdı. Onsuz da gələn təklifə dərs olaraq baxmadım. Düşündüm ki, gedib bir semestr dərs verərəm, Nyu-Yorkda yaşayaram. Birinci dərslərə girəndə çox həyəcanlı idim. Mühazirəmi əvvəldən yazmışdım, yaxşıca hazırlaşmışdım. Bu il Kolumbiya Universitetindən professorluq aldım. Amma akademik dünyaya 52 yaşında girdim. Heç vaxt laborant, dosent olmadım. Çünki tələbələrə öyrədəcəyim şeylər çox idi. Yazıçılıq tənha insanların, utancaqların işidir. Mən də həmişə yeni bir kitabım haqda çıxış etməyə əsə-əsə çıxardım. Amma müsahibə verə-verə, televiziyaya çıxa-çıxa, konfranslarda, utana-utana nəhayət, izdihamın qabağında danışmağı öyrəndim.

- Sizə dünya yazıçılarının çempionlar liqasında olduğunuzu hiss etdirdimi bu?

- Əvvəl hiss etdirdi. Evdə tək başına kitab yazarkən “nə yazacağam, danışacağam” - deyə düşünməyə başlayırdım. Bu söhbətlər sonra kitab şəklinə düşür və qalır. O vaxtdan bu mühazirələri kitab olaraq düşünmüşdüm. Romançılıq haqda bir kitab yazsam nələrdən bəhs edərəm görən - deyə düşündüm. Dərsin ən pis tərəfi odur ki, 45 dəqiqədir. Roman yazanda mövzunu istənilən qədər uzatmaq olar. Amma dərsdə gərək mövzunu 45 dəqiqəyə yerləşdirə biləsən.

- Bəs dil problemi olmadı? Akademik ingilis dilini bilmək lazım deyildi?

- İngilis dilim yaxşı idi, təbii ki. Amma ləhcəm var idi. Bundan utanmıram, hətta bəzən şişirdirəm. Özüm belə danışmaq istəyirəm, Oksford ingiliscəsi deyildi. Elə danışmaq pis səslənər. Mühüm olan sözləri bilmək və axıcı danışmaqdır. Mənimsə, bu barədə problemim yoxdur.

- Harda rahat yaza bilirsiniz?

- Siyasi təzyiqlər ucbatından yox, amma muzeyə görə son iki ildir burda rahat yaza bilmirdim. O qədər bürokratik iş çıxırdı ki, işlərin yavaş getməsinə üzülürdüm. Deyirdim, burdan qaçım, romanımı yazım. Mənim üçün fərqi yoxdur, hər yerdə yazaram. İyirmi il əvvəl "Qara kitab"ın əvvəlini Nyu-Yorkda yazmışdım. Təyyarədə, gözləmə zalında da yazıram və bundan qürur duyuram.

- Kitablarınız 60 dilə tərcümə olunub. Bu maraq sizi təəccübləndirdimi?

- Altmış dilə çatmasına təəccübləndim. Bu böyük rəqəmdir. Mənim gəncliyimdə bir yazıçın 25-30 dilə tərcümə olunması böyük göstərici sayılırdı. Bunu 2-3 mislinə çatmışam. Sayın bu qədər qalxmasına təəccüblənirəm. Kitab çap olunan dillərin sayı 60 civarındadır. Uzaqbaşı daha 10 dildə çıxar.

- İndiyə qədər bütün dünyada nə qədər kitabınız satılıb?

- 11 milyona yaxın.

- Romanlarına həmişə vurucu cümlə ilə başlayan Orxan Pamuk mühazirələrində də eyni şeyi edir: "Romanlar ikinci həyatlardır". Bu xüsusi diqqət etdiyiniz bir şeydir?

- Bir kitabın ilk cümləsi mənim üçün önəmlidir. Çox düşünürəm cümlə üzərində. Birinci cümlə kitabın bütün ruhunu, gedəcəyi yolu, oxuyucuya verəcəyi əhval ruhiyyəni özündə əks etdirməlidir. Kitabın adını, ilk cümləsini, son cümləsinin nə olacağını illərlə qeyd dəftərimdə yazır, düşünürəm.

35 il sonra yenidən rəssamlığa başladım

Rəssam olmaq istəmişdim uşaqlığımdan bəri, "İstanbul"dakı xatirələrimdə də yazmışdım bunu. 22 yaşımda birdən birə rəssamlığın daşın atdım. Təzə kitabımda da rəssamlıq və yazıçılığın bir-birinə necə yaxın olduğunu yazmışam. Yazıçı da oxucunun beynində rəsmlər çəkməyi bacarmalıdır. 2008-ci ildə Harvardda mühazirə demək üçün gedəndə bir mağazaya girdim və özümə bir paket rəsm avadanlığı aldım. Beləliklə, 35 il sonra rəssamlığa yenə başladım. İndi dəftərlərə çəkirəm rəsmləri.

İki kitabım klassiklər arasına girib

Klassiklər sırasına girmək çox mühümdür. Fikirləşin ki, bir əsrdə yazılmış bütün romanlardan 10-15 dənəsi qalır. “Mənim adım Qırmızı” və “Qar” Amerikada klassiklər seriyasında çap olunub.

Twitlər yapon haykularına oxşayır

Texnologiya inkişaf edib ədəbiyyata təsir etməyə başlayanda mən də bəzi insanlar kimi mühafizəkar bir mövqe göstərdim. İndi isə öyrənməyə başlamışam. Twitter-ə girib ancaq yazılanlara baxıram. Özüm heç “twit” yazmıram, heç kimi də izləmirəm. Heç kimdən mənə “twit” gəlmir, gəlməsini də istəmirəm. Amma bunun yeni media olduğunu görürəm. Türkiyədə və dünyada bundan istifadə edən və mənim da yazılarını oxumaqdan zövq aldığım çox insan var. Sağlıq olsun, bir gün mən də “twit” yazacam. Elektron kitab barəsində da eyni mövqeni sərgiləmişdim. Deyirdim ki, kitab qoxusu zadı vacibdir. İndi “bütün klassikləri yükləyəcəyim bir alət alsam, səyahətdə olanda açıb oxusam” - deyə düşünürəm. Twitter də belə ola bilər. O da yazıçılığın bir formasıdır. Yapon haykularına bənzəyir.


Uyğunlaşdırdı: Elmin HƏSƏNLİ
# 1297 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #