Nazirin, hətta Depardyenin “dostu”

Nazirin, hətta  Depardyenin “dostu”
15 avqust 2011
# 12:00
Türk rejissor Çağan İrmakın (Çağan Irmak) məşhur “Atam və oğlum” (“Babam və oğlum”) filmində Hüseyn əfəndi (baba) oglu Sadığa (ata) deyir ki, biz səni İstanbula Kənd Təsərrüfatı İnstitutunu oxumağa göndərdik, dedik mütəxəssis kimi kəndə qayıdıb təsərrüfatımıza başçılıq edəsən. Sənsə jurnalistliyi oxuyub qəzetlərdə dolandın, inqilaba baş qoşdun.

Beləcə, bu səbəbdən Hüseyn əfəndi oğlu Sadığı evdən qovur, onu qəbul etmir. Çünki o ictimai işlərə baş qoşub və cəmiyyət üçün mübarizə aparırdı. O vətəndaşa çevrilib. Təkcə ailə, qohum-əqrəba, tayfaya aid deyil. Sadıq Türkiyənindi, ona xidmət edir. Həmin Türkiyə ki, orada onun ata-anası, qohum-əqrəbası, tayfası, dostları və ən nəhayət, oğlu Dəniz var.

Türkiyə üçün çalışmaq elə onlar üçün çalışmaqdı. Amma dediyim kimi, Sadıq buna görə atası Hüseyn tərəfindən qovulur. Yalnız böyük bir faciədən sonra sözün həqiqi mənasında onun (Hüseyn əfəndinin) ağlı başına gəlir (diqqət yetirmisinizsə, “Bəyin oğurlanması” filmində də İsrafil, məhz, yol qəzasından sonra qızını Həsənə verməli olur, yoxsa o kinoçəkənləri vecinə alan deyildi).

Yazı adı çəkilən filmlərin mövzusundan bəhs etmir. Əyalətdə (əsasən kəndlərdə) oxuyan uşaqlara münasibətdən danışacağam.

Nümunə olaraq özümü seçirəm.

Nə üçün oxuduluruq?

Atam kolxoz düşərgəsində gözətçi (həm də təsərrüfatçı), anam da çayçı idi. Səkkiz övladlarından yeddincisiyəm. Amma yeddi oğul bir qız yox, beş qız üç oğlanıq. Bizim ailədə kənd təsərrüfatı heyvanlarının dəyəri insanların dəyərindən qiymətli olub. Oxumağa, ali təhsil almağa baxış tamamilə fərqliydi. Onlar uşağı cəmiyyətdə özünə yer tapması və bu cəmiyyət üçün “maqqulu” bir vətəndaş olmaması üçün oxutmurlar. Heç bunu düşünə də bilmirdilər. Səkkiz uşaqdan bircə ali təhsilliyəm. Bu necə baş verdi və mən insanın dəyəri mal-heyvandan az olan mühitdən necə ayrıldım?


Oxumaq - adamları tutub pul almaq


Yeddi yaşım olanda atam kəndlərin birində ev aldı. Həm böyük qardaşım evlənib orada qalacaqdı, həm də mən məktəbə gedəcəkdim. Bu yeddi il ərzində heç bir məktəbli və məktəb görmədiyim üçün oxumağın tam olaraq nə demək olduğunu anlamırdım. Bu haqda yalnız ailəmdə eşitdiklərimi bilirdim. Onlar da nədən ibarət idi?

Uşaq oxuyub polis, prokuror olur, sonra adamları tutur, pul alıb buraxır və bu pulu evə gətirir. Beləcə bizim ailə də həmin pulla yaraşıqlı ev tikir, maşın və qızlara cehiz alır. Üstəlik mən də (oxuyan) ailənin oxumayan digər yeddi üzvünü dolandırmalı və onların (hətta qohumlarımın da) uşaqlarını (bilikli, biliksiz, fərqi yoxdur) oxutmalıydım. Sən saydığını say, gör fələk nə sayır (fələk burada mənəm).


Qara inək, ağ toğlu və qırmızı hinduşka


Tarix elə gətirdi ki, mən 11-ci sinfi bitirdikdə SSRİ imperiyası da tarixə qovuşdu. Bütün ailə (qohumlar da) hüquqa daxil olub prokuror olacağımı gözləyirdi. Səkkizinci sinfə qədər bütün fənlərdən başım çıxırdı. Amma sonrakı illərdə mənə ilk məhəbbət, futbol, karate, pornoqrafik filmlər daha şirin və maraqlı gəldi. Nəticədə ilk ildə test üsulu ilə 224 balla kəsildim.

Daha bir şans verildi mənə. Bir qara inək, bir ağ toğlu və bir qırmızı hinduşka məni bir il əsgəri çağırışdan saxladı.


“Ədəbi yaradıcılıq və ekran dramaturgiyası”


1996-cı il. İncəsənət Universitetin sənətşünaslıq fakültəsinin ssenari ixtisasına daxil oldum. İxtisasın rəsmi adı belə gedirdi: “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası”. Vallah bu ixtisasın adını evdəkilər başa düşməyəcəkdi və indiyəcən də övladlarının hansı ixtisas üzrə ali təhsil almasını bilmirlər. Amma ilk əvvəlcə mən atamla anamı sakitləşdirmək üçün onalara belə dedim: “İncəsənətin hüququna girmişəm”. Qardaşlarımla bacılarıma dedim ki, oxuyub axırda jurnalist olacağam. Qohum-əqrəbada az-maz başı çıxan insanlar ların bəziləri “axı İncəsənətdə hüquq yoxdur” deyəndə, məndən “orda təzə açılıb” cavabını aldılar (həqiqətən həmin illərdə universitetlərdə müxtəlif ixtisaslar açılırdı).

Beləliklə, bir qara qoç da “İncəsənətin hüququna” girdiyim üçün qurban kəsildi. Ancaq bu yalan məni xilas edə bilərdi. Yoxsa ailəm məni el arasında yalnız aktyor fakültəsi ilə tanınan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yaxın buraxmazdı.

Universitet illəri, düşdüyüm çevrə, mühit məni incəsənət adamına çevirdi. Bütün komplekslərimi ixtisas müəllimimiz Aydın Dadaşov param-param parçaladı. Bütün mənasızcasına müqəddəsləşdirilmiş, bütləşdirilmiş insanlar ürəyimdə məhv oldu. Dörd il ərzində isə (1996-2000-ci illər) ailə mənə şəhərdə ilə 500 manat (4 ildə 2000 manat, təxminən indiki 8000 manat) xərclədi (qalmağım, paltarım, yeməyim, kitab-dəftərim və yol pulu). Bu pulu qoyun-mal satmaqla göndərirdilər (hardasa 50 baş qoyun-quzu və 10 baş qaramal). Universitetin ardınca bir il əsgəri xidməti də bitirdim, amma qoyun-quzusuz.


“Nazirlə şəkli olan heç vaxt pulsuz ola bilməz”


2001-ci il. Əsgəri xidmətdən sonra bir ay istirahət etdikdən sonra bu dəfə yenə bir ağ qoçu satıb məni şəhərə göndərdilər. Sözsüz ki, oxumağa yox, işləməyə. Özləri də əlləri girən yerə pul-para boyun aldılar, üzləri gələn yerə tapşırdılar. Amma həmin illərin vurhavurunda bir iş alınmadı. Mənsə öz oxumağımda və təcrübə toplamağımdaydım.

Şəhərdə tələbə yoldaşlarımla qəzet redaksiyalarını, kino studiyalarını dolaşmağa başladım. Yavaş-yavaş az məbləğli qonorara işlədim. İki ay qonorar, bir ay qonorarsız və ya əksinə (bu çoxumuzun başına gəlib ki!). Yəni çətin də olsa şəhərdə yaşamağa başladıq. Kimimiz ədəbiyyat, kimimiz kino uşaqlarına çevrilmək üçün.

Məlumdur ki, bu proses F.Kafkanın “Çevirilmə” əsərindəki kimi birdən-birə baş verməyəcəkdi.

Uzun illərin xərclərindən sonra evdəkilər isə birdən-birə məndən müxtəlif məbləğdə pul istəyirdilər. Qardaşlarım və bacılarımın hamısı evlənsələr də, amma buna baxmayaraq, ortancıl qardaşım istisna olmaqla, ənənəvi fikirlərini davam etdirirdilər. Üstəlik, bacılarımın ərləri də onlara qoşulmaqla sayları ikiqat çoxaldı. Hələ biləndə ki mən incəsənətin hüququn-zadın oxumamışam, aləm dəydi bir-birinə. Bu hay-küyü isə aradan telekanallarda ekspert kimi çıxışlarım kəsdi. Lakin digər tərəfdən isə, məndən maddi kömək istəmələri artdı. Dedilər ki, telekanalda çıxış eləyən heç vaxt pulsuz ola bilməz.

Xəta oldu, bir dəfə Polad Bülbüloğlu mədəniyyət naziri olarkən “Kino+” qəzetinin redaksiyasına gəldi. Həmin gəlişdən kollektiv bir şəkil varımızdı. Əsaslandırırdılar ki, nazirlə şəkli olan heç vaxt ayda 42 manat maaş ala bilməz (2004-2006-cı illər).


“Jerar Depardyenin dostu tayfasına əl tutmur”


Bakıya gəlmiş fransız aktyor Jerar Depardye zibilə saldı. Onun jurnalistlərə verdiyi ümumi müsahibəsi zamanı əlində diktofon tutanlardan biri də mən idim. J.Depardye Şəhidlər Xiyabanında, Fəxri Xiyabanda, Dənizkənarı Parkda olarkən, onunla bu yerləri gəzib şəkil çəkdirənlər arasındaydım. Bütün bunlar telekanallarla yayımlandı. Başa sala bilmədim ki, müsahibə alırdım. Dedilər, yox ee, indi də xarici milyonerlərlə oturub durursan, heç bizlər vecinə də deyilik.


Bütün var-dövlət yad qıza qalacaq!


İllər ötdükcə qohum-əqrəbanın mənə qarşı təzyiqi artdı. Dedilər, çoxlu pul qazanır, amma bizləri saymır. Mənsə evləndim və birdəfəlik şəhərdə ailəmlə yaşamağa başladım. Qazandığım pul da ikimizə gah yetir, gah da... Bütün bu prosesdən sonra sevdiyim və qohum olmayan bir qızla evləndiyim üçün tayfamın mənimlə ikinci müharibəsi başladı: “Evləndi yad qızıyla, bütün var-dövləti (!) də qalacaq ona, evimiz yıxıldı”. Başladılar müxtəlif istiqamətlərdə hücuma.

Ən nəhayət, qarşı tərəfə savaş “elan etməli” oldum. Məndən dolanışıq üçün pul-para, yaşayış üçün kömək gözləyən insanları bir-bir ətrafımdan qovmağa başladım. Hətta qovmaq üçün lazım olan altı hərfdən ibarət sözdən də kömək kimi istifadə etdim.

Arada düşünürəm. Bu tək mənim başıma gəlib? Təki belə olaydı. Yoxsa yüz oxuyandan altmışı belə və ya digər formada bunu yaşayıbsa... Sağ olun, əziz oxucular və ya valideynlər! Unutmayaq ki, valideyn övladın əziyyətini çəkmək üçündü, vəssalam.



İntiqam Hacılı
# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #