#

“İndiki oğlanlar qızlardan zəifdir” – Gənc aktrisa ilə müsahibə

“İndiki oğlanlar qızlardan zəifdir” – Gənc aktrisa ilə müsahibə
16 avqust 2021
# 09:01

Kulis.az aktrisa Zülfiyyə Qurbanova ilə müsahibəni təqdim edir.

- Ağakişi Kazımovun tələbəsi olmusunuz, universiteti bitirəndən sonra isə Bakı Bələdiyyə teatrına işə düsəlmisiniz. Öz istəyinzlə bu teatra gəlmişdiniz, ya dəvət edildiniz?

- Ağakişi müəllim mənə üst-üstə altı il dərs deyib. Dörd il kurs rəhbərim olub, sonra isə iki il də magistraturada dərs deyib. Ənvər Vəliyev isə mənim səhnə danışığı müəllimim idi. İncəsənət universitetinin indiki vəziyyətindən xəbərsizəm, ona görə də heç nə deyə bilmərəm. Amma biz çox şanslı tələbələr olmuşuq. Yaxşı, peşəkar, tələbələri sevən müəllimlərin əlinə düşmüşük. Bizim müəllimlərimiz dərs xətrinə dərs keçməyiblər. Onlar bizi sevirdilər və istəyirdilər ki, bizdən nəsə olsun. Amaliya xanımı isə tanımayan yox idi. Universitet vaxtı onun tamaşalarına baxmağa gedirdik, onunla rastlaşırdıq.

- Xüsusi bir pərəstişkarlığınız vardı?

- Əlbəttə ki, hamımız onu sevirdik. Amma tam səmimi deyim, mənim ağlıma gəlməzdi ki, onun teatrında işləyərəm. Bir gün Ağakişi müəllim mənə dedi ki, Zülfiyyə, Amaliya xanımın teatrında gənc aktrisalara ehtiyac var, getmək istəyərsən? Mən təbii ki, razılaşdım və bilavasitə Amaliya xanımın dəvəti ilə Bakı Bələdiyyə Teatrına getdim. Amaliya xanım surətpərəst insan idi. Birinci təbii ki, məni görünüş baxımından qiymətləndirdi, sonra bir xeyli söhbət etdik. Ondan sonra bizi qəbul etdi. 2007-ci ildən bu günə qədər orada fəaliyyətdəyəm.

- Adətən gənc aktyorlar məzun olanda Azdramanın aktyoru olmağı arzulayırlar. Siz necə, düşünməmisiniz ki, başqa teatrda daha çox parlaya bilərdim?

- Yox, olmayıb. Çünki hansısa böyük teatrda işləyib parlamaya da bilərsən. Mən Amaliya xanımın teatrında işə düzələndə müxtəlif teatr festivallarına gedirdik. Hər dəfə mənə başqa teatrlardan təkliflər gəlirdi. Amma mən qəbul etmirdim. Teatrımızı, kollektivimizi çox sevirəm. Mənə elə gəlir ki, insan işlədiyi yerdə rahatdırsa, ordan ayrılmamalıdır. On iki ildir bu teatrda işləyirəm, amma mənə elə gəlir ki, teatra dünən gəlmişəm. İlk dəfə teatra gedəndə, əynimdə hansı paltar olubsa, ona qədər yadımdadı. Amma biz teatr olaraq o qədər çətin şərtlər atında işləmişik ki, bu barədə sizə desəm, təəccüblənərsiniz. Balaca bir otaqda aktyorlar bir-birimizə dəyərək məşq etmişik, axşam da dram teatrının səhnəsini arendaya götürüb tamaşa göstərmişik. Heç kim inanmayıb ki, biz həmin tamaşanı elə ilk dəfə həmin vaxt böyük səhnədə göstərmişik. Bütün bunları həvəslə etmişik.

- Zülfiyyə xanım, niyə peşəkar teatr aktyorları belə teatr tamaşası ilə tanına bilmirlər. Amma hər hansısa seriala çəkilirlərsə, dərhal yadda qalırlar?

- Biz Adanaya teatr festivalına getmişdik. Mən özüm teatr aktrisası ola-ola, bu sənətin sirlərini özümə görə bilə-bilə səhnəyə çıxan aktyorları iştirak etdikləri seriallara görə tanıdım. Əgər mən bir peşəkar kimi belə düşünmüşəmsə, onda tamaşaçını qınamağa dəyməz. Türkiyədə də vəziyyət belədir. Aktyorlar televiziyada danışanda deyiblər ki, tamaşaçı bizim tamaşalarımıza çəkildiyimiz seriallara görə gəlib baxırlar. Bizdə də belədi. Tamaşa vaxtı pərdə arxasına keçəndə dəfələrlə filan serialdakı qızdı, oğlandı sözlərini eşitmişəm.

- Yəni bunu təbii qəbul edirsiniz?

- Əvvəllər incik düşürdüm tamaşaçıdan. Amma indi təbii qəbul edirəm. Əsas odur ki, tamaşaçını aktyorluq peşəsinə cəlb edirsən. Bunun serialdan və tamaşadan olmasının fərqi yoxdur. Təbii ki, mən də istəyərəm ki, tamaşaçılar əvvəlki zamanlarda olduğu kimi gəlib tamaşalara baxsınlar və aktyorları ordan tanıyıb sevsinlər.

- Misal üçün, elə Amaliya xanımın özü “Sən həmişə mənimləsən” tamaşasından tanınıb sevilmişdi...

- Elədir. Əvvəllər bu qədər seriallar, kanallar yox idi. İnsanların mədəni istirahət, əyləncə yeri teatrlar idi. Keçmişin adamları ilə indi söhbət edəndə, onlar deyirlər ki, biz əvvəllər həftə sonlarını həsrətlə gözləyirdik ki, tamaşalara gedək.

- Teatr, kino və serial. Bunların hansı sizə daha çox güc verib, hansında özünüzü daha rahat hiss etmisiniz?

- Təbii ki, mən bazamı teatrdan yığmışam. Bu danılmazdır. Düzdür, teatrda kamera, rakurs məsələsi yoxdur. Amma istədin, istəmədin təcrübəni ordan qazanırsan. Əgər aktyorun bir az da olsa, istedadı varsa, teatrdakı baza ona təcrübə qazanmaqda hər il bir az kömək edir. Aktyor getdikcə üç-beş il əvvəl ifa etdiyi rollarda səhvlərini tuta bilir. Bu təxminən bilirsiniz nəyə bənzəyir? Bir kitabı oxuyub beş il sonra ona yenidən qayıtmağa. Zahirən sən də eyni adamsan, kitab da eyni kitabdır. Amma zaman keçdikcə mühit, təcrübə, əhatənin dəyişməsi kitaba yanaşmaya da təsir edir. Bu baxımdan çəkildiyin film də elədir. Hətta tamaşa da. Bir tamaşada fasilələrlə çıxış edəndə, hər dəfə başqa cür oynayırsan.

- Xeyli filmlərə çəkilmisiniz. Amma nədənsə sizi “Tabutçunun yelləncəyi” filmindəki fahişə obrazı ilə xatırlayırlar. Münasibətiniz maraqlıdır.

- Normal qəbul edirəm. Bayaq dediyim kimi, Azərbaycanın bütün aktrisaları istəyər ki, teatr vasitəsi ilə tanınsınlar. Amma tanınmırlarsa, onda məcburdular ki, film, serial işi ilə tanınsınlar. Bizim teatrın aktyorları da çox sevindirici haldır ki, teatrdan əlavə serial və kinolara da çəkilirlər. Bəlkə də 20, 22 yaşım olsaydı, siz dediyiniz məsələlərdən inciyərdim, amma indi normal yanaşıram. Çünki efir məni tamaşaçıya tanıdırsa, bunun nəyi pisdir? Təhqir olmadığı müddətdə insan fikirlərinə açığam.

- “Tabutçunun yelləncəyi” filmindəki fahişə ilə Zəhər tuluğundakı fahişə arasında xeyli fərq var. Və üstünlük daha çox birinci filmdəki rolunuza verilir. Müəyyən bir mərhələdən sonra artıq aktyor özü yaratmağı bacarmalıdır. Bu proses indi sizdə gedir?

- Hər iki əxlaqsız qadın obrazı arasında fərqlər var. Onların hər ikisinin həyat tərzi bir-birindən fərqlənir. Elmar o, filmi çəkəndə biz bilirdik hansı filmə çəkilirik, bu film hara göndəriləcək. Bunlar hamısı nəinki mənim ifama, işin bütün gedişatına, ahənginə təsir edir. Film olduğuna görə biz o film üzərində günlərlə işləmişdik. Hər iki filmdəki obrazlar mənim işim olduğuna görə onları müqayisə edib toqquşdurmaq istəmirəm. Sadəcə keçmişə baxanda, o rolu elə yox, belə ifa edərdim deyə düşünürəm. Yaratmağa gəldikdə isə, rejissor aktrisaya bir sxem verir, nə istədiyini başa salır. Onun işini icra etmək, rola nəfəs və can vermək isə artıq aktyorun vəzifəsidir. İndi baxır bunu hansı səviyyədə edirsən. Aktyor robot deyil axı, insandır. O, obrazın içini doldurmalıdır. İstənilən serialın birinci və sonuncu bölümlərinə baxın. Aktyorların ilk və sonrakı bölümlərdə olan ifalarındakı fərqi görəcəksiniz. Birinci bölümlərdə aktyorlar seriala yamaq olurlar. Amma rol bişdikcə, aktyor onun içərisində üzməyə başlayır.

- Özününkləşdirdiyiniz obraz olub?

- Bu cür məsələlər mənə aydın deyil. Onsuz da rolu texnika ilə ifa edəndə, ağlayanda, güləndə tamaşaçı hiss edir. Yəni rola mütləq ürək qoymalısan. Lap tamaşaçını aldatdıq, bəs özümüz. Bəzən olub ki, mən ifa zamanı texnikaya keçmişəm, onda dərhal rolu dayandırmışam. Rejissoruma dedim ki, gözləyin, mən təkrar istədiyim kimi təqdim edəcəm. Əslində tamaşaçı texnika ilə ifa etsəm də, hiss etməz. Amma buna mənim vicdanım yol verməz. Psixoloji xətti olan rollarımı, səhnələrimi heç vaxt yola verməmişəm.

- Azərbaycanda aktrisa olmaq necədir?

- Bu əslində bir az xarakterə bağlı məsələdir. İnsan necədirsə, işinə də onu yansıdar. Biz bir Avropa ölkəsi deyilik. Biz bunu festivallara gedəndə də hiss edirik. Bizdə cəmiyyət bir az qəribədir. Ona görə də bu cür mövzulara çox baş qoşmaq istəmirəm.

- İndi Azərbaycanda aktrisa ilə ailə qurmaq istəyən var?

- Əlbəttə var.

- Bəs ailə qurandan sonra aktrisalığı qadağan etmək istəyənlər necə var?

- Onlar da çoxdur. Bizdə vəziyyət çox qəribədir. Aktrisanı ekrandan, efirdən görüb sevirlər. Hər şey yerində olur. Amma ailə qurmaq lazımdırsa, gərək aktrisalığı unudasan.

- Şəxsən sizə belə təklif olub?

- Siz deyən versiyanın əksi daha çox olub. İndi çox soyuqqanlı olmağa başlamışam, ona görə də bu barədə çox düşünmək istəmirəm. Loru dildə desək mən bu ailə məsələsi barədə söhbətlərin ipini buraxmışam (gülür).

- Bir müddət sonra peşmanlıq çəkməkdən ehtiyat etmirsiniz?

- Yox. Yaxın ətrafım bilir. Mən istədiyim vaxt, istədiyim qərarı qəbul edim, bu sahədən uzaqlaşaram, ailə də quraram. Sənətdən gedişimdən də heç kimin xəbəri olmaz. Yəni belə gizli xarakterə malik adamam.

- Amma neçə illərdir dediyinizi etməmisiniz...

- Həyatda hər şey ola bilər. İnsanın düşüncə və yaş dövründən çox şey asılıdır. Mən indi dünyaya 15, 20 yaş düşüncəsi, məntiqi ilə yanaşmıram. Peşmançılıq hissi isə hər yaşda və hər vəziyyətdə olacaq. Sənəti atsan da, atmasan da peşmanlıq olur. İncəsənət sahəsinə getməyib ailə quran qadınların dəhşətli dərəcədə peşman olduqlarını da görmüşəm, aktrisaların ailə qurmadan yaşlanıb təəssüfləndiklərini də.

- İnsan peşman olmağa meyllidir...

- Bəli. Kaş ki, sözünə insan həmişə meylli olur. Bu baxımdan mən də nə etsəm, üzü gələcəyə peşmanlıqlarım da, “kaşki”lərim də çox olacaq. Amma xüsusi olaraq qeyd edim ki, ailə qurub övlad sahibi olmağı mütləq şəkildə düşünürəm. Hətta bu məsələdə mənim üçün milliyyətin belə fərqi yoxdur.

- Qadın kimi ailə sizə nəyi ifadə edir?

- Hər şeyi. Ailə istilikdir, münasibətdir, dəstəkdir. İnsan ailəsində xoşbəxt olsa, bu onun işinə də təsir edəcək. Ailə insan üçün çox şeydir.

- Bildiyimə görə rəhmətlik ananız sizə çox dəstək olub.

- Bəli, o, incəsənəti bitirmişdi, Kinostudiyada Adil İskəndərovun iki il tələbəsi də olub. Sonra Sumqayıtda teatrda bir neçə il işləyib. Amma nədənsə uzaqlaşıb. 40 ilə yaxın Mədəniyyət evinin rəhbəri olub. Bacımla mən incəsənət mühitində böyümüşük. Anam bu sahənin çətinliyini bilirdi, amma mənə dəstək olub.

- Dəstəkdən sui-istifadə etdiyiniz dönəmlər olub?

- Yox. Biz çox yaxşı ana bala olmuşuq. Hərdən deyirdi ki, yaxşı qızsan, amma hərdən əsəbiləşməyin olmaya. Sözün adamı qılınc kimi kəsir. Amma istifadəçilik olmayıb. Əgər anama demişəmsə ki, saat dörddə tamaşadan çıxıram, nə olur olsun, dörddə də çıxmışam. Hərdən ona deyirdim ki, bəlkə mən səni aldadırdım, məni heç yoxlamamısan? Deyirdi, sən yalan danışmazsan. Hələ gənc olanda o, bizi qarşısında qoyub demişdi, başınıza ən pis iş gəlsə belə, mənə deməkdən çəkinməyin. İndi anam dünyasını dəyişib. Anama deyə bilmədiklərimi bacıma deyirəm. Düzdür ananı bu dünyada heç kim əvəz etmir, amma... (kövrəlir)...

- İtki bir sənət adamı üçün nəyi ifadə edir?

- Əgər aktyor peşəkar səviyyədə incəsənətlə məşğuldursa, itki onun ifasına təsir etmir. Aktyor efirə ağlamağa çıxmamalıdır. Mən anamı itirəndən yeddi gün sonra kamera qarşısına keçib seriala davam etdim. Mənə demişdilər ki, vaxtı uzada bilərik. Mən sui-istifadə etmədim. Həm də mənəvi baxımdan mənə lazım idi. Ağrı həmişə mənimlədir. Seraila çəkilməməklə nə olacaqdı... Serialın çəkilişini saxlasam belə, ordan çıxıb evimə gələndə, anam üçün ağlayanda məni heç kim saxlaya bilmir axı. Ona görə də işimə davam etməyi düşündüm. İtki təkcə mənim başıma gələn bir şey deyil. Dünyada hamı anasını, atasını, doğmalarını itirir. Ona görə də dərdi özündə çəkməyi bacarmalısan, öyrənməlisən. İnsan özü ayağa qalxmasa, insanlar onu qaldırmayacaqlar. Hətta bəzən elə məqamlarda adamın üstünə şığıyırlar... Mən anamın vəfatı dövründə çox vəfasızlıqlar gördüm. Anam həmişə deyirdi ki, bala, bir dərdli, bir də kasıb insana heç kim yaxın durmur. İndi dünyaya baxışım dəyişib, insanları ciddiyə almıram. Əvvəl onlara hədsiz can yandırırdım. İndi heç kimin dərdin çəkmirəm. Mənə deyirdilər ki, insan ölüm görəndən sonra soyuqqanlı olur. İnanmırdım. Amma düz imiş. İnsan öz ölümünü görmür. Ən yuxarı hədd yaxınlarının itkisidir. Ana itkisindən sonra düşünürsən ki, bundan sonra daha kimi itirə bilərəm axı? Məni bu qədər nə yandıra bilər? Hətta öz başına gələ biləcək pis hadisə ilə belə müqayisə etmirsən, hər şeyi taleyin ümidinə buraxırsan. Anamdan sonra məni işimə sevgim, bacımın uşaqları xilas etdi. Mən səkkizinci gün ona görə işimə qayıtdım ki, dərddən xilas olum. Zülm çəkə-çəkə efirə çıxdım, amma etdim. Özümü sağaltmağa məcbur idim. O, mənə həmişə deyirdi ki, birdən efirdə, verilişdə ağlayarsan, məndən incimə. Ağlamaq, hönkürmək üçün dörd divarın var, get, orda hönkür. Ona görə də onun ölümündən sonra mən heç yerdə ağlamamağa çalışıram.

Doğmasını itirən insan ilk günlər onsuz da, loru dildə desək, ulayır. Bilmir nə etsin. Planetə baxıb deyirsən ki, bu boyda dünyada bircə mənim anam getdi (ağlayır).

İtki sonradan artıq dərdə çevrilir. Sıradan görünən şeylər nə vaxtsa xatirəyə çevriləndə adamı yandırır. Mən evdə anam kimi qadının, işdə isə Amaliya xanım kimi qadının yanında olmuşdum. Hər ikisi güclü qadınlar idi. Ona görə də mənim zəif olmaq şansım yox idi.

- Amliya xanımın gücü nədə idi?

- Çox şeydə. Həm onu sevirdik, həm də ondan çəkinirdik. Amaliya xanım xəstəliyinin ən pis vaxtında belə, bir dəfə də olsun şikayət etmədi. Başqası olsaydı, zarıyardı. O, bizə süfrə açırdı, amma imkan vermirdi yığışdıraq. Qastrolda xəstələnirdik, bizi ovuşdururdu, dərman verirdi, qayğımıza qalırdı. Onun aktyorlarına kimsə artıq-əskik nəsə deyə bilməzdi.

- Qadın kimi sevgiyə ehtiyacınız var?

- Sevgiyə bütün yaşlarda ehtiyac var. Bəzən ən yaşlı qadınları belə qırmızı dodaq boyası çəkib sevdiyi insanın əlindən tutur. Ehtiyacdır da. Amma “dünyada hamının sevgiyə ehtiyacı var, mənim də olsun” fikri ilə hər kəsə sarılmaq mənlik deyil. Mən nəyə və kimə gəldi sarılan deyiləm. Onun mənəvi gücü məndən üstün olmalıdır, ya da mənimlə bərabər. İnsanlar dərdlərini əllərinə alıb gəzirlər. Mən yanımda zəif adam istəmərəm. Bunun maddi məsələyə dəxli yoxdur. İndinin oğlanları isə qızlardan zəifdirlər. Oğlanlar bütün günü zarıyırlar (gülür).

# 6209 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #