“Pərdə” – mental problemlərdən danışan Azərbaycan filmi

“Pərdə” – mental problemlərdən danışan Azərbaycan filmi
23 aprel 2016
# 09:00

Emil Quliyevin bu günlərdə böyük ekrana çıxan “Pərdə” dramı bədii filmdən çox mahiyyətcə maarifləndici sosial aksiyadır.

Müəllif sosial şəbəkələrdə vaxtaşırı müzakirə olunan, mediada dəfələrlə haqqında yazılan mental problemlərdən danışıb, gündəlik xəbərlərdə tez-tez yer alan zorakılıq, ailə problemlərini kino dilinə çevirib.

Zaur valideynlərinin məsləhəti ilə evlənib, bir müddət sonra boşanıb, azyaşlı qızı var. Bacısı Laləni isə sevmədiyi adama nişanlayırlar. Zaur bacısının onun kimi bədbəxt olmasını istəmir. Ona görə eyni məhəllədə yaşayan Eminə tərəddüdlə də olsa Laləni qaçırmağa razılıq verir. Amma bu razılıq ona baha başa gəlir. O, anasının, qohumların, qonşuların tənələrinə tuş gəlir. Ona namus-qeyrət dərsi keçən əmisi oğlu isə Laləni zorlayır... Finalda hər kəs taleyi ilə barışmış durumda, ümidsizlik, məğlub vəziyyətindədir.

Emilin filmində zərrə qədər də pafos yoxdur, ritorika yoxdur, nəsihətçilik, namus-qeyrət dərsi vermək iddiası yoxdur, o, əksinə, oturuşmuş ictimai rəyə qarşı gedir və bu, onun filminin üstün cəhətlərindən biridir.

Rejissor bizə naqisliklərimizi göstərmək kimi sosial məsuliyyətin altına girir, baxmaq istəmədiyimiz güzgünü israrla, sanki qəzəblə eyiblərimizə tutur.

O, ailə-məişət cinayətlərinin, insan dramlarının motivinə çevrilən, ailə basqısından tutmuş qadın zorakıl;ğına qədər xeyli ciddi problemə birdən-birə fokuslanıb. Hər kadr sosial, ictimai motivlə yüklənib. Məsələn, epizodlardan birində yalnız bir dəfə görünən ofisiantın atasının ağır xəstəliyə tutulduğunu, pul tapa bilmədiyini, Eminin aktyor işlədiyi teatrın bağlandığını, ananın meşşan təbiətə malik olduğunu bilirik, vaxtilə kasıb olan əmioğlunun imkanlı ailədən olan Laləni zorlamasında isə həm də sinfi qisas motivi hiss olunur. Və sadaladıqlarım dramaturgiyada səliqə ilə həllini tapıb, kinoyamaq kimi yox, orqanik, spontan görünür.

Film əl kamerası ilə çəkilib. Titrəyən, kəskin kamera hərəkətləri (operator Rauf Qurbanəlyev), kadrdaxili montaj, epizoddan epizoda qaralmış ekranla keçid və keçid müddətində dəqiq müəyyənləşmiş pauzalar, yaxın planlarda gərgin, əsəbi üzlər, təbii danışıq tərzi, yerində işlənən söyüşlər, əhvalatın, obrazların ovqatını ifadə edən detal planlar tamaşaçını gərginlikdə saxlayır, dramatikləşmiş əhvalı ekrandan ötürə bilir. Təsvir içində səslənən musiqi də, kadrarxası musiqi də yerindədir.

Kino qanunlarına görə “Pərdə” sosial dram, müəyyən mənada “road movie” filmdir. Hadisələr bir gündə cərəyan edir və əsas qəhrəmanlardan bir neçəsi problemi həll etmək üçün daim yoldadır. Əsasında real hadisə dayanan film həm də dokumental dramdır.

Emil seçdiyi çəkiliş üslubu ilə bu gün festivallarda trend olan “bədii filmdə maksimal sənədlilik” tendensiyasına yaxınlaşmağa cəhd göstərib.

Əksər epizodlarda sıçrayışlı, uyğunsuz montaj, (ingiliscədə jump cut) metodundan istifadə edib. Bu metoda əsasən bir kadrdan digər kadra birdən-birə uyğunsuz, pinti keçilir.

Metodu kinoda ilk dəfə J.L.Qodar “Son nəfəsdə” filmində tətbiq edib. Məsələn, “Son nəfəsdə” filminin “Patrisiya maşında” səhnəsində eyni məkanda qadın arxadan göstərilir, ardınca sıçrayışla onun əlində güzgü peyda olur, növbəti montaj sıçrayışında isə güzgüsüzdür.

Sıçrayışlı, uyğunsuz montaj metodu montaja klassik yanaşmanın bilərəkdən dağıdılması idi. Qodar ondan həm texniki amil kimi kinoklişelərə üsyan kimi istifadə edir, həm də kinoillüziyanı dağıdaraq, tamaşaçını ekranda görünən kinodünyadan ayırır, özgələşmə effekti yaradır, onu düşündürmək istəyir.

Belə anladım ki, Emil analoji metodla “Pərdə”də ekspressiyanı, emosional qavrayışı gücləndirmək istəyib. Amma bu, alınmayıb və üstəlik, psixologizmi zəiflədib. Çünki filmdə kameranın təyinatı yalnız sosial yox, eyni zamanda psixolojidir: personajların psixoloji durumunu tamaşaçıya anlatmaq, davranışlarını başa düşülən, onları bizə yaxın eləmək...

Aktyor oyununa gəlincə, Zemfira Əbdülsəmədova, Tural Əhməd, Azər Aydəmir, Könül Cəfərzadə, Zaur Şəfiyev, Vüsal Mehrəliyev süjetin atmosferinə girməyi də, obrazların vəziyyətini, durumunu təbii şəkildə çatdırmağı da bacarıblar.

Azər Aydəmirin fərdin öz xoşbəxtliyini ictimai rəyə qurbana verməməyə çağıran, mental gerizəkalılığa qarşı gedən obrazı güman ki, rejissorun alter-eqosudur.

“Pərdə” çox mənalı şərhlərə açıqdır. Əhvalatda o, müxtəlif-fizioloji, mental, sosial və s. funksiya daşıyır.

Müəllifin-adətlərə, yazılmayan qanunlara qarşı getdiyinə görə ictimai qınanan insanların düşüncəsini verməklə, tərəddüdlərini, narahatlığını təsvir etməklə mühafizəkar toplumda onların anlaşılmasına nail olduğuna, düşündürəcəyinə inanıram.

Ona da inanıram ki, kinozalda arxa sıraları tərcih edib, yəqin ki, qucaqlaşmağa, öpüşməyə gələn cütlüklərin buna heç imkanı da olmadı, çünki film narahat mövzusu, narahat çəkilişi, əhvalı ilə onları diqqətini ekrandan ayırmağa qoymadı.

Zira, məsələnin başqa tərəfi də var. Əvvəldə filmin mahiyyətcə sosial maarifləndirici aksiya olduğunu təsadüfi yazmamışam.

Müəllif reallığı sadəcə göstərməklə kifayətlənir. O, bildiyimiz reallığa münasibətdə özünün reaksiyasını, yozumunu emal eləmir.

Könül istərdi ki, belə bir vacib film sadəcə reallığın təsviri səviyyəsində qalmayaydı, irəli gedərək qapalı, mühafizəkar topluma da, elə hazırlıqlı tamaşaçıya da tərs sillə vuraydı, əhvalatı emosional, düşüncə şokterapiyası səviyyəsinə qaldıraydı.

Necə ki, Fatih Akının eyni mövzunu araşdıran “Divara qarşı” dramı bunu eləməyi bacarmışdı.

# 2815 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #