Fahişəlik, kitab-adam, rejissorun sükutu....

Fahişəlik, kitab-adam, rejissorun sükutu....
2 sentyabr 2011
# 11:12
Kitab-adam

- Niyə siz kitabları yandırırsız?

- Bu mənim işimdir. Yaxşı və çox maraqlı işdir. Bazar ertəsi Müller, çərşənbə axşamı Tolstoy, çərşənbə Uitmen, cümə Folkner, şənbə Şopenhauer, bazar Sartr.

- Siz kitabları sevmirsiz?

- Kitablar yalnız zibildir, insanları bədbəxt edir. Onlara mane olur və asosial edir.

...Dialoq fransız rejissoru Fransua Trüffonun 1966-cı ildə ekranlaşdırdığı məşhur “Fahrenheit 451” filmindəndir. Rey Bredberinin eyniadlı romanı əsasında çəkilib.

Hansısa uzaq gələcəkdə – insanlara oxumağın yasaq edildiyi totalitar rejimdə yanğın söndürənlər alov söndürmək əvəzinə kitabları yandırır. Kitabsevərlər isə ölkədən qaçıb meşədə məskən salır, əsərləri əzbərləyir və bir növ, Kitab-adama çevrilirlər.
Yanğınsöndürən Qay Monteq tabuları pozaraq, xəlvətdə kitab oxuyur. Və onların sayəsində soyuqqanlı kitab qatilindən humanist insana çevrilir (lap Bernhard Şlinkin “Qiraətçi” romanının qəhrəmanı kimi).

Ekran versiyasında müəyyən fərqlər olsa da, romanın ideyası, mesajı dəyişməz qalıb.

Filmi izləyəndə 1950-1960-cı illərdə Fransa kinosunda – Trüffo və bir neçə başqa rejissorla birgə “Yeni dalğa” cərəyanını yaradaraq kinematoqrafiyada əski dəyərlərə, stereotiplərə etiraz edən rejissor Jan-Lyuk Qodarın onunla yolunun nədən ayrılmasını anlayıram.

Qodara görə, film ssenarinin imitasiyası olmamalıdır. Rejissor filmi qələmlə yazmalı deyil, onu kamerayla çəkməlidir. Bu mənada “Fahrenheit 451” rejissor yozumundan çox, yazıçı düşüncələrinin sadəcə kinoəksidir.

Amma olsun... Əsas odur ki, mövzu həmişə aktualdır və düşündürür.


Dünyanın ən qədim peşəsi



1967-ci ildə 6 rejissor (F.İndovino, M. Bolonini, F. Broka, M.Fleqar, K. Otan-Lara və J.-L. Qodar) yığışıb fahişəlikdən, onun tarixindən film çəkdi.


“Dünyanın ən qədim peşəsi” adlanan film toplusu – ibtidai icma quruluşundan başlayaraq, qədim Roma, Fransız inqilabı, müasir və hətta gələcək dövrü əhatə edir. Hər bir rejissor mövzunu yumorla çəkib, onu öz bildiyi kimi yozub.

Gəlidyim nəticələr belə oldu:

– kişi özü də bilmədən qadına fahişəlik ideyasını verib;

– fahişəlik qadının təbiətindədir;

– qadın pula görə fahişəlikdən imtina edir;

– qadın pula görə fahişəlik edir;

– fahişəliklə mübarizədə cəmiyyət gücsüzdür və kişi onun əbədi himayəçisidir.


Sükut


Hər sükutun fərqli intonasiyası var. Məsələn, Antonioninin filmlərindəki sükut gərilimiş hissləri, gərginliyi ifadə edir. Cim Carmuşun filmlərindəki sükut aqressiv deyil, iddiasız, emosiyasızdır, onunla harmoniyada ola bilirsən. Berqmanın sükutu isə sakraldır. Həm də son dərəcə intimdir, amansızdır. Yəqin ona görə də onun filmlərini izləyəndə adətən sıxılıram, narahat oluram, elə bilirəm ki, icazəsiz kiminsə həyatına soxulmuşam.


Sartrdan imtina xoşbəxtlik gətirdi


Srağa gün “Roma tətilləri” komediyasını Allah bilir, neçənci dəfədir ki, izlədim. Bu o filmlərdəndir ki, polemika etmir, sadəcə, izləyirsən. Yüngül, xoş filmdir. Xüsusən də, Odri Hopbörn və Qreqori Pekin səmimi ifasından ləzzət alıram.

Bu filmə çəkiləndə Odri hələ tanınmış aktrisa deyildi. Prodüserlər afişada Pekin adını iri, onun adını isə xırda hərflərlə yazanda Pek etiraz etmişdi: “Görərsiz, bu qızcığaz roluna görə Oskar alacaq”. Elə də oldu. Odri filmdən sonra ulduza çevrildi.

Peklə bağlı internetdə maraqlı bir fakta rast gəldim. Qadınların sevilmlisi olan aktyor günlərin birində ondan əvvəllər müsahibə almış fransız jurnalisti Veronik Passanini arayıb nahara dəvət edəndə qadın heyrətdən donur. Və ağlı başından necə uçursa, Sartrla təyin etdiyi müsahibədən də imtina edir. Amma Veronikin seçimi ona xoşbəxtlik gətirir. Cütlüyün – Hollivud üçün nadir hal olan – 48 illik evliliyi nümunə sayılırdı.
# 2130 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər