Həmid Herisçi Rafiq Tağıya cavab verdi

Həmid Herisçi Rafiq Tağıya cavab verdi
16 avqust 2011
# 11:01
Rafiq Tağının məqaləsinə cavab olaraq Həmid Herisçi cavab məqaləsini Kulis.az-a göndərib.

Cavab məqaləsini təqdim edirik:





Astara, Biləsuvar sərhəd keçid məntəqələri qarşısında uzun növbələri görübsüz bəlkə? Hə, Təbrizə müalicəyə gedən şimali azərbaycanlılardı-çoxları xərəkdədi, nəfəsləri kəsilir, özlərini son anda o taya çatdırmaq, bu tayın yalançı həkimlərindən yaxa qurtarmaq istəyirlər. “Təbrizin nəhəng xəstəxanaları bu qədər xəstəyə necə qulluq edir, bu qədər biçarəyə necə şəfa verir?” sualına cavab verməkdə gəlin tələsməyək. Bəlkə onlara şəfa verən heç tibb elmi deyil, o taydakı ilahi möcüzələrdi? İmamların saf ruhudur?

Vallah, xəstələr buna özləri cavab versə yaxşıdır. Ancaq mən eşitdiyim qədərincə Təbrizdə şəfa tapan Şimali Azərbaycan xəstələri bunun səbəbini ilahi aləmdə axtararlar. Mirzə Cəlilin “ölülər”i indi kütləvi şəkildə Təbrizə üz tutur, oranın həkim Şeyx Nəsrullahlarından çarə axtarırlar. Təbriz bu gün bütün Şimali Azərbaycan “ölülər”ini Əzrayılın əlindən qurtarır. Mirzə Cəlilin “Ölülər” pyesi bu dəfə tam kəlləməyallaq aşıb. Şimali Azərbaycan, qısası, Mirzə Cəlildən ona miras qalmış ədəbi-maarifçi miflərini artıq itirmək üzrədir. Təbrizin Şeyx Nəsrullahları indi minlərlə şimali Azərbaycan ölülərini sözün əsl mənasında qəbirdən çıxarıb həyata qaytarır.


Ümid etmək istərdim ki, bu xəstələrin sırasında bizim həkim-yazıçı Rafiq Tağının pasientləri, qurbanları yoxdu. Hamı bilir ki, bu tayın həkimləri öz pasientlərində çox vaxt olmayan xəstəliklər tapar, sonra bu bədbəxtlərin taleyi, cibiylə qumar oynayarlar-“ay, get filan dərmanı al, ay, 1000 dolları belə ver, 2000 dolları elə gətir”...Mən barədə sizin saytda məqalə yazmış Rafiq Tağı deyəsən elənçik həkimlərdəndi-məsəlçün o, məndə olmayan xəstəliklər tapır, sonra isə bu xəstəliyimə guya müalicə resepti təqdim edir. Vallah o, məni yazıçı saymaya bilər, bu necə deyərlər onun öz işidir. Ancaq, Rafiqə görə guya mən özüm də daxilimdə belə düşünürəm...Hə, bax bu olmadı. Vallah mən özümü yazıçı bilməsəm əlimə qələm almazdım. Bu barədə zərrəcə xofum yoxdur...Mən xoflandıran tamam başqa suallar var qarşımda. Onları da mən öz əsərlərimdə yazıb oxucularıma bildirmişəm.

Gördüyümüz kimi, Şimali Azərbaycan tibbi bu gün sözün əsl mənasında “qeyri-ciddidir”. Ancaq bu təyinatı indi bu ölkənin bütün digər sahələrinə iqtidarına-müxalifətinə, TV-lərinə, ordusuna, polisinə, qrantgəmiricilərinə, şair-yazıçılarına da aid etmək olar. Mənim əsl xofum da, inanın, Rafiq bəy, ürəyiniz sakit olsun, elə bu mövzular ətrafındadır.

Siz nahaq yerə bizim maarifçilik məktəbinin ancaq ateist qanadını qabardırsız. Bəs, ən böyük islam maarifçisi, həmədanlı Cəmaləddin Əfqanini niyə tanımırsız? Niyə elə məhz “Molla Nəsrəddin”, Axundov məktəbinə salavat çevirir, o vaxtkı “fiyuzatçıları”, yəni islam maarifçiləri olan Əli bəy Hüseynzadəni, M. Rəsulzadəni unudursuz? Ədəbi-fəlsəfi fikrimiz Cəmaləddin Əfqani ənənəsini öyrənsə, bilirsiz nə qədər irəli atılar? Onun həyatı çox maraqlıdır-İran şahlarıyla mübarizə, sonra Rusiyaya gizli səfər. Çar Aleksandrla təkbətək görüşlər. Avropaya mühacirət. “İslamda sosializm” mövzusunda samballı tədqiqatlar...Nəriman Nərimanov sizdən fərqli olaraq, ona çox böyük maraq göstərib, Azərbaycan Sovet Sosialist Cümhuriyyətini yaradarkən Əfqaninin fikirlərindən geniş istifadə edib.

Rəhmətlik atam Qafar Kəndlini siz nahaq yerə “cır-cındır içində Bakıya gəlmiş” qaçqın kimi təsvir edirsiz. Mənim böyük əmim İbrahim Herisçi hələ 30-cu illərdə Fransa Hərbi Akademiyasını bitirib. Atam da ora gedə bilərdi, buna görə o, Təbrizdə orta təhsilini fransız məktəbində almışdı. İnqilab onu Bakıya atdıqda o, 5-6 dildə artıq sərbəst danışırdı. Rəhmətlik biləsiz, burda Bakıda heç nə öyrənməyib, əksinə öyrədib. Azərbaycan klassik ədəbiyyatşünaslığının əsasını qoyub, əsərlərini də daha çox xarici mətbuatda dərc edib. Bakı mənim atama heç vaxt heç nə öyrədə də bilməzdi axı. Siz onun 600 səhifəlik fundamental, elmi “Xaqani Şirvani” (dövrü, mühiti, həyatı) əsərini heç oxuyubsuz məgər?

Oxuyun, görün XII əsr həyatını, ədəbi mövzularını, şəxsiyyətlərini necə gözəl, dərin bilib o. Sonra barəsində küfr deyin görüm, deyə bilirsinizsə. Bütün dünya şərqşünasları bunu təsdiqləyir, hamı onu 1945, 1978-ci il Təbriz üsyanlarının banisi, müəllifi bilir...Siz isə bu inqilabçı insan barədə gör nələr danışırsınız...

Şimali Azərbaycan Axundovları, Cəlilləri rəssam deyil, karikaturaçılardı-Təbrizdə Bab hərəkatı, Səttərxan inqilabı baş verəndə Axundovla Cəlil elə ancaq nəsə yazıblar, həqiqi inqilabı hərəkətə uzaqdan nəzər salıblar.

Azərbaycan ədəbiyyatının 2 Xəmsəsi var-biri, dahi Nizaminin 5 poeması. Digəri, Axundovun əslində Nizaminin Xəmsəsinə qarşı yazdığı 5 komediyası...Mən, öz seçimimi çoxdan etmişəm-mən Nizamiyə inanıram. İnşallah, bir gün siz də o kitabları oxuyarsız.

Sizinlə ədəbi mükaliməni mənasız görürəm-ədəbi zövqlərimiz başqadır. Ancaq, yaradıcılığım göz önündədir-dövrü mətbuatda çap olunur, öz oxucularımı tapıram. Mənim kim olduğumu əsərlərimdən bəllidir. Sizin şərhlərə ehtiyac duymuram.

Peyğəmbərimizdən sonra, qəribədir, rəhmətlik atamı, məni təhqir etdiniz. Qəribə ardıcıllıqdır. Bu, məni, inanın xeyli düşündürdü. Ancaq, yenə bu sırada Peyğəmbərimizlə birgə olmağım, çox mənalı göründü mənə.
Bir haşiyə. Yaradıcılığa başladığım dövr ərzində mənə ünvanlanan ittihamıardan ən populyarı, maraqlıdır ki, belədir: Həmid ağıllı görünmək istəyir... mütaliəlidir, savadlıdır...kitablardan öyrənib... Rafiq də bu sözləri söyləyənlər sırasında orijinallığı ilə seçilmir. Sən demə, Həmid səfeh görünmək istəməli imiş, kitablardan deyil, özlərini Quru elan etmiş yerli “şair, yazıçılardan” öyrənməli imiş...

Müəyyən qədər razılaşıram sizinlə, kitabdan öyrənirəm və öyrənəcəyəm də, sizdən öyrənəcək nə var ki? Siz proza yaza bilmədiniz, prozaizmdə ilişib qaldınız. Proza müəllifdən süjet, qəhrəman, iman , araşdırma, həm də və ən əsası kitab bilgiləri tələb edir. Prozaizm üçün isə, məişət bilgiləri yetər.

Rafiq Tağı o şəxs deyil ki, onun zövqüylə kimsə yazıçı elan edilsin, yaxud qələmi sındırılsın. Odur ki, onun yazdıqlarına fikir verməyə də bilərdim. Amma onun yol verdiyi təhqirləri cavabsız qoya bilməzdim. Bütün bunlar ondakı mənəvi aşınmalardan xəbər verir. Təəssüf edirəm...Onu da, bilirik ki, indiyənədək, heç bir ittihamının arxasında dayana bilməyən birisidir Rafiq. Nə Məhəmməd peyğəmbərə söylədiklərini, nə də rəhmətlik Elçibəyin ünvanına dediklərini əsaslandıra bilmədi, sözlərini geri götürdü.

Sonda məsləhətim və xahişim də budur ki, nə yazırsınızsa yazın, necə yazırsınızsa yazın, əsası odur ki, diaqnoz və reseptləri düzgün yazın.

Yoxsa, bəyənmədiyiniz İranda şəfa axtaranların sayı daha da arta bilər.
# 1998 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #